![]() |
|
ABŞ Əfqanıstanda sülhün əldə olunmasında və qoşunların bu ölkədən çıxarılmasında ciddi şəkildə qərarlıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində bildirib.
"ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluq meydanına çevrilməsi vəziyyətinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır", - deyə o qeyd edib.
Dövlət katibi əlavə edib ki, ABŞ Əfqanıstanın süverenlik və müsətəqilliyinin möhkəmləndirilməsinə can atır.
Amerikalı senator Berni Sanders 2020-ci ildə keçiriləcək prezident seçkisində işitrak etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu “Yahoo Nyus” məlumat yayıb.
Bildirilib ki, Sanders öz qərarını yaxın zamanlarda elan edəcək.
Qeyd edək ki, Sanders 2016-cı il seçkisində Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa çalışmışdı. Sonradan keçmiş dövlət katibi Hillari Klintonla baş tutan praymeriz zamanı Sanders ona uduzmuşdu.
Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı prosesi Ermənistan və Qarabağın maraqlarından irəli gəlir, amma bu zaman Azərbaycan danışıqlar prosesindən tam imtina edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib.
“Qarabağın yerinə danışıqlar aparmaqdan imtina edilməsi yeni hökumətin yanaşmasıdır. Bu mövqeyini Paşinyan bundan öncəki parlamentdə formalaşdırıb. Paşinyan həmçinin Qarabağın danışıqların əsas iştirakçısı olmasını istəyir. Aydındır ki, Azərbaycan heç vaxt buna getməyəcək. Qarabağın nə zamansa danışıqların iştirakçılarından biri olması ehtimalı çox aşağıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyindən başqa kiminləsə danışıqlar aparmaq fikri yoxdur”, – deyə o bildirib.
Prezident İlham Əliyev Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə heç bir nəticə əldə edilməyib.
Axar.az xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu, sadəcə söhbət idi. Nə Əliyev, nə də mən nəticə gözləyirdik. Biz sadəcə danışdıq. Əlbəttə ki, Qarabağı müzakirə etdik. Lakin bu, rəsmi danışıqlar deyil. Biz bu problemi özümüzün və xalqlarımızın necə qəbul etdiyindən danışdıq”, – deyə o bildirib.
Paşinyan görüşdə torpaqların Azərbaycana qaytarılması məsələsinin müzakirə edilmədiyini və müzakirələrin yalnız ictimai bəyanatlar çərçivəsində olduğunu deyib:
“Mən öz ictimai bəyanatlarımı və mövqeyimi anlatmışam. Mən görüşdə dedim ki, Ermənistanı təmsil edirəm. Qarabağı “Qarabağ vətəndaşları” Ermənistandakı seçkidə iştirak etmədiyi üçün təmsil etmirəm. Ona görə də mən Qarabağ adından danışıqlar apara bilmərəm. Görüşdə müzakirə edilən bütün detalları açmaq etik olmazdı”.
ABŞ Venesueladakı çevriliş cəhdinin arxasında deyil, tam qarşısındadır və bunu açıq şəkildə edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Venesuela Xarici İşlər naziri Xorxe Arreaza çıxış edib.
"Çevrilişi Vaşinqtonda planlaşdırdılar və dünyadakı peyk hökumətlərinə göstərişlər verərək açıq bir şəkildə oyununu tətbiq edirlər", - Arreaza bildirib.
Qeyd edək ki, ABŞ-ın Xuan Quaidonu Venesuela prezidenti kimi tanımasından sonra Maduro ABŞ-la diplomatik əlaqələri kəsmiş və amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələri barədə qərar vermişdi. ABŞ isə diplomatlarının "prezident səlahiyyətlərini həyata keçirən şəxslə" işləyəcəklərini bildirmişdi.
Bunun ardınca Maduro ABŞ səfirliyinin işıq və qazının kəsilə biləcəyini açıqlamışdı.
ABŞ və Çin arasında Soyuq müharibə gedir. Bu rəqabət hər an qaynar müharibəyə çevrilə bilər.
Axar.az xəbər verir ki, bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan xüsusi şam yeməyində çıxış edən milyarder Corc Soros danışıb.
“Çinə qarşı təsirli bir siyasət sadəcə bir şüarla sadələşdirilə bilməz. Strategiyanın daha həssas, detallı və praktik olması lazımdır. Məsələn, Çinin “Bir qurşaq, bir yol” strategiyasına qarşı ABŞ-ın cavabı olmalıdır. Prezident Tramp təəssüf ki, bu barədə fərqli bir istiqamət götürüb. Həqiqət budur ki, qaynar müharibəyə çevrilmək təhdidi daşıyan bir Soyuq müharibədəyik”, - Soros bildirib.
ABŞ-ın qlobal siyasətinin bir qanadı da neft qiymətlərinin aşağı düşməsi üçün müəyyən addımların atılmasıdır. Venesuelada gedən proseslər ABŞ-ın bu ana xəttinə uyğundur.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Venesuela dünyada ən çox neft ehtiyatı olan 3 ölkədən biridir:
“Qərb şirkətlərinin Venesuelada çalışdığı dövrdə gündəlik neft hasilatı bu ölkədə təqribən 4 milyon barrel idi. Bu gün neft hasilatı kəskin aşağı düşüb. Yəni gündəlik hasilat 1,2-1,3 milyon barrel təşkil edir. Başqa ölkələrə nisbətən Venesuelanın qlobal bazarlara o qədər də böyük təsiri yoxdur. Ona görə də Venesuelada baş verən çaxnaşmalar neft qiymətlərinə təsir etmədi. Əslində neft qiymətlərində bahalaşma gözlənilirdi, amma baş vermədi. Əks prosesi görürük. Neft qiymətləri son 2 gündə 2 dollara yaxın ucuzlaşıb”.
N.Cəfərli qeyd edib ki, bazarlar və birja iştirakçıları orta və uzaq perspektivləri görür:
“Venesuelada gedən proseslərin nəticəsində ABŞ-ın dəstəklədiyi və demokratik hesab olunan güclər qalib gəlsə, Venesuelaya qarşı sanksiyalar aradan qaldırılacaq. Bunun da ilkin işartıları var. Artıq hətta ordu belə Maduronun əleyhinə bəyanat səsləndirdi. Hamı ordunun mövqeyini gözləyirdi.
Düşünürəm ki, Uqo Çavesin və Maduronun ölkədən qovduğu Qərb şirkətləri geri dönməyə başlayacaq. İnfrastruktur zatən Venesuelada var, sadəcə texnologiyalar çatışmırdı və sanksiyalar mane olurdu. Qısa zaman ərzində Venesuelada hasilatın kəskin artması müşahidə ediləcək. Yəni gündəlik hasilatın 3,5-4 milyon barrelə qalxmasını ən azı 1 il ərzində görə bilərik. Bu da neft qiymətlərinə təbii ki, mənfi təsir göstərəcək. Çünki bazara daha çox neftin daxil olması qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, Venesuela uzun illər, Çavesə qədər ABŞ-a ən çox neft satan ölkələrdən biri idi:
“Bu çox maraqlı detaldır. ABŞ-ın bir çox neftayırma zavodları məhz Venesuelanın neftinə uyğun texnologiyalarla təchiz olunub. Venesuela nefti fərqli neftdir. Ağır və içində qurğuşunun daha çox olduğu neft sayılır. ABŞ-da olan neftayırma zavodları bir müddət bu sanksiyalardan və ABŞ şirkətlərinin Venesueladan qovulmasından sonra boş qalmışdı. İndi yenidən əgər Venesueladakı proses demokratik güclərin və ABŞ yanlı hökumətin formalaşması ilə bitsə, ABŞ neftayırma zavodları Venesueladan neft almağa başlayacaq. Yəni artıq bir çox dünya ölkələri Maduronu prezident kimi tanımır. Yaxın zamanlarda Maduro hakimiyyətinin legitimliyi sual altına düşə və o, siyasi səhnədən gedə bilər. Bunun nəticəsi olaraq da ABŞ şirkətlərinin geri dönməsi neft bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə çevriləcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Venesuelada baş verən hadisələri 2019-cu ildə neft qiymətlərinin aşağı düşməsinin ilk siyasi fəsadı kimi qiymətləndirib:
“Venesuelada ikihakimiyyətlilik var - müxalifət lideri özünü dövlət başçısı elan edib, 4 ştat onun tərəfinə keçib. ABŞ da öz dəstəyini verib. Putin isə Maduroya “möhkəm ol” mesajı göndərib. Bu lap 2011-ci ildə Suriyada baş verən prosesləri xatırladır. Karakasda isə kütləvi etirazlar insanların ölümü ilə davam edir”.
İstisnasız şəkildə dövlət qurumlarının rəsmi qəzetləri bağlanmalı, sıradan çıxarılmalıdır. Bununla nazirliklər əlavə yükdən, büdcə izafi xərcdən xilas olar.
Bu sözləri Axar.az-a Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlı nazirlik, müəssisə və dövlət qurumlarının hələ də internet portalı ilə yanaşı, sahəvi qəzet çapını davam etdirməsinə münasibət bildirərkən deyib.
T.Şahsuvarlı bildirib ki, rəsmi qurumlarının öz daxili çap mediasının olması Sovet dövründən qalmışvə artıq öz funksiyasını itirmiş lazımsız bir ənənədir:
“Azərbaycanda bilirsiniz ki, elektron hökumət layihələri çoxdan həyata keçirilməyə başlayıb. Bütün dövlət orqanlarının, ayrı-ayrı nazirliklərin elektron portalları var. Həmin nazirliklər öz fəaliyyətləri, səlahiyyətlərinə daxil olan məsələlərin icrası, müxtəlif toplantılar, görüşlər barədə saytlarında məlumat yerləşdirir, mediaya elektron press-reliz göndərirlər. Belə məqamda çap mediasına nə ehtiyac var? Rəsmi qurumlarının öz daxili çap mediasının olması Sovet dövründən qalmış bir ənənədir. Öz dövrünü çoxdan başa vurmuş bir işdir. Bu, dövlət büdcəsinə də ziyandır. Praktiki olaraq həmin qəzetlər nazirliklərin fəaliyyəti haqqında cəmiyyətin geniş təbəqələrini məlumatlandıra bilmir. Məlumatlandıra bilmədiklərinə, effektivliyi olmadığına görə də istər-istəməz sual yaranır ki, bunun bir faydası yoxdursa, nə üçün ona bu qədər sərmayə qoyulmalıdır?
Bu baxımdan hesab edirəm ki, istisnasız şəkildə dövlət qurumlarının rəsmi qəzetləri bağlanmalı, sıradan çıxarılmalıdır”.
T.Şahsuvarlının sözlərinə görə, bəzi nazirliklərdəki redaksiyaların 60-70 nəfərlik, bəlkə də daha çox işçi cədvəli mövcuddur:
“Orada işləyənlərin yarıdan çoxunu faktiki olaraq Azərbaycan mediasında tanıyan yoxdur, imzaları məlum deyil. Ümumiyyətlə, elə şəxslərin hətta olub-olmadığı bilinmir. Şişirdilmiş ştat cədvəlləri də təbii olaraq cəmiyyət üçün müəyyən suallar yaradır. Bu çox vaxt korrupsiya şübhələrinə də səbəb olur. Buna görə də təsisçisi dövlət qurumları olan sahəvi qəzetlərin, jurnalların bağlanması olduqca əhəmiyyətli bir hadisə olardı”.
T.Şahsuvarlı onu da əlavə edib ki, ümumi bir qərar olsa, bütün dövlət qurumları həmin qərara tabe olaraq, heç bir əhəmiyyəti olmayan nəşrləri bağlayacaq:
“Mən inanmıram ki, dövlət qurumlarının hamısı bu qəzetlərin işıq üzü görməsində maraqlı olsun”.
Prezident İlham Əliyevin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman əsasında hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq qurumlarda ləğvetmə prosesi davam edir.
Bu sözləri Axar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Prezidentin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanının icrası barədə danışarkən deyib. O bildirib ki, ləğv edilən qurumların əməkdaşlarının kənarda qalmaması üçün sözügedən fərmanda qeyd edilən tapşırıqlar yerinə yetiriləcək:
“Fərman yeni qəbul edildiyi üçün hələlik nə ştat cədvəlləri, nə də struktur təsdiqlənib. Fərmanın 5-ci maddəsində qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzi ləğv edilən qurumlardakı işçilərin vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməsində və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmasında onların üstünlüyünün həyata keçirilməsi barədə tədbirlər görsün. Hazırda fərman çərçivəsində proses davam edir”.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfər müəyyən edilib. Həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilib.