![]() |
|
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bu barədə İdarəsindən məlumat verilib.
Müraciətdə bildirilib ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır:
"Təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırır.
23 noyabr tarixində Azərbaycan Dəmiryol Muzeyində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyət göstərmiş COP29 və ADY könüllüləri ilə görüş keçirilib.
Yol-xeber.az" xəbər verir ki, ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkəmizin dünya əhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və bu prosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.
Könüllülərin planetimizin gələcəyi naminə qlobal dialoqu dəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsi ruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.
Qeyd olunub ki, COP29 və ADY könüllüləri 11-23 noyabr tarixlərində Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə kömək etməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək və istiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.
Bildirilib ki, COP29 günlərində qatarlarla ümumilikdə 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb. “Koroğlu” sərnişinlərin ən çox istifadə etdiyi dayanacaq olub. Tədbirin keçirildiyi Azərbaycan Dəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya, İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrin vətəndaşları muzeyi ziyarət ediblər.
Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamə təqdim edilib.
Sosial şəbəkələrdə parkinqlə bağlı aparılan müzakirə maraq doğurub.
Sosial şəbəkə istifadəçiləri “azparkinq” ərazisində avtomobili saxladıqdan sonra nömrəni çıxararsa, onu hər hansı cərimənin gözləyib-gözləmədiyini sual edib:
“Avtomobili “azparking” ərazisində saxlayıb nömrəsini çıxarsaq, iş bitəndə nömrəni yenidən üzərinə qoyub hərəkətə davam etsək, sırf nömrəsiz park ərazisində saxlamağa görə hər hansısa məsuliyyət daşıyırıq?” - o yazıb.
Suala sosial şəbəkə istifadəçiləri fərqli cavablar veriblər.
Qeyd edilib ki, qanunda nömrəsiz dayanmağa görə cərimə yoxdur, amma nömrənin üzərinin bağlanmasının cəriməsi var.
Emil İsayev adlı sosial şəbəkə istifadəçisi bu üsulu bir neçə dəfə yoxladığını, heç bir problemlə rastlaşmadığını söyləyib. Bununla belə, o, qeyd edib ki, bu yola əl atmağı məsləhət görmür.
Həmçinin digər sosial şəbəkə istifadəçiləri bildirib ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə cərimənin məbləği 100 manatdır.
Əksər sosial şəbəkə istifadəçiləri bu məsələnin qanundakı boşluqdan irəli gəldiyini yazıb.
Qeyd olunub ki, avtomobilin nömrəsiz olmasına görə, qanunvericilikdə yalnız hərəkət halında olarsa, cərimələnəcəyi qeyd edilib. Yəni avtomobil park vəziyyətində olarkən dövlət qeydiyyat nişanının olmamasına görə hər hansı bir cərimə nəzərdə tutulmayıb.
Sürücülərin dediyinə görə, heç bir cəriməsi olmasa da, müşahidə kamerasının görüntülərinə əsasən, avtomobilin nömrəsini açıb götürən şəxslər cərimələnə bilər.
Bəzi sürücülər bildirib ki, dövlət qeydiyyat nişanı olmadan sürmək və ya nişanın oxunmasına maneə törədənlər 500-800 AZN cərimələnir.
Sosial şəbəkə istifadəçilərindən biri isə qeyd edib ki, bənzər üsula əl atan sürücüyə 800 manat cərimə yazılıb.
Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutların fəaliyyəti mərhələli qaydada bərpa olunub.
Bu gündən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.
Bununla da müntəzəm avtobus marşrutları vətəndaşlara tədbirdən öncəki qrafik və sxemlə xidmət göstərəcək.
Hərəkət sxemləri bərpa ediləcək marşrutlar:
1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobuslar.
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.
Altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər noyabrın 23-dən, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-dən başlayıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Azərbaycanda noyabrın 24-də hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.
Noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.
Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi.
Bu güzəşt proqramı tədbir iştirakçılarının şəhərdaxili logistikasını asanlaşdırmaq məqsədi daşıyırdı.