![]() |
|
ABŞ dövlət katibi Entoni Blinken dekabrın 13-ü Türkiyəyə səfər edəcək.
“Bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla Suriya və Qəzzada baş verən hadisələri müzakirə edəcək.
Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik.
“Haber Global” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında bildirib.
“Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – o qeyd edib.
Dəməşqdə nəzarəti ələ keçirən Suriya silahlı qüvvələri bazar ertəsi günü məcburi xidmətə çağırılan bütün ordu personalı üçün ümumi amnistiya elan edib.
Yaraqlı qüvvələrin Hərbi Əməliyyatlar İdarəsi bəyanatında, "Biz məcburi xidmətdə olan bütün orduya çağırışçılara amnistiya veririk. Onların təhlükəsizliyinə zəmanət verilir və onlara qarşı hər hansı təcavüz qadağandır" deyib.
Amnistiya Bəşər Əsəd hökumətinin devrilməsi zamanı əsir düşmüş və ya qaçmış ola biləcək hərbçilərin yenidən inteqrasiyası üçün daha geniş barışıq səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Amnistiya və ya onun təsiri ilə bağlı əlavə təfərrüatlar hələ aydın deyil.(milli.az)
Suriyada Əsəd rejiminin süqutu ilə bölgədə dayaqlarını və təsir imkanlarını itirən Moskva ilə Tehran Əsədi yanlış siyasət yürütməkdə, ordusunun müxalifət güclərə qarşı dirəniş göstərə bilməkdə ittiham etməkdədir.
Moskva və Tehran isterik vəziyyətdə Qərblə yanaşı, Türkiyəni də hədəf seçərək Suriyadakı son hadisələrə görə günahlandırırlar.
Rusiya rəhbərliyinin isterik durumda olması Kremlə yaxın olan politoloqların da verdikləri açıqlamalarda və bəyanatlarda da açıq şəkildə özünü büruzə verməkdədir.
Putinin fikir atası hesab edilən rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə və prezident Ərdoğanı xəyanətdə ittiham edərək hədələyici mesajlar verib. Duqin daha uzaqlara gedərək Suriyadakı son hadisələrdə Ankaranın oynadığı rolun Türkiyə üçün tələ olduğunu və Mustafa Kamalın Türkiyəsinin sonunun başlaması kimi dəyərləndirib. Türkiyəyə qarşı hədədən belə çəkinməyən Putinin fikir atası Duqin bu mövqeyinə görə, Türkiyəni peşman edəcəkləri ilə hədələyib.
Lakin Duqin çox keçməmiş verdiyi bu mesajların yanlış olduğunu və ünvanı düz seçmədiyinin fərqində olduğunu anlayıb. O növbəti açıqlamasında Rusiyanın Türkiyəyə hər hansı bir zərər verməyəcəyini qətiyyətli şəkildə bəyan etsə də, üzrü günahından betər olan növbəti bir yanlışlığa yol verib. O qeyd edib ki, Ankara bu addımından sonra çətin vəziyyətə düşdükdə Moskvanın dəstəyinə ümid etməsin.
Keçək əsas mətləbə: Suriya böhranın həll olunmaması və nəticədə Əsəd rejiminin devrilməsi, Moskva və Tehranın günahıdır, yoxsa Ankaranın.
Ankara, Moskva və Tehran Suriya böhranını həll etmək məqsədilə 2017-ci ildən etibarən Astana prosesi formatında əməkdaşlıq etməkdədir. Ankaranın Astana prosesi formatında Suriya probleminin həlli və nəhayətində bölgədə dayanıqlı sabitliyin təmin olunması istiqamətində irəli sürdüyü təkliflər nəzərə alınmadı.
Nəhayətində 2023-cü ildə Türkiyə tərəfi Dəməşqlə Ankara arasında münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslə çıxış etdi. Türkiyə, Rusiya, Suriya və İran tərəfinin iştirakı ilə bir neçə görüş keçirilsə də, bu görüşlər nəticəsiz bitdi. Əgər zamanında Ankaranın Suriya böhranının həlli ilə bağlı irəli sürdüyü təkliflər nəzərə alınsaydı, o zaman vəziyyət bu həddə gəlib çatmazdı. Çünki həm Moskvanın, həm də Tehranın Əsəd rejiminə təsir və təzyiq imkanları yetərincə idi. Lakin bunu etmədilər. Əksinə, Moskva və Tehran səhnə arxasında istər Əsəd rejimini, istər terror təşkilatı olan PKK/YPG/PYD, istərsə də təsir imkanları olan qüvvələri Ankara ilə normal münasibətlər qurmaqdan çəkindirdi, eyni zamanda, Türkiyəyə qarşı çirkin oyunların iştirakçısı olmağa təşviq etdilər.
Təbii ki, Ankara da bütün bunları görürdü və bildirdi. Ankara bağlı qapılar arxasında nəticələrin Moskva və Tehranı ziyanına olacağı barədə xəbərdarlıqlar etsə də, qarşı tərəf bunlardan nəticə çıxarmadı. Nəticə görməyən Ankara Türkiyənin təhlükəsizlik sisteminə təhdid yaradacaq təhlükələrin, o cümlədən bölgədə problemin həlli istiqamətində alternativlərə əl ataraq hazırlığa başladı. Və bunun üçün münasib zamanı gözlədi. Zamanı yetişən kimi, proses plana uyğun şəkildə qısa zamanda ciddi problem yaşanmadan uğurla həyata keçirildi.
Təbii ki, Moskva və Tehranı narahat edən məsələlərdən biri də Ankaranın mürəkkəb qlobal geosiyasi mübarizə fonunda proseslərə çevik reaksiya verib Türkiyənin milli maraqlarına uyğun mahir oyun qurmaq bacarığıdır. Yəni Ankaranın istənilən qlobal oyunçunu "pat vəziyyətinə" salaraq Türkiyə ilə hesablaşdırmaq zorunda qalmağı bacarmaq qabliyyətidir. Bu özünü Suriyadakı son hadisələrdə bir daha sübut etdi. Əgər Ankara əvvəlki mərhələdə proseslərin yedəyində gedirdisə, indiki mərhələdə prosesləri yönləndirici qismində çıxış edir. Bu isə Ankaranın nəinki Suriyada, bütövlükdə Yaxın Şərqin yenidən dizayn edilməsində ciddi rola malik bir actor olduğunu sübut etdi, həmçinin o, mövqeyi nəzərə alınmadan bölgədə hər hansı proseslərin mümkünsüzlüyünü ortaya qoydu.
Duqinin açıqlamasında digər mühüm məqam ondan ibarətdir ki, Moskva bundan sonra da bölgədə sabitliyin yaranmaması və Türkiyəyə qarşı çirkin planlarını həyata keçirmək üçün terror təşkilatı olan PKK/YPG/PYD-nin və bəzi ərəb ölkələrinin "rolundan" faydalanacaq. "İslamçılıq Türkiyənin düşmənidir. Ərəb bölgəsi Türk liderliyi ilə heç vaxt anlaşa bilməz. Qərbin dəstəyi ilə Suriyadakı kürdlər öz güclərini möhkəmləndirməyə çalışacaqlar", - fikrini səsləndirməsi bunun sübutudur.
Bu fikir onu deməyə əsas verir ki, əslində, Moskva hər zaman Ankaraya xəyanətkar mövqe sərgiləyib, Ankara yox. Bundan sonra da terror təşkilatı olan PKK/YPG/PYD və digər kartlardan istifadə etməklə indiyədək olduğu kimi, bundan sonra da Qərblə birlikdə Ankaraya qarşı birgə oynayacaq. Bunun üçün Kreml Moskvaya sığınan PKK/YPG terrorçularından, Əsəd rejiminin qalıqlarından və digərlərindən "faydalanacaq".
Amma Kreml onu da unudur ki, yalnız Ankara ilə birgə əməkdaşlıq nəticəsində bölgədə maraqlarını təmin edə bilər, nəinki ona badalaq gəlməklə.
Özünü Kremlin fikir atası hesab edən Duqin onu da yaxşı anlamalıdır ki, Rusiyanın indiki üzləşdiyi vəziyyətdə Moskva və Ankara arasında münasibətləri gərginləşdirmək onların xeyrinə deyil. Münasibətlərin gərginləşdirilməsi yalnız və yalnız Kremlin ziyanınadır. Kreml inciyib ittiham etməkdənsə, öz buraxdığı səhvlərdən nəticə çıxarması yaxşı olar.
Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə başqaları kimi rahat həzm oluna və ya udula biləcək tikə deyil. Bunun üçün istər Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti tarixinə diqqət yetirmək kifayətdir. Zəiflədiyi mərhələlər olub, lakin məğlub vəziyyətə düşdüyü və ya xəritədən silinməsi olmayıb, yenidən ayağa qalxıb. Kimin necə düşünməsindən asılı olmayaraq bu gün Türkiyə qlobal geosiyasi proseslərdə dünyanın əsas aktorlarından biri rolunda çıxış edən ölkələrdən biridir.
Əsədin Dəməşqdə süqutundan sonra İsrail ordusu Colan (Qolan) təpələri üzərindən hərəkətə keçərək Suriyada daha 9 kəndi işğal edərək paytaxt Dəməşqin 20 kilometrliyinədək yaxınlaşıb.
"Al Mayadeen" telekanalı xəbər verir ki, İsrail tankları bufer zonasını keçərək Suriyanın cənubundakı Katana qəsəbəsi yaxınlığında yerləşdirilib.
Qəsəbə Dəməşqdən 21 km aralıda yerləşir.
Dəməşqin alınmasından sonra İsrail ordusu illər əvvəl işğal etdiyi Colan təpələrindən Suriyaya doğru irəliləməyə başlayıb.
İsrail Hərbi Hava Qüvvələri Suriya ordusuna məxsus hərbi hədəfləri də məhv edib.
İsrail qırıcıları Suriyada hakimiyyət dəyişikliyindən sonra 250-dən çox hərbi obyektə zərbələr endirib.
İsrail ordusunun "Galei IDF" radiosunun mənbəsi baş verənləri İsrail Hərbi Hava Qüvvələrinin tarixindəki ən böyük hücum əməliyyatlarından biri adlandırıb.
Bəşər Əsədin Suriyanı tərk edib Rusiyaya qaçarkən neçə milyard dollar qaçırdığı üzə çıxıb.
Əsəd ölkəni tərk edərkən 135 milyard dollar aparıb.
Bu barədə Əsəd rejiminin kəşfiyyat orqanlarında çalışan Halid Beyye açıqlama verib.
Əsədin 135 milyard dollar qaçırdığını açıqlayan Halid Beyye bunları da deyib: “Son hadisələr öncəsi Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma baş verdi. Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında ciddi münaqişə yarandı. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifətin Dəməşqə gəlməsi ilə nəticələndi" .
Beyye bildirib ki, bu hadisələr zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.
"İran Ermənistanın köməyinə gəlməyəcək, istəsə belə, Paşinyan buna imkan verməyəcək. Burada söhbət Zəngəzur dəhlizindən gedir".
Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Paşinyan dedi ki, biz bunu Türkiyə-Azərbaycan tandemi ilə bölüşmək qərarına gəldik. O, azərbaycanlıların da burada yaşaması üçün danışıqlar aparır. Əgər İran təhlükəni neytrallaşdıra bilsə, o zaman mövcud rejim hakimiyyətdə qalsa, İranın müdaxiləsinə imkan verməyəcək”, - Baqratyan qeyd edib.
Rusiya televiziyaları və “z” təbliğatçıları “ayaqqabılarını tez bir zamanda dəyişdilər”.
Musavat.com xəbər verir ki, yerli analitiklərin Suriya ilə bağlı yaranan pərtliyi ört basdır etmək üçün dəridən qabıqdan çıxması sosial şəbəkələrdə belə bir lağedici ifadə ilə təsvir olunub.
İndi Kremlə yaxın mətbu orqanlarda Suriyada hakimiyyəti ələ keçirən silahlılar artıq terrorçu adlandırılmır, Bəşər Əsəd və Suriya ordusu sərt şəkildə tənqid edilir.
Halbuki dekabrın 7-ə qədər “Birinci Kanal” Suriya üsyançılarını "terrorçular" adlandırdı, lakin artıq bazar günü bu söz təbliğatçıların leksikonundan itdi, “Rusiya dəfələrlə Əsəd rejiminə xəbərdarlıq etdi, lakin onun ordusu birdən-birə gücünü itirməyə başladı”-indi kanallarda belə bir təbliğat gedir.
Birinci Kanalın ekspertləri isə yaranan vəziyyəti “Suriya ordusunun çürüməsi” ilə izah etməyə çalışıblar.
Solovyov bütün məsuliyyəti adi suriyalıların üzərinə atlıb. "Bu məsuliyyəti öz üzərinə götürmək istəməyən bir xalqın həyatı üçün məsuliyyət daşımaq qəribədir", - deyə qara təbliğatçı "Rossiya 1" kanalında deyib.
Z-kanallarında Rusiyanın Suriyadakı siyasətinin uğursuzluğu şiddətlə müzakirə olunur. Əksər müəlliflər birbaşa günahkarların adını çəkməkdən və sadələşdirilmiş formalarda yazmaqdan qorxurlar, Lakin yazılarda kinayəli eyhamlar da az deyil. Budur onlardan bəziləri:
“Rusiya hərbçilərinin Suriyadan çıxarılması üçün əmrlər alınıb. Müdrik siyasətçinin alçalmasının növbəti zəfəri”.
“Suriyada on illik kampaniyamızın əsas nəticəsi yalnız Əsəd və ailəsinin Moskvaya təxliyə olunmasıdırsa, çox üzücü olacaq. Digər tərəfdən, mənfi təcrübə də təcrübədir”.
“Deyəsən, biz Suriyadakı bazalarımızı itirəcəyik. Olsun. Saçımızı yolası deyilik ki. Bu o deməkdir ki, əsas cəbhədə daha çox insan və təyyarə olacaq. Aydındır ki, Suriyadakı bazaların itirilməsi ilə biz Afrikanı da itirəcəyik”.
Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının rəhbərinin müavini Yens Şpan Almaniyadan vətənlərinə qayıtmağa razılıq verən hər bir suriyalıya min avro ödəməyi təklif edib.
“Report” xəbər verir ki, bu barədə Şpan Almaniya televiziyasına müsahibəsində bildirib.
İlk addım olaraq deyərdim ki, təklif verəcəyik. Əgər Almaniya hökuməti desəydi ki: Suriyaya qayıtmaq istəyən hər kəsi təyyarəyə mindirəcəyik və onlara 1 min avro başlanğıc kapitalı verəcəyik. İkincisi, ümid edirəm ki, Almaniya ən çox suriyalı qaçqını qəbul edən dörd ölkə Avstriya, Türkiyə və İordaniya ilə birlikdə indi tezliklə əlaqə yaradacaq və bəlkə də yazda yenidənqurma və qayıdış konfransı planlaşdıracaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Almaniya, Böyük Britaniya, Çexiya, Danimarka, Norveç, Belçika və Finlandiyanın hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxmayacaq.