![]() |
|
Rəsmi Berlinin təşəbbüsü ilə Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəng etməyi dünyanın gündəmindədir. Çünki bu, son iki ildə liderlərin ilk təmasıdır. Liderlər sonuncu dəfə 2022-ci ilin dekabr ayında telefonla danışıblar.
“Bild” qəzeti yazır ki, Şoltsun Putinlə söhbətində məqsəd Rusiya liderinin Ukrayna ilə bağlı danışıqlara hazır olub-olmadığını anlamaq olub.
Almaniya mətbuatı isə yazır ki, kanslerin ofisi Vladimir Putinlə söhbətə həftələrlə hazırlaşıb. “Der Spiegel” jurnalının məlumatına görə, bütün hərəkətlər “ABŞ, Britaniya, Fransa hökumətləri və digər G7 tərəfdaşları ilə yaxından əlaqələndirildi”. Şolts və Putin arasında söhbətin yalnız ABŞ prezident seçkilərindən sonra, lakin kanslerin bazar günü gedəcəyi Braziliyada keçiriləcək G20 sammitindən əvvəl baş tutması razılaşdırılıb. Telefon danışığının əsas mövzusu Ukrayna olub. Liderlər daimi əlaqədə olmağı razılaşdırıblar.
Qeyd edək ki, Almaniya hökumətinin başçısı Qərbin aparıcı dövlətlərinin liderləri arasında təxminən iki ildən sonra yenidən Putinlə birbaşa əlaqə saxlayan ilk şəxs oldu. Rusiya Federasiyası və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.
Konturlar göründükcə Putin tələsir...
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə müharibələrin sona yetəcəyi yönündə ümidlər artıb. Bu xüsusda bir çox siyasi müşahidəçilər hesab edir ki, qarşıdakı bir neçə ay xüsusən də Ukrayna üçün taleyüklü, kritik ola bilər.
“Huff Post” nəşri yazıb ki, Trampın Ukrayna ilə bağlı sülh danışıqlarına əliboş girməməsi üçün Konqresdəki respublikaçılar Ukraynaya yeni hərbi yardım proqramı qəbul etməlidir. “Yardım paketi ukraynalılara qışdan sağ çıxmağa, Putinin qüvvələrini geri çəkməyə imkan verməli və yeni seçilmiş prezident Trampa güclü mövqedən çıxış etmək şansı yaratmalıdır. Təcili olaraq əlavə yardım paketi qəbul edə bilməməsi Trampın vəzifəyə başlamazdan əvvəl mövqeyini riskə ata bilər. Bayden ilin sonuna qədər Ukraynaya cari hərbi yardım proqramı üçün ayrılan pulu bitirməyi planlaşdırır. Bayden getdikdən sonra Tramp oxşar maliyyə vəsaiti axtarmalı olacaq. Bu, Trampa Rusiyaya sadəcə ”Putinin istədiyini etməyəcəyini" göstərmək imkanı verəcək", - məqalədə bildirilib.
Rusiyalı tanınmış politoloq Sergey Markovun ehtimalına görə isə Trampın Ukrayna planı belə ola bilər:
“1. Döyüş xətti boyunca sərhəd;
Demilitarizasiya zonası;
Bu zonaya İngiltərə, Fransa və NATO-nun digər Avropa ölkələrindən qoşunların gətirilməsi".
Lakin onun fikrincə, Rusiya NATO qoşunlarının Ukraynada istənilən formada yerləşdirilməsini yolverilməz sayır və özündən əlavə edir (Rusiyanın şərtləri kimi):
“1. Ukraynanın demilitarizasiyası;
Ukraynanın denasifikasiyası;
Rus dili ikinci dövlət dili kimi;
Pravoslav Kilsəsinin bütün hüquqlarının tam bərpası.
Qərb bunu tanımayana qədər sülh mümkün deyil".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Donald Trampın qələbəsi ABŞ-ın Ukrayna böhranına münasibətini dəyişdirməyəcək.
Bəs Trampın Ukrayna ilə bağlı “Yol xəritəsi”nin konturları nə vaxt bəlli olacaq və o, Kiyevə nə vəd edir? Andiçmə mərasiminədək (20 yanvar) hazırkı prezident Co Bayden Ukraynaya yaxşı mənada sürpriz edə, müharibənin gedişini dəyişə, sülh masası ətrafında Kiyev üçün uğurlu mövqe təmin edə bilərmi?
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “GB Nyus”a açıqlamasında bildirib ki, əgər Donald Tramp Kiyevə ayrılan maliyyəni kəsmək qərarına gələrsə, Britaniya Ukraynaya qoşun göndərə bilər...
Bu arada “Teleqraf” nəşri Britaniya kəşfiyyatı və NATO-dakı mənbələrinə istinadla yazıb ki, Putin Trampın ABŞ prezidenti seçilməsindən sonra Kursk bölgəsində əks-hücum əməliyyatına qərar verib. “Kreml Ukrayna ilə müharibəyə son qoymaqla bağlı danışıqlarda daha güclü mövqe qazanmaq üçün Trampın andiçmə mərasimindən əvvəl bölgəni geri almaq istəyir. Məhz buna görə də Rusiya Müdafiə Nazirliyi Rusiya və Şimali Koreya hərbçilərindən ibarət 50 min nəfərlik zərbə qüvvəsini Kursk bölgəsinə göndərib”, - məlumatda qeyd olunub.
“Bild” nəşrinin analitiki Yulian Röpke isə rus qoşunlarının Ukrayna qüvvələrini çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı keçirdiyini və böyük itkilər verdiyini bildirmişdi. Ukrayna Müdafiə Nazirliyinə yaxın olan “DeepState” kanalı Vladimir Putinin regionun sürətli təmizlənməsi barədə bəyanatına baxmayaraq, rus qoşunlarının noyabrın ilk 10 günlüyündə uğur əldə edə bilmədiklərini yazıb. Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan yalnız 4 kv.km ərazi boz zonaya keçib. Hazırda isə Ukrayna ordusu Rusiya ərazisinin 611 kv.km-lik ərazisinə nəzarət edir.
Öz növbəsində Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Tramp Rusiya ilə razılaşma əldə edə bilər. Berlində “Süddeutschen Zeitung” qəzetinin təşkil etdiyi konfransda bu barədə danışarkən o, “bəli, təhlükə var və ümid edirəm ki, bu reallaşmayacaq” deyib.
Bu və digər məqamları “Yeni Müsavat”a şərh edən siyasi şərhçi Heydər Oğuzun fikrincə, Trampın və ya hər hansı şəxsin prezident seçilməsiylə ABŞ-ın xarici siyasət doktrinasının büsbütün dəyişəcəyini düşünmək sadəlövhlük olardı: “ABŞ prezidentləri dünyanın əksər ölkələrinə öz iradələrini təlqin edə bilərlər. Amma onların özləri də ABŞ dərin dövlətinin iradəsi ilə hesablaşıb dövlət qurumlarında hazırlanan proqramları həyata keçirirlər. Baxmayaraq ki, zaman-zaman bəzi prezidentlər, eynilə Tramp kimi, ritorikalarında ABŞ ”dərin dövlətinə" də meydan oxuyurlar. Amma bütün bu “cızıqdan çıxmalar” prezident seçilənə qədər olur. Prezident seçildikdən sonra isə namizədlik dövründə verilmiş populist vədlər unudulur, rasional və ABŞ dövlət maraqlarına xidmət edən siyasətlər yürüdülür. Bu mənada “tac geyinən baş ağıllanır” aforizmi boş yerə ortaya çıxmayıb".
Siyasi şərhçinin fikrincə, Trampın seçki ərəfəsində Ukrayna müharibəsi ilə bağlı bəyanatları da əslində populizm xətrinə edilmiş “bleflər”dir: “Bu bleflərin bir məqsədi özünü müharibə əleyhdarı kimi göstərib seçicilərin səsini qazanmaq, digər məqsədi isə Avropa ölkələrini əllərini daha artıq daş altına qoymağa vadar etmək idi. Bilirsiniz ki, NATO müttəfiqlərinin hərbi xərclərini artırması tələbi təkcə Tramp hakimiyyətinə xas deyil. Ondan əvvəlki hakimiyyətlər də dəfələrlə bu tələblərini irəli sürmüşlər. İlk dəfə 2006-cı ilin iyun ayında Brüsseldə toplanan NATO ittifaqının Müdafiə nazirləri ÜDM-in 2%-ni hərbi xərclərə ayırmaq barədə ümumi razılığa gəlmişdilər. Üzərindən xeyli keçməsinə baxmayaraq, nədənsə bu öhdəlik unudulmuş və hətta müttəfiq ölkələrin dövlət başçılarının sammitində müzakirəyə belə çıxarılmamışdı. 2014-cü ildə Uelsdə keçirilən NATO ölkə başçılarının sammitində bu barədə rəsmi bəyanat verilmiş və üzv dövlətlər hərbi xərclərini ÜDM-in 2%-nə qədər yüksəltmək öhdəliyi götürmüşdülər. Maraqlıdır ki, həm 2006-cı, həm də 2014-cü ildə ÜDM-in 2%-i öhdəliyinin birbaşa Ukrayna savaşı ilə əlaqəsi vardı. 2006-cı ildə NATO müdafiə nazirləri Ukrayna və Gürcüstanı alyansa qəbul etmək barədə ilkin razılığa gəlmiş və bu səbəbdən də hərbi xərclərini artırmaq barədə düşünmüşdülər. Görünür, onlar da Rusiyanın bu qərara laqeyd qalmayacağını başa düşürdülər. Doğrudan da Moskva cəmi iki ildən sonra Gürcüsanı işğal əməliyyatına başlamış, Abxaziya və Cənubi Osetiyanı ondan qoparıb özününküləşdirmişdi. 2014-cü ilin fevral ayında isə Rusiya Ukraynaya hücum edib Krımı və Donbassın bəzi ərazilərini ələ keçirmişdir. ÜDM-in 2%-nin hərbə ayrılması qərarının verildiyi Uels sammiti isə bu işğaldan bir neçə ay sonra - 2014-cü ilin sentyabrında baş tutdu. Qısası, NATO ölkələrinin ÜDM-in 2%-ni müdafiə xərclərinə ayırmaq barədə qərarı birbaşa Ukrayna məsələsi ilə əlaqədardır”.
2014-cü ildən bu yana ABŞ-da hakimiyyətdə olan bütün prezidentlərin - istər Obama, istər Bayden, istərsə də Trampın avropalı müttəfiqlərindən əsas tələbinin məhz ÜDM-in 2%-ni hərbə ayırmaq olduğunu xatırladan siyasi şərhçi Ukraynadakı son savaşın da bu səbəbdən çıxarıldığına inanır: “Yəqin xatırlayarsınız ki, 2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya son hücumu Bayden hakimiyyətinin təşviqi ilə baş tutdu. Müharibədən əvvəl Bayden Rusiyanın yaxın zamanlarda Ukraynaya hücuma başlayacağı barədə ”kəşfiyyat məlumatlarını" dəfələrlə “deşifrə” edir və Moskvanın bir neçə günə Ukraynanı ələ keçirəcəyini bildirirdi. Hətta Moskva əgər az torpaq işğalı ilə kifayətlənərsə, NATO dövlətlərinin buna seyrçi qalacağını da gizlətmirdi. Məncə, Rusiyanı işğala həvəsləndirən bu açıqlamalar oldu. İşğal faktı baş tutanda isə ABŞ Ukraynaya aktiv dəstək verdi. Məqsəd savaş təhlükəsini artırmaq və bütün Avropa ölkələrini bu münaqişəyə cəlb etmək idi. Sözsüz ki, savaş təhlükəsi böyüyərsə, Avropa ölkələri silahlanmaya gedəcək və ÜDM-in 2%-ni müdafiəyə ayırmağa məcbur olacaqdı. ABŞ-ın gözləntiləri özünü doğrultdu da. NATO-nun Avropa ayağı, xüsusilə də Almaniya və Fransa kimi inkişaf etmiş dövlətlər hərbi xərclərini artırdılar. Bununla belə, Avropa ölkələri arasında hələ də Uels sammiti öhdəliklərini yerinə yetirməyənlər də var. Rəsmi məlumata görə, Xorvatiya (1,81%), Portuqaliya (1,55%), İtaliya (1,49%) Kanada (1,37%), Belçika (1,30%), Lüksemburq (1,29%), Sloveniya (1,29%) və İspaniya (1,28%) kimi ölkələr hələ də öz öhdəliklərinə əməl etmək istəmirlər. Ukrayna savaşından əvvəl isə bu göstəricilər daha bərbad idi. 2022-ci ildə cəmi 7 ölkə, 2023-cü ildə 11 ölkə NATO öhdəliklərinə əməl edirdi. Müttəfiqlərin əksəriyyəti isə hərbi sahədə ABŞ-ın himayəsinə sığınıb, öz iqtisadi və sosial siyasətlərini həyata keçirirdilər.
Heydər Oğuzun fikrincə, ABŞ-ın növbəti prezidenti Donald Trampı da narahat edən budur: “Hələ hakimiyyətinin ilk illərində Avropa ölkələrinin ÜDM-in 2%-i öhdəliklərinə əməl etməmələrini ABŞ-ın istismarı kimi qiymətləndirən Tramp belə gedərsə, ölkəsinin NATO-dan ayrılacağını bildirirdi. Onun fikrincə, kollektiv müdafiəyə ən çox ehtiyacı olan ölkələr Avropa dövlətləridir. Yeri gələndə, ABŞ tamamilə başqa qitədə yerləşir və Rusiya onu istəsə belə, təhdid edə bilməz. Buna baxmayaraq, ÜDM-in 3.4 faizini müdafiəyə ayıran da ABŞ-dır. Avropa ölkələri isə ABŞ-ın sayəsində təhlükəsizlik şəraitində inkişaf etməyin keyfini çıxarsalar da bu rifahın bədəlini ödəmək barədə düşünmürlər. Nəticədə ABŞ dünyanın ən borclu dövlətinə çevrilir və beynəlxalq maliyyə qurumlarına borcu böyük sürətlə artır. Hesablamalara görə, ABŞ-ın xarici borcu hər 100 gün ərzində 1 trilyon dollar artır. Bu bir ildə 3 trilyon dollardan artıq vəsait deməkdir. Yeri gələndə ABŞ-ın illik büdcəsi belə bu qədər deyil. 1.8 milyard dollar olan ABŞ-ın illik büdcəsinin haradasa yarısı isə silahlanmaya gedir. Görünür, bu mənfi gedişatın qarşısını almaq üçün Tramp hərbi və inzibati strukturlarda kəskin ixtisarlara getmək məcburiyyətindədir. Ukrayna savaşını maliyyələşdirmək istəməməsi də, məncə, bu zərurətlərdən doğur”.
Bununla belə, Heydər Oğuz Tramp hakimiyyətinin Ukraynadan tamamilə üz döndərəcəyinə də inanmır: “Prinsipcə, bu addım ABŞ-ın təkcə geosiyasi mövqeyini zəiflətməz, həm də onun iqtisadi böyümə hədəflərinə də ağır zərbə endirər. İlk prezidentlik dövrünə nəzər salsaq, görərik ki, Trampın əsas hədəflərindən biri də müdafiə sənayesini inkişaf etdirmək idi. Prezidentlik kürsüsünə oturduqdan sonra ilk səfərini Səudiyyə Ərəbistanına edən Tramp rəsmi ər-Riyadla 100 milyardlarla dollarlıq silah alqı-satqısı müqaviləsi bağlayaraq, Vaşinqtona dönmüşdü. Zənnimcə, onun ikinci hakimiyyəti dövründə ən rentabelli müttəfiqi NATO-nun Avropa müttəfiqləri olacaq. Qısası, ABŞ Ukraynanı Avropanın ixtiyarına buraxıb onların maliyyəsi ilə silahlar istehsal edib, yenə onların əli ilə Kiyevə göndərəcək. ABŞ-ın özü isə Yaxın Şərq və Sakit-Hind Okeanla uğraşacaq. Bir sözlə, Şimali Koreya əsgərlərinin Rusiya səfində döyüşməsi ilə başlayan qlobal müharibədə NATO ölkələri əmək bölgüsünə gedəcək. Ukrayna Avropanın, Çin və Yaxın Şərq isə ABŞ-ın məsuliyyət sahəsinə daxil olacaq. Mümkündür ki, bu mübarizəyə Yaponiya, Cənubi Koreya, Tayland və Filippinlər kimi yerli aktorlar da daxil olduqdan sonra ABŞ dünya ölkələrini savaşdırıb özü onların təchizatı ilə uğraşsın. Bu isə o deməkdir ki, Tramp hakimiyyətinin sülh çağırışlarına baxmayaraq, onun prezidentlik dövründə müharibə gərginliyi daha da böyüyəcək, qlobal savaşa çevriləcək”.
"Oktyabrın sonunda İsrailin İran ərazisinə irimiqyaslı zərbə endirməsi Parçin şəhərində çox məxfi nüvə silahı tədqiqat mərkəzinin dağıdılmasına səbəb olub".
Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ- dan olan üç məmur, həmçinin biri hazırkı və biri keçmiş İsrail rəsmisi bunu təsdiqləyib.
Keçmiş Təl-Əviv rəsmisi, hücum nəticəsində nüvə qurğusunda uranı əhatə edən və uranı partlatmaq üçün lazım olan plastik partlayıcıları yaratmaq üçün nəzərdə tutulmuş mürəkkəb avadanlıqların məhv edilib.
İsveçrə ABŞ və Rusiya liderləri arasında danışıqlar üçün platforma olmağa hazırdır.
Bununla bağlı İsveçrə Xarici İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada deyilir ki, Bern xarici siyasət ənənəsinə sadiq qalaraq, hər iki tərəf istəyərsə belə bir görüşüş təşkil etməyə hazırdır.
Lakin Moskva İsveçrənin Rusiya əleyhinə sanksiyaları dəstəklədiyini və NATO qüvvələri ilə fəal qarşılıqlı əlaqədə olduğunu nəzərə alaraq orada görüşə elə də maraq göstərmir.
Rusiyalı ekspertlər hesab edirlər ki, İsveçrədən başqa, Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri Putinlə Tramp üçün görüş məkanına çevrilə bilər.
Amerikalı ekspert İqor Pşeniçni hesab edir ki, ABŞ və Rusiya prezidentləri səviyyəsində sammit təşkil etməzdən əvvəl xarici siyasət idarələri səviyyəsində ciddi iş aparılmalıdır. "Potensial sammit üçün ölkə seçilərkən ilk növbədə təhlükəsizlik məsələləri nəzərə alınmalıdır", - o qeyd edib.
Sülh müqaviləsi konstitusiyaya zidd ola bilər, ancaq konstitusiya heç bir beynəlxalq müqaviləyə zidd ola bilməz.
Bunu Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan deyib.
O əlavə edib ki, beynəlxalq müqavilə normal konstitusiya prosedurudur.
Konstitusiya Məhkəməsinin sədri onu da bildirib ki, müqavilənin imzalanması üçün ya ondan əvvəl və ya sonra konstitusiyaya dəyişiklik edilməsi prosesi istisna deyil. “Nəzəri cəhətdən hər şey mümkündür”, - Dilanyan bildirib.
Vaşinqton Rayon Məhkəməsinin hakimi "Meta"nın antiinhisar ittihamları ilə ABŞ Federal Ticarət Komissiyasının (FTC) qarşısına çıxması barədə qərar çıxarıb. FTC şirkəti "Instagram" və "WhatsApp"ı əldə etməklə sosial şəbəkə bazarında hökmranlıq etməkdə ittiham edir. Agentlik bu iki xidmətin "Meta" korporasiyasından ayrılmasını israr edir.
Bu barədə "The Verge" məlumat yayıb.
"Meta"ya qarşı iddia 2020-ci ildə qaldırılıb. FTC "Instagram" və "WhatsApp"ı satın almaqla şirkəti rəqabəti boğmaqda iddia edib. 2021-ci ildə ilkin olaraq iddianı rədd etdikdən sonra FTC hakim Ceyms Boasberq tərəfindən təmin edilmiş düzəliş olunmuş şikayət verib.
Aprel ayında "Meta" məhkəmədən FTC-nin iddiasını rədd etməyi xahiş edib, lakin Boasberq FTC-nin xeyrinə qərar verub. "Meta"nın sözçüsü Kristofer Sqro "The Verge"yə verdiyi şərhdə iddianın "Instagram" və "WhatsApp" alışlarının istehlakçılar üçün faydalı olduğunu sübut edəcəyinə əmin olduğunu bildirib.
Antiinhisar iddiasının prezident Donald Trampın administrasiyası dövründə açılmasına baxmayaraq, "The Verge” ABŞ-ın yenidən seçilmiş rəhbərinin münaqişəni gərginləşdirməkdə davam edəcəyinə şübhə edir. Onun yeni administrasiyasının İT bazarında birləşmə və satınalmalara daha yumşaq yanaşması gözlənilir.(Qaynarinfo)
"Ukrayna Prezidenti Volodimir Zelenski yadda saxlamalıdır ki, onun vaxtı daralır".
"Bu barədə Helsinki Universitetinin professoru, geosiyasi ekspert Tuomas Malinen "X" sosial şəbəkəsində yazıb.
“Ukrayna Silahlı Qüvvələri, Zelenski və Qərb cinayətkarları üçün vaxt yetişib”, - o qeyd edib.
Malinenin fikrincə, Ukrayna münaqişəsi NATO üçün epik fəlakətə çevrilmiş proxy müharibədir.
O, həmçinin qeyd edib ki, bu münaqişənin həlli yolları var, lakin onlar “qeyri-standart”dır.(publika.az)
Türkiyə iqtisadi cəhətdən inkişaf etməkdə olan BRİKS blokunda tərəfdaş ölkə statusu təklif ediləcəyini gözləyir.
Bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
“Kazanda keçirilən son sammitdə Türkiyənin müraciətinə baxılıb. Aydındır ki, onlar bizə tərəfdaş ölkə statusu təklifi ilə cavab verəcəklər”, - nazir qeyd edib.
Nazir Bolat həmçinin Hindistanın Ankaranın Pakistanla sıx əlaqələri səbəbindən Türkiyənin BRİKS-ə tam üzvlüyünə mane olması ilə bağlı iddiaları təkzib edib.
"Hindistanın üzvlüyümüzə veto qoymasından söhbət gedə bilməz", - o qeyd edib.
“Birinci və İkinci Dünya müharibəsi necə başladısa, Üçüncü Dünya müharibəsi də hər an başlaya bilər. Bunun üçün elə ciddi hadisəyə ehtiyac yoxdur".
Bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
Nazir deyib ki, belə bir müharibənin başlanmasını istəmirlər və buna qarşıdırlar: "Amma biz hər zaman hər şeyə və varianta hazır olmalıyıq. Biz qocaman Türkiyə dövlətindən və millətinin təhlükəsizliyinə cavadehik. Ola biləcək müharibə ehtimalında ən xırda təfərrüatı dəyərləndirəcəyik və bütün imkanlardan istifadə edəcəyik. Buna uyğun planlarımızı qururuq. Amma biz ölkəmizdə sülh içində yaşamaq istəyirik”.
Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə köçəndən sonra qəzəbindən “təcili xilas yolu” tapmaq üçün Portuqaliyada ev alıblar.
Bu barədə "New York Post" yazır.
Nəşrin yazdığına görə, onlar Lissabondan cənubda yerləşən "CostaTerra Golf and Okean Club" ərazisində aldıqları mənzilə 4,7 milyon dollardan çox vəsait xərcləyiblər.
Problemlə yaxından tanış olan mənbənin nəşrə açıqladığına görə, Trampın şahzadə Sasseks hersoqluğuna dərin nifrətinin olmasıdır. "Məhz ona görə də şahzadə Harri və həyat yoldaşı vəziyyətdən alternativ çıxış variantı kimi bu addımı atıblar. Çünki Tramp Ağ Evə köçəndən sonra Harri və Meqanın vətəndaşlıq alma məsələsi ilə məşğul olarsa, o zaman cütlük ciddi problem yaşaya bilər. Onlar da B planı kimi belə bir addım atıblar", mənbə qeyd edib.
Qeyd edək ki, Donald Tramp ilk dəfə fevral ayında Merilend ştatında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edərkən hersoqları ölkədən qovmaqla hədələyib.
"Mən onu müdafiə etməzdim. O, kraliçaya xəyanət etdi. Bu bağışlanmazdır", - Tramp qeyd edib.
Tramp hətta Sassekslərə ABŞ-də yaşamasına imkanı verdiyi üçün prezident Co Baydeni də kəskin tənqid edib.