![]() |
|
Türk Dövlətləri Təşkilatının Katibliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır.
"Bu barədə TDT-nın Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.
O, TDT-nın qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edərək, təşkilatın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib.
“TDT Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinin və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdardır”, - deyə B. Amreyevin bəyanatında vurğulanıb.
“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir:
“Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu inkişaf, həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək.
Türkiyə indiyə qədər olduğu kimi bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.
İşğaldan azad olunan Laçın şəhərində ilk dövlət qurumu fəaliyyətə başlayıb.
Yol-xeber.az xəbər verir ki, Laçında Dövlət Təhlükəsizliyi Xidməti işinə başlayıb.
Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb.
Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb:
Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.
Məruzəni Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov edib.
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib.
Xəbər verdiyimiz kimi, bu gün birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Televiziyası Mehriban Əliyevanın doğum günü münasibətilə videoçarx hazırlayıb.
Bu gün Baş Nazir Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.
Bu barədə Nazirlər Kabineti xəbər verir.
İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O, bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Baş Nazirin sözlərinə görə, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır. O, Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulayıb: "Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”.
Ə.Əsədov Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyini qeyd edib. İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş Nazir qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, bu ilin I yarısında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirib.
Onun sözlərinə görə, 6 ay ərzində Azərbaycanda iqtisadi artım 6,2% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Ölkənin xarici ticarət dövriyyəsi isə 70%-dən çox artım nümayiş etdirib: Azərbaycan məhsullarının ixracı 2 dəfədən çox, qeyri-neft ixracı isə 25 % artıb".
Hökumət başçısı bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir. O, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğunu vurğulayıb. “Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 %-dən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”.
Ə.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır: O, ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminliyini ifadə edib: “Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”.
Belə anlaşılır ki, güclü Azərbaycanın “dəmir yumruğu”na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın “qara günləri” hələ irəlidədir… Böyük ehtimalla erməni baş nazir Brüsseldə məhz Azərbaycan liderindən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq…
Musavat məlumatına görə, Ermənistan cəmiyyəti Cənubi Qafqazda cərəyan edən son proseslərdən sarsılmış kimi görünür. Çünki erməni toplumunun ümidlərini bitirən, “xəyallar”ını boşa çıxaran hadisələr baş verməkdədir. Azərbaycan regional hegemonluğu ələ keçirib, Ermənistan isə dövlətçiliyini belə, itirmək təhlükəsi ilə üzləşib.
Ona görə də, Ermənistan mətbuatı növbəti Brüssel görüşü barədə məlumatı pessimist notlar üzərindən yayıb. Həmin məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustin 31-də keçiriləcək. Görüşə yenə də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel vasitəçilik edəcək.
Maraqlıdır ki, Rusiya siyasi dairələrində də bu görüşlə bağlı müəyyən çaşqınlıq hökm sürür. Belə ki, buna qədər Rusiya mətbuatı üçtərəfli görüşün Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçiriləcəyi barədə məlumatlar yayılmışdı. İndisə belə anlaşılır ki, görüşün keçiriləcəyi məkan ilə bağlı gözlənilməz dəyişiklik olmazsa, Kreml sahibinin vasitəçiliyi artıq böyük şübhə altındadır.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Rusiya ilə amansız, həm də güzəştsiz rəqabət aparır. Bu rəqabət yalnız Ukrayna savaşı ilə məhdudlaşmır, həm də Cənubi Qafqaz regionunda da davam edir. Ona görə də, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik etməsinə də məhz ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti konteksində yanaşmaq daha doğru olardı.
Məsələ ondadır ki, ABŞ və Qərb Şarl Mişelin vasitəçiliyi sayəsində Rusiyanı Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən kənarlaşdırmaq niyyəti güdür. Çünki, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan bu prosesdən Kremlin kənarlaşdırılması, Rusiyanın ümumiyyətlə, regiondan sıxışdırılıb, çıxarılmasının başlanğıcı ola bilər. Və hazırda Qərb siyasi dairələri əsasən, Ermənistanın Rusiyadan qoparılmasına cəhd göstərirlər.
Maraqlıdır ki, ABŞ və Qərb artıq bu məsələdə müəyyən uğurlar qazanmağa da başlayıb. Belə ki, Rusiya və Ermənistan arasındakı münasibətlərdə kifayət qədər ciddi çatlar yaranıb. Rəsmi İrəvan Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı intensivləşdirib. Kreml bundan həm narazı, həm də qəzəblidir.
Bütün bunları nəzərə aldıqda, Rusiya siyasi dairələri və mətbuatının Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında məhz Kreml sahibi V.Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçiriləcəyi barədə yaydığı məlumatların boşa çıxarılması maraqlı prosesdir. Hər halda, həmin görüşün əvvəlcədən elan edilmiş tarixdə Moskvada deyil, məhz Brüsseldə keçilməsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına və mövqelərinə sarsıdıcı zərbədir.
Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı sülh danışıqları prosesində oyundankənar vəziyyətə salmaq üzrədir. Belə davam edərsə, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ümumiyyətlə, arxa plana keçirilmiş olacaq. Sülh danışıqlarında avanqard moderator statusu Brüsselin əlinə keçəcək. Nəticədə, Rusiya sülh danışıqlarında vasitəçilik funksiyalarını tədricən itirməyə başlayıb.
Təbii ki, Azərbaycan üçün görüşün Brüsseldə və ya Moskvada keçirilməsi o qədər də böyük prinsipial əhəmiyyət daşımır. Əsas məsələ odur ki, rəsmi Bakının konkret hədəfləri mövcuddur və onların heç birisindən geri çəkilmək niyyətində deyil. Və görüşün Moskvada və ya Brüsseldə keçirilməsindən asılı olmayaraq, istənilən halda, Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları masası arxasında geopoloitik iradə sahibi olacaq.
Çünki, Ukrayna savaşı Rusiyanı ciddi şəkildə zəiflədib. Eyni zamanda, indiki situasiyada Kremlin Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə, əməkdaşlığa və tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var. Yəni, Kreml Rusiyaya əlavə problemlər yaratmaqdan başqa heç bir faydası olmayan Ermənistan ucbatından Azərbaycan-Türkiyə İttifaqı ilə sərfəli tərəfdaşlıq münasibətlərini korlamaq istəməz.
Digər tərəfdən, Ukrayna savaşının dünyada yaratdığı situasiya, Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi məkanında yaratdığı enerji böhranı da Azərbaycan Prezidentinin əlini maksimum səviyyədə gücləndirən önəmli faktirdur. Çünki, hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaş statusuna da sahiblənib. Ona görə də, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının şərtlərini və müzakirə mövzularını diqtə edən tərəf olacağı qətiyyən şübhə doğurmur.
Onu da nəzərə almaq lazımdır ki, 44 günlük II Qarabağ savaşındakı tarixi qələbə ilə yanaşı, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatının son nəticələri də Prezident İlham Əliyevə önəmli hərbi-siyasi üstünlüklər qazandırıb. Yəni, Azərbaycan ordusunun “dəmir yumruq” zərbəsinin təsiri altında olan Ermənistan baş naziri Nikol Paşinyan istənilən halda, Prezident İlham Əliyevin sülh danışıqları masası arxasındakı güclü mövqeyi qarşısında aciz durumdadır. Və erməni baş nazirin Azərbaycan liderinin diqtə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində olduğu qətiyyən şübhə doğurmur.
Bu baxımdan, Azərbaycan qarşısında təklənmiş, xarici müttəfiqlərini və himayədarlarını itirmiş Ermənistanın Brüssel görüşündən növbəti siyasi-diplomatik məğlubiyyətlə ayrılacağını elə indidən ehtimal etmək olar. Yəqin ki, bu görüşdən sonra Cənubi Qafqazda sülh prosesinə yönəlik addımlar daha da intensivləşə bilər. Hər halda, rəsmi İrəvanın Azərbaycanın əsas hədəfləri ilə böyük ölçüdə uzlaşan üçtərəfli anlaşmaları icra etməli olacağını düşünmək mümkündür.
Üstəlik, Brüssel görüşündən sonra Rusiyanın Ermənistana yönəlik təzyiqlərinin daha da arta biləcəyi qətiyyən istisna deyil. İndiki situasiyaya görə rəsmi İrəvandan ciddi şəkildə narazı olan Kreml üçtərəfli görüşün Moskvada deyil, Brüsseldə keçirilməsinin əsas günahkarının məhz Ermənistan olduğunu anlayır. Və bunu rəsmi İrəvana bağışlayacağına inanmaq bir qədər çətindir.
Elə bu səbəbdən də, son vaxtlar Rusiya əleyhinə propoqandanı gücləndirən Ermənistana münasibətdə Kremlin daha sərt davrana biləcəyi qətiyyən gözlənilməz olmayacaq. Yəni, belə anlaşılır ki, güclü Azərbaycanın “dəmir yumruğu”na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın “qara günləri” hələ irəlidədir. Və ona görə də, hesab etmək olar ki, erməni baş nazir Brüsseldə əsasən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq.