![]() |
|
Böyük Britaniya Ukraynanın təhlükəsizlik təminatlarını sürətləndirmək üçün aparıcı rol oynamağa və lazım gələrsə, ölkəyə hərbi qüvvələrini yerləşdirməyə hazırdır.
Bu barədə Britaniyanın baş naziri Kir Starmer açıqlama verib.
“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməkdə liderlik etməyə hazırdır. Bu, Ukrayna ordusuna əlavə dəstək göstərilməsini nəzərdə tutur. Artıq 2030-cu ilə qədər hər il 3,8 milyard dollar ayırmağı öhdəmizə götürmüşük. Lakin bu, həm də lazım gələrsə, təhlükəsizlik zəmanətlərinə qoşunlarımızı Ukraynaya göndərməklə töhfə verməyə hazır olduğumuz deməkdir”, – deyə Starmer vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın gələcəyi bütün Avropa üçün “ekzistensial əhəmiyyət” daşıyır. Bu səbəbdən Avropa dövlətləri öz müdafiə xərclərini artırmalıdır.
Starmerin bu bəyanatı Qərb dövlətlərinin Ukraynaya dəstəyini genişləndirmək niyyətində olduqlarını göstərir. Lakin Britaniya qoşunlarının Ukraynaya göndərilməsinin Rusiyanın reaksiyasına necə təsir edəcəyi hələlik məlum deyil.
Vaşinqton administrasiyası Avropa ölkələrinə Ukraynaya tədarük etmək üçün ABŞ-ın hərbi-sənaye kompleksindən silah və digər hərbi avadanlıqlar almağa icazə verəcək.
Bu barədə Donald Tramp açıqlama verib.
Bazar günü Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlər Trampdan Avropa dövlətlərinə belə bir icazə verib-verməyəcəyini soruşublar.
"Bəli, mən bunu edəcəyəm", – deyə Tramp cavab verib.
Ekspertlər hesab edirlər ki, bu qərar Avropa ölkələrinin Ukraynaya dəstək vermək imkanlarını artıracaq. ABŞ hərbi-sənaye kompleksi uzun müddətdir ki, Qərb müttəfiqləri üçün əsas silah tədarükçülərindən biridir və bu addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirə bilər.
Eyni zamanda, bu qərarın Rusiyanın reaksiyasına və beynəlxalq siyasətdəki gərginliyə necə təsir edəcəyi ilə bağlı suallar yaranır. ABŞ və Avropa ölkələri Ukraynanı silahla təmin etməyə davam etsələr də, bu siyasətin uzunmüddətli nəticələri barədə müxtəlif fikirlər səsləndirilir.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq istəməməsinin Vaşinqton üçün böyük problem olacağını deyib.
O, bunu jurnalistlərə açıqlamasında deyib. Bundan əlavə o qeyd edib ki, lakin Rusiya lideri sülhə can atır.
“Düşünürəm ki, o, məsələnin öhdəsindən gəlmək istəyir və onlar (ruslar) bunu tez bir zamanda həll etmək istəyirlər”,- deyə Tramp əlavə edib.
Qeyd edək ki, Volodmir Zelenski də Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır.
"II Dünya müharibəsindən bəri Avropa ABŞ-nin təhlükəsizlik çətiri altnda hərəkət edib, lakin Tramp administrasiyası artıq tarazlığı pozub".
Bu sözlər BBC-nin şərhində deyilir.
Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın gələcəyini müzakirə etmək üçün Avropa liderlərini Parisə təcili görüşə çağırdığı xəbərdə öz əksini tapıb.
BBC təcili toplantını "Avropa təlaş içindədir. Bazar ertəsi günü Parisdə tələsik təşkil edilən təhlükəsizlik zirvəsi bunun sübutudur" sözləri ilə şərh edib.
"Hələ də ABŞ-nin Ukraynanın gələcəyi ilə bağlı Rusiya ilə apardığı müzakirələrə dəvət edilməmələrinin şokunu yaşayırlar. ABŞ Prezidenti Donald Tramp bazar günü açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə çox yaxında görüşə biləcəyini söyləyib.
Avropa bu Paris iclası ilə Trampın 2 əsas tələbi məsələsində addım atmağı umur. Tramp hakimiyyətinin Avropa ilə münasibətləri ya da Avropanın müdafiəsini prioritet kimi görmədiyi reallığı ilə barışmaq məcburiyyətindədirlər", - deyə BBC yazır.
Qeyri-rəsmi sammitə Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya və Danimarkadan liderlər dəvət olunub. "Le Monde"nin məlumatına görə, dəvət edilən bütün liderlərin Makronun ev sahibliyi altında görüşəcəyi gözlənilir.
Avropanın Paris görüşündən sonra Vaşinqtona nümayəndə göndərməyi planlaşdırdığı bildirilir.
Məsələn, İtaliyanın baş naziri Corciya Meloni Tramp administrasiyasına yaxındır. BBC-nin məlumatına görə, Britaniyanın baş naziri Keir Starmer də yaxın bir neçə gün ərzində Vaşinqtona səfər etməyi planlaşdırır. Bu, Avropa və ABŞ arasında körpü yaratmaq üçün bir fürsət ola bilər. Paris sammiti həmçinin Böyük Britaniya və Avropa arasında "Breksit"dən sonrakı münasibətləri bərpa etmək imkanı yaradır.
Qeyd edək ki, D.Tramp Palm Beach beynəlxalq hava limanında mətbuata açıqlamasında Putinlə yaxın vaxtda görüşə biləcəklərini deyib. O, həmçinin söyləyib ki, Putin müharibəni sonlandırmaq niyyətindədir.
Xatırladaq ki, Trampın daha əvvəl rusiya-Ukrayna müharibəsi ilə bağlı aşağıdakı sülh planını təklif edib:
Rusiya müharibədə irəliləməyi dayandıracaq.
Avropa qoşunları yeni hərbi bufer zonası yaradacaq, lakin bu ərazidə ABŞ hərbçiləri olmayacaq.
Ukrayna NATO-ya daxil ola bilməyəcək, lakin 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcək.
Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin itirilməsi ilə barışacaq.
ABŞ Ukrayna ordusuna dəstəyini davam etdirəcək, lakin Aİ-nin sülh prosesində liderlik etməsini istəyəcək.
Lakin Zelenskinin komandası bu planın Rusiya propaqandası ola biləcəyini əsas gətirərək planı rədd edib.
ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı ilk üzbəüz danışıqların keçiriləcəyi Səudiyyə Ərəbistanına uçmazdan əvvəl Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Kiyevin qarşıdakı müzakirələrdə iştirakı ilə bağlı bir sıra sualları cavablandırıb.
O, ABŞ rəsmilərinin Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.
Ukraynanın danışıqların bir hissəsi olduğunu qeyd edən rəsmi nümayəndə Kiyev nümayəndələrinin Səudiyyə Ərəbistanında iştirak edib-etməyəcəyinə konkret açıqlama verməyib.
O, həmçinin söyləyib ki, danışıqlar “kimsəni onlardan kənarlaşdırmaq” məqsədi daşımır və əlavə edib ki, görüşlər Trampın göstərişi ilə keçiriləcək.
Səudiyyə Ərəbistanı təkcə Rusiya və ABŞ arasında Ukrayna nizamlanması üzrə danışıqlar üçün platforma yaratmaq niyyətində deyil, həm də danışıqlarda vasitəçi kimi çıxış edəcək.
Bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə adı açıqlanmayan ölkənin milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.
Bundan əlavə, Rusiya və Ukrayna nümayəndələrinin ilk görüşü fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq. Ukrayna nümayəndə heyəti görüşə dəvət edilməyib. "NBC News"un məlumatına görə, ABŞ hakimiyyəti əvvəlcə Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparmağı, yalnız bundan sonra birgə sammit keçirməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sənədi imzalamaqdan imtina edib.
Bu barədə “The Washington Post”un jurnalisti Coş Roqin yazıb.
“Münhendə bir neçə rəsmi şəxs mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ABŞ-nin Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə hüquqlarını verəcək kağız parçası təqdim edib. Zelenski nəzakətlə onu imzalamaqdan imtina edib”, - o bildirib.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra Zelenski Kiyev və Vaşinqtonun nadir torpaq metalları ilə bağlı sənəd üzərində işləməyə davam edəcəklərini söyləyib.
Digər tərəfdən, Ukrayna Prezidenti "NBC News"a müsahibəsindən deyib ki, ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynanın “sağ qalmaq şansı azdır”.
“Yəqin ki, çox, çox, çox çətin olacaq. Və təbii ki, bütün çətin vəziyyətlərdə şansınız var. Lakin ABŞ dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq”, - deyə Zelenski qeyd edib.
Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə "Rosaviasiya" (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) nümayəndəsi Artem Korenyako məlumat verib.
Bildirilib ki, məhdudiyyətlər dron hücumlarından sonra tətbiq edilib. Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Rusiya səmasında 40 pilotsuz uçuş aparatı məhv edilib.
Altay Respublikasında 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Altay Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar respublikanın bütün ərazisində və Altay diyarının şərq hissəsində, eləcə də Tuvanın bir sıra rayonlarında hiss olunub.
Zəlzələnin episentri Qoş-Ağaç rayonunun Starı Beltir kəndi yaxınlığında qeydə alınıb. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Liviyanın cənub-şərqində, Kufrada kütləvi məzarlıqda ən azı 11 qaçqının cəsədi tapılıb.
Tapılan 55 kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı bugünkülər də daxil olmaqla 39-a çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyada iki kütləvi məzarlıqda tapılan cəsədlərin güllə yaraları olduğunu açıqlayıb. Bundan əvvəl Kufrədə daha 28 cəsədin tapıldığı açıqlanıb.