![]() |
|
Çempionlar Liqasının pley-off mərhələsinin potensial cütlükləri müəyyənləşib.
Oxu.az xəbər verir ki, 1, 2 və 3-cü mərhələdə “səpələnmişlər” sırasında olan Azərbaycan çempionu “Qarabağ” bu dəfə “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) cütünün qalibinin rəqibi pley-offda aşağıda qeyd edilən bu komandalardan biri olacaq:
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Kopenhagen” (Danimarka)
“Şerif” (Moldova) - “Viktoriya” (Çexiya) cütünün qalibi
“Səpələnmişlər” səbətində yer alan “Srvena Zvezda” (Serbiya) - “Pünik” (Ermənistan) cütünün qalibi isə Azərbaycan çempionuna potensial rəqib ola bilməyəcək.
Pley-off mərhələsinin püşkatması avqustun 2-də keçiriləcək.
Qeyd edək ki, “səpələnməmişlər” səbətində “Qarabağ” - “Ferensvaroş” cütlüyü ilə yanaşı bu klublar da yer alıb:
“Bude-Qlimt” (Norveç) - “Jalqris” (Litva) cütü
“Makkabi” (Hayfa, İsrail) - “Apollon” (Kipr) cütü
“Trabzonspor” (Türkiyə)
“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.
“Report”məlumat verir ki, bunu “Sürix”in baş məşqçisi Franko Foda İsveçrədə “Qarabağ”la əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis buraxdıqları ilk qolda pis müdafiə olunduqlarını bildirib:
“Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı”.
Foda nəticəyə görə məyus olduğunu söyləyib:
“Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır”.
Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti raunda yüksəlib - 2:2. “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşmalar 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.
Ağdam klubunun sabiq kapitanı "köhlən atların"ın İsveçrə təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırdığı oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda da Ağdam təmsilçisi İsveçrə çempionunu məğlub edərək növbəti mərhələyə adlayıb.
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Maksim Medvedev sağ cinahdan ötürülən topu öz qapısından keçirib. Buraxılan qola baxmayaraq, “Qarabağ” öz oyun üslubundan qopmayıb. 7-ci dəqiqədə Riçard Almeydanın zərbəsini Yanik Brexer çətinliklə dəf edib. Az sonra Kevin Medina təhlükəli ötürmənin qarşısını kəsməklə, 2-ci qolun vurulmasına mane olub. 22-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev Antonio Markesanonun başla vurduğu topu tutub. 4 dəqiqə sonra Abdullah Zubir qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Ardınca isə Marko Yankoviçin zərbəsi qapıdan aralı keçib. Qonaqların növbəti hücumu zamanı Ramil Şeydayev əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib. İlk hissənin sonlarına yaxın Medina zədələnib. Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu Bədavi Hüseynovla əvəzlənib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
İkinci yarıya da komandalar qarşılıqlı hücumlarla başlayıblar. Əvvəlcə Şeydayev sürəti hesabına müdafiəçiləri geridə qoyub Brexerlə üzbəüz qalsa da, zərbəsi istənilən kimi alınmayıb. Ardınca isə standart vəziyyət zamanı “köhlən atlar”ın qapısı qarşısında təhlükə yaşanıb. Amma rəqib futbolçulardan topa toxunan olmayıb. 55-ci dəqiqədə isə “Qarabağ” hesabı bərabərləşdirib. Şeydayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Kadi Borges tarazlığı bərpa edib. 76-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi künc nöqtəsindən topu birbaşa qapıya göndərsə də, qolkiper qola mane olub. Matçın sonlarına doğru Sürix təmsilçisi təzyiqi artırıb. 80-ci dəqiqədə meydanda futbolçular arasında insident baş verib. Maksim Medvedevin zədələnməsindən sonra "Sürix"in futbolçuları hakimə etiraz ediblər. Bu zaman Ayequn Tosin Markoviçi sinəsindən itələyərək yerə yıxsa da, referi futbolçunu cəzalandırmayıb. Oyuna davam edə bilməyən Medvedev isə Bəhlul Mustafazadə ilə əvəzlənib. “Sürix”in çoxsaylı hücumları əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə öz bəhrəsini verib. İvan Santini müdafiədəki səhvdən yararlanaraq, Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.
97-ci dəqiqədə Kvabena Ovusu qapıçı ilə üzbəüz dueldən məğlub ayrılsa da, cəmi 1 dəqiqə sonra hesaba yenidən tarazlıq gətirib. Az sonra meydanda yenidən gərginlik baş verib. Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib. "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb. 111-ci dəqiqədə İvan Santini qonaqları 3-cü dəfə cəzalandıra bilərdi. Lakin xorvatiyalı forvard qapı qarşısında topa toxuna bilməyib. 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin real qol epizodunun qarşısını alıb. Ardınca isə Zubirin zərbəsi qapı dirəyindən geri qayıdıb. Fransalı yarımmüdafiəçi 120-ci dəqiqədə də qol yaxın olub. Lakin onun vurduğu top qapıdan azca aralı keçib. Matçın sonlarına yaxın əzələsi dartılan Marko Veşoviçi Abbas Hüseynov əvəzləyib.
Qalan dəqiqələrdə başqa qol olmayıb və “Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.
Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
***
İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Sürix" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.
"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia
Baş məşqçi: Franko Foda
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.
İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ”
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3
Bakıda intihar hadisəsi baş verib.
“Report” məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Yolçu Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, ötən müddətdə həyatını xilas etmək mümkün olmayıb.
İntihar edən şəxsin Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.
Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.
Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Qarşılaşmanı Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
"Köhlən atlar"ın heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.
"Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
19 iyul
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika stadionu.
Cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
"Köhlən atlar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılaşma üçün 23 min bilet satılıb.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gələcək.
“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.