Məktəbə Natiq Qasımovun adı verildi

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.

Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”

Son vaxtlar Azərbaycanın müxtəlif ərazilərində zəlzələ baş verir. Azərbaycanın seysmoaktiv zona olduğu məlumdur. Bununla belə son günlərdə ardıcıl yeraltı təkanların qeydə alınması xeyli narahatlıq doğurur.

Bəs, bu aktivlik nəylə bağlıdır?

Suala AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli cavab verib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, zəlzələrin sayı artmayıb:

“Sadəcə bəzi ərazilərdə aktivlik müşahidə olunur. Ümumilkdə isə gün ərzində ölkə ərazisində 30-40 yeraltı təkanlar olur. Amma bu təkanların əksəriyyəti hiss edilmir. Lakin hiss olunan təkanlar da az olmur. Məsələn, son vaxtlar Mingəçevirdə, Şamaxıda və Laçında olan yeraltı təkanlar hiss olunmuşdu. Amma Xəzər dənizində son bir ayda 6 təkan olub. Lakin bu təkanlar əsasən hiss olunmayıb.

Təkanların çox olması yaxşıdır ki, enerji boşalması gedir. Azərbaycan kimi seysmoaktiv bölkə üçün sükutun olması yaxşı deyil. Çünki təkan az olanda enerji toplanır və nə vaxtsa bu enerjinin parçalanması baş verəndə daha güclü zəlzələyə səbəb olur. Ona görə də təşvişə əsas yoxdur”.

Baş direktor qeyd edib ki, yaxın günlərdə elə bir güclü, katostrafik zəlzələnin olma ehtimalı yoxdur:

“Amma xırda təkanlar olub, olur, olacaq. Dağıdıcı zəlzələ ola bilər, olmalıdır da. Əgər 30-40 təkan varsa onun içərisində hiss ediləni də olmalıdır. Yenə deyirəm, bununla belə dağıdıcı təkanların olması gözlənilmir”.

Ali Məhkəmədən mirasla bağlı yeni qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Mirasda məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı qəbul edilən qərarda qeyd edilir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

Qanun miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır.

Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.

Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər.

Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur.

Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

"Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər", - deyə ekspert bildirib.

Hüquqşünas Xəyal Bəşirov isə açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

"Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 - 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

"Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.

Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır", - deyə hüquqşünas bildirib.

Bu yolda sürət həddi bərpa edildi

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa edilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA

“Oyuncaq uşaqların ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, təmasda olur, sanki oyuncaqların “xarakterinə” uyğun olaraq öz kiçik dünyalarını qururlar”.

Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, bütün bunları kənardan müşahidə edən böyüklər isə onların bu əyləncələrini, etdikləri hərəkətləri, oyuncaqlarına qarşı münasibətlərini sadəcə təbəssümlə qarşılayırlar.

Psixoloq əminliklə qeyd edir ki, oyuncaqlar uşaqların xarakterini formalaşdırır:

“Bu həm yaxşı, həm pis mənada ola bilər. Zaman-zaman bunu uşaqlarda müşahidə edirik. Hətta ailədə qız uşaqları böyük, oğlan uşağı kiçik olanda belə qızların gəlinciklərlə oynaması, bəzən oğlan uşağının da onlarla birgə bu oyuncaqlarla əylənməsi onun sakit, yumşaq təbiətli olması ilə nəticələnir. Oğlanın oyuncaq maşında qızların gəlinciyini gəzdirmək, onu bağçaya, məktəbə aparıb-gətirmək üçün istifadə edildikcə, qız və oğlan övladları arasında birgə oynamaq, öz oyncaqlarını paylaşmaq, qayğı kimi hisslər formalaşır”.

Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək 

Məişət zorakılığı törətmiş şəxs valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.

Bununla bağlı məsələ “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Bununla və ümumiyyətlə məişət zorakılığı ilə bağlı yeni dəyişiklilər bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 9-cu maddəsində nəzərdə tutulub.
“Maddə 9. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası
9.1. Məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 (beş) gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saat keçənədək baxılır.
9.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
9.3. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur.
9.4. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.
9.5. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
9.5.1. məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
9.5.2. məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
9.5.3. əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
9.5.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
9.5.5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi” kimi dəyişikliklər təklif olunub.
Məsələ Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA

"2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir, lakin bu həcm günün reallığına cavab vermir".

Bunu deputat Arzuxan Əlizadə Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Millət vəkili veteranların müavinətlərinin artırılmasını təklif edib:

"O vaxtdan 5 il keçib, biz artıq qalib xalqıq. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş veteranlarımızın hər biri qəhrəmandır. Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki dəyərində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da o vaxtlar təxminən 70 ABŞ dolları edirdi və bu məbləğ bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır"./Titul.az

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər lenti