![]() |
|
ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 Agreement” razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb.
Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nin mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək.
Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub.
ABŞ-nin federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir.
APA xəbər verir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur”, - Tramp qeyd edib.
Qırğızıstan prezidenti Sadır Japarov dağlarda istirahət edənlərin qoyub getdiyi zibilləri yığıb və vətəndaşları ondan nümunə götürməyə çağırıb.
“Görün təbiətimiz necə də gözəldir, su, dağlar, şam ağacları... İstirahətdən sonra zibilləri torbalara yığıb, şəhərdə konteynerlərə atmaq lazımdır.
Təbiəti qoruyaq, bir-birimizə nəzarət edək, maarifləndirək, nümunə olaq. Heç kim xaricdən gəlib bizim üçün zibil yığmayacaq. Gəlin, bir günlük yaşamayaq. Məsuliyyətsiz insanların istirahətdən sonra zibil atdıqlarını görsəniz, lütfən, onları toplayın”, - deyə prezident bildirib.
İran parlamenti yeni prezident Məsud Pezeşkianın yeni hökumət kabinetini təsdiq edib.
Qaynarinfo xəbər verir ki, parlament bütün nazirlərin lehinə səs verib. Parlamentdən əvvəl isə İranın ali lideri Əli Xamenei və kəşfiyyat orqanları yeni hökumətin tərkibinə razılıq verib.
Yeni hökumətdə Güney Azərbaycandan üç nəfər yer alıb. Belə ki, aslən azərbaycanlı olan Məsud Pezeşkian öz kabinetində Abdul Nasser Himmeti (İqtisadiyyat və maliyyə naziri), Qulamrza Nuri (kənd təsərrüfatı naziri) və Əmir Əziz Nəsirzadəyə (Müdafiə, logistika və silahlı qüvvələr naziri)
vəzifə verib.
Yeni İran hökumətinin tərkibi belədir:
Alireza Kazemi - Təhsil Nazirliyi
Settar Haşimi - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hüccətül-islam Seyyid İsmayıl Hatib - Kəşfiyyat Nazirliyi
Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi
Seyid Abbas İraqçi - Xarici İşlər Nazirliyi
Məhəmməd Rıza Zəfərgendi - Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi
Əhməd Meyderi - Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi
Qulamrıza Nuri - Kənd Təsərrüfatı Nazirliyi
Emin Hüseyin Rəhimi - Ədliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Ferzane Sadık - Yollar və Şəhərsalma Nazirliyi
Məhəmməd Atabək - Sənaye, Mədən və Ticarət Nazirliyi
Hüseyin Simai Sərraf - Elm, Araşdırma və Texnologiya Nazirliyi
Seyid Abbas Salihi - Mədəniyyət və İslami İrşad Nazirliyi
İskəndər Mümini - Daxili İşlər Nazirliyi
Məhəmməd Rza Salihi əmiri - Mədəni İrs və Turizm Nazirliyi
Muhsin Paknejad - Neft Nazirliyi
Abbas Əliabadi - Energetika Nazirliyi
Əhməd Dünyamalı - İdman və Gənclər Nazirliyi
Rusiya prezidenti Vladimir Putin Çeçenistanın fəxri vətəndaşı olub.
Bununla bağlı müvafiq nişanı və sertifikatı Putinə Çeçenistanın rəhbəri Ramzan Kadırov və Çeçenistan müftisi, respublika müsəlmanları ruhani idarəsinin sədri Salah Nejiyev təqdim ediblər.
Cənubi Qafqazda Rusiya gündəmini doldurmaq baxımından boşluq var və Ermənistan hakimiyyətinin axmaqlığı ucbatından Bakı onu doldurmaq şansı əldə edib.
Bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan deyib.
Zakaryan hesab edir ki, bu, Azərbaycanın Rusiya üçün cəlbedici tərəfdaşa çevrilməsinə səbəb olub.
“Əgər əvvəllər regionda erməni faktoru var idisə və Rusiya Ermənistanın maraqlarını nəzərə almaya bilməzdisə, bu gün “üçüncü artıqdır” prinsipi fəaliyyət göstərir. Ermənistan hakimiyyəti ölkəni marginal dövlətə çevirib və Qərb bu boşluğu doldurmayacaq. Azərbaycan bu gün həm də Qərb üçün Ermənistandan daha cəlbedicidir”, - Zakaryan qeyd edib.
Onun fikrincə, Qərb Paşinyanı təhlükəsizliyin təmin edilməsi vədi müqabilində Qarabağdan imtina etməyə inandırıb, həmçinin rabitənin Ermənistanın nəzarətində olacağını vəd edib.
“Ancaq sonra Qərb bəyan etdi ki, bu kommunikasiyalar onun nəzarətində olmalıdır. Qərb bunu Orta Dəhlizinin bir hissəsi adlandırır. Belə çıxır ki, Paşinyan Rusiya ilə Qərb arasında toqquşma üçün zəmin yaradıb və onların hər biri kommunikasiyalara nəzarət etmək hüququndan danışır”, - o qeyd edib.
Əlavə edib ki, gələcək proseslər Gürcüstandakı siyasi proseslərdən asılıdır, lakin Rusiya Cənubi Qafqazı tərk etmək fikrində deyil:
"Hadisələrin inkişafı ona gətirib çıxaracaq ki, Rusiya və İran bu regionda öz maraqları üçün sərt üsullarla mübarizə aparmağa məcbur olacaqlar".
İraqın Vasit əyalətinin valisi Ərbəin yürüşü üçün İraqa səfər etmiş iranlı zəvvarlardan Kərbəlada qalmamalarını və nəqliyyat yükünü azaltmaq üçün dərhal geri qayıtmalarını istəyib.
İRNA xəbər verir ki, İraqın Vasit əyalətinin valisi Məhəmməd Cəmil Əl-Miyahi indiyədək bir milyona yaxın zəvvarın İraqa daxil olduğunu bildirib.
O əlavə edib ki, zəvvarların İraqa sürətli və problemsiz daxil olması və Kərbəlaya köçürülməsi üçün İran tərəfi ilə çox yüksək səviyyədə koordinasiya mövcuddur.
İranın İlam valisi də deyib ki, İran-İraq sərhədindəki Mehran sərhəd keçid-məntəqəsindən son günlərdə 1 milyon 300 mindən çox insan İraqa keçib.
İranda içərisində 53 pakistanlı zəvvarın olduğu avtobus aşıb.
APA-nın xəbərinə görə, İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.
Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Hadisənin səbəbi araşdırılır.
"İnsanların Covid-19 kimi bir vəziyyətlə üzləşəcəyimizdən narahat olmalarına ehtiyac yoxdur".
Bunu Anadolu Agentliyinə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib.
Virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edən Harris, meymunçiçəyi virusu haqda sözlərinə belə davam edib:
"Bu virusa yoluxan biri ilə təmasda olanların bu təmasdan sonra 4 gün ərzində bu peyvəndləri alması tövsiyə olunur. Peyvənd edilməli olan digər qrup isə epidemiyanın baş verdiyi bölgənin səhiyyə işçiləridir. Həmçinin, daha çox risk altında olanlara kütləvi peyvənd edilməsi tövsiyə edilmir. Bu, virusun yoluxduğu yerlərdə məqsədyönlü peyvənd etmək lazımdır.
Buna görə də Şimali Avropa, ABŞ və Yaponiyanın yaxşı qaynaqları var və biz hasilatı artırmaq, eləcə də bu ehtiyatları lazım olan yerə çatdırmaq üçün çalışırıq. Kimin xəstə olduğunu bildiyiniz və yaxşı izolyasiya tədbirlərinə sahib olduğunuz müddətcə, onu çox asanlıqla dayandırmaq olar, qapanmaya ehtiyac yoxdur, kimin xəstə olduğunu dəqiq bilmək üçün çox yaxşı nəzarət lazımdır. Sizə yaxşı laboratoriya diaqnostikası lazımdır ki, kimin xəstə olduğunu, virusun harada olduğunu və dəyişib-dəyişmədiyini izləyə biləsiniz".//APA