![]() |
|
Şimali Koreya lideri Kim Çen İn ölkə ordusunun əsgərləri ilə görüşüb və müharibəyə tam hazır olmağın vacibliyini vurğulayıb.
Bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Kim Çen İn xarici düşmən qüvvələrin Pxenyana yaratdığı təhdidlərdən, onlara qarşı durmağın zəruriliyindən və bu kontekstdə ordu hissələrinin hazırlıq səviyyəsinin artırılmasının vacibliyindən danışıb.
Yaxın aylarda rublun kəskin devalvasiya ehtimalını istisna etmək olmaz.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu fikri analitik Natalya Milçakova deyib.
Onun sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya milli valyutasının bir dollar üçün 200 səviyyəsinə enməsi o qədər də mümkün görünmür, lakin belə bir ssenarini tamamilə istisna etmək olmaz.
Ekspertin qeyd etdiyi kimi, ilk növbədə müəyyən fövqəladə hadisələr nəticəsində müəyyən halların birləşməsi halında rubl həqiqətən də kəskin devalvasiyaya məruz qala bilər.
Milçakova deyib ki, rublun dollarla cütlükdə misli görünməmiş səviyyələrə, xüsusən də 200 məzənnəsinə qədər ciddi və sürətlə çökməsi üçün Rusiya iqtisadiyyatı analitiklərin “qara qu quşu” adlandırdığı vəziyyətlə üzləşməlidir.
“Milli valyutanın kəskin devalvasiyası neftin qiymətinin bir barelə görə 30 dollara və ya daha da aşağı düşəcəyi, yaxud yeni pandemiya başlasa və ya hər hansı digər neqativ hadisəyə görə mümkündür. Belə olan halda rublun çökməsi və dolların 200 səviyyəsinə qalxması hadisələrin inkişafı üçün tamamilə real ssenari kimi görünür”, - ekspert izah edib.
ABŞ-nin ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ciddi səbəblərə gətirib çıxaracaq. Kreml Qərbin bu addımını NATO-nun birbaşa Rusiya ilə müharibədə tərəf olduğunu elan edib. Artıq rusiyalı rəsmilər Qərbin bu addımını Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.
Rusiya prezidenti Vladimir Putin hələ bir müddət əvvəl bəyan edib ki, Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərinlikdə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi, NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb olunması demək olacaq və bu, onun mahiyyətini “əhəmiyyətli dərəcədə dəyişəcək”.
“Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna “yaxın günlərdə” Rusiya ərazisinə Amerikanın uzaqmənzilli raketləri ilə ilk zərbəni endirə bilər.
“Le Figaro”nun Fransa və Britaniyanın Ukraynaya SCALP və “Storm Shadow” raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməsi barədə faktı da bura əlavə etsək, o zaman yaxın müddətdə Rusiya-Ukrayna müharibəsində proseslərin hansı səmtdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətin olacaq.
Putinin dili ilə ifadə etsək, bu, "münaqişənin mahiyyətinin əhəmiyyətli dərəcədə dəyişdirəcək". Hələ sentyabr ayında bununla bağlı məsələyə aydınlıq gətirən Putin deyib ki, Ukrayna ordusu Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil. “Birincisi, bu, ancaq Ukraynada olmayan peyklərdən alınan kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür. İkinci və çox vacib, bəlkə də əsas odur ki, bu raket sistemlərinə uçuş missiyaları, əslində, yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz.
Bu da nəticə etibarilə NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması anlamına gələcək. Əgər bu belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.
Qərbin bu qərarını şərh edən Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində çox böyük bir addımdır: "Amerikalılar bunu gedən qocanın əli ilə edəcəklər. İki aydan sonra o artıq heç nəyə cavabdeh olmayacaq".
Cabarov onu da qeyd edib ki, Kiyev belə bir addım atarsa, Moskvanın cavabı daha sərt olacaq: "Cavab zərbəsi belə olacaq ki, Ukraynadakı bütün qərar qəbuletmə mərkəzləri və Dnepr üzərindəki bütün körpülər sökülə bilər”.
Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas öz Telegram kanalında məsələ ilə bunları qeyd edib: "Qərb Ukraynanın qalıqları tərəfindən dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə biləcək eskalasiyanın elə bir səviyyəsinə qərar verdi".
Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski isə deyib ki, Amerika raketlərinin Rusiya regionlarının dərinliklərinə enməsi, qaçılmaz olaraq, ciddi eskalasiyaya gətirib çıxaracaq: "Bu da öz növbəsində daha ciddi nəticələrlə sonlanacaq. Bayden administrasiyası isə başa düşməyə bilməz ki, o, Tramp komandasını təkcə Ukrayna münaqişəsinin deyil, həm də daha aktual olan qlobal qarşıdurmanın qarşısını almaq problemi ilə üz-üzə qoyur”.
Ekspertlər hesab edir ki, bu, Tramp və onun komandasını Rusiya-Ukrayna münaqişəsində bəyan etdiyi mövqedən yayınmağa və küncə sıxışdırmaq cəhdidir.
Rusiyalı ekspert Dmitri Stefanoviç isə bunu ABŞ və NATO-nu Rusiya ilə birbaşa silahlı qarşıdurmaya cəlb etmək üçün şərait yaratmaq baxımından Kiyevin bir növ strateji uğuru kimi hesab edir.
Qeyd edək ki, ABŞ-də prezident Co Baydenin qərarı da bir çoxları tərəfindən mənfi qarşılanıb. Seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp ölkənin hərbi sənaye kompleksini eskalasiyaya can atmaqda ittiham edib. “Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh əldə etmədən və insanların həyatını xilas etməmişdən əvvəl III Dünya müharibəsini başlamaq istəyir. İnsanların həyatı onların vecinə deyil! Imbeciles (axmaq, düşüncəsiz deməkdir-red)” - o, X (Twitter) şəbəkəsindəki səhifəsində yazıb.
CNN isə yazır ki, yeni seçilmiş prezident Donald Tramp sülhdən necə danışacağını bildiyini düşünə bilər, lakin o, müharibə mirası ilə üzləşəcək.
Bütün bunlar onu göstərir ki, qarşıdakı mərhələdə proseslər yeni bir mərhələyə qədəm qoyacaq və Rusiya-Ukrayna müharibəsi yeni xarakter alacaq. Bu isə Ukraynanın atacağı addımlardan asılı olacaq. Əgər Ukrayna tərəfi tez bir zamanda uzaqmənzilli raketlərdən istifadə edəcəksə, o zaman müharibə daha kəskin xarakter almış olacaq. Bu Rusiyanı Ukraynaya qarşı yenidən aktiv genişmiqyaslı hücumları ilə müşayiət oluna bilər. Artıq son günlərdə Rusiyanın döyüş aktivliyi müşahidə olunmaqdadır. Rusiya çalışır ki, tez bir zamanda Donbasla sərhədə çıxıb orada mövqelərini möhkəmləndirsin. Eyni zamanda, yaranmış fürsətdən istifadə edib Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu hədəf seçə bilər.
Amerika hərbi-sənaye kompleksi (HSK), ABŞ-nin yeni seçilən prezident Donald Tramp hakimiyyətə gəlməmiş, Üçüncü Dünya müharibəsini başlamağa çalışır.
Bu barədə Trampın kiçik oğlu Donald Tramp ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa razılıq verməsini şərh edərkən X-də (Twitter) yazıb.
“Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir”, - o yazıb.
Kiçik Tramp əlavə edib ki, insanların həyatı onların vecinə deyil.
O, sonda belə bir qərarı qəbul edənləri də “axmaq” adlandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Vatikana işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Vatikan rəhbəri Papa Fransisk ilə görüş keçirəcək.
Erməni sürücülər Zəngəzurda Ermənistan-İran "Aqarak" sərhəd keçid məntəqəsini bağlayaraq avtomobillərin hərəkətinə icazə vermirlər.
"Aqarak" keçid məntəqəsindən keçən avtomobillərin hərəkəti erməni yük maşınları tərəfindən kəsilib.
İran hakimiyyətinin Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətini kəskin artırması barədə qərarı erməni sürücülərin qəzəbinə və kəskin etirazına səbəb olub.
Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir.
Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi yaranmış durumla bağlı şərh verməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə ciddi kadr dəyişikliklərinə başlayıb. Ermənistan mətbuatı və sosial media mənbələrinin yaydığı məlumata görə, Paşinyan bazar günü bir neçə yüksək vəzifəli şəxsi sərt tənqid edib və bu, onların istefasına gətirib çıxarıb.
Ermənistanın shamshyan.com portalının məlumatına əsasən, baş nazir Nikol Paşinyan bazar günü axşam saatlarında Ərazi idarəetmə naziri Qnel Sanozyanı və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyanı görüşə çağırıb. Görüş zamanı sərt müzakirələr aparılıb və hər iki rəsmidən istefa ərizəsi yazmaları tələb olunub. Bu hadisənin Paşinyanın hökumətdəki digər güc strukturlarına da təsir etdiyi bildirilir.
Digər istefalar
Məlumata görə, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan da istefa ərizəsini təqdim edib. 24news saytının verdiyi xəbərə əsasən, Kazaryanın ardınca Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arkişti Kyaramyanın da istefa verdiyi haqda şayiələr dolaşır. Hələlik bu məlumatlar rəsmi təsdiqlənməsə də, hökumət daxilində ciddi dəyişikliklərin baş verdiyi açıq-aşkardır.
Kadr dəyişikliklərinin səbəbləri
Paşinyanın bu “təmizliyə” səbəb kimi hökumətin son iclasında güc strukturlarının fəaliyyətinə dair tənqidləri göstərilir. Baş nazirin hökumət üzvlərinə qarşı sərt tonda iradlar səsləndirdiyi və onların fəaliyyətindən narazı qaldığı vurğulanır. Ermənistan mediası yazır ki, Paşinyan güc strukturlarının rəhbərlərinin onun göstərişlərinə uyğun fəaliyyət göstərməməsindən narazıdır.
İdarəetmədə böhran: Müxalifətin reaksiyası
Müxalifət bu dəyişiklikləri hökumətin idarəetmə böhranı kimi dəyərləndirir. Onlar Paşinyanın ölkədəki sosial-iqtisadi və təhlükəsizlik problemlərini həll etmək əvəzinə, güc strukturlarının rəhbərlərini istefaya göndərməklə diqqəti yayındırmağa çalışdığını iddia edirlər.
Tərəfsiz ekspertlər də hesab edir ki, Paşinyanın bu qərarları Ermənistan hökumətində artan daxili gərginlikdən və idarəetmədəki boşluqlardan qaynaqlanır. Hökumət daxilində ciddi dəyişikliklərin olması yeni siyasi böhrana səbəb ola bilər. Rəsmi açıqlamaların olmaması isə vəziyyəti daha da qəlizləşdirir.
Paşinyanın saqqalını qırxması: Sifəti və hökuməti təmizləmək mesajı
Paşinyanın hökumətdəki bu radikal kadr dəyişiklikləri onun bir neçə gün əvvəl verdiyi başqa bir mesajla paralellik təşkil edir. Baş nazir uzun müddətdir imicinin bir hissəsi olan saqqalını qırxıb və bu dəyişiklik sosial mediada geniş müzakirələrə səbəb olub. Siyasi təhlilçilər Paşinyanın bu jestini “sifəti təmizləmək” və “hökuməti təmizləmək” addımları ilə əlaqələndirirlər.
Sosial mediada yayılan fikirlərə görə, Paşinyan saqqalını qırxmaqla yeni bir başlanğıc mesajı vermək və hökumətdəki islahatları daha qətiyyətlə həyata keçirmək niyyətindədir. “Sifəti təmizləmək” simvolizmi ilə yanaşı, “hökuməti təmizləmək” qərarları onun siyasi strategiyasında ciddi dəyişikliklərin xəbərçisi kimi qəbul edilir.
Musavat.com olaraq, bu hadisələri izləməyə davam edəcəyik və Ermənistan hökumətində baş verən dəyişikliklərlə bağlı ən son məlumatları təqdim edəcəyik.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın əsas vəzifəsi ölkəni son 4 ildə yaşadığı qlobal iflasdan çıxarmaqdır.
APA xəbər verir ki, bu barədə “The Federalist” məlumat yayıb.
Məqalədə deyilir: “Tramp administrasiyası həm maddi resurslar, həm də diqqət baxımından xarici siyasətinin uğursuzluğu ilə üzləşməli olacaq”.
Nəşrin məlumatına görə, Vaşinqton hakimiyyəti hərbi proqramlara hər il bir trilyon dollardan çox pul xərcləyir.
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.
Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.
Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.
Sayt diplomatik mənbələrdən dəqiqləşdirib ki, əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.
Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, otelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-nin qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu oteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.
Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı otelin qarşısında “Pellone, rədd ol!”, “Pellone - sərhəd pozucusu”, “Pellone, cavab ver” şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.
Oteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətinə düşüb, lakin oteldən çıxmağa da qorxub.
Onun otel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, otelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.
Peloninin hava işıqlanmamış - səhərəyaxın oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.
Xatırladaq ki, F.Peloni ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.
"Yeni Müsavat bildirir ki, dünyada situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, indiyə qədər ön planda olan qlobal prioritetlər artıq tədricən öz əhəmiyyətini itirmək üzrədir. Hər halda, indi kollektiv Qərbin daxilində müəyyən fikir ayrılıqları və mövqe ziddiyyətlərinin olduğu açıq-aşkar müşahidə edilir. Xüsusilə də, Ukrayna savaşı kollektiv Qərb daxilində parçalanmaya yaxın bir situasiya yaradıb. Və bu, Qərb ölkələri arasında maraq toqquşmalarının artıq geriyə dönməz xarakter aldığını göstərir.
Onu da qeyd etmək lazımdır ki, hazırda qlobal məkanda situasiyanın dəyişməsində həlledici təsir göstərən əsasən iki önəmli səbəb mövcuddur. Belə ki, bəzi Qərb ölkələri Ukrayna savaşına sponsorluq etməkdə çətinlik çəkirlər. Çünki bu ölkələrin hərbi anbarları tamamilə boşalıb. Ona görə də, indi Ukrayna ordusuna hərbi dəstək vermək üçün silah-sursat sifariş etmək məcburiyyətində qalıblar. Bununla həm həm öz tükənmiş hərbi resurslarını yenidən bərpa etmək, həm də Ukrayna ordusunu döyüş ləvazimatları ilə təmin etməlidirlər. Və bütün bunlara külli miqdarda maliyyə vəsaiti lazımdır.
Məsələ ondadır ki, Ukrayna savaşı əksər Qərb ölkələrinin dövlət büdcələrində "yırtıqlar" əmələ gətirməyə başlayıb. Xüsusilə də, Rusiyaya qarşı iqtisadi sanksiyalar bumeranq effekti verdiyindən Avropa məkanında Ukrayna ordusunu təchiz etmək üçün əlavə maliyyə qaynaqları tapmaq olduqca çətinləşib. Üstəlik, Ukrayna ordusuna dəstək və Rusiyaya qarşı sanksiyalar indi Avropa məkanında sosial rifahın məhdudlaşdırılması hesabına başa gəlir. Və Avropa Birliyinin bəzi üzvləri artıq buna tab gətirmək imkanlarından uzaq qalmağa başlayıb.
Təbii ki, qlobal məkanda mövcud prioritetlərin deformasiyaya uğramasında ABŞ-da keçirilən prezident seçkilərinin yekun nəticələri də həlledici səviyyədə rol oynayır. Belə ki, prezident seçkilərinin qalibi olan Donald Tramp öz vədlərinə sadiq qalmaq niyyətini qətiyyən gizlətmir. Ağ Evin yeni sahibi Ukrayna ərazisiləri hesabına Rusiya ilə sülh anlaşmasına cəhd göstərməyə başlayıb. Əgər, ABŞ-ın yeni prezidenti Donald Trampın "sülh planı" reallaşarsa, kollektiv Qərbin Ukrayna savaşına çəkdiyi geriyə dönüşü olmayan xərclər batmış olacaq. Və bu, o deməkdir ki, Bayden administrasiyasının əsas ssenari müəllifi olduğu Ukrayna savaşı üzərindən Rusiya əleyhinə reallaşdırılan strateji hədəflər ən qısa zamanda öz əhəmiyyətini itirmiş olacaq.
Bütün bunları nəzərə aldıqda, bəzi Qərb ölkələrinin Tramp administrasiyasının artıq formalaşdırmağa başladığı yeni qlobal situasiyaya hazırlaşmaq cəhdləri əslində, qətiyyən məntiqsiz və ya absurd deyil. Əksinə, hadisələrin indiki inkişaf istiqamətləri müəyyən mənada, gecikmədən vaxtında davranmaq ehtiyacı yaradır. Xüsusilə də, Ukrayna savaşının yorğunluğu və Tramp administrasiyasının Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq cəhdləri Qərb ölkələrinin yaranmaqda olan fərqli situasiyanı daha praqmatik dəyərləndirməsinə də ehtiyac doğurur. Və belə olduğu təqdirdə, bəzi Avropa ölkələri Rusiya ilə düşmənçiliyi davam etdirməyin əhəmiyyətsiz, yaxud perspektivsiz mövqe olduğunu qəbul etmək məcburiyyətindədir.
Ona görə də, hazırda bəzi Qərb ölkələri böyük sürətlə yeni qlobal proseslərə və indikindən tam fərqli olacağı qətiyyən şübhə doğurmayan situasiyaya hazırlaşmaq barədə düşünməyə başlayıblar. İndi yeni situasiyaya ən hazır ölkə isə məhz Macarıstan hesab olunur. Belə ki, bu ölkənin baş naziri Viktor Orban Ukrayna savaşının lap əvvəlindən başlayaraq, Macarıstanı kollektiv Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurmaya məhkum buraxan strateji prioritetlərindən uzaq tutmağa çalışırdı. Macarıstan bu müddət ərzində Macarıstan-Rusiya münasibətlərinin qorunmasına da nail olub. Üstəlik, baş nazir Viktor Orban Ukrayna savaşının dayandırılması prosesinə koordinatorluq missiyasını da öz üzərinə götürüb.
Məsələ ondadır ki, Macarıstan baş naziri hələ bir neçə ay əvvəl Rusiya və Çinə səfər etmişdi. Ardınca isə ABŞ-a səfər edən baç nazir Viktor Orban bu iki ölkənin Ukrayna savaşının dayandırılması mövzusunda əsas şərtlərini o vaxt hələ sadəcə, prezidentliyə namizəd olan Donald Trampla qapalı qapılar arxasında müzakirə etmişdi. Nəticədə Macarıstan baş naziri Bayden administrasiyasının və Avropa Birliyinin ortaq qəzəbinə tuş gəlmişdi. Və indiki situasiyanı hələ həmin dövrdə tam dəqiqliyi ilə proqnozlaşdırmağı bacarmış baş nazir Viktor Orban isə özünə qarşı qəzəb qarışıq qınaqlara qətiyyən əhəmiyyət verməmişdi.
Maraqlıdır ki, indi ABŞ-da hakimiyyətə gəlmək hüququ qazanmış Tramp administrasiyası Rusiya ilə münasibətləri bərpa etməyə yönəlik fəaliyyətə başlayıb. Ağ Evin yeni sahibinin emissarları Kreml təmsilçiləri ilə məxfi məsləhətləşmələr aparırlar. Ukraynada və Avropa Birliyi çevrələrində bütün bunlardan ciddi təlaşın olduğu da müşahidə edilir. Tramp administrasiyası və Rusiya ilə çox pozitiv münasibətlərə malik Macarıstan və onun baş naziri Viktor Orban isə indi tam rahatdır. Və üstəlik, Avropa Birliyi məkanında bəzi nüfuzlu ölkələr də indi məhz Macarıstanın mövqeyini təkrarlamaq şansı qazana biləcəklərinə ümid bəsləyirlər.
Nə qədər qəribə də olsa, baş nazir Viktor Orbanın açdığı cığırla irəliləmək qərarı verənlərin arasında Almaniya kansleri Olaf Şolts ön planda yer alır. Belə ki, rəsmi Kiyevin və Avropa Birliyi rəhbərliyinin israrlı müqavimətinə baxmayaraq, Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putin ilə ünsiyyət mexanizmlərini bərpa etməyə başlayıb. Hər halda, alman kanslerin Kreml sahibi ilə birbaşa telefon danışığı hazırda Avropa Birliyində ciddi rezonans doğurub. Hətta bəzi tərəfdaşları, xüsusilə də, Fransa Almaniyanı da Macarıstan kimi kollektiv Qərbə xəyanət yolu tutmaqda suçlayır. Və bu, hazırda Qərb ölkələri arasında parçalanmanı stimullaşdıran əsas faktor hesab olunur.
Məsələ ondadır ki, Ukrayna savaşına qədər Almaniya iqtisadiyyatı bir çox sahələr üzrə Rusiyaya bağlıydı. Xüsusilə də, Rusiya enerji resurslarının Almaniya üçün taleyüklü əhəmiyyəti varıydı. Ona görə də, Rusiyaya qarşı iqtisadi sanksiyalar ilk növbədə Almaniya iqtisadiyyatına ağır zərbələr vurdu. Hətta hazırda bu ölkə Avropa Birliyi məkanında sosial-iqtisadi böhranın ən yüksək həddə çatdığı dövlətdir. Ona görə də, hazırda rəsmi Berlini Ukraynanın gələcək taleyi və Fransanın ittihamları qətiyyən düşündürmür. Və kansler Olaf Şolts indi Tramp administrasiyasının stimullaşdırdığı yeni situasiyadan faydalanaraq, Rusiya ilə münasibətləri bərpa etməyə can atır. Və bu yaxın vaxtlarda Almaniya ilə Avropa Birliyi arasında siyasi ziddiyyətləri hətta qarşıdurma həddinə də çatdıra bilər.
Göründüyü kimi, Tramp administrasiyasının yeni qlobal siyasət kursu və Rusiyaya qarşı sanksiyaların bumeranq effekti bəzi Qərb ölkələrini Kremllə düşmənçilikdən imtina məcburiyyətində buraxıb. İndi hətta Rusiya və prezident Vladimir Putin ilə münasibətləri bərpa etmək üçün Qərbdə səhnəarxası rəqabət başlayıb. Belə davam edərsə, Ukrayna savaşı ilə bağlı hərbi-siyasi qarşıdurmanın əsas ağırlıq mərkəzi məhz kollektiv Qərbin daxilinə keçəcək. Rusiya isə tezliklə iqtisadi-siyasi izolyasiyadan tamamilə xilas olmaq şansı qazanacaq. Və hazırda prezident Vladimir Putini diktator elan edən Qərb dövlətlərinin bəziləri Kreml sahibini qlobal məkanın aparıcı liderlərindən biri kimi ön plana çıxartmağa çalışacaqlar.