![]() |
|
İsrail ilə HƏMAS hərəkatı arasında müharibə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Məlumata görə, ölənlərin hamısı 8 aydan kiçik olub. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.
Həm NATO, həm də Rusiya Ukrayna savaşından kənar birbaşa hərbi toqquşmaları qətiyyən istisna etmir, ona görə də, genişmiqyaslı savaş strategiyası da artıq hazırlanıb... Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcıdır və hətta bu, ən yaxın vaxtlarda faciəvi reallığa çevrilə bilər...
Ukrayna savaşı artıq mövcud başlanğıc sərhədlərini açmış oldu. Bir müddət öncəyə qədər bu, o qədər də inandırıcı görünmürdü. Hətta bunun heç vaxt mümkün olmayacağını isbat etmək üçün müəyyən arqumentlər də gündəmə gətirilirdi. Xüsusilə də, Rusiyanın hərbi potensialının daha üstün olması barədə ehtimallar ön plana çıxarılırdı. Və bununla da Ukrayna savaşının yalnız Rusiyanın nəzarətində qalacaq bir müharibə modeli olduğu vurğulanırdı.
Ancaq həmin dövrdə dəfələrlə bu mövqenin yanlış olduğunu sübuta yetirən arqumentlər də sadalanmışdı. Belə davam edərsə, Ukrayna savaşının əvvəl-axır daha geniş areala yayıla biləcəyi barədə kifayət qədər inandırıcı xəbərdarlıq mesajları da verilmişdi. Üstəlik, bu halda, baş verə biləcək olduqca təhlükəli proseslər barədə də müəyyən mülahizələr müzakirəyə çıxarılmışdı. Və bu, onu göstərir ki, Ukrayna savaşı nə vaxtsa, ümumiyyətlə, nəzarətdən tamamilə çıxa bilər.
Onu da qeyd etmək lazımdır ki, indi artıq vaxtilə kəskin müzakirə və mübarizə mövzusu olan situasiya yaranmağa başlayıb. Belə ki, Ukrayna savaşı öz əvvəlki arealını artıq aşıb. Müharibə poliqonuna indi Rusiya ərazisi də daxil olunub. Kreml üçün nə qədər gözlənilməz olsa da, hərbi əməliyyatlar Rusiya ərazisinə sıçrayıb. Rusiya ordusu isə ölkənin sərhədlərinə nəzarəti yenidən bərpa etməkdə ciddi çətinliklərlə üzləşib. Və Kreml çaşqın vəziyyətdə olmaqla yanaşı, həm də çarəsiz görünür.
Belə anlaşılır ki, Ukrayna savaşı nəhayət, bu müharibəni ssenarilışdirənlərin planlarına uyğun istiqamət almağa yönəlib. Hər halda, indi müharibə həm Rusiya ərazisinə sıçrayıb və Kreml yeni situasiyaya tamamilə hazırlıqsız yaxalanıb. Yəni, Kremlin savaş poliqonunda situasiyanı öz xeyrinə dəyişməyə nail olması üçün artıq xeyli zaman və əlavə hərbi potensial, eləcə də, maliyyə-iqtisadi resursların sərf olunmasına ehtiyac yanacaq. Halbuki, Kremlin ixtiyarında hazırda belə hərbi və iqtisadi potensialın olduğu bir qədər şübhə doğurur. Və bu baxımdan, Qərb siyasi dairələri yaxın aylarda gələcəyə yönəlik planlarını dəqiqləşdirmək üçün əlavə zaman qazanmış kimi görünürlər.
Maraqlıdır ki, ABŞ və Qərb Ukrayna savaşını ssenariləşdirərkən daha uzaqgedən hədəflərə malik olduqlarını da qətiyyən göstərmirdilər. Hər halda, Qərbdə bu savaşla kifayətlənməyəcəkləri açıq-aşkar nəzərə çarpırdı. Xüsusilə də, Ukrayna savaşından sonrakı mərhələyə əsasən iki variant üzərindən - Rusiyanın məğlubiyyəti və qələbəsinə bağlı ehtimallardan yanaşılırdı. Çünki savaşın başlanğıc mərhələsində bu variantlardan hansının reallığa daha yaxın olduğunu müəyyən etmək mümkün deyildi. Və bu səbəbdən də Qərbin ehtiyat variantları artıq mövcud idi.
Məsələ ondadır ki, Qərbin əsas strateji hədəfləri məhz Rusiyanın hərbi məğlubiyyətinə bağlı ehtimal üzərində qurulub. Qərb siyasi dairələri Ukrayna savaşı vasitəsilə zəiflədilərək, Rusiyanın sərhədləri daxilinə sıxışdırılmış Kreml hədəfinə can atır. Bu halda, Qərbin Rusiya ilə bağlı problemləri böyük ölçüdə sıradan çıxarılmış ola bilər. Yəni, beynəlxalq məkanda Kremlin siyasi iradəsinin əhəmiyyətsiz faktora çevrilməsi də mümkündür. Və bu, o deməkdir ki, Qərb Rusiyanı dünyada hegemonluq rəqabətində görmək istəmir.
Ancaq Rusiyanın Ukrayna savaşında hərbi qələbəsi Qərb üçün əsl fəlakət variantı hesab olunur. Çünki bu halda, Kreml ABŞ və Qərbə Rusiyanın siyasi iradəsini diqtə etmək şansı qazana bilər. Ümumiyyətlə, Rusiyanın Ukrayna savaşında qələbəsi ABŞ və bütövlükdə isə NATO-nun strateji məğlubiyyəti anlamına da gələ biləcək ssenaridir. Üstəlik, bu ssenari reallaşarsa, Avropa məkanı tamamilə Rusiyanın təsir dairəsinə də düşə bilər. Və Kreml "qoca qitə"dən üzləşəcəyi istənilən müqavimət cəhdinə dərhal Rusiyanın Avropaya hərbi müdaxiləsi ilə cavab vermək imkanı qazanardı.
Təbii ki, Qərbdə bu variantın reallaşma ehtimalından ciddi əndişə duyulur. Ona görə də, Ukrayna ordusunun hazırda Rusiya ərazisində hərbi əməliyyatlar keçirməsi Qərbdə müəyyən mənada, gələcək planlara əminlik yaradıb. Halbuki, Qərb siyasi dairələrinin Rusiyanın qələbəsinə yönəlik ən arzuolunmaz varianta da artıq hazır olduqları qətiyyən şübhə doğurmur. Belə ki, bəzi məlumatlara görə, NATO Şərqi Avropa regionunda genişmiqyaslı hərbi əməliyyatlar üçün yetərli sayda canlı qüvvə və döyüş texnikası cəmləşdirib.
Üstəlik, NATO Rusiyanın Qərb sərhədlərinə topladığı hərbi kontingenti ehtimal olunan savaşa hazırlamaq üçün bir neçə genişmiqyaslı hərbi təlimlər də keçirib. Bununla da Kremlə NATO-nun Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda olması barədə açıq xəbərdarlıq mesajı verilib. Və Kreml üçün belə mesajların kifayət qədər arzuolunmaz xarakter daşıdığı isə Rusiya siyasi dairələrinin reaksiyalarından açıq-aşkar müşahidə olunur.
Məsələ ondadır ki, Kreml Rusiya və NATO arasında hərbi toqquşmaların olmasında qətiyyən maraqlı deyil. Çünki Kremldə anlayırlar ki, Rusiyanın NATO-ya qalib gəlmə şanslarına yalnız sadəlövhlər inanar. Hər halda, NATO-nun kənardan dəstək verdiyi Ukrayna ordusu ilə qarşıdurmaya çətinliklə duruş gətirən Rusiyanın bu hərbi-siyasi alyansla birbaşa toqquşmaya tab gətirməsi real görünmür. Bu isə o deməkdir ki, Kreml mümkün olduğu qədər bu təhlükədən Rusiyanı yayındırmağa məcburdur. Və Ukrayna ordusunun Rusiya ərazisinə belə rahatlıqla girə bilməsindən sonra bu, daha da açıq şəkildə etiraf edilə biləcək bir reallıqdır.
Bütün bunlara baxmayaraq, NATO kimi, Rusiya da ehtiyat variantların hazırlanmasına ehtiyac duyur. Qərb siyasi dairələrinin iddialarına görə, Kremlin NATO ilə savaş strategiyası artıq hazırlanıb. Həmin strategiya hələlik daha çox Avropa ölkələrinə uzaqmənzilli ballistik raketlər ilə dəqiq zərbələrin endirilməsini ön planda tutur. Qərb siyasi dairələri iddia edirlər ki, Kreml ilk növbədə Avropa ölkələrinin həyati əhəmiyyət daşıyan strateji obyektlərini hədəfə almağı planlaşdırır. Və bununla da, "qoca qitə"də həyat şərtlərinin, eləcə də, Rusiyaya müqavimət imkanlarının iflic edilməsinə ümid bəslənilir.
Göründüyü kimi, hər iki tərəf artıq Ukrayna savaşından kənar toqquşmaları istisna etmir. Ona görə də, həm NATO, həm də Rusiya birbaşa toqquşmaların baş verəcəyi təqdirdə, genişmiqyaslı savaş strategiyası da hazırlayıb. Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcı görüntülər alıb. Və hətta Ukrayna savaşının öz arealını genişləndirməsi ilə bu, ən yaxın vaxtlarda reallığa çevrilə bilər.(Yeni Müsavat)
“Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır”.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bildirib.
O, bütün ölkələri “nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə” çağırıb.
Rusiya Federasiyasının İrkutsk vilayətində TU-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz Telegram kanalında yazıb.
“TU-22M3 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər bütün gecə davam edib. Çox təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmadı”, - Kobzev yazıb.
Onun sözlərinə görə, digər pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar və onlar xəstəxanaya yerləşdiriliblər.
“İndi mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər. İlkin versiyada texniki nasazlıq olub”, - qubernator qeyd edib.
Aropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturun başa çatdığını elan ediblər.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Müşahidələr göstərib ki, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Mütəxəssislər qeyd ediblər ki, ötən ilin iyul ayında dünya üzrə orta hava temperaturu 16,91°C olub ki, bu da bir il əvvəlki nəticədən 0,04°C azdır.
Tədqiqatçılar hesab edirlər ki, qlobal temperaturun uzun müddət yüksək olması bir sıra amillərin birləşməsindən qaynaqlanır. Bunda karbon və digər istixana qazlarının, o cümlədən metanın antropogen emissiyaları mühüm rol oynayıb.
Bununla belə, istiləşmə həm də Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və son Günəşdə hiss edilən aktivlik ilə əlaqədardır.
Alimlər əlavə ediblər ki, “El Nino” öz yerini daha soyuq “La Nina”ya verdiyi üçün qlobal temperatur aşağı düşməyə davam edəcək, lakin 2023/24-cü ildən əvvəlki səviyyələrə çata bilməyəcək.
Digər tərəfdən qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir və 2000-ci illərin əvvəllərindən bəri aşağı səviyyəyə düşüb.(Report)
"Düşmən birlik dövlətinin sərhədini keçənə qədər ölkə ərazisində mövcud olan taktiki nüvə silahlarından (TNS) istifadə etməyi planlaşdırmırıq".
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Biz taktiki nüvə silahları hazırlandıqda, xarici rəqiblərə (baxmayaraq ki, onlar "səfeh silahdan istifadə edəcəyimizi" iddia edirlər) birbaşa bildirdik ki, siz bizim dövlət sərhədimizə addım atmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Axı bu, bizim birlik dövlətimizin sərhədidir", - Belarus lideri "Rossiya-1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində bildirib.
Qeyd edilib ki, Lukaşenko bunu Ukrayna XİN-in ölkənin hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə bağlı bəyanatına sərt cavab olaraq söyləyib.
İsrail ordusu (SAXAL) Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizində radikal HƏMAS hərəkatına aid 50 tunelin məhv edildiyini bildirib.
Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
"Hərbçilər bir aydır ki, Rəfahdakı Filadelfiya dəhlizində əməliyyat apararaq yeraltı terror infrastrukturunu müəyyənləşdirib və məhv ediblər. Son bir həftə ərzində HƏMAS-ın 50-yə yaxın tuneli dağıdılıb", - məlumatda bildirilir.
Gorus-Qafan yolu 2020-ci il dekabrın 18-də rəsmi olaraq Azərbaycan ərazisi kimi tanındı.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan çıxış edib.
Onun sözlərinə görə, müharibənin bitməsindən bir ay sonra yolun Azərbaycana təhvil verilməsi ilə bağlı sənəd imzalanıb:
“İrəvan bununla bağlı rəsmi protokolu təsdiqlədi və ərazini təslim etdi, çünki həmin vaxt Azərbaycan Ordusunun Gorus istiqamətində hücuma hazırlaşdığına dair informasiya var idi. Rusiya isə sözügedən yola nəzarət etmək üçün hazırlıq görürdü. Lakin Azərbaycan yolu öz ərazisinin tərkib hissəsi kimi rəsmi sənədlə təsdiqlədi. 2021-ci ildə isə oranı bağladı. İrəvana şərt qoyulmuşdu ki, Naxçıvana maneəsiz gediş-gəliş üçün şərait yaradılacağı zaman bu yol da açılacaq. Beləliklə Moskvanı da istəyindən məhrum etdilər”.
“Maraqlıdır ki, o zamankı Prezident Armen Sərkisyan və deputat Armen Tatoyan sənəd imzalandıqdan sonra hələ bağlanmamış Gorus-Qafan yoluna getmişdilər. Lakin oranın təhvil verildiyini açıqlamadılar”, – Baqratyan bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan 2021-ci ildən yola Azərbaycanın nəzarət etdiyini və bununla bağlı rəsmi sənəd imzalandığını açıqlayıb. Keçmiş XİN başçısının iddialarına görə, yola nəzarətin itirilməsi aylarla Ermənistan xalqından gizlədilib. Hətta bu gün də təhvil-təslimlə bağlı rəsmi sənəd Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilir.