![]() |
|
Lənkəranda evə basqın edilib.
Trend-in məlumatına görə, hadisə rayonun Şeydəkəran kəndində baş verib.
Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.
Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb və evə basqın edən şəxsin tutulması istiqamətində axtarış aparılır.
İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi “Hunday” və Vüqar Quliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bakıda küçədə ölüm hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Səbail rayonu Bayıl qəsəbəsi Salyan şosesi 32 ünvanının qarşısından naməlum kişi meyiti tapılıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, ölən şəxs 50-55 yaşlı kişidir. Yaxınlıqda yaşayanlar həmin şəxsin uzun müddətdir küçədə yaşadığını, evini tərk etdiyini deyiblər.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun soyuq havada xəstəlikdən öldüyü bəlli olub.
Hazırda meyiti tapılan kişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.
2018.11.25, 10:58
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
Axar.az Report-a istinadla xəbər verir ki, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oqtay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMV markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
***
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub.
Publika.az-ın xəbərinə görə, aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oqtay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.
Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbəbdən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.
Bildirilir ki, qətlə yetirilən Oqtay Əkbərov kriminal aləmə yaxın şəxs olub. O, 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O.Əkbərov uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.
Qətl ötən gecə saat 12 radələrində baş verib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şabranda 8 otaqlı ev yanıb.
FHN-dən Axar.az-a verilən məlumata görə, rayonun Zeyvə kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.