Prezident İlham Əliyev Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif ediliblər:

İsmayılov Haşimjon

Nəsirli Əli Heydər oğlu

Urinbayev Kamoliddin Turdimuratoviç.

İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycaın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı İranın Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

“Ermənistan üçtərəfli Bəyanatdan sonra I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”.

“Report” xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb:

“Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”.

“I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıb. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”, - İ.Axundov əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir.

Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur. Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Əziz Qardaşım, bu əlamətdar tarix münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Brüssel yenidən Azərbaycan və Ermənistan liderlərinin görüşünə ev sahibliyi edəcək. 

Artıq Azərbaycan tərəfi görüşlə bağlı gözləntisini açıqlayıb. 

 
Cənubi Qafqazda hazırda yaranan mənzərə isə Avropa səfərinin ermənilər üçün heç də asan keçməyəcəyini deməyə əsas verir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyəyə işgüzar səfər edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, qardaş xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz dini və mədəni köklər ilə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuz il ərzində dövlətlərarası əlaqələrimizin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Eyni zamanda beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı, ölkələrimizin qarşılıqlı dəstəyini yüksək qiymətləndirirəm.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qardaş xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Əlahəzrət, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”.

Bu barədə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabında paylaşım edib.

Diplomat qeyd edib:

“Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik.

Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan itkisi və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə iki milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Böyük ehtimalla yaxın aylarda - rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər Cənubi Qafqazda həlledici hadisələr baş verə bilər... Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının əsas hədəfi birbaşa Xankəndidir...

Ermənistanda dövlətçilik üçün ən ciddi təhlükələrdən biri də ölkədaxili ziddiyyətlər hesab oluna bilər. Çünki, Ermənistanın bundan sonra hələ uzun müddət daxili qarşıdurma mərhələsində ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, savaş meydanında və diplomatiya masası arxasında uğradığı ağır məğlubiyyətlərin real təsirlərinin artıq Ermənistanın daxilinə sıçradığı açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, indi Ermənistan cəmiyyəti hərbi və diplomatik məğlubiyyətlərə günahkar axtarışındadır. Paşinyan hakimiyyəti özündən əvvəlki iqtidarı - Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanını suçlayır. Qarabağ klanı isə Paşinyan hakimiyyətini Ermənistanın bütün biabırçı məğlubiyyətlərinin yeganə baiskarı hesab edir.

Üstəlik, bu qarşıdurma hər ötən gün daha da güclənərək, intensivləşir. İndi Ermənistan yeni siyasi böhrana sürətlə yaxınlaşır. Buna əlavə olaraq, 10 milyard dollar xarici borcu olan Ermənistanda maliyyə-iqtisadi böhranın da qaçılmaz olduğu artıq şübhə doğurmur. Yəni, Ermənistanı yaxın vaxtlarda dərin daxili xaos gözləyir.

Təbii ki, Ermənistanın indiki vəziyyəti erməni diasporunu da sarsıtmağa başlayıb. Erməni diasporu son vaxtlar Ermənistanın düşdüyü durumdan xilas edilməsində aciz duruma düşüb. Adətən, ənənəvi "erməni xəyalları" uğrunda mübarizəni lobbiçilik fəaliyyəti üzərində quran erməni diasporu artıq bu istiqamətdə elə bir ciddi uğur qazana bilmədiyindən, küçələrə çıxmaq məcburiyyətində qalıb.

Xüsusilə də, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatları küçə aksiyalarına üstünlük verməyə başlayıb. Belə ki, Nyu-Yorkun erməni diasporu BMT-nin binası qarşısında Rusiya, Türkiyə və Azərbaycan əleyhinə aksiya keçiriblər. Onların əsas tələbi Qarabağdan rus sülhməramlıların çıxarılması və əvəzində beynəlxalq sülhməramlıların yerləşdirilməsidir.

Təbii ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı münasibəti elə bir təəccüb doğurmur. Ancaq Rusiyanın açıq hədəfə alınması bir qədər gözlənilməz xarakter daşıyır. İndi erməni toplumu Rusiyanı Ermənistanın məğlubiyyətlərində əsas xarici günahkar kimi qəbul edir. Və ermənilər arasında Rusiya əleyhinə əhval-ruhiyyə güclənərək, dərinləşir.

Halbuki, cəmisi bir neçə ay əvvələ qədər erməni siyasi elitası Rusiyanı Ermənistanın təhlükəsizlik maraqlarının əvəzolunmaz qarantı elan edirdilər. Rus sülhməramlıların missiyasının müddətinin uzadılmasında israrlı mövqe tuturdular. Hətta unudurdular ki, rus sülhməramlıların missiyasını uzatmaq və ya onları Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmaq birmənalı şəkildə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Və bu baxımdan, beynəlxalq sülhməramlılar barədə tələblər də sadəcə, ənənəvi "erməni xəyalı"ndan başqa bir şey deyil.

Məsələ ondadır ki, rus sülhməramlıların nə vaxt çıxarılacağının Ermənistana və ermənilərə heç bir aidiyyatı yoxdur. Rəsmi Bakı vaxtı çatanda bu məsələni Azərbaycanın maraqları çərçivəsində həll edəcək. Rəsmi İrəvan və ermənilər indi daha çox Azərbaycan ərazisindən Ermənistan silahlı birləşmələrinin tez bir zamanda çıxarılması barədə düşünməlidirlər. Və Kremlin rəsmi İrəvana üçtərəfli anlaşmaların icrasının vacibliyini xatırlatması da Rusiyanın bu mövqedə olduğunu göstərir.

Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq İqor Korotçenko da vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərində qanunsuz olaraq, qalan silahlı dəstələrini dərhal çıxartmalıdır: "10 noyabr 2022-ci il tarixinə qədər Azərbaycan ərazisində bir nəfər də silahlı erməni qalmamalıdır. Buna paralel olaraq, Qarabağda olan bütün separatçı qurumlar ləğv olunmalıdır və onların funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər".

İqor Korotçenko onu da qeyd edib ki, Qarabağda yalnız Azərbaycan vətəndaşlığını qəbul edən silahsız və dinc ermənilər qala bilər: "Müəyyən yoxlama prosedurlarından sonra Qarabağda qalmaq hüququ qazanacaq dinc ermənilərin təhlükəsizliyi isə Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri qorumalıdır".

Təbii ki, Ermənistanda Rusiyanın üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tutmasından həm məyusdurlar, həm də ciddi şəkildə narazıdırlar. İrəvanda nəşr olunan "Lragir" qəzeti hesab edir ki, Rusiya Ermənistan ilə açıq qarşıdurma mərhələsinə start verib: "Zaman keçdikcə, aydınlaşır ki, Rusiyanın Ermənistana münasibəti ermənilərin kölə edilməsinə hədəflənib. Ona görə də, Rusiya Ermənistanı xaosa sürükləməyə çalışır".

Ermənistan mətbuatı son vaxtlar Rusiya ilə münasibətlərin hərbi müttəfiqlik çərçivəsindən ciddi şəkildə kənara çıxdığını vurğulayır. İddia olunur ki, münasibətlərin korlanmasından sonra Kreml rəsmi İrəvana öz davranışlarına diqqət edərək, ehtiyatlı olmağı "məsləhət" görür. Və Rusiya hazırda əsasən rəsmi İrəvanın Kremllə Qərb arasında prinsipial seçim etməkdən yayınmağa çalışmasından ciddi şəkildə narazıdır.

Erməni politoloq Vaqe Ovannisyan isə Ermənistanın son vaxtlar çox təhlükəli daxili qeyri-sabitlik dönəmindən keçdiyini düşünür. Onun fikrincə, ölkə daxilində baş verən qorxunc hadisələrin bir çoxu rəsmi İrəvana yönəlik xarici xəbərdarlıq mesajıdır: "Əgər, bu mesajların əsas məqsədini düzgün anlamasaq, Ermənistan uzun müddət bu dəhşətli mərhələdən çıxa bilməyəcək".

Bütün bunlar onu göstərir ki, Ermənistan ABŞ və Qərb ilə Rusiya arasında "sürüşkən siyasi oyun" qurmaq cəhdləri nəticəsində Kremlin dəstəyini demək olar ki, tamamilə itirmək üzrədir. Belə vəziyyət istər-istəməz Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud olan bütün situasiyaya da birbaşa təsir göstərir.

Vaxtilə rus sülhməramlılara güvənən ermənilər indi Xankəndi və ətraf bölgədə qalmaq və ya getmək arasında seçim etmək məcburiyyətindədir. Bu bölgədəki ermənilər də artıq anlayırlar ki, ümumerməni propoqandasının girovuna çevriliblər. Hətta Xankəndidə bir çoxları əmindirlər ki, Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunacağı gün o qədər də uzaqda deyil. Və bu, ermənilərə də 30 il xəyal etdikləri normal həyat şansı verə bilər.

Məsələ ondadır ki, İrəvanda da hər halda, Qarabağ ermənilərinə Ermənistanda təminat vəd edirlər. Ancaq indiyə qədər Paşinyan hakimiyyətinin verdiyi vədləri necə "yerinə yetirdiyini" Xankəndi və ətraf bölgədə yaşayan ermənilər hamıdan yaxşı bilirlər. Hətta rəsmi İrəvanın Ermənistana köçən ermənilərin ölkəni tərk etmələri üçün sosial və psixoloji təzyiqlər göstərdiyi də artıq kimsəyə sirr deyil. Və belə vəziyyətdə Ermənistana getmək əvəzinə Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq real alternativ olaraq, diqqəti çəkir.

Ancaq bütün bunların baş verməsi üçün əvvəlcə Ermənistan silahlı birləşmələri Xankəndi və ətraf bölgədən çıxarılmalıdır. Ardınca erməni separatçıların silahlı terrorçu dəstələri də tərksilah olunmalıdır. Və separatçı-terrorçuların hamısı Azərbaycan ərazisini tərk etməlidirlər.

Böyük ehtimalla bütün bu proseslər yaxın aylarda reallığa çevrilə bilər. Hər halda, rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər bu istiqamətdə olduqca ciddi irəliləyişlər ola bilər. Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının hədəfi birbaşa Xankəndidir. Və Kremlin də rəsmi Bakının hədəflərinə loyal yanaşdığını nəzərə aldıqda, Xankəndidə Azərbaycan bayrağının yaxın aylarda dalğalanacağı qətiyyən şübhə doğurmur.

Mənbə: Musavat.com

Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycan Ordusunun nəzarətinə keçib. 

"Ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsinin böyük əhəmiyyəti var. Çünki orada mühüm strateji  məntəqələr var. Lakin xoş xəbərlər bununla da bitməyəcək.

''Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi son deyil. Sentyabr-oktyabr aylarında da xoş xəbərlərin olacağı gözlənir''. 

Millət vəkili Arzu Nağıyev isə vurğulayıb ki, ordumuzun Laçın şəhərinə yerləşməsi, eləcə də Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi diplomatik qələbədir.

Siyasi şərhçilər bildirirlər ki, Azərbaycan bundan sonra sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana diplomatik təzyiqləri daha da gücləndirəcək. (Xəzər Xəbər)

Xəbər lenti