"Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu".

Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

32 yaşlı müdafiəçi ikinci yarıda praktiki olaraq heç nə etmədiklərini bildirib: "Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik".

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib: "Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Əks-hücumları və standart vəziyyətləri təhlükəlidir”

“Qruplara düşməyimiz üçün son sınağımızdı. Fərqli komandalara qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir. Çexiya futbolunu hər zaman oyun intizamına görə digərlərindən fərqləndirmişəm. Oyunlarına baxırıq, sevə-sevə verilən tapşırıqları yerinə yetirirlər. Atletik futbol öndədi. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər bir halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu oyunda daha çox güc sərfəli etməli olacağıq. Futbolçularım həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar. İnanıram ki, bunu bacarcaqlar. Çalışacağıq ki, son sınaqdan faydalı istifadə edək və azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirək. Hiss olunur ki, oyuna maraq çox böyükdü. Vəzifəmiz azarkeşlərimizin inamını qoruyub-saxlamaqdı. Futbolçularımla bilrikdə daha bərk kollektiv olmağa çalışırıq. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik”.

“Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çexiya çempionu “Viktoriya” klubu ilə kçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

- Altı il əvvəl də "Viktoriya" ilə qarşılaşmışdınız və acı xatirələr qalıb. Həminki “Qarabağ”la müqayisədə indi hansı üstünlükləriniz var?

- Bəli, iki oyunun nəticəsinə görə uduzmuşduq. Çox da geriyə qayıtmaq istəmirəm. Bizim çoxlu sayda qol epizodlarımız olmuşdu. Sonda qapımıza bir zərbə gəldi və bizi sıradan çıxardılar. Hər Avropa oyunu mənim və futbolçularım üçün böyük təcrübədi. Belə məğlubiyyətlər futbolçularıma daha motivasiya verir, işində daha da diqqətli olmağı göstərir. İldən-ilə hamımızın təcrübəsi çoxalır. Biz nə qədər desək də, hamımız üçün bu, çox azdı, daha da çox öyrənməliyik. Böyük təcrübə belə oyunlardan sonra gəlir. Çempionlar Liqası digər turnirlərdən fərqlənir. Bu oyunlarda gərginlik digərlərindən daha çox olur. Çünki hamı istəyir ki, bu turnirdə iştirak edək. Bunu da yaxşı dərk edirik. Avtomatik olaraq məsuliyyətimiz çoxalır. Təcrübəmiz artıb. Bunu əvvəlki oyunlar da göstərdi. Əvvəlki oyunlara nisbətən hiss olunur ki, daha soyuqqanlı davranırıq.

- “Qarabağ” əvvəl uduzduğumuz komandalarla oyunlarda sanki sindromu qırıb. İndiyə qədər heç bir komadamız Çexiya klubuna qalib gələ bilməyib. Özünüzü bu sindromu da qırmağa hazır hesab edirsiz?

- Bu il gərgin oyunlarımız çox oldu. İlk turdan Polşa, İsveçrə daha sonra Macarıstan çempionu ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar düşüncəsində olmaq istəmirəm. Ümumi illik hazırlığımız, planlarımız var. Amma mən həmişə futbolçularıma arxayın olmuşam. Onlara rəqibi tanıtdıqda, çox diqqət və istəklə bunu qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, daha möhkəm olub, xarakter göstərərək "Viktoriya"ya qarşı yaxşı oyun göstərəcəyik. Baş məşqçinin müsahibələrindən görünür ki, sistemdə bəlkə dəyişiklik edib, fərqli oyun göstərdilər. Meydanboyu oynamağı xoşlayan komandadı. Futbolçuların meydanda oyunun gedişatında düzgün düşünməsi, düzgün hiss etməsi, bizim qələbəmizdə böyük rol oynayaq. Bunu etsələr, yaxşı nəticə əldə edə biləcəyik. "Viktoriya"dan istənilən an təhlükəli vəziyyət gözləmək olar. Əks-hücumları və standart vəziyyətləri təhlükəlidi. Bundan da istifadə etməyi bacarırlar. Altı oyunda 15 qol vurublar, 8-ni oyun epizodundan, 7-ni standart vəziyyətlərdən. Bu komandaya qarşı elə edəcəyik ki, bizim zonamızda az olsunlar ki, standart vəziyyətlər da çox olmasın. Detallar var, onları burada açıqlamaq düzgün olmaz.

- Siz oynayan vaxtı da isti hava üstünlüyümüz idi?

- Hamımız bilirik ki, təbiətdə pis hava olmur. İnanın ki, Bakının istisi mənə həmişə xoşdu. Ümumiyyətlə, təkcə oyunda yox, isti havada mövsümboyu məşq etmək bizdən əlavə enerji alır. Avropa iqliminin Avropa futbolunun üstünlüyü də iqlimidi. Az müddətdə isti havada hazırlaşırlar. Biz istər-istəməz isti havada istədiyimiz sürət olmur. Bu da hər bir futbolçu üçün geriyə addım deməkdi. Avropa ilə müqayisədə belədi. O ki, qaldı istinin təsirinə, digər komandalar daha hazırlıqlı gəlirlər, nəinki biz. Dediyim iqlim şəraitində hazırlaşırlar və futbolçularına yükləmə verə bilirlər. Rəqiblər 1-2 günlük istiyə daha hazırlıqlı olurlar. İsti havada hazırlıqlı olmayan futbolçu üçün daha təsirli olur. Müəyyən addımlar atırıq ki, məşqlərimizi gec saatlarda edək. Bizə əlavə güc verən azarkeşlərimiz var. Yorğunluğu onların köməkliyi ilə aradan qaldırırıq.

- İlk oyunun Bakıda keçirilməsinin hansı üstünlükləri var?

- Futbol elə səviyyəyə gəlib ki, ev-səfər məsələsi yoxdu. Futbolçuların təcrübələri artır. Öz stadionunda oynadıqda azarkeş kütləsi üstünlüyündü. Amma həmişə demişəm ki, ilk oyun tanışlıq kimidi, rəqibi daha yaxından tanıyırsan, gücünə bələd olursan. Əvvəllər bu barədə daha çox eşidirdik ki, birinci oyun səfərdə olsa, daha yaxşıdı. Son vaxtlarda bu barədə düşünmürük. Görünən odur ki, ilk oyunu evdə oynamaq faydalı olub. Məşqçi olaraq bu məsələyə önəm vermirəm. Bakıda başqa oyun qurursan, səfərdə başqa. Xırda detallarla fərqlənir.

- Biletlər çıxanda azarkeş arasında incik düşənlər oldu. Azarkeşlərin könlünü almaq üçnü nə deyə bilərsiniz?

- Sevinirəm ki, Azərbaycanda futbola maraq bu dərəcədə artıb. Dəfələrlə demişəm, bizdə futbolu sevirlər, azarkeşlərimiz var, futbola maraq yüksəksdi. Sadəcə olaraq, onları küsdürmək olmaz. Bizim əlimizə futbolu inkişaf etdirmək şansı düşübsə, maksimum istifadə etməliyik. Azarkeşlərin futbola sevgisini görürük. Bundan sonra işimizi elə qurmalıyıq ki, futbola olan sevgi davam etsin və stadiona gəlmək üçün onlar arasında belə hallar yaşansın. Buna sevinirəm. Bu epizodlara görə azarkeşlərimizi alqışlayıram. Öz və komanda adından təşəkkür edirəm ki, bizə olan güvənlərini, inamlarını bu dərəcədə göstərirlər. Narazılıq deməzdim, istəkdən gələn bir şeydi. İnansınlar ki, çox istəyərdim hamısı stadionda olsun. Bizim oyuna 30 min azarkeş stadiondan canlı baxırsa, digərləri də küçələrdəki monitorlarda, restoranlarda baxırlar. Neçə-neçə evdə otaqlarında oturub bizim oyunumuza baxan azarkeşlər də var. İnanıram kli, gələcəkdə çempionatımız yaxşı səviyyəyə çatacaq. İstəyərdim ki, tək Avropa oyunlarına yox, daxili matçlarımızda da bu qədər azarkeş olsun. Klub tərəfindən hər hansı çatışmazlıq olubsa, üzrlü saysınlar. Amma inansınlar ki, klub hər şeyi edir ki, azarkeşlər narazı qalmasın. Əfsuslar olsun ki, stadiona 30 min azarkeş buraxılır. Buan görə üzülürəm. Amma hər birinə təşəkkür edirəm və inanıram ki, futbolumuzun inkişafı üçün belə hallar böyük təkan olacaq.

- “Qarabağ” 6 oyunda 14 qol vurub, amma az da qol buraxmayıb. Müdafiə xətti narahatlıq doğurur. Sanki stabillik çatmır. Qarşıda qrup mərhələsi gəlir. Müdafiə xətti ilə bağlı nə düşünürsünüz? Transferlər olacaq? Bu müdafiə ilə nəhəng komandalara qarşı nəyə ümid edə bilərik?

- Biz az qol buraxaq, amma daha çox qol vurub qalib gələk. Futbolda çox hücumda olursansa, mütləq müdafiəndə boşluqlar görünür. Amma inan ki, bu gün top komandalar belə boşluqlar verir. Son vaxtlarda göstərdiyimiz oyun bu cür qolların buraxılmasında rolu daha böyükdü. Biz çox qapanmaq istəmirik. Çalışırıq ki, oyunu rəqib meydanında quraq. Çox vacib olan stabil nəticədi. Oyunda istənilən futbolçu texniki səhv edir. Futbolçuardan, müdafiə xəttindən razıyam. Məni narahat edən hər bir xətdə texniki səhvlərdi. Bu da qaçılmazdı. Amma onların mübarizəsi, qarşısındakı hücumçudan çəkinməməsi məni sevindirir. Mən bu gün müdafiəçilərdən razıyam. Bu gün komandaya müdafiəçi götürmək fikrim yoxdu. Çempionlar Liqasında oynasaq da, orada oynamaq bu müdafiəçilərin haqqıdı. Onlarin titullu komandalara qarşı oynaması millimiz üçün də faydalıdı. Amma bütün yerlərimizi legionerlərlə tamamlasaq, bizim futbolçular da kənarda qalsa...Onların bu dəqiqə inkişaf vaxtıdı. Bəhlul Mustafazadənin Avropada neçə oyunu var? Nəyisə bəzən qurban verməliyik ki, onları əldə edək. Onlardan razıyam. Daha yaxşı oynayacağından şübhə etmirəm.

- Bu gün hamı “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsini gözləyir. Belə də, sizin üçün psixoloji təzyiq yaranır?

- Düşünmürəm ki, bizdən bunu gözləyirlər. Hiss edirəm ki, insanlar Çempionlar Liqasının qrupuna düşməyimizi arzu və dua edir. Bu, mənə və futbolçularıma böyük məsuliyyət verir. Futbolçular da bilir. Hamımız gözləyirik. Bu, məni həyəcanlı və məsuliyyətli edir. Bir az həyəcan varsa, demək ki, məsuliyyətdi. Allah qoysa, inanıram ki, hamımız birlikdə sevinmək üçün hər şeyi edəcəyik. Allah qismət etsə, bunu əldə edəcəyik.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Viktoriya" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:

“Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib.

Report xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib.

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" (Çex Respublikası) matçına bilet satışı davam edir.

İlk gündə 15 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Qeyd edək ki, bu gün "Qarabağ"- "Viktoriya" matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdi. Buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olmuşdu.

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib.

"Report xəbər verir ki, medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan Qazaxıstanı da geridə qoyaraq, iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edib.

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən oyunda "Neftçi”-"Rapid”ə (0:2) uduzaraq mübarizəni dayandırdı.

Oyundan videoicmalı təqdim edir

 

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.

"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.

"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.

37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.

Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudovun cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra isə Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi daha da artırıb.

Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.

"Report" xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı - 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə - güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.

Xəbər lenti