Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər.

Yol-xeber.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Zəfər yolundan fotoları təqdim edirik:













Yol-xeber.az-ın məlumatına görə, Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.

 

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.

 

Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verildi.

 

Qeyd edildi ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verildi.

 

Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etdi.

Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

 

292 metr uzunluğa malik Heydər Hüseynov küçəsinin ortalama eni 10 metr təşkil edir.

 

Aparılan təmir işləri zamanı küçə boyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Küçə boyu 2180 kv.m səki tikilib, 586 p/metr səki daşı düzülüb. 

 

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. 

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılıb. 

 

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

 

Dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 km-dən çox uzunluğa malik küçə təmir edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir. 

 

Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. 

 

Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaqdır. 

 

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir. 

 

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və yeni torpaq yatağının inşası işləri həyata keçirilib, yol boyu müxtəlif ölçülü suötürücü boruların və əsasın alt layının tikintisi tamamlanıb. Hazırda yol əsasının üst qatının inşası üçün hazırlıq işləri aparılır.  

 

Həmçinin layihə üzrə nəzədə tutulan Xan Arxı üzərində körpünün inşası yekunlaşıb. Samur-Abşeron su kanalı üzərində tikilən körpünün isə aşırım tirləri quraşdırılır.

 

Marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşmaq üzrədir. 

 

“Xanoba” “Şirvanlı” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Yol-xeber.az-ın məlumatına görə, Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sonuncu mərhələ üzrə aparılaraq yekunlaşdırılır.

 

Hazırda yenidənqurma işləri sözügedən yolun 28-30-cü km-lik hissəsində aparılır.

 

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq işlər sonuncu 2 km-lik hissədə aparılır.

 

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

 

Qeyd edək ki, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin agentlik tərəfindən əsaslı təmiri işlərinə start verilib.

 

Hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

 

Uzunluğu 1.8 km təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başladılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.

 

Hazırda küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır.

 

Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.  

 

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.

 

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.

 

Qeyd edək ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində agentlik tərəfindən yenidənqurma işləri aparılır.

 

2 hərəkət zolaqlı olmaqla, eni ortalama 8 metr təşkil edən Alı Mustafayev küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

 

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, yeni səki daşları düzülür. Küçə boyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunur.

 

Bundan başqa səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulur.

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6 km-cı km-dən ayrılan Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşdırılıb.

 

Şabran rayonunun Padar kəndinə gedən avtomobil yolunun uzunluğu 2500 metr təşkil edir. Yolun əsaslı şəkildə IV texniki dərəcəyə uyğun yenidən qurulması 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edib.

 

Yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.

 

Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.

 

Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.

 

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.

 

Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

Yol-xeber.az-ın məlumatına görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

 

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 km uzunluğa malik Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşdırıldı.

 

Hazırda bu yolun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi icra olunur. 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.

 

Layihə üzrə Susay-Xınalıq marşrutu üzrə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilib.

 

Hazırda yol profilə salınır və yeni yol əsası inşa edilir. Əsasın tikintisi üçün lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur. Yol əsası hazır olan hissələrə isə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır.

 

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür.

 

Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Xəbər lenti