![]() |
|
Moskva Suriya müxalifəti və Azad Suriya Ordusunun Əsəd rejiminə qarşı və PKK/YPG terrorçularının yerləşdirildiyi bölgələrin ələ keçirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatların qarşısını almaq üçün Dəməşqə istədiyi hərbi dəstəyi vermir və bu aydın şəkildə müşahidə edilməkdədir. Hətta Vladimir Putin Bəşər Əsədlə Moskvada görüşündə onun təkidli xahişini yerinə yetirə bilməyəcəyini və ancaq məhdud səviyyədə dəstək veriləcəyini bildirib. Bir sözlə, Moskva son hadisələrə qoyuq münasibət bəsləyib. Hətta Putin Əsədi Moskvada bir gün gecikdirdikdən sonra qəbul edib. Necə deyərlər, gözləntiləri doğrulmayan Əsəd Moskvadan əliboş geri dönüb.
Suriyadakı böhranla bağlı belə bir mövqe sərgiləməsi Moskvanın problemin siyasi həllinə nail olmaq niyyətindən xəbər verir.
Kremlin Suriyadakı son hadisələrə soyuq münasibət bəsləməsini şərtləndirən amillər isə bunlardır.
Birincisi, Moskva Rusiya-Ukrayna müharibəsindən sonra hərbi texnikasının böyük hissəsini Suriyadan çıxarmasıdır.
İkincisi, Suriyada yeni bir cəbhə açmaqla Ukrayna cəbhəsini zəiflətməmək. Hazırda Kiyev Moskva üçün Dəməşqdən daha önəmli məsələdir.
Üçüncüsü, Əsəd rejiminin uzun müddət hakimiyyətini qoruyub saxlayacağının qeyri-mümkün olduğunu anlayır. Artıq Əsəd rejimin hakimiyyətinin qorunması üçün xarici imkanlarla yanaşı, daxili imkanlar da yetərincə tükənib. Əsəd rejimini qoruyan Moskva ilə yanaşı, Tehranın da bölgədə təsir imkanları yetərincə zəifləyib və sıradan çıxarılıb. Tehran istəsə belə, Əsəd rejiminə lazımi dəstəyi verə bilməyəcək.Bu mümkün deyil.
Burada bir məqam da ondan ibarətdir ki, Əsəd rejimi devriləcəyi zaman Moskva hansısa formada qoruyub saxlamaq imkanları istisna deyil. İrandan fərqli olaraq Rusiyanın bölgədə hələ də yetəri səviyyədə hərbi mövcudluğunu qoruyub saxlamaqdadır. Bunu Suriyadakı oyunçular da yaxşı görür. Regional oyunçular Əsəd rejimindən sonra proseslərin ağrısız getməsi üçün ən azından müəyyən keçid dövrü üçün Rusiyanın maraqlarını təmin edə bilərlər.
İranın Əsəddən sonra bölgədə maraqlarını saxlaya bilməməsinin əsas səbəbi isə əsas regional oyunçuların Tehranı bölgədə görmək istəməmələridir. Məhz Suriya və Yaxın Şərqdəki böhranın əsas səbəblərində biri də elə İranın bölgədən sıxışdırılıb çıxarılmasıdır.
Bunları görən və anlayan Moskva bölgədə maraqlarını qoruyub saxlamaq üçün alternativlər axtarışındadır.
Bunun üçün də Moskva məhdud səviyyədə olsa da, Suriyadakı imkanları daxilində Əsəd rejiminə dəstək verməklə istəyinə nail olmaq istəyir. Bununla Moskva bölgədəki maraqlarından vaz keçməyəcəyini, həm də Əsəd rejimi devriləcəyi təqdirdə, Suriyada formalaşacaq hakimiyyətlə əməkdaşlıq etməyə hazır olduğu mesajını verir.
Hesab edirəm ki, Moskva Türkiyə və İsrailin dəstəyi ilə bu maraqlarını bölgədə təmin edə bilər. Dekabrın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezdenti Vladimir Putin arasında baş tutan telefon danışığında Suriyanın gələcəyi, Əsəd rejimi devrildikdən sonrakı mərhələdə tərəflərin hansı formada əməkdaşlıq məsələlərin müzakirə edildiyi istisna deyil. İki ölkə lideri arasında baş tutan danışığı elə bu cür oxumaq daha düzgün olar.
İlon Mask ABŞ dövlət borcunun sürətlə artması ilə bağlı narahatlığını ifadə edib.
Noyabr ayının sonunda ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə çataraq 36 trilyon dolları keçib.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2029-cu ilə qədər dövlət borcu ABŞ-ın ÜDM-nin 132%-nə bərabər olacaq. BVF bu vəziyyətin həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün ciddi təhdidlər yaratdığını bildirib.
Gözləntilərə görə, İlon Mask və biznesmen Vivek Ramasvami Donald Trampın administrasiyasında hökumətin effektivliyini artırmaq məqsədilə yeni bir quruma rəhbərlik edəcək.
Bu gün Cənubi Koreyada müxalifət prezident Yun Sok Yolun impiçment prosedurunu başladacaq.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, normalara uyğun olaraq təklif üzrə səsvermə 24-72 saat ərzində keçirilməlidir.
Dövlət başçısının impiçmenti ilə bağlı parlament səsverməsi dekabrın 6-sı və ya 7-də keçirilə bilər.
Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan hökumətin son mövqeləri və bəyanatları ilə bağlı narazılığını ifadə edib.
musavat.com xəbər verir ki, o, bildirib ki, hökumətin bəzi nümayəndələri Azərbaycanın şərtləri ilə müqavilə bağlamağın zəruriliyini vurğulayıb və bunu Ermənistan ordusunun Azərbaycana qarşı döyüşmək şansının olmadığını əsas gətirərək müdafiə ediblər.
Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan ordunun rolunu azaltmağa çalışaraq, "ordunu müqəddəsləşdirməmək" çağırışı ilə çıxış edib və ölkənin qəhrəmanlarının yalnız vergi ödəyiciləri olduğunu bəyan edib. Deputatın fikrincə, bu cür bəyanatlar cəmiyyətdə müxtəlif sosial zümrələr arasında gərginlik yaratmaq məqsədi güdə bilər.
Abramyan hökumətin bu yanaşmasının cəmiyyətin həmrəyliyini pozduğunu və milli təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayıb. O, Ermənistanın mövcud vəziyyətinin və regiondakı çağırışlarının daha məsuliyyətli və milli maraqlara uyğun yanaşma tələb etdiyini bildirib.
Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır.
"Bunu o, Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
O, bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək.
LCI telekanalı qeyd edir ki, dövlət başçısı bu cür ehtimalları siyasi uydurma adlandırıb.
"Mən Fransa xalqı tərəfindən iki dəfə seçilmişəm və bu etimadı son saniyəyə qədər bütün gücümlə doğruldacağam", - Fransa lideri vurğulayıb.
Xatırladaq ki, Fransa parlamentində müxalifət baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb və prezident Emmanuel Makronun istefasını tələb edəcək.(Report)
Cənubi Koreya Prezidenti Yun Sok Yol xalqa müraciətində parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərarını qəbul etdiyini bildirib.
Bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetinin iclası çağırılacaq. O əlavə edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.
“Hamı Yaxın Şərqdə girovların qəddar, qeyri-insani və bütün dünyanın iradəsinə zidd tutulmasından danışır. Bütün bunlar ancaq danışıqdan ibarətdir və heç bir hərəkət yoxdur".
Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
Tramp daha sonra əlavə edib:
"Əgər girovlar 2025-ci il yanvarın 20-nə qədər, yəni qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsinə keçdiyim tarixə qədər azad edilməsələr, Yaxın Şərqdə bəşəriyyətə qarşı törədilən bu vəhşiliklərə görə məsuliyyət daşıyanlar üçün dəhşətli haqq-hesab başlayacaq.
Məsul olanlar hamıdan çox əziyyət çəkəcəklər”, - Tramp bildirib.
"Arzu olunan odur ki, Rusiya Federasiyası nə etdiyini başa düşsün. Rusiya bizi öldürür və biz özümüzü müdafiə edirik və düşmənlə vuruşuruq".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenskiyə mümkün sülh danışıqları zamanı Rusiyanın hansı güzəştlərə getməli olduğunu soruşduqda belə cavab verib: “Rusiya nə etməlidir? Üç hərf. Onun nə etdiyini başa düşməsi məsləhətdir - bizi öldürür və biz özümüzü müdafiə edirik və düşmənlə vuruşuruq. Hələlik planlarımız dəyişməz olaraq qalır. Təbii ki, biz daha güclü olmaq istəyirik ki, bu müharibə 2025-ci ildə bitsin. Qeyri-diplomatik ifadəyə görə üzr istəyirəm”.
Zelenskinin "üçhərfli" mesajına Kreml reaksiyasını gecikdirməyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamaya cavab olaraq qeyd edib:
“Görünür, o, yenidən dozanın altında olub. Zelenski ümidsizlikdən canlı televiziyada defekasiya (qarın ağrısı-red) etməyə başlamaqdan başqa çarəsi qalmayıb. O, artıq hər şeyi sınayıb. Ukrayna xalqına çox baha başa gələn ucuz hərəkətlərə yol verib”.
Fransa parlamentində "Milli Birlik" partiyası fraksiyasının rəhbəri Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər.
Oxu.Az xəbər verir ki, Fransa Baş naziri Mişel Barnyenin hakimiyyətdə qalmaq üçün son şansı var. Bunun üçün o, Le Penin "Milli Birlik" partiyasının 2025-ci il üçün dövlət büdcəsi layihəsi ilə bağlı tələblərini yerinə yetirməlidir.
Əgər Barnye müxalifətin tələblərini yerinə yetirməkdən imtina edərsə, hökumətin istefası təklifini "Yeni Xalq Cəbhəsi" partiyası irəli sürəcək və öz növbəsində Le Penin partiyası bunu dəstəkləyəcək.
Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi indi demək olar ki, Türkiyəyə yalvarmaq həddinə çatıb, rəsmi Ankara ilə “təmas pəncərəsi” axtarır... Türkiyə isə həm PKK/PYD terror təşkilatını birdəfəlik bitirmək, həm də qaçqın problemini yoluna qoymaq niyyətini artıq gizlətmir, Yaxın Şərqdə, o cümlədən də, Suriyada geopolitik maraqları olan kənar güclərə güzəşt fikrindən çox-çox uzaqdır...
"Yeni Müsavat" xəbər verir ki, Yaxın Şərqin yenidən dizayn edilməsi ilə bağlı proses artıq növbəti mərhələyə keçmək üzrədir. Belə ki, hazırda bu regionda xaosun diktaturası hökm sürməkdədir. Mövcud situasiyada həm Yaxın Şərq ölkələrinin, həm də regionətrafı dövlətlərin maraqları kəskin şəkildə toqquşmaqdadır. Ona görə də, qarşılıqlı güzətlər olmadan Yaxın Şərqdə yeni düzənin yaradılmasının mümkünlüyü qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, son vaxtlar müəyyən səhnəarxası təmasların intensivləşdiyi də qətiyyən diqqətdədn yayınmır.
Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə geopolitik proseslərə birbaşa təsir göstərmək imkanları mövcud olan dövlətlər arasında Türkiyə ön sıralarda yer alır. Yaxın Şərqin yenidən dizayn olunması prosesinə start verilərkən, əsas ssenari müəllifləri Türkiyənin geopolitik və milli təhlükəsizlik maraqlarından yan keçməyə cəhd göstərirdilər. Ancaq rəsmi Ankara qətiyyətli və pronsipial mövqeyi ilə Yaxın Şərqdə əsas geopolitik iradə mərkəzlərindən biri olduğunu dərhal hər kəsə qəbul etdirməyə nail oldu. Və bütün bunlar indi Türkiyənin öz maraqlarını ön planda tutmasını təmin edir.
Məsələ ondadır ki, ABŞ və Qərb Türkiyənin Yaxın Şərqlə bağlı daha fərqli planlarının olduğunu anlamamış deyillər. Üstəlik, Ağ Evdə onu da anlayırlar ki, Türkiyənin geopolitik maraqları nəzərə alınmadan Yaxın Şərqdə yeni düzənin yaradılması İsrailin təhlükəsizliyinə tam təminat vermək qətiyyən mümkün olmayacaq. Və bu səbəbdən də, rəsmi Ankaraya Yaxın Şərqdə tam fəaliyyət sərbəstliyi tanımaq məcburiyyətində qaldılar.
Maraqlıdır ki, Fələsin böhranına münasibətdə Türkiyə və İranın mövqeyi üst-üstə düşmüş olsa da, əslində, Suriya məsələsində bu iki ölkə arasında ciddi maraq toqquşmaları mövcuddur. Belə ki, Rusiya və İran həm PKK/PYD-ni, həm də Əsəd rerimini dəstəkləyirlər. Halbuki, PKK/PYD terror təşkilatı Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edir. Əsəd rejimi isə PKK/PYD ilə ortaq hərəkət etməklə, Türkiyə üçün əlavə problemlər yaradır. Və rəsmi Ankara Suriyada Əsəd rejiminin dəyişdirilməsində birbaşa maraqlıdır.
Təbii ki, bu, Rusiya və İranın Yaxın Şərqdəki ortaq fəaliyyət mexanizmlərini sıradan çıxartmaqda maraqlı olan ABŞ və Türkiyənin NATO-dakı müttəfiqlərinin diqqətini çəkir. Yəni, İranın əksər “proksi” güclərinin sıradan çıxarılmasından sonra Suriyada Əsəd rejiminin də sıradan çıxarılması rəsmi Tehranın mövqelərinə sarsıdıcı zərbələr vura bilər. Üstəlik, Rusiyanın da Suriyadan sıxışdırılıb, çıxarılmasını sürətləndirər. Və onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşında ciddi şəkildə zəifləmiş, öz savaş resurslarını indi daha çox bu müharibəyə yönəltmiş Rusiyanın Əsəd rejiminə dəstək imkanları da ciddi şəkildə məhdudlaşıb.
Ona görə də, Rusiya və İran Türkiyənin Suriyada Əsəd rejiminin, eləcə də, PKK/PYD-nin nəzarətində olan bölgələri hədəfə almasından ciddi şəkildə narahatdır. Rəsmi Ankaranın atdığı addımlar hazırda Rusiya və İranın Suriyadakı dayaqlarını sıradan çıxara biləcək istiqamətlərə yönəlib. Nə qədər qəribə də olsa, son vaxtlara qədər Türkiyənin Suriyada vəziyyəti öz nəzarətinə götürmək cəhdlərinə müqavimət göstərən ABŞ və NATO-dakı bəzi müttəfiq dövlətlər hazırda bu ölkədə baş verənləri sükutla müşahidə etmək məcburiyyəndə qalıb. Və bu, maraqların uzıaşmasından xəbər verən əlamət də sayıla bilər.
Məsələ ondadır ki, Rusiya və İranın dəstəklədiyi Əsəd rejimini sıradan çıxartmadan Yaxın Şərqin yenidən dizayn edilməsi ilə bağlı planların pozitiv nəticələr verməyəcəyi indi heç kəsdə şübhə doğurmur. Çünki məhz Əsəd rejiminin sıradan çıxarılacağı təqdirdə, İranın digər “proksi”lərini rəsmi Tehranın dəstəyindən məhrum buraxmaq mümkün ola bilər. Bunu isə hazırda Əsəd rejiminə qarşı silahlı Suriya müxalifətini vahid mərkəzdə birləşdirməyə nail olmuş Türkiyə edə bilər. Və bu reallıq hətta digər Qərb ölkələri ilə yanaşı, ABŞ-ı da müəyyən qurbanlar vermək məcburiyyətində buraxıb.
Çünki rəsmi Ankaranın əsas hədəfi yalnız Əsəd rejimi deyil. Rəsmi Ankara həm də Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK/PYD terror təşkilatını da birdəfəlik sıradan çıxartmaq niyyətini qətiyyən gizlətmir. Halbuki, Ağ Ev terror təşkilatı olan PKK/PYD-ni son vaxtlara qədər ABŞ-ın Suriyadakı əsas müttəfiqi təqdim edirdi. ABŞ bu terror təşkilatını həm maliyyələşdirir, həm silahlandırır, həm də döyüş təlimi keçirdi. İndisə, Ağ Ev Türkiyəyə bağlı müxalif silahlı qüvvələrin PKK/PYD terror təşkilatını Suriyada ağır məğlubiyyətə uğradaraq, küncə sıxışdırmağa başlayıb. Və bu, o deməkdir ki, baş verənləri sükutla müşahidə edən ABŞ başda olmaqla, Qərb siyasi dairələri ümumi maraqlar naminə PKK/PYD terror təşkilatını qurban vermək məcburiyyətində qalıblar.
Göründüyü kimi, son vaxtlar Suriyada baş verən hərbi proseslərin arxasında kifayət qədər önəmli və qəliz maraqlar gizlənir. Rəsmi Ankara növbəti dəfə Türkiyənin milli təhlükəsizlik maraqlarının ön plana çəkilməsinə münbit şərait yaradan geopolitik situasiyanı yetişdirməyi bacarıb. Hələ bir neçə həftə əvvəl prezident Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, yaxın vaxtlarda Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarına tamamilə cavab verən pozitiv proseslərə start veriləcək. Və bu, Qərb kəşfiyyat təmsilçilərinin Ankaraya intensiv səfərlər edərək, məsləhətləşmələr apardığı bir dövrə təsadüf edirdi.
Əslində, rəsmi Ankara həmin dövrə qədər PKK/PYD terror təşkilatını sıradan çıxartmaq üçün Əsəd rejiminə ortaq fəaliyyət təklif etmişdi. Ancaq Rusiya və İranın dəstəyinə arxayın olan Əsəd rejimi Türkiyənin təkliflərinə biganə yanaşmışdı. İndisə, situasiya tamamilə tərsinə çevrilıib. Əsəd rejimi tamamilə sıradan çıxarılmaq təhlükəsi ilə qarşılaşıb. Ona görə də, indi Əsəd rejimi özü Türkiyə ilə təmas imkanları axtarır. Belə ki, Türkiyəylə münasibətləri yaxınlaşmış İraq Əsəd rejiminin rəsmi Ankara ilə təmaslara vasitəçilik etmək xahişini cavabsız buraxıb.
Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi indi demək olar ki, Türkiyəyə yalvarmaq həddinə çatıb. Hətta Əsəd rejimi təktərəfli təşəbbüslə Ankaraya nümayəndə heyəti göndərməyə çalışıb. Ancaq rəsmi Ankara həmin nümayəndə heyətini qəbul etmək istəmədiyindən Əsəd rejiminin təmsilçiləri istiqamət dəyişərək, Antalyaya üz tutmalı olublar. Oradansa, onların geriyə Suriyaya dönəcəkləri bildirilir. Və həm PKK/PYD terror təşkilatını bitirmək, həm də qaçqın problemini yoluna qoymaq niyyətini artıq gizlətməyən Türkiyə Əsəd rejiminə güzəştə getmək fikrindən çox-çox uzaq görünür.