Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib - FOTO
Müraciətlərin böyük əksəriyyəti elə yerində həllini tapıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 29-da Sumqayıt şəhərində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Daxili İşlər naziri əvvəlcə şəhərin mərkəzində, Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra şəhər polis idarəsində Sumqayıt da daxil olmaqla respublikanın Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 28 nəfər ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerində həllini tapıb.

 

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

 
İsrafil Məmmədova yeni vəzifə verildi — Prezident qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilmişdir. Siz on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.

Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir. Onların arasında təhsillə bağlı olan layihələr var. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi - bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib.

Bir sözlə, deyə bilərəm ki, bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda, Fondumuzun beynəlxalq imici də çox müsbətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir. Onu da bildirməliyəm ki, mənim təşəbbüsümlə Azərbaycan o vaxt Böyük Britaniyanın Baş Naziri tərəfindən irəli sürülmüş təşəbbüsə qoşuldu. Təşəbbüsün adı Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü idi. Azərbaycan bu təşəbbüsə qoşulan və onun bütün meyarlarını təmin edən ilk ölkələrdən idi. Uzun illər biz bu təşkilat çərçivəsində fəaliyyət göstərmişdik. Ancaq görəndə ki, artıq bu təşkilat öz mahiyyətini itirir, burada siyasiləşmə prosesi gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, əgər buna son qoyulmasa, Azərbaycan bu təşkilatdan çıxacaqdır. O vaxt mən bunu bildirəndə, sözün düzü, təşkilatın rəhbərliyi buna o qədər də inanmadı. Yadımdadır, o vaxt mənim təşkilatın rəhbər işçiləri ilə görüşüm keçirilmişdir və mən açıq dedim ki, mənim sözümlə əməlim arasında fərq yoxdur. Əgər deyirəmsə, biz buradan çıxacağıq və belə də oldu. O qərarı biz qəbul etdik, o, asan qərar deyildi. Çünki biz bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri kimi, bu təşkilatın formalaşmasında da önəmli rol oynamışdıq. Ancaq həyat göstərdi ki, nə qədər düzgün addım atıldı. Bizdən bir qədər sonra Amerika Birləşmiş Ştatları da bu təşəbbüsdən çıxdı və beləliklə, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü adlandırılan qurum tamamilə nüfuzdan düşdü və bu gün onun adı heç yerdə çəkilmir. Bu təşkilatda üzvlüyümüz, əslində, bizim niyyətimizə o qədər də böyük təsir etmədi. Çünki şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin - 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq.

Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi.

Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır.

Sizə isə tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əmniyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan Neft Fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır.
Artıq il başa çatır. Bu il əldə edilmiş nailiyyətlər və gələn il planlaşdırılan addımlar haqqında məlumat verin.

İsrafil Məmmədov : Möhtərəm cənab Prezident. İlk növbədə, göstərdiyiniz bu böyük etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz dediyiniz kimi, bu il Azərbaycan Respublikasının Dövlət Neft Fondu Ulu Öndər tərəfindən yaradılmasının 20 illiyini qeyd edir. Qeyd etdiyiniz kimi, bu 20 il ərzində Dövlət Neft Fondu aktivlərin ildən-ilə artan, beynəlxalq səviyyədə nüfuzlu və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan maliyyə qurumuna çevrilibdir.

Möhtərəm cənab Prezident, Sizin hər zaman verdiyiniz yüksək qiymət bizim üçün böyük şərəfdir. Biz - Dövlət Neft Fondunun kollektivi də həmişə Fondun Sizin qarşınızda götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyib. Təbiidir ki, bu nailiyyətlərin heç biri Sizin dəstəyiniz olmadan mümkün olmazdı. Fondumuzun bütün kollektivi də daim Sizin diqqətinizi hiss edib. Siz bütün işlərimizdə bizə dəstək olmusunuz.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, göstərdiyiniz bu böyük etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çox minnətdaram, cənab Prezident.

Siz qeyd etdiyiniz kimi, bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib. Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir. Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda, dünyanın aparıcı fondları ilə də, - o fondların vəsaiti yüz milyardlarla ölçülür, - əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. Bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir. Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.

Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik.

İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

İsrafil Məmmədov: Çox sağ olun, çox minnətdaram.
Anar Ələkbərov Prezidentin köməkçisi təyin edilib


Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamına əsasən Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Prezident bu şəxsə general-polkovnik rütbəsi verdi


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verib.
Bununla bağlı dövlət başçısı bu gün sərəncam imzalayıb.
Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edildi


Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.
Bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Əli Həsənov vəzifəsindən azad edildi


Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncamla Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.
Prezident Adminstrasiyasında CİDDİ DƏYİŞİKLİKLƏR


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az ) yerləşdirilib.



Elçin Mirzəbəyli: “Ölkəmizdə inqilab ssenariləri bir neçə dəfə işə salınıb və iflasa uğrayıb”

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı çıxışında vacib məqamlardan birinə toxunub. Dövlət başçısı 14 il öncə postsovet məkanında həyata keçirilən inqilablardan danışıb və həmin ildə ölkəmizdə keçirilən proseslərə də toxunub.

Sitat: “2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: ”Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi”.

Prezidentin bu fikirləri 2003-cü ildən etibarən başlayan “rəngli inqilablar”ı bir daha gündəmə gətirib. Bu proseslər Gürcüstanda başlamışdı və “qızılgül inqilabı” adlanırdı. Parlament seçkilərinin nəticələrinə etiraz edən xalq qarşısında sonda prezident Eduard Şevardnadze istefa verməyə məcbur olmuşdu. Onu əvəzləyən Mixail Saakaşvili cəmi 9 il bu posta qaldı. 2008-ci ildə onun Rusiya ilə burun-buruna gəlməsi və sonunda rus tanklarının Tiflisin bir addımlığında dayanması, Cənubi Osetiya və Abxaziya kimi ərazilərin itirilməsi 2013-cü ildə Mişanın seçkilərdə məğlubiyyəti ilə nəticələndi. Hazırda o, ölkəsinə belə buraxılmır və Avropa ölkələrini gəzməklə məşğuldur.

Ukrayna da Gürcüstanla oxşar tale yaşadı. Belə ki, 2005-ci ildə bu ölkədə baş verən “Narıncı inqilab”la hakimiyyətə gələn Viktor Yuşşenko bir dönəm vəzifədə oldu və bu azmış inqilabdan sonra Rusiya ilə kəskinləşən münasibətlər sonunda 2014-cü ildə Krım və Donbasın bir hissəsinin itirilməsi ilə nəticələndi.

2005-ci ildə Qırğızıstanda baş verən “Zanbaq inqilab”ından sonra bu ölkə də kataklizmlərdən keçdi. Əsgər Akayevi devirib hakimiyyətə gələn Kurmanbek Bakıyev 2010-cu ildə sələfinin taleyini yaşamalı oldu.

Azərbaycana gələk. Ölkəmiz üçün də 2005-ci il ciddi hadisələrlə tarixə keçib. Həmin il parlament seçkiləri idi və Qərb dairələri müxtəlif yollarla ölkəmizdə inqilab ssenariləri həyata keçirməyə çalışırdılar. Hətta onların uzantıları hakimiyyətin içərilərinə doğru gedib çıxmışdı. Təsadüfi deyil ki, həmin ildəki noyabr seçkilərinə günlər qalanda iqtidarın iri ranqlı məmurlarının həbsləri baş vermişdi. Bu prosesdə sabiq səhiyyə naziri Əli İnsanov, eks iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi şəxslər həbs olundu və inqilab ssenarisi iflasa uğradı. Seçkilərdən sonra həmin vaxt müxalifətin əsas qalası sayılan “Azadlıq bloku”nun təşkil etdiyi mitinqlər, Əli Kərimlinin 26 noyabr təxribatı və yaratdığı qarşıdurma nəticəsiz qaldı…

Amma maraqlıdır, dövlət başçısının adlarını çəkdiyi dörd ölkədəki prosesləri xaricdən hansı qüvvələr həyata keçirirdi?

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, postsovet məkanında həyata keçirilən “rəngli inqilablar” ssenarisində Azərbaycanın adı da keçirdi və bu proses öncə ölkəmizdə həyata keçməliydi: “Məlum olduğu kimi, Gürcüstanda ”qızılgül inqilabı” ssenarisi 2003-cü il noyabrın 2-dən, bu ölkədə keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra işə düşdü, yəni Azərbaycanda keçirilən prezident seçkilərindən 17 gün sonra. Təbii ki, burada Azərbaycanın hansısa bizə bəlli olan, yaxud olmayan, konkret məlumatlara və ya ehtimallara söykənən hesablamalara uyğun olaraq hadisələri önlədiyini də söyləmək mümkündür. Amma bu barədə təsdiqini tapmış faktlar barədə məlumatlı olmadığım üçün konkret fikir söyləməyə çətinlik çəkirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda “qərənfil inqilabı” kimi təqdim edilən “rəngli inqilab” ssenarisi 2003-cü ildə keçirilən prezident seçkilərində işə salınmışdı. Proses iflasa uğradı və təxminən 2 həftə sonra Gürcüstanda “qərənfillər” “qızılgüllərlə” əvəz olundu. Ukraynada isə “rəngli inqilab” ssenarisi 2004-cü il noyabrın 22-də işə düşdü. Əgər Gürcüstanda ssenarinin düyün nöqtəsi parlament seçkiləri idisə, Ukraynada prezident seçkiləri oldu. Yəni Azərbaycan üçün nəzərdə tutulmuş ssenari 1 il sonra Ukraynada gerçəkləşdirildi. Azərbaycanda növbəti inqilab ssenarisi 2005-ci ildə keçirilən parlament seçkilərində işə salındı. Təlimatların verildiyi mərkəz Kiyev idi. Azərbaycanın radikal müxalifətinin təmsilçiləri məhz həmin mərkəz vasitəsilə maliyyələşir və təlimatlandırılırdılar. Həmin dövrdə hakimiyyət daxilindəki bəzi yırtıcılar da bu ssenarinin içərisində yer almışdılar. Lakin prezident İlham Əliyevin qətiyyətli mövqeyi, hakim komandanın sədaqətli nümayəndələrinin prinsipial davranışları Azərbaycanı xaosa sürükləmək istəyənlərin ikinci cəhdinin də qarşısını aldı. Daha sonra 2008, 2010 və 2013-cü illərdə də biz bənzər ssenarilərin həyata keçirilməsi istiqamətində atılan addımların şahidi olduq. Azərbaycan prezidenti “Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı” deyəndə məhz bu məqamları nəzərdə tuturdu. Yəni ölkəmizdə inqilab ssenariləri bir neçə dəfə işə salınıb və iflasa uğrayıb. Məhz bu amil Azərbaycanın timsalında ciddi bir nümunə yaradıb ki, bu da son nəticədə “rəngli inqilab” ssenarilərinin postsovet məkanında daha geniş miqyasda həyata keçirilməsinin qarşısının alınmasında mühüm rol oynayıb”.

Politoloq baş verən inqilabların nəticələrindən də danışdı: “Qonşu Gürcüstanda siyasi sistemin oturuşmasında hələ də problemlərin olduğu göz qabağındadır. Əgər Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri və digər sadalamaq istəmədiyim amillər olmasaydı, bu gün biz Gürcüstanda daha ağır nəticələrin şahidi ola bilərdik. İnqilabın Gürcüstan üçün yaratdığı ən ağır sonuc 2008-ci ildə baş verən müharibənin nəticələridir. Ukraynaya gəldikdə isə bu ölkədə bir neçə dəfə inqilab baş verib. Krım ilhaq olunub. Ölkə ərazilərinin bir hissəsi separatçıların əlindədir. Sosial-iqtisadi durum isə göz qabağındadır. Qırğızıstandakı vəziyyət isə bir neçə inqilab və hakimiyyət dəyişikliyi baş verdikdən sonra müəyyən qədər sabitləşib. Bunun da təbii ki, öz səbəbləri var və daha çox regional güc mərkəzinin proseslərə təsir imkanları ilə bağlıdır. Amma bu sabitlik də kifayət qədər kövrəkdir və istənilən an yeni bir etiraz dalğasının, qarşıdurmaların şahidi ola bilərik. Azərbaycanda rəngli inqilab ssenariləri gerçəkləşsəydi, nələr baş verə bilərdi? İlk növbədə, biz ölkəmizi təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat qovşağına çevirə bilməyəcəkdik. Bakı-Tiflis-Qars layihəsi birmənalı şəkildə həyata keçməyəcəkdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan və onun himayədarları ölkəmizi daha ağır şərtlər altında sülh danışıqlarına sövq edəcək və ola bilsin ki, bunun üçün bizdən yeni ərazilər qopartmağa çalışacaqdılar. Ölkə xaosa və vətəndaş müharibəsinə sürüklənəcəkdi. Dini eksterimist və separatçı qruplar ölkəmizin konstitusion quruluşunu dəyişmək, ərazi bütövlüyümüzü pozmaq üçün hərəkətə keçəcəkdilər. Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi ya mümkün olmayacaqdı, ya da bizim üçün tamamilə əlverişsiz şərtlər altında gerçəkləşəcəkdi. Sosial-iqtisadi böhran son həddə çatacaqdı. Və biz müstəqilliyimizin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalacaqdıq”.

Prezident Slovakiyanın XİN rəhbərini qəbul edib — FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Vilayət Eyvazov Əkbərovu yeni vəzifəyə təyin etdi


Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Anar Əkbərov vəzifəsindən azad olunaraq, Göygöl rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olub.Hələlik Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur.

Xəbər lenti