![]() |
|
Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən VAZ-21074 markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Rusiyanın Novoqorsk şəhərində azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.
BakuPost xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.
Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.
Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.
Azərbaycanda qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.
X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib. Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.
Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.
Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub. Təcili Tibbi Yardımdan "Report"a verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı gösətərilir.
Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb.
DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qazax rayonunda ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.
Axar.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində təqsirləndirilən şəxsin ev dustaqlığına buraxlması barədə vəkilin vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib, İlham Süleymanov məhkəmə zalında azadlığa buraxılıb.
Lakin hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib.
Bakı Apelyasiya Məhkəməsi istintaq orqanının protestini təmin edib.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İlham Süleymanov yenidən həbs edilib.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı həmçinin rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd “TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd “İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd “İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.
Report-un məlumatına görə, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb.
O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.