Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu
"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.

Bu barədə "Report"a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub. 

Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb: "Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir". 

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb. 

Həbib Nurməhəmmədovun atasını süni tənəffüs aparatına qoşdular
Koronavirus infeksiyası diaqnozu qoyulan Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanapın vəziyyəti daha da ağırlaşıb.

“Telegram” sosial şəbəkəsində “Mash” xəbər kanalının yaydığı məlumata görə, Həbibin atasının ciyərlərinə su dolub. Hazırda məşqçi süni tənəffüs aparatına qoşulub.

O, sətəlcəmdən sonra yaranan fəsadlar səbəbi ilə insult da keçirib. oxu.az

Şəhriyar Məmmədyarov dördüncü yeri tutdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn "Steinitz Memorial" turnirində çıxış edib.

Report xəbər verir ki, yarışda 10 qrossmeyster 2 dövrəlik mübarizə aparıb.

Dünya çempionu Maqnus Karlsen 12 xalla 1-ci yeri tutub. Sonrakı iki yeri Rusiya təmsilçiləri tutub. Daniil Dubov 10 xalla 2-ci, Petr Svidler 9,5 xalla 3-cü olub. Məmmədyarov isə ABŞ şahmatçısı Cefferi Şonq və vyetnamlı Le Kuanq Lyomla birgə hərəyə 9 xalla 4 - 6-cı yerləri bölüşüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 30 min ABŞ dolları təşkil edib.

Hər il iyun ayında Bakıda keçirilən və bu il pandemiya ilə əlaqədar təxirə salınan Formula-1-in nə vaxt keçiriləcəyi məlum olub.

Təşkilatçılar koronovirus səbəbindən təxirə düşmüş yarışların təqvimini elan ediblər.

Məlumata görə, Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. (axar.az)

Həbib Nurməhəmmədovun atası komaya düşdü
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap komaya düşüb.

Oxu.az xəbər verir ki, Dağıstanda müalicə aldıqdan sonra o, Moskva xəstəxanasına aparılıb.

Daha öncə Həbibin atası koronavirus diaqnozu qoyulmuşdu. Bu barədə xəbəri “Sport-Express” nəşri yayıb.

“Abdulmanapın vəziyyəti çox pisdir, o, Moskvada komadadır. Dağıstanda səhv müalicə aparılıb və fəsad yaranıb. Onu təyyarə ilə Moskvaya aparıblar, hazırda isə hərbi hospitalda müalicəsini davam etdirir. O, orada təkdir, qohumlarına yanına girməyə icazə vermirlər”.

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti Maqomed Əliömərov vəfat edib.

Report aməlumatına görə, dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib.

Kamil Zeynallının həbsinin təfərrüatı bilindi
“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.

Bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

Məşhur azərbaycanlı idmançı saxlanıldı
Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, son aylarda dəfələrlə həbs edilən milli fəal Təbriz şəhərində tutulub.

Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

O, daha öncə fevralın 27-də Qərbi Azərbaycan vilayətinin kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında, ictimai asayişi pozmaq ittihamı ilə İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanıldıqdan bir neçə gün sonra sərbəst buraxılmışdı. Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində saxlanılmışdı.

Neymarın son üç ildə aldığı maaş təəccübləndirdi
Braziliyalı məşhur futbolçu Neymarın hər oyuna görə aldığı məbləğ açıqlanıb.

'Paris Saint Germain'' dünyanın ən bahalı transferini edərək braziliyalı futbolçu Neymarı 222 milyon avroya öz komandasına transfer edib. Oyunlarda tez-tez zədələr alan Neymar koronavirus səbəbindən stadiondan uzaq qalıb. 2017-ci ildə transfer edilən Neymar komandaya qatıldığı gündən 155 oyundan 88-də iştirak edib. ''Paris Saint Germain'' klubu ulduz futbolçuya ildə 37 milyon avro maaş ödəyib. 1 oyun üçün 1 milyon 400 min avro alan Neymara son üç ildə 80 oyuna görə 111 milyon avro ödənilib. 

Firdovsi Umudovdan nümunəvi addım
Hər zaman beynəlxalq səviyyəli mötəbər yarışlarda, çempionatlarda, olimpiadalarda qazandığı qələbələrlə, əldə etdiyi nailiyyətlərlə ölkəmizi layiqincə təmsil edən, üçrəngli Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran, himnimizi şərəflə səsləndirən “Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov öz nəcib və xeyirxah əməlləri ilə də ürəkləri fəth edir.

Həmişə qayğıya ehtiyacı olan insanların yanında olan F.Umudov bu dəfə də onları tək qoymayıb.

Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan F.Umudov hər zaman qazaxlıların, həmyerlilərinin yanında olduğunu bir daha göstərib. O, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqla, sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirib.

“Gənc könüllülər”lə birlikdə həmyerlilərinin yanında olan F.Umudov tərəfindən Qazax rayonlararası Gözdən Əlillər Cəmiyyətinin 69 nəfər imkansız əlil üzvünə, Yuxarı Əskipara kəndindən məcburi köçkün olan ailələr də daxil olmaqla ümumilikdə də 250-yə yaxın maddi dəstəyə ehtiyacı olan aztəminatlı ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib. Onlar ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, hər zaman həmyerlilərinin yanında olan Firdovsi Umudova təşəkkürlərini çatdırıb. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən sakinlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətirib.

Firdovsi Umudov da öz növbəsində prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya koronavirusla mübvarizədə vaxtında atılan addımlara görə öz təşəkkürünü bildirib:

“Koronavirus pandemiyasını ciddi qəbul etməyən bir çox ölkə bundan əziyyət çəkib. Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci vitse-prezident Mehriban Əliyevaya koronavirusla mübarizə istiqamətində vaxtında görülən tədbirlərə görə təşəkkür edirəm. Dövlətin verdiyi qərarlar və ölkənin yüksək vəzifəli şəxslərinin müraciətləri bu gün Azərbaycanın virusa qarşı uğurla mübarizə aparmasında mühüm rol oynadı. 

Mən də bir Qazaxlı kimi doğma yurdumun sakinləri ilə görüşə gəldim. "Biz Birlikdə güclüyük!" İnanıram ki, kömək etmək imkanı olan hər kəs də bu kampaniyaya qoşulacaq”.

Xəbər lenti