Bakıdakı elektrobuslarda gediş haqqı artırılır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ictimai nəqliyyatda gediş haqqının Tarif Şurasının qərarı ilə tənzimləndiyini bildirib.

“Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gediş haqqı tariflərinə təsir etməyəcək.

ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq, qatarların hərəkət cədvəlinə dəyişikliklər edir.

Səhmdar cəmiyyəti xəbər verir ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı-Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir:

"Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq. Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır".

Həmçinin, məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən "1822" Əlaqə Mərkəzindən əldə edə bilərlər.

Sabah arabir yağış yağacaq - PROQNOZ

Bakıda və bölgələrdə dekabrın 10-da havanın əsasən yağmursuz keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə dekabrın 10-da pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Nazirlik əhaliyə müraciət etdi

Məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın, partlayış hadisələrinin əsas səbəblərindəndir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırması ilə əlaqədar əhaliyə müraciətində qeyd edilib.

Müraciətdə vurğulanıb ki, FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır. Həmçinin insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməlidir. Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalıdır, elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməlidir, elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməlidir.

Həmçinin qeyd edilib ki, elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı, mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı, mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalıdır.

Qeyd olunub ki, mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı, tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalıdır.

Metroda ləngiməyə rəsmi cavab: "Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək"

"Metro xəttində səhər saatlarından texniki problem yoxdur".

Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib.

O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur.

"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur.

Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib.

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

10. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

İsmayıllı şəhəri belə olacaq - Yeni Baş planı hazırlanır

İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Komitə sədri İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirdiyi görüşdə yeni Baş plan layihəsinin detallarını müzakirə edib.

Plana uyğun olaraq küçə-yol şəbəkəsinin yenilənməsi, memarlıq simasının və müasir şəhər mühitinin formalaşdırılması ilə əlaqədar həyata keçiriləcək layihələrin mərhələləri dəqiqləşdirilib.

Səfər çərçivəsində həmçinin İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan sakinləri qəbul edən Anar Quliyev vətəndaşların əsasən torpaq münasibətləri, tikintiyə icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Bu proseslərdə şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Komitə tərəfindən yaradılan elektron icazə sistemi haqqında ətraflı məlumat verib.

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Azərbaycanda ən uzunömürlü insanlar hansı rayonlarda yaşayırlar? - SİYAHI

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda  gözlənilən ömür uzunluğu 76 ilə bərabər olub.

Yeniavaz.com xəbər verir ki, kişilər üçün gözlənilən ömür uzunluğu 73,5 il, qadınlar üçün isə 78,4 il müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Abşeron rayonu hesab edilir. Abşeron rayonunda gözlənilən ömür uzunluğu 82,7 ilə bərabər olub.

Ən aşağı gözlənilən ömür uzunluğu isə Daşkəsən rayonunda olub. Bu rayonda gözlənilən ömür uzunluğu 72,3 il təşkil edib.

Onu da bildirək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun 80 ildən çox olduğu cəmi 2 rayon var – Abşeron rayonu və Xankəndi şəhəri (81,6 il).  

Xatırladaq ki, gözlənilən ömür uzunluğu hər bir insanın orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir.

Azərbaycanda şəhər və rayonlarda gözlənilən ömür uzunluğu aşağıdakı kimi olub:

 

 

 

Xəbər lenti