Prezidentdən yeni TƏYİNAT
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

Heydər Əliyevin vəfatından 16 il ötür


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.
Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Robert Dadli dedi:

-Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi:

-Sizi yenidən görməyə şadam. Azərbaycana yenidən xoş gəlmisiniz. Mənə məlumat verilib ki, siz gələn il vəzifənizi tərk edəcəyinizlə bağlı açıqlama vermisiniz. Bu imkandan istifadə edərək Azərbaycanda biznesin inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımı bildirmək istərdim. Biz sizinlə bir neçə dəfə birgə layihələrimiz barədə müzakirələr aparmışıq və bildiyimə görə, BP-nin prioritetləri siyahısında bu layihələr ən yüksək mövqedədir. Bilirsiniz ki, BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir. Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm.

Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var.

Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, - 90 faizi artıq tamamlanıb, - həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq.

Cənab prezident, bir daha sizə şəxsən verdiyiniz töhfələrə, tərəfdaşlığınıza görə minnətdarlığımı bildirmək istərdim. Sizə uğurlar arzulayıram və əziz qonağımız kimi gələcəkdə sizi daha çox görməyə ümid edirəm.

Robert Dadli dedi :

-Təşəkkür edirəm, cənab Prezident. Bu, Azərbaycanın enerji tarixində çox mühüm hadisədir. Demək istəyirəm ki, onlardan biridir. Sizin uzaqgörən atanız və Siz bunun əsasını qoyarkən bir neçə ölkəni mürəkkəb regionda bir araya gətirdiniz. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi və irəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var.

Fikrimcə, bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Təsəvvür etsək ki, Yer kürəsinin elə bir yeri yoxdur ki, misal üçün, Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya gedən boru kəmərinin ekvivalentini orada tapmaq olsun. Məncə, Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi. Bu illər ərzində bütün bu ən mürəkkəb ideyaların reallığa çevrilməyini görmək baxımından Sizinlə və Sizin komanda ilə - Rövnəq və Elşadla birgə işləmək şəxsən mənim üçün çox xoş oldu. Bu, möhtəşəmdir.

BP-dəki insanların uzun illər boyunca əzmkarlığı çox diqqətəlayiqdir. Cənab Prezident, mən çox məmnunam – BP-də 40 illik fəaliyyətimdən, 10 ilə yaxın baş icraçı direktor olmağımdan və indi də estafeti rahat şəkildə Bernard Luniyə təhvil verməyimdən məmnunam. Bernard çox yaxşı işləyəcək və Azərbaycandakı işlərimizə eyni dərəcədə bağlıdır.

Vilayət Eyvazovdan daha bir təyinat


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Azvision.az məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, S.Qayıbov bundan əvvəl Abşeron Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.
Vilayət Eyvazovdan yeni
Daxili İşlər orqanında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Nizami Paşayev tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə N.Paşayev Sumqayıt Şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib.

Prezident onu “Əmək” ordeni ilə təltif etdi — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlişir Veys oğlu Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Əlişir Musayev AMEA-nın müxbir üzvü (2017), tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur.
Azərbaycan Prezidenti: "Rusiya ilə fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük"


"İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.

Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir", - deyə, dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq:

"Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.

Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.

Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək".
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.
 
Yol-xeber.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
 
Xəbəri Xaçmaz rayon polis şöbəsindən təsdiqləyiblər.
 
Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.
İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Yaxın vaxtlarda Şahxəndan türbəsinin konservasiyasına başlanacaq.
Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.
 
DİN-in polkovniki təqaüdə göndərilib
Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini – "Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla əlaqədar keçirilən yolasalma mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzulayıb, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, polis polkovniki Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, "İgidliyə görə” medalı ilə təltif olunub, DİN-in bir çox mükafatlarına layiq görülüb.

Sonda nazir Vilayər Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in "Fəxri fərman”ını C.Xaspoladova təqdim edib.

Yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Cavid Xaspoladov öz bilik və bacarığını, təcrübəsini bundan sonra da əsirgəməyəcəyinə, polisin şərəfini daim uca tutacağına söz verib. 

Xəbər lenti