Zelenskidən etiraf: Ukrayna hərbi yolla torpaqlarını geri almaq gücündə deyil

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmaq üçün ordunun kifayət qədər gücü yoxdur və bu səbəbdən diplomatik həll yollarının tapılması vacibdir.

“Ordumuzun bunu etmək üçün yetərli gücü yoxdur. Bu, həqiqətdir. Biz həqiqətən də diplomatik yollarla həll tapmalıyıq,” – deyə Zelenski Kyodo News-a müsahibəsində vurğulayıb.

Prezident əlavə edib ki, bu, yalnız Ukraynanın kifayət qədər güclü olduğu və Rusiyanın yenidən hücuma keçmək imkanlarının qarşısının alındığı bir vaxtda mümkün olacaq.

Bu kontekstdə Zelenski Ukraynanın NATO-ya daxil olmasının vacibliyini bir daha qeyd edib. O həmçinin, müharibənin "çətin bir mərhələyə" keçdiyini və Rusiyanın Donbas bölgəsində fəal hücum əməliyyatları apardığını bildirib.

Xatırladaq ki, Zelenski daha əvvəl Fox News-a müsahibəsində hərbi qələbənin hazırkı şəraitdə mümkün olmadığını bəyan etmişdi.

Qonşu şamına ümid olan şamlı lider - Bəşər Əsəd yaman yerdə axşamlayıb

Bəşər Əsəd Suriyanın 16-cı prezidentidir. Ondan əvvəl bu dövlətə 29 il boyunca (1971-2000-ci illərdə) onun atası Hafiz Əsəd rəhbərlik edib.

Əsəd ailəsinin 53 ildir davam edən hakimiyyəti bu günlərdə yeni sınağa məruz qalıb və güman edilir ki, bu dəfə həm ölkədaxili siyasi qüvvələrin, həm də xarici dövlətlərin elan edilməmiş anti-Əsəd koalisiyasının ardıcıl zərbələri Suriyada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Ölkənin ən böyük şəhərini - Hələbi götürən müxaliflər əldə etdikləri ilə qane olana oxşamırlar.

Suriya əsrlər boyunca Osmanlı imperiyasının müstəmləkəsi olub. Sonra bu regiona Fransa yerləşib və 1941-ci ildə Fransa Suriyaya müstəqillik verib.

1941-ci ildən 1971-ci ilə qədər keçən dövrdə Suriyada qeyr-sabitlik hökm sürüb və dəfələrlə hakimiyyət dəyişikliyi olub, 14 dövlət başçısı bir-birini əvəz edib. 30 ildə 14 prezident dəyişən Suriya sonrakı 53 ildə hakimiyyət dəyişikliyi sarıdan sabit dövrə qədəm qoyub.

Bəşərə Əsədə qədər Suriyanı idarə edənlərin tam əksəriyyəti hərbçilər, generallar olub və onların hamısını Fransa ilə xüsusu tellər bağlayıb. Başqa sözlə, Suriyada hakimiyyətdə olanlar həmişə Parisə baxıb düzləniblər. Elə Əsəd ailəsinin də Fransa ilə bağlılığı möhkəm idi.

1034702.jpg (89 KB)

Bəşər Əsəd hakimiyyətə 35 yaşında gəlib. Hazırda 60 yaşının 3 ayını geridə qoyan və marşal rütbəsi daşıyan B.Əsəd artıq 24 ildir ki, Suriyanı idarə edir. O, bu illər ərzində 9 dəfə baş nazir dəyişib.

Bəşər Əsədin hakimiyyətinin son 13 ili vətəndaş müharibəsi şəraitində keçib. Bu dövrdə Suriya bəzi vaxtlarda 5 yerə parçalanıb, 17 milyonluq əhalinin 4-5 milyonu xarici ölkələrə dağılışıb.

Bir ara İŞİD Suriyanın üçdə bir hissəsindən çoxuna nəzarət edirdi. İŞİD abbreviaturasının açması İraq-Şam İslam Dövləti idi və bu söz birləşməsindəki “Şam” kəlməsi Suriyanın və onun paytaxtı Dəməşqin qədim adıdır.

ABŞ və Avropa dövlətləri tərəfindən himayə olunan kürdlər də Suriyanın dağıdılması prosesindən öz paylarını götürmək, ölkə ərazisində ya müstəqil kürd dövləti, ya da geniş səlahiyyətlərə malik kürd muxtariyyatı (İraq Kürdüstanı kimi) yaratmaq istəyirdilər. Ancaq Türkiyə bunu özünə təhlükə kimi gördüyündən separatçı kürdlərin niyyətlərinin qarşısına sipər çəkdi və çəkməkdədir.

Suriya hakimiyyəti, eləcə də Bəşər Əsəd kürd peşmərgələrin nəzarət etdiyi regionlara girə bilməsə də, Türkiyənin həmin nahiyələrə hərbi müdaxilə etməsinə qarşı tez-tez sərt bəyanatlar səsləndirməkdə davam edir.

surrurs.jpg (41 KB)

Bu təlatümlü keçən 13 ildə Bəşər Əsədin Suriyada hakimiyyətdə qalması Rusiya və İranın müdaxiləsi sayəsində baş tutub. İran sünni məzhəbinə etiqad edən müsəlmanların çoxluq təşkil etdiyi ölkədə şiə-ələvi təriqətinə mənsub bir adamın hakimiyyətdə olmasını vacib sayırsa, Rusiya Qərbin bu bölgəyə nüfuz etməsini istəmədiyindən Əsəd rejiminə dəstək verir.

Hər iki ölkənin hərbi qüvvələri Suriyada Bəşər Əsədin əleyhdarlarına qarşı hərbi əməliyyatlar keçirir, onlara ağır zərbələr vurur, bu yolla onun hakimiyyətinin ömrünü uzadırdılar.

Ancaq son iki ildə vəziyyət bir xeyli dəyişib. Rusiyanın başı öz müharibəsinə - Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”a qarışdığı üçün Suriyaya lazımi diqqət yetirə bilmir. Bu gün Moskvanın özünə xarici hərbi yardım lazımdır və bu məqsədlə Şimali Koreya ordusunun hərbi birləşmələrindən istifadə edir.

WhatsApp-Image-2024-04-05-at-23.32.57-900x506.jpeg (101 KB)

İran isə bu il Suriyada ağır zərbələrə məruz qalıb, Dəməşqdə konsulluğu vurulub, diplomatları və generalları öldürülüb. İsrail bununla göstərir ki, İran Suriyada əvvəlki illərdə olduğu kimi ötkəm ola bilməyəcək.

Bəşər Əsədin hərbi cinayətlər törətməsi barədə ittihamlar var. Suriyada gedən vətəndaş müharibəsi zamanı saxlanılan ən azı 10 Avropa vətəndaşının Əsəd rejimi tərəfindən işgəncələrə məruz qaldığı bildirilir. Bundan başqa, Əsəd qüvvələrinin silahlı müxalifətçilərin nəzarətində olan regionlara hücumu zamanı on minlərlə dinc sakinin qətlə yetirilməsi halları var. Suriyadan milyonlarla insanın qaçqın düşməsinin əsas səbəbi də budur. Onlar hökumət qüvvələrinin ağına-bozuna baxmadan qiyamçı bölgələrin bütün əhalisini güllələmələrinə görə yaşayış yerlərini kütləvi tərk ediblər.

Son 6-7 ildə Bəşər Əsədin sağlıq durumunun kafi olmadığı barədə beynəlxalq mediada müxtəlif materiallar gedib. 2017-ci ildə “Əl Ərəbiyyə” telekanalı Suriya prezidentinin qidaya qoyulmuş zəhərlə zəhərləndiyini bildirib. Livanın “Əl-Mustaqbal” qəzeti Suriya liderinin beyin insultundan əziyyət çəkdiyini yazıb. Britaniyanın “İndependent” nəşri Suriya prezidentinin əsəb iflici ilə xəstəxanaya yerləşdirildiyini, nəticədə Əsədin sol gözünün öz-özünə açılmadığını yazıb. Qəzet həmçinin rus həkimlərin təcili olaraq Suriyaya uçduğunu bildirib.

755112438264411.jpg (49 KB)

Ancaq B.Əsədin görüşləri, səfərləri göstərir ki, bu cür xəbərlər xeyli dərəcədə əsassızdır, ya da çox şişirdilib. Bəşər Əsəd ağır xəstəyə oxşamır. Ağır xəstə olan onun başçılıq etdiyi dövlətdir. O, artıq bu dövləti idarə edə bilmir. Suriya qurdlar süfrəsinə qoyulmuş şikara çevrilib.

İndiyədək dinc hakimiyyət dəyişikliyi görməyən, ölkə rəhbərliyinin həmişə ya dövlət çevrilişləri, ya da sui-qəsdlər nəticəsində formalaşdığı Suriyada, görünür, bu dəfə də elə olacaq.

İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır

Dünyaca məşhur iş adamı İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlunu əfv etmə qərarını tənqid edib.

O, bu addımı ölkənin bütövlüyünü şübhə altına almaq kimi qiymətləndirib.

“Sərxoşluq və narkotik problemləri mənim üçün önəmli deyil, amma ABŞ-ın bütövlüyünü sual altına qoymaq normal deyil,” – deyə Mask X sosial şəbəkəsində yazıb.

Bununla yanaşı, TMZ-nin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Bayden oğlunu əfv etmək qərarını rəsmi fərmanı imzalamadan çox əvvəl qəbul edib.

Qeyd edək ki, Bayden daha əvvəl oğlu Hanteri əfv etmək niyyətində olmadığını bəyan etmişdi. Bu qərar siyasi dairələrdə geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.

Tiflisdə etirazlardan sonra 224 nəfər həbs edildi – Gürcüstan DİN

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Tiflisdə keçirilən etiraz aksiyaları zamanı 224 nəfər inzibati qayda pozuntusuna görə həbs edilib.

Bundan əlavə, iki nəfər cinayət ittihamı ilə saxlanılıb. Onlardan biri parlament binasına od vurmaqda, digəri isə polis əməkdaşına hücum etməkdə ittiham olunur.

Daxili İşlər Nazirliyi bildirib ki, gecə baş verən qarşıdurmalar zamanı 21 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda istintaq davam edir və yeni məlumatlar dəqiqləşdirilir.

 

 
 
 
 
 

 

 
 
 
Gürcüstanın Baş naziri: Əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planının olduğunu və bu planın həyata keçirilməsinə xarici maliyyə yardımı alındığını qeyd edib.

"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bu barədə yeni hökumətin ilk iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda "Maidan" heç vaxt keçirilməyib və keçirilməyəcək.

"Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xarici maliyyə dəstəyi cəlb edilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Beləliklə, inqilabi ssenarilər qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 inqilabi cəhd gördük. Biz bu prosesi xarici maliyyə dəstəyi ilə müşahidə etdik", - İ.Kobaxidze qeyd edib.

O əlavə edib ki, Gürcüstan ləyaqətli ölkədir:

"Müstəqilliyimiz və suverenliyimizlə qürur duyuruq və əlbəttə ki, sona qədər ehtiyatlı olacağıq. Heç kimə müstəqilliyimizi və suverenliyimizi xarici müdaxilə yolu ilə zədələməyə imkan verməyəcəyik”.

Ağ Evdən Suriya açıqlaması: Qüvvələr münasibəti dəyişir

"Suriyadakı müxalif qüvvələr illərdir onları basqı altında saxlayan üç aktora - İran, Rusiya, Hizbullaha baxdılar. Onları əvvəlkindən daha zəif, müdafiəsiz gördülər və bundan faydalanmağa çalışdılar"

Bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Hələbin ələ keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Düşünürəm ki, bu hücumun sürəti Suriya hökumətini və regiondakı digər maraqlı gücləri çox təəccübləndirdi”, - qeyd edən Sallivan əlavə edib ki, bu həm də Ukraynadakı hazırkı vəziyyətlə əlaqədar olaraq Rusiya və İranın daha zəif strateji mövqedə olmasının təbii nəticəsidir: "Bu isə bölgədə qüvvələrin tarazlıq münasibətinin dəyişməsidir".

Hələb və İdlibdə baş verən hadisələrin ABŞ-nin bölgədəki qüvvələri üçün risk olub-olmamasına gəldikdə Sallivan qeyd edib ki, Suriyadakı qüvvələri hücumun baş verdiyi ərazidən fərqli bir yerdə olduqları üçün qaçılmaz risk altında deyil: "Onlar hələ də İran, İraq və Suriyadakı şiə milis qrupları tərəfindən təhdid altındadırlar".

Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar verə bilər - Zelenski

Hakimiyyətdən getməyə hazırlaşan ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynanı NATO-ya dəvət etməyə vaxt tapacaq və alyans liderləri də bu siqnalı müsbət qəbul edəcək.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa qurumlarının yeni rəhbərliyi ilə görüşdən sonra bəyan edib.

Onun sözlərinə görə, NATO-ya üzvlüklə bağlı illüziyalar olmasa da, müəyyən müsbət meyillər müşahidə olunmaqdadır.

O əlavə edib ki, bununla bağlı yalnız ümumi siqnal bütün NATO liderləri tərəfindən müsbət qəbul edilə bilər. "Önümüzdəki həftə Ukrayna üçün son fürsət olmasa da, növbəti addımlara ümid etmək lazımdır.
İndiki ABŞ hökumətinin iki ayı var. O, bir neçə avropalı skeptik üzərində təsir gücünə malikdir. Mənim kimi əksər ölkələri də Ukraynanın Alyansa üzvlüyünün müsbət gələcəyi ilə bağlı tövsiyələrin risklərini görmürlər”, - Zelenski qeyd edib.

İsraildən şok etiraf: Əsədi qorumalıyıq, onun süqutu...

“Əsəd rejiminin devrilməsi ehtimalı bütün regionun sabitliyi üçün çox problemlidir. Bu, İsrail üçün böyük risk yaradacaq. “Təhrir əş-Şam” və digər sələfi təşkilatları İsrail sərhədinə gələ bilər və Qolanda İsrailə qarşı fəaliyyət göstərən dördüncü cəbhə yarana bilər”.

Bunu İsrailin istefada olan general-mayoru Yisrael Ziv bildirib.

“Suriyanın dağılması İsrailin təhlükəsizliyi üçün pis xəbərdir. Çünki Əsəd qatil diktator və xalqı üçün dəhşətli olsa da, İsrailin təhlükəsizlik maraqları baxımından daha yaxşı nəzarət qabiliyyətinə malikdir", - israilli zabit qeyd edib.

General Zin onu da əlavə edib ki, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri regional koalisiya formalaşdıraraq Əsəd rejimini gücləndirməlidir.

Hələb qalasına Türk bayrağı asıldı 

Suriyada Əsəd rejiminə qarşı müxaliflərin Hələb şəhərini ələ keçirməsindən 76 il sonra bir ilk hadisə baş verib.

Müxaliflər Hələbdə nəzarəti ələ keçirdikdən sonra Hələb qalasında Türkiyə bayrağı dalğalandırılıb. Türkiyə bayrağı sonuncu dəfə Hələb qalasında 1948-ci ildə asılıb.
"76 il əvvəl 1948-ci ildə Türkiyəyə qoşulmağı tələb edən Hələblilər əllərində türk bayraqları ilə şəhərin küçələrində yürüş keçiriblər.
Hələblilər Hələb qalasına qalxaraq Türkiyə bayrağını dalğalandıraraq “Bizi rahat yaşada bilən ancaq Türkiyə rəhbərliyi ola bilər” kimi şüarlar səsləndiriblər.
Təxminən 400 il Osmanlı himayəsində qalan şəhərin ən böyük simvollarından biri olan Hələb qalasında bu gün Türkiyə bayrağı dalğalanıb", - Türkiyə mediası yazır.

Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək

Avropa İttifaqı dekabr ayında Ukraynaya büdcəyə yardım üçün 4,2 milyard avro köçürməyi və 2025-ci ilin yanvarından Kiyevi iqtisadi transformasiyalar müqabilində ayda 1,5 milyard avro səviyyəsində maliyyələşdirməyi vəd edib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta bəyan edib.

Onun sözlərinə görə, yanvar ayından etibarən Brüssel Ukraynaya Rusiya aktivlərindən ekspropriasiya olunmuş gəlirdən maliyyələşən G7 kredit proqramı çərçivəsində il ərzində ayda 1,5 milyard avro vermək niyyətindədir.

Söhbət 2025-ci il üçün 18 milyard avro dəyərində maliyyə yardımı proqramından gedir, onun həyata keçirilməsinə dair Aİ noyabrın 28-də Ukrayna hökuməti ilə memorandum imzalayıb. Bu memorandumun bir hissəsi kimi Kiyev Aİ-nin iqtisadi və siyasi tələblərini yerinə yetirməyi və Brüsselin təkid etdiyi islahatları həyata keçirməyi öhdəsinə götürüb.

Xəbər lenti