Qərbin Fransa agenti ilə Tiflisə hücum planı: Ermənistan kəşfiyyatı da fəal dəstək verir

Gürcüstan Qərb kəşfiyyatı tərəfindən qarışdırılır, "casus şəbəkəsi" ilə yanaşı, hətta erməni təxribatçılar da hərəkətə gətirilib... Bu, o deməkdir ki, Gürcüstana qarşı xüsusi məkrli planlarla hərəkət edən məxfi xarici koalisiya mövcuddur...

"Yeni Müsavat" xəbər verir ki, ABŞ və Qərb Gürcüstanı açıq hədəfə çıxarıb. İndi Qərb siyasi dairələri bütün mümkün vasitələrlə Gürcüstanı daxildən siyasi-ictimai xaosa sürükləməyə cəhd göstərirlər. Çünki Gürcüstan ABŞ və Qərbin qəzəbinə tuş gəlib. Belə ki, hakimiyyətdə olan və son parlament seçkilərində də qalib gələn "Gürcü arzusu" Partiyası Gürcüstanı ABŞ və Qərbin Cənubi Qafqazdakı "geopolitik alət"inə çevrilməsini qətiyyən istəmir. Və Qərb siyasi dairələrinin Gürcüstanı "geopolitik müstəmləkə"yə çevirmək cəhdlərinə qətiyyətlə müqavimət göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Gürcüstana qəzəbinin başlanğıcı xeyli əvvəllərə gedib, çıxır. Rəsmi Tiflis vaxtilə Avropa Birliyi və NATO-ya inteqrasiya kursunu əsas siyasi prioritet kimi qəbul etmişdi. Ancaq sonradan ABŞ və Avropa Birliyinin bu prosesdən istifadə edərək, Gürcüstanı tam nəzarətə götürmək niyyətinə düşməsi rəsmi Tiflisin kəskin müqaviməti ilə qarşılaşdı. Rəsmi Tiflis Gürcüstanın ABŞ və Qərblə Rusiya arasında regional qarşıdurmada "geopolitik alət" funksiyalarını üzərinə götürməsindən birmənalı şəkildə imtina etdi.

Nəticədə ABŞ və Qərblə Gürcüstan arasında münasibətlər sürətlə gərginləşməyə başladı. Qərb hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasına qarşı Gürcüstandakı "qrant agentura şəbəkəsi"ni hərəkətə gətirdi. Ona görə də, rəsmi Tiflis Qərb kəşfiyyatının nəzarətində olan bu "casus şəbəkəsi"nin fəaliyyətini məhdudlaşdırmaq üçün dərhal "xarici agentlər" barədə qanunun qəbulunu təmin etdi. Və Qərb siyasi dairələrinin Gürcüstana qəzəbi daha da gücləndi.

Halbuki, Fransa başda olmaqla, Avropa Birliyinin əksər ölkələrində analoji qanunlar mövcuddur. Ancaq özlərini xarici kəşfiyyatların agentlərindən qoruyan Avropa Birliyi ölkələri Gürcüstana belə hüquq tanımaq istəmirlər. Çünki Avropa Birliyi Gürcüstanı "geopolitik müstəmləkə"yə çevirmək istəyir, "xarici agentlər" qanunu isə buna xidmət edən onların casuslarının effektiv fəaliyyət imkanlarını məhdudlaşdırır. Və ona görə də, Gürcüstanda hakimiyyət çevrilişinə qərar verildi.

Qərb kəşfiyyat qurumlarına Gürcüstanda növbəti parlament seçkiləri üzərindən dövlət çevrilişi planlaşdırmaq tapşırıldı. Bu planlar artıq ifşa olunub, iflasa uğradıldığından bəzi sensasiyalı detallar da artıq məlumdur. Belə ki, Gürcüstanda kütləvi iğtişaşların və daxili xaosun törədilməsi üçün Ermənistan kəşfiyyatı da Qərb xüsusi xidmət servislərinə dəstək verirdi. Belə ki, Ermənistan kəşfiyyatı Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu ölkədə terror aktları törətməliydilər. Və bütün bunlardan əvvəlcədən məlumatlı olan rəsmi Tiflis kütləvi iğtişaş cəhdlərinin qarşısını almağa nail oldu.

Ancaq Gürcüstanın Qərbin qəzəbindən belə asanlıqla yayınacağına yalnız sadəlövhlər inana bilərdi. Çünki Gürcüstana ən sarsıdıcı zərbə vurmağa hazır şəxslərdən biri məhz bu dövlətin lideri postunda otururdu. Gürcüstan müxalifətinin kütləvi etiraz dalğasına liderlik də məhz Gürcüstan prezidenti Salome Zurabişviliyə tapşırılmışdı. Hər halda, prezident Salome Zurabişvilinin Fransa vətəndaşı olması və fransız kəşfiyyatı ilə iddia olunan məxfi bağlantıları onu Qərb siyasi dairələri üçün ən etibarlı şəxs olduğunu göstərir. Və hazırda səlahiyyət müddəti sona çatmaqda olan bu şəxs kütləvi iğtişaşla liderlik etməkdədir.

Rəsmi Tiflis parlament seçkilərindən dərhal sonra hərəkətə keçirilən Qərbin "qrant aventura şəbəkəsi"nin ilk qiyam cəhdlərinin qarşısını almağa nail oldu. Ardınca isə Gürcüstanın Avropa Birliyinə üzvlüklə bağlı danışıqlar prosesinin dayandırılması barədə qərar qəbul etdi. Qərb siyasi dairələrinin qəzəbi daha da artdı və bu dəfə prezident Salome Zurabişvilinin liderliyi ilə "qrant aventura şəbəkəsi"ni həlledici savaşa çıxartdı. Və paytaxt Tiflisin küçələri növbəti dəfə döyüş meydanına çevrilmiş oldu.

Onu da qeyd etmək lazımdır ki, prezident Salome Zurabişvilinin qiyamçılarla ortaq hərəkət edərək, kütləvi iğtişaşlarda iştirakı Gürcüstan dövlətçiliyinə ən ağır zərbələrdən biridir. Çünki normal prezident öz ölkəsinin hakimiyyətinə qarşı qiyamda iştirak etməz. Əgər, o, Gürcüstana xidmət etmiş olsaydı, kütləvi etiraz aksiyalarına qoşulmazdan əvvəl mütləq tutduğu ali dövlət postundan istefa verməliydi. Və bu baxımdan, prezident Salome Zurabişvilinin Qərbin planlarına bağlı qiyama liderlik etməsi, əslində, dövlətə xəyanət xarakteri daşıyır.

Gürcüstanda törədilən son hadisələrin məhz Qərb kəşfiyyatı tərəfindən təşkil olunduğunu Avropa Birliyi ölkələrinin səfirlərinin də bu iğtişaşlara açıq dəstək verməsi də təsdiqləyir. Qərb ölkələrini təmsil edən səfirlərin Gürcüstanda qiyamçıların qoşulub, onların sırasında yer alması beynəlxalq hüquq normalarına, eləcə də, diplomatik qaydalara ziddir. Və Gürcüstanın daxili işlərinə bu qədər kobud şəkildə müdaxilə etməyə çalışan Avropa Birliyi ölkələri bu davranışlarını mütləq tutarlı hüquqi arqumentlərlə izah etməyə borcludurlar.

Bütün bunlar onu göstərir ki, son günlərdə Gürcüstanda baş verənlər qətiyyən təsadüfi deyil. Üstəlik, bu, sadəcə, Gürcüstan vətəndaşlarının mövcud hakimiyyətə qarşı kütləvi etiraz prosesi də sayıla bilməz. Çünki Gürcüstan Qərb kəşfiyyatı tərəfindən qarışdırılmaqdadır. Gürcüstanın səlahiyyətləri sona çatmaqda olan və Fransa agenti olduğu iddia edilən prezidenti Salone Zurabişvilinin rəhbərliyi altında törədilən kütləvi iğtişaşlara məhz Ermənistan kəşfiyyatı da yerli erməni terrorçuları bu prosesə yönəltməklə, dəstək verir. Və bu, o deməkdir ki, Gürcüstana qarşı xüsusi məkrli planlarla hərəkət edən xarici koalisiya mövcuddur.

Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır

Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara əsasən, Qərb Ukraynanı “sülhməramlı kontingent” adı altında işğal etməyi planlaşdırır. Bu barədə rusdilli xəbər məkanında çoxsaylı yazılar yayılıb.

Bu yazılarda iddia olunur ki, Ukrayna ərazisi Kollektiv Qərb tərəfindən belə bölünəcək:
• Qara dəniz sahili – Rumıniyaya veriləcək;

• Ukraynanın qərb bölgələri – Polşaya təhkim ediləcək;

• Mərkəzi və şərq hissəsi – Almaniyanın nəzarətinə keçəcək;

• Şimal bölgələri, o cümlədən paytaxt regionu – Böyük Britaniyaya veriləcək.

Məlumatda vurğulanır ki, ümumilikdə, Ukraynaya 100 min nəfərlik “sülhməramlı” qüvvənin yeridilməsi planlaşdırılır.
Bu az da gülməli olan bu məlumata əsasən, Almaniya hərbçiləri İkinci Dünya müharibəsi illərində Ukraynada tətbiq edilmiş işğal rejimindən təcrübə götürmək niyyətindədirlər. Almaniya ordusu – Bundevyer bu təcrübəni müasir şərtlərə uyğunlaşdıraraq polis funksiyalarının icrasını təmin etmək üçün “zonderkomanda”lardan istifadə etməyi planlaşdırır. Bunun üçün ukraynalı millətçilərdən ibarət yeni qruplar yaradılacaq. Adları dəyişdirilsə də, mahiyyətcə bunlar eyni Bandera cəza dəstələri olacaq.

Bu sensasion qılıflı və komediya janrındakı məlumat Rusiya kəşfiyyatının Ukrayna böhranı ilə bağlı yeni istedadını üzə çıxarır. Fantastik janrda kəşfiyyat məlumatı toplamaq və yaymaq...

Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!

Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Rusiyadan daha çox təhdidlər ola biləcəyi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. O, öz "Telegram" kanalından ukraynalılara müraciət edib. “Bütün xalqımız üçün: hava hücumları və raket təhdidləri zamanı gizlənmək lazımdır. Bu, qəti qaydadır - Rusiyanın heç bir bəyanatından asılı olmayan qaydadır”, - deyə Ukrayna lideri vurğulayıb.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” berilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti xəbər verir.

“Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib./Report

Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?

Redaksiyamız ilk instansiyalara istinadla xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd artıq Moskvadadır və bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə Rusiya mənbələrinə istinadən Telegram kanalı “ЕЖ” məlumat yayıb.

Görüş ərəfəsində Suriyanın şimalında vəziyyət kəskinləşib. Son günlərdə Suriya müxalifət qüvvələri hökumət ordusuna qarşı gözlənilməz hücum təşkil edərək, xüsusilə Hələb ətrafında strateji mövqeləri ələ keçiriblər.

Ekspertlərə görə, Əsədin Moskvaya təcili səfəri məhz bu hadisələrlə əlaqədardır. Görüş zamanı həm hərbi, həm də siyasi məsələlərin müzakirə ediləcəyi gözlənilir. Rusiya, Suriya hökumətinə dəstək mövqeyini qoruyub saxlayır, lakin müxalifətin son hücumları bu dəstəyi daha konkret addımlara çevirmək zərurəti yaradır.

Bu görüş regiondakı qüvvələr nisbətinə təsir edə biləcək əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilir.

Bəzi instansiyalar iddia edirlər ki, Bəşər Əsəd Moskvaya qaçıb və geri dönməyəcək...

Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...

Rusiya prezidenti Vladimir Putin bildirib ki, KTMT Qarabağda İrəvan uğrunda döyüşməməli idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Lakin KTMT-nin bununla heç bir əlaqəsi yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb. KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb. Qarabağ hadisələrinin özünəməxsus xüsusiyyətləri var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, Qarabağı öz ərazisinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hamısının Ermənistanla heç bir hüquqi əlaqəsi yoxdur, ona görə də KTMT-nin bu anklavın ərazisində döyüşdüyünü iddia etmək qəribədir”, - Putin qeyd edib.

Ermənistanın KTMT-dən çıxıb-çıxmamasına aydınlıq gətirən Putin deyib ki, İrəvan təşkilatdan rəsmən çıxdığını bəyan etmədiyindən yenidən bu platformada əməkdaşlığa qayıda bilər.

İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar

İsveç və Polşa Rusiyanın Baltik dənizi regionunda təsirini daha da məhdudlaşdırmaq üçün təşəbbüslər irəli sürmək niyyətindədir.

Bu barədə Harpsundda iki ölkənin baş nazirləri Ulf Kristersson və Donald Tusk tərəfindən imzalanmış İsveç və Polşa arasında strateji tərəfdaşlıq sazişində deyilir.

"İsveç və Polşa Baltik dənizi regionunda təhlükəsizliyin artırılması üçün əməkdaşlığın daha da gücləndirilməsində aparıcı rol oynayacaq və Rusiyanın təsirini, fəaliyyət miqyasını və zərər vurmaq qabiliyyətini daha da məhdudlaşdırmaq üçün təşəbbüslər göstərəcək. Biz ümumi təhlükəsizliyimizi qorumaq üçün birlikdə çalışacağıq, təhlükəsizlik və müdafiə sahəsində daha da dərin, geniş və səmərəli ikitərəfli əməkdaşlıq üçün səy göstərəcəyik.", - sazişdə deyilir.(oxu.az)

Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livanda atəşkəsin pozulacağı təqdirdə genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr edib.

Bu barədə Netanyahu "Kanal 14"ə müsahibəsində bildirib.

“Əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə Baş nazir bəyan edib.

Noyabrın 27-də İsrail Müdafiə Qüvvələri ilə Livanın "Hizbullah" hərəkatı arasında bir gün əvvəl imzalanmış atəşkəs razılaşması qüvvəyə minib. ABŞ Prezidenti Co Bayden bildirib ki, sənəd hərbi əməliyyatların həmişəlik dayandırılmasını və Livan-İsrail sərhədində mülki əhalinin zərər çəkmiş ərazilərə qayıtması üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Diplomatik səylərə baxmayaraq, İsrail ordusu "Hizbullah"a qarşı hərbi əməliyyatları davam etdirir.

Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub

ABŞ Prezidenti Cozef Bayden Çinlə münasibətlərdə status-kvonun əldə olunduğunu açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, iki ölkənin hərbçiləri ilə yanaşı, liderləri arasında birbaşa əlaqə xətti qurulub.

"Əminəm ki, Si Cinpin səhv etmək istəmir", - Amerika lideri qeyd edib.

ABŞ Prezidenti iki ölkə arasında əsir mübadiləsi nəticəsində azad edilmiş 3 vətəndaşla söhbət apardığını vurğulayıb.

Xatırladaq ki, noyabrın 27-də Vaşinqton və Pekin "üçün üçə" formulu üzrə məhbus mübadiləsi həyata keçirib.

Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeldən yenidən üzr istəyib. Putin Merkelin Moskvaya səfəri zamanı onu qəsdən Labrador cinsindən olan itlə qorxutması barədə yayılan iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə keçirdiyi mətbuat konfransında deyib.

“Angela, lütfən məni bağışla. Mən səni incitmək istəmirdim. İtlərdən qorxduğunu bilsəydim, bunu heç vaxt etməzdim. Əksinə, xoş bir atmosfer yaratmaq istəyirdim. Çünki Almaniyada heyvanlara qarşı yaxşı rəftar olunduğunu bilirəm”, – Putin vurğulayıb.

Rusiya lideri Merkellə bu barədə danışdığını və ondan şəxsən üzr istədiyini xatırladıb.

Qeyd edək ki, Almaniyanın sabiq kansleri Angela Merkel öz xatirələrində Vladimir Putinlə danışıqlar zamanı Kreml rəhbərinin onu qara Labrador cinsindən olan itlə qorxutduğunu açıqlayıb. Merkel vaxtilə yarmarkada onu it dişlədiyini və bundan sonra heyvanlardan qorxduğunu etiraf edib.

Angela Merkelin xatirələr kitabı 26 noyabrda satışa çıxıb.

Xəbər lenti