![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılır.
Əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış məntəqəsinin 16 min nəfər əhalisinin əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemi sona çatdıracaq.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı kompleks tədbirlər davam etdirilir.
Bu istiqamətdə Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər sona çatdırılıb.
Yenidən qurulan və 14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.
Torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulması zəruri olan avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində və IV texniki dərəcəyə uyğun şəkildə inşa olunub.
Layihə üzrə yolun hərəkət hissəsinin eni 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Görülən işlər çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yol genişləndirilib. Torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib, ardınca yol əsasının alt və üst layının tikintisi yerinə yetirilib.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yeniləri ilə əvəzlənib, yolboyu su keçidlərinin, müxtəlif diametrli dəmir-beton suötürücü boruların tikintisi aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolda mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də layihə çərçivəsində icra olunub.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə başlanılıb, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib, yol nişanları və məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, avtomobil yollarının müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Sözsüz ki, Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinin də icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 4.6 km olan üç küçə təmir olunub.
Təmir işləri rayonun Kamil Rzayev (2.26 km), Yavər Əliyev (1.76 km) küçələri və 39-cu məhəllənin yollarında aparılıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27,600 kv.m təşkil edib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri, Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri icra olunub.
Təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel və 01 may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb.
Təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra isə yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.
28.5 km uzunluğa malik avtomobil yolu 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır.
Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq qaya qruntları dağıdılmaqla torpaq yatağının inşası aparılır.
Layihəyə uyğun olaraq yolun 26-km-lik hissəsində yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.
Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci km-lik hissədə yol yatağınin ikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata keçirilir.
Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşası aparılır.
Hazırda yolun 2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay, qazma və betonlanma işləri icra olunur. Yolun 21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə isə svay üçün hazırlıq prosesi aparılır.
Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb. Küçənin ortalama eni 10 metr təşkil edir.
Hazırda küçəboyu zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılır. Bu istiqamətdə 1200 p/metr uzunluğunda köhnə səki daşları 1700 p/metr yenisi ilə əvəzlənib.
Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Hazırda təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy Vəzirov (122 metrlik hissəsində) küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələrində də təmir işləri aparılıb.
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun yenidən qurulması işlərinin icrası yekunlaşdırılıb.
Başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub.
2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə qalıb.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri aparılıb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə uyğun zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, avtobus dayanacaqları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılaraq yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün aparılmış yenidənqurma işləri 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olub
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
5 hissə üzrə tikinti aparılan magistral yol layihəsinin icrası Agentliyin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Belə ki, Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə mütəmadi olaraq tikinti meydançasına baş çəkir, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, həmçinin 8 körpü və yol ötürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü boru inşa edilib, 4 körpünün tikintisi isə davam edir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan hissələrdə artıq asfaltanma işlərinə start verilib.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, 7 körpü və 4 yolaltı keçidin inşası aparılır. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması isə son mərhələ üzrə yerinə yetirilir.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda asfalt-beton örtüyünün döşənməsi, əyrixətli dəmir tirlərin quraşdırılması işləri görülür.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də icra olunur.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilməlidir.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 360 metr uzunluğa malik Mustafa bəy Topçubaşov küçəsi əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 7 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub və abadlaşdırılıb, köhnə səki daşları 610 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ardınca isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb. Yaxın günlərdə piyada zolaqlarının çəkili işləri icra olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsində olacaq.
Hazırda təmir işləri rayonun ümumi uzunluğu 2 km-ə yaxın olan Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam etdirilir. Təmir işlərinin bitməsi ardıcıllığına uyğun olaraq, Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində artıq Mustafa bəy Topçubaşov küçəsindən əlavə Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1161 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m) və Ağadadaş Qurbanov (295 m) küçələrində də təmir işləri aparılıb.
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...