![]() |
|
Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı qidadan zəhərlənib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib.
Daha sonra həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu gün azərbaycanlı məşqçi Qurban Qurbanovun yubileyi – 50 yaşı tamam olur.
Oxu.az xəbərinə görə, Q.Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub.
Altıuşaqlı ailənin sonuncu övladı olan Qurban Qurbanov uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Həvəskar futbolçu karyerasına 1988-ci ildə Mingəçevirin “Kür” komandasında başlayan Q.Qurbanov Gürcüstanın “Mertskali” komandasında çıxış edib.
Onun peşəkar karyerası isə doğma Zaqatalanın “Daşqın” komandası ilə başlayıb. Daha sonra onun karyerası “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Neftçi”, “Fakel” (Rusiya), “Volqar-Qazprom” (Rusiya), “Neftçi” və “İnter” komandalarında davam edib. Göründüyü kimi, üç dəfə yolu Azərbaycanın ən köklü klubu “Neftçi” ilə kəsişən Q.Qurbanov hücumçu kimi peşəkar klub karyerasında 400-dən çox rəsmi oyun keçirib, 180-dən çox qol vurub. Bu müddətdə “Turan”la 1, “Neftçi” ilə 3 dəfə Azərbaycan çempionu olub. 1996/97 mövsümündə “Neftçi”də çıxış etdiyi vaxt çempionatın ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.
1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. Bu nəticə ilə o, indiyədək Azərbaycan millisinin ən sərrast futbolçusu adını qoruyub saxlayır. 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin turnirində Qazaxıstan U-21-i ilə görüşdə dubl edib. Bundan sonra ardıcıllıqla Farer adaları, Belarus, Türkmənistan, Lixtenşteyn, Estoniya, Lixtenşteyn, Serbiya və Çernoqoriya (3 qol), Moldova, Özbəkistan və Latviyada qollar vurub. Təbii ki, bu qollar içərisində ən yadda qalanı AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində ovaxtkı Serbiya və Çernoqoriyanın qapısına hər iki oyunda yol tapması olub.
Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda (indiki “Şamaxı”) idman direktoru kimi işə başlayan Q.Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub. Bu müddətdə o, “Qarabağ”a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.
"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.
66 yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb: "Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".
De Byazi Azərbaycan seçməsini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. Hazırda istəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib".
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin matçları baş tutub.
Aprelin 6-da İngiltərə və İspaniyada qarşılaşmalar keçirilib.
"Kral klubu"nun heyətində Kərim Benzema diqqət mərkəzində olub və 3 qol vuraraq gecəyə adını yazdırıb.
Almaniya "Bavariya"sı isə İspaniyada "Vilyarreal"ın qonağı olub. La Liqa təmsilçisi Münhen klubuna qalib gəlib.
Cavab oyunları aprelin 12-də keçiriləcək.
"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 1:3
Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46
Baş hakim: Kleman Türpen (Fransa)
"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0
Qol: Arno Qrüneveld, 8
Baş hakim: Entoni Teylor (İngiltərə)
Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılacaq.
Qətərin paytaxtı Dohada baş tutacaq mundialın püşkatması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mundiala qatılacaq 32 komanda püşkdə 8 qrupa bölünəcək.
Yarışın 32 iştirakçısından 29-u məlumdur. Püşkatmada komandalar dörd səbətə bölünüb. Avropa istisna olmaqla digər konfederasiyaların hər qrupda birdən artıq komandası yer almayacaq. UEFA üzvləri isə hər qrupda minimum bir, maksimum üç komanda ilə təmsil oluna bilər.
1-ci səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, İsveçrə, Uruqvay, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Yeni Zelandiya/Kosta-Rika
Xatırladaq ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində çıxışını başa vurub.
Azərbaycan Boks Federasiyası xəbər verir ki, yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.
Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Qeyd edək ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya), 1/2 finalda Mehmethan Çinarı (Türkiyə) məğlub edib.
Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.
"Report" xəbər verir ki, 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin olimpiya medalından məhrum edilib.
Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb.
Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.
Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.
"Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü".
"Yol-xeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm", - dövlət başçısı bildirib.
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.
"Qafqazinfo" xəbər verir ki, sərbəst güləşçilərimiz qitə birinciliyində tarixi uğura imza atıblar.
Belə ki, yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 7 medal qazanıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.
Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
"İndi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.