İlham Əliyev İranın nazirini qəbul etdi — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev İranın nazirini qəbul etdi — FOTO
Prezident beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına məktubla müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli sərgi iştirakçıları!

Sizi Bakı şəhərində XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel” sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilib.

Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşıb.

Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur.

Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur.

İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir”.

Prezident İlham Əliyev Vəli Hüseynovu işdən çıxardı
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

Report xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

Vilayət Eyvazovdan Tovuza YENİ TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.
"Report" xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sergey Viktoroviç.

Sizi Azərbaycanda yenidən salamlamağa şadam. Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri, müntəzəm səfərləri yaxşı ənənəyə çevrilib. Əlbəttə ki, ton verən prezidentlərdir. Bu il biz Vladimir Vladimiroviç ilə beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüşük – Pekində və Soçidə. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu.

Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur.

Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Mənim dost Azərbaycana növbəti səfərim çərçivəsində Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz həqiqətən münasibətlərimizi analoji şəkildə qiymətləndiririk, onlar yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir. Siz xatırlatdığınız kimi, Prezident Putin ilə Sizin müntəzəm əlaqələriniz bunu təsdiq edir. Həm Çində, həm də Soçidə “Valday” Forumunda Sizin iştirakınız çərçivəsində geniş söhbət oldu. Soçidə çox faydalı ikitərəfli görüş, dünya siyasətinin və regional siyasətin mühüm problemlərinə dair Sizin iştirakınızla çox maraqlı çoxtərəfli diskussiya oldu.

Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu – innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək.

Siz də xatırlatdığınız kimi, əmtəə dövriyyəsi sürətlə artır. Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.

Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.

Buna görə də, hörmətli İlham Heydər oğlu, Sizinlə söhbət etmək imkanına görə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Ümidvaram ki, sabah da davam edəcək bu səfər bizim münasibətlərimizi daha yüksək etimada əsaslanan, daha məhsuldar səviyyəyə çatdırmağa kömək edəcək. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.
Vilayət Eyvazov Türkiyənin Əmniyyət Genel Müdirini qəbul edib
Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib

Dekabrın 2-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir cənab Mehmet Aktaşı Emniyet Genel Müdiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi kökə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik Vilayət Eyvazov müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun «Bir millət, iki dövlət» siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ədoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Nazir dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyada bir nümunə olduğunu, cənab Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V.Eyvazov bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Emniyet Genel Müdirliyinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb, buna görə cənab Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etbarlı şəkildə qorunması barədə məlumat verib.

Problemlərə toxunan cənab Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri Mehmet Aktaş ölkəsinin Daxili İşlər Naziri cənab Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdıraraq, qısa zaman kəsiyində qardaş Azərbaycanın qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. O, deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir.

M.Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

Prezident: "Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi"
Bunu İlham Əliyev Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib

"Bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı Formula 1 yarış lap əvvəldən həqiqətən də cəlbedici olub". Bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. "Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır", - deyə dövlət başçısı vurğulayıb.
TANAP Avropaya bağlandı — VİDEONoyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
"Ölkə.Az" Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışıblar.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğuladı. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışıb.

“Bu, həm də bir sülh layihəsidir”, - deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirib. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi olub.
Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir.

Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və indiyədək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

Vilayət Eyvazov onu rəis təyin etdi
Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Sahib İskəndərov DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına rəis təyin edilib. 

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

Nazir polkovnikə yeni vəzifə verdi - TƏYİNAT
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. “Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, məlumatı ilk olaraq strateq.az saytı yayıb.

Xəbər lenti