Tehranın yenə Zəngəzur sancısı tutub - ZİBİLƏ DÜŞMÜŞÜK...

İranın Ali Dini Lideri Seyid Əli Xameneyi yenə eyni bayatını oxuyub.
Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda qəbul edərkən, Xameneyi belə deyib: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır".

Bununla da ürəyi soyumayıb, ermənilərə daha bir kompliment göndərib: “İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”.

Dini lider özü, eləcə də, yenicə seçilmiş Məsud Pezeşkian da daxil olmaqla İran əhalisinin az qala yarısı türkdür.

Kim Təbrizin Şəhidlər Xiyabanında olubsa, gözləri ilə görüb: İran-İraq müharibəsində şəhid olmuş türklərin dəfn edildiyi məzarlığın ucu-bucağı görünmür. Amma Xameneyi "ermənilərin böyük rolu" haqqında nağıl danışır.

Necə ola bilər ki, İranda yaşayan bir neçə on min erməni o müharibədə bir neçə on milyon Azərbaycan türkündən daha böyük rol oynasın. Ermənilərin şəninə mədhiyyə ədəbiyyatı quraşdıranda, barı heç olmasa, öz ölkənin demoqrafik riyaziyyatını da yaddan çıxarmayasan. Elementar arifmetikanı unutmayasan, hələ mən şəhidlik mərtəbəsinə hörməti demirəm.

Spirtli içkinin qadağan edildiyi İranda spirtli içki biznesinin az qala monopoliyasını qurmuş ermənilərin alverdən başı nə vaxt ayılmışdı ki, İraqa qarşı da vuruşsunlar?! Dünyanın harasında yaşamasından asılı olmayaraq, dünya erməniliyi ortaq düşüncə və ortaq qərarlarla hərəkət edib. İranda ev xanımları da bilir ki, mərkəzi ABŞ-da, Qərbi Avropada olan erməni diaspor mərkəzləri İranın 70-ci illərin sonunda İranda qurulmuş İslamçı rejimin zəifləməsində maraqlı idi. İraqla müharibədə ermənilərin "böyük rol" oynaması o Qərb mərkəzlərinin marağında ola bilməzdi. Hətta vuruşublarsa da, onların sayı müharibədə "böyük rol" üçün kifayət edə bilməz. Çünki əhali nisbətində çox cüzidir.

Hə, erməni sənətkarlar bəlkə fars əsgərlərinə təbii ehtiyacları ödəmək üçün çoxlu aftafa düzəldiblər, onu deyə bilmərik.

O ki qaldı, Zəngəzur məsələsinə, İran niyə Ermənistandan çox canfəşanlıq edir? Heç Paşinyan özü: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur" demir. Onda İrana nə düşüb ki, "bu mövqedə möhkəm dayanıb"?!

Roma Papasından çox katolik olmaq, bu olsa gərək.

İran heç olmasa bir azca da Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanması məsələsində "möhkəm dayanıb" İrəvanı haqq yoluna çağırsa, dünya dağılmaz!

Bir də fikirləşirəm, görəsən, bu günlərdə Ermənistan ABŞ-la birlikdə İranın sərhədləri yaxınlığında hərbi təlim keçirəndə Ali Dini Lider, görəsən, hansı mövqedə möhkəm dayanmışdı?! Axı elə özünün "Böyük Şeytan" dediyi Amerikadan söhbət gedir. Xameneyi o "Böyük Şeytan"ın hakimiyyətə gətirdiyi "balaca şeytan"a niyə bu qədər geniş qucaq açsın ki?!

Vallah, bunların işlərindən şeytan da baş çıxarmaz.

Bizimyol.info
HƏMAS lideri niyə Pezeşkianın andiçməsində öldürüldü? – SENSASİON PLAN

İranda yeni prezident seçilən Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS lideri İsmail Haniyənin öldürülməsi və İsrail-Hizbullah qarşıdurmasının dərinləşməsi, Yaxın Şərqdə genişmiqyaslı müharibəni qaçılmaz edir.

İsrail-Qəzza savaşı fonunda son aylarda Yaxın Şərqdə vəziyyətin məqsədyönlü şəkildə yenidən gərginləşdirilməsi, xüsusən də Qırmızı dəniz ətrafında Husilərlə İsrail, Livan ərazisində isə Hizbullahla İsrail arasındakı qarşıdurmanın böhran həddə çatması, İsrailin baş naziri Netanyahunun ABŞ Konqresindəki məlum çıxışı, orada keçirilən görüşlərin yekun nəticəsi bölgədə genişmiqyaslı müharibənin başlanmasına hazırlıq mərhələsi hesab etmək olar.

Beləliklə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması zamanla bağlı olan məsələsidir.

Artıq ABŞ ehtimal olunan genişmiqyaslı mharibəyə hazırlıq işlərinə başlayıb. İsrailin Beyrutu bombalamasından sonra ABŞ hərbi donanması İsrail sahillərinə yaxınlaşmaqdadır.

İran bölgədə başlayacaq müharibədən uduş əldə edə bilməyəcəyindən və bundan itirəcəyindən çəkindiyi üçün bacardıqca müharibədən qaçmağa çalışırdı. Prezident İbrahim Rəisinin İranın dərin dövləti tərəfindən aradan götürülməsi versiyası və dərin dövlət tərəfindən liberal mühafizəkarların təmsilçisi Səid Cəlilinin deyil, islahatçı Məsud Pezeşkianın da prezident seçilməsi buna xidmət edirdi. Tehran islahatçı Pezeşkian vasitəsilə Qərblə münasibətləri yumşaltmaq istiqamətində addımlar atmaqla vaxt qazanaraq Yaxın Şərqdə gözlənilən müharibədən yayınmağa çalışırdı. Lakin İranı müharibəyə cəlb etmək istəyən güclər İsrail-Hizbullah qarşıdurmasını dərinləşdirmək yolunu seçməklə və bunun ardınca daha sərt addıma əl ataraq HƏMAS liderini öldürməklə Tehrana müharibədən yayınmağa alternativ variant yeri qoymur. Çünki İsmail Haniyənin paytaxt Tehranda, özü də andiçmə günündə nümayişkəranə şəkildə öldürülməsi İrana ciddi mesaj idi.

Bu mesajın arxasında bir neçə hədəf dayanır.

Birincisi, istənilən vaxt İranı vura bilərik və buna gücümüz yetir. Oyundan yayınmağa alternativ buraxmayacağıq.

İkincisi, bu gün Qərbdə də İrana qarşı münasibətdə birmənalı mövqe yoxdur. Bəzi Avropa ölkələri, xüsusən Fransa, Almaniya, Avstriya və digərləri İranla münasibətlərin normallaşmasında maraqlıdırlar. Bu istiqamətdə də səy göstərirlər. Fransa prezidenti Makronun yeni seçilən prezident Məsud Pezeşkianla telefon danışığı və onu prezident seçilməsi ilə bağlı təbrik etməsi bunun bariz nümunəsidir. Digər tərəfdən isə ABŞ-dəki Demokratlar da İranla münasibətlərin normallaşmasında maraqlıdır. Əgər Demokratlar ABŞ-də seçkidə qalib gələrlərsə, o zaman Tehranın yeni lideri ilə münasibətlərin normallaşması istiqamətində addımlar atacaq. Artıq tərəflərin bu istiqamətdə bir-birinə müsbət mesajları olub.

Lakin İranı çökdürmək istəyən güclər belə bir sərt taktikanı seçməklə həm Tehrana, həm də onu Qərbdə dəstəkləyən güclərə mesaj verdilər ki, başqa alternativiniz yoxdur.

Üçüncüsü, Haniyəni öldürməklə bölgədəki digər ölkələri də prosesə cəlb etmək istəyirlər. HƏMAS təkcə İranla deyil, bölgədə və dünyanın bir çox digər ölkələri ilə sıx əlaqələri mövcuddur. Bu yolla onları da prosesə cəlb etmək istəyirlər.

Yaxın Şərq uğrunda təkcə Qərb və ya İsrail deyil, eyni zamanda dünyanın digər gücləri, xüsusən də Rusiya və Çin də savaşır.

Yaxın Şərqdə böhranın dərinləşməsi və müharibənin başlanması isə ilk növbədə Rusiya və Çinin maraqlarına xidmət edir. Hər iki dövlət yaranmış fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır və çalışacaq da... Yaxın Şərqdəki böhran onlara yönəlik təhdidləri müəyyən mənada arxa plana keçirəcək.

Əgər dünya gücləri Yaxın Şərqdə hər an başlaya biləcək genişmiqyaslı müharibədən geri çəkilməzlərsə, o zaman bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq.
HƏMAS Haniyənin qisasını alacağına and içdi

HƏMAS İsmayıl Haniyənin ölümü ilə bağlı yazılı açıqlama verib və onun qisasının alınacağını deyib.

Bu barədə "Haber Global"a istinadən bildirir.

"Haniyə Tehranda sionistlərin hücumu nəticəsində öldürüldü. HƏMAS liderinin öldürülməsi qorxaq hərəkətdir və cəzasız qalmayacaq", - deyə HƏMAS açıqlamasında qeyd edib.

"Haniyəyə qarşı sui-qəsd böyük bir eskalasiyadır, lakin onlar məqsədlərinə çatmayacaqlar. Qüdsü xilas etmək üçün açıq müharibə aparırıq və istənilən əvəzi ödəməyə hazırıq", - deyə HƏMAS rəsmisi Sami Əbu Zuhri bildirib.

Tehranda öldürülən HƏMAS lideri İsmail Haniyə kim idi?

Fələstinli siyasətçi və Fələstin Milli Administrasiyasının mübahisəli keçmiş baş naziri İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub.

Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçaraq qaçqın vəziyyətinə düşüb.

1987-ci ildə Qəzza İslam Universitetini bitirib. O, 1989-cu ildə Birinci Müqavimət Hərəakatında iştirak etdiyi və HƏMAS üzvü olduğu üçün həbs edilib.

1992-ci ildə azad edildikdən sonra o, İsrail tərəfindən Cənubi Livana deportasiya edilib, İslami Cihad və HƏMAS üzvlərindən ibarət qrupa qoşulub.

O, 1993-cü ildə yenidən Qəzzaya qayıdıb.

1999-2004-cü illərdə HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb. 2005-ci ilin dekabrında keçirilən və 2006-cı il yanvarın 25-də təkrarlanan Fələstin Qanunvericilik Şurasına seçkilərdə HƏMAS lideri Xalid Məşəl Dəməşqdə sürgündə olduğuna görə seçki siyahısına başçılıq edib.

HƏMAS-ın 132 yerdən 74-nü qazandığı seçkilər nəticəsində 16 fevral 2006-cı ildə Haniyə HƏMAS-ın baş nazirliyə namizədi elan edilib.

Fevralın 19-da o, ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstin prezidenti Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.

O, 2006-cı ilin oktyabrında Qəzzada Fəth və HƏMAS üzvləri arasında toqquşma zamanı maşın karvanına hücumdan sağ çıxıb. Haniyə 2007-ci ilin mayında İsrailin evinə atdığı raket hücumundan da sağ çıxıb.

2007-ci ilin iyununda Qəzza zolağında HƏMAS və Fəth arasında münaqişə pik həddə çatdıqda, o, Fələstin prezidenti Mahmud Abbas tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Haniyənin 13 övladı var. 2009-cu ildə ailə Şimali Qəzza zolağında Əl-Şati qaçqın düşərgəsində yaşayıb.

Ən maraqlısı odur ki, Haniyənin bacıları Xolidiya, Laila və Sabah İsrail vətəndaşıdır və İsrailin cənubundakı Tel əs-Sabidə yaşayırlar. Haniyənin bacılarının övladlarının bəzisi hazırda İsrail ordusunda xidmət edib.

Digər məqam isə ondan ibarətdir ki, Haniyənin qızı 2014-cü ildə İsrail-Qəzza müharibəsindən sonra Təl-Əvivdəki İsrail xəstəxanalarının birində müalicə alıb.

Son Qəzza-İsrail savaşında Haniyə 3 oğlunu və 4 nəvəsini itirib.

Hadisə aprelin 10-da İsrail ordusu Qəzzanın qərbindəki Əl-Şati şəhərindəki Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Hanyəinin ailə üzvlərinin çoxunun olduğu maşını vurub.

Hücum zamanı Haniyə 3 oğlu və 4 nəvəsini itirib.

"ABŞ-ın dəstəyi ilə dövlət çevrilişinə cəhd olub"

Ultra sağçı müxalifətin ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişinə cəhd etdiyi bildirilir.

Bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez deyib.

“Biz hazırda imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağ ekstremistlərin dövlət çevrilişinə cəhdinin şahidi oluruq.”, - deyə Lopez bildirib.

Mətbuat konfransında çıxış edən Lopez daha sonra sözlərinə belə davam edib:

“Çevrilişin qarşısını almaq üçün prezident Nikolas Maduro hərəkətə keçib. Biz də onunla birlikdə xalqın və bütün demokratik qurumların da dəstəyi ilə müdaxilə edirik. Biz bu dövlət çevrilişini bir daha yatırmaq niyyətindəyik. Venesuela xalqının və ordumuzun qarşısında dayana biləcək heç kim yoxdur.”

"Qlobal istiləşmə indi başlamayıb" - Alim başlanğıc nöqtəsini açıqladı

Qlobal istiləşmə tendensiyası 100 ildən artıqdır ki, kütləvi sənayeləşmənin və bəşər sivilizasiyasının urbanizasiyasının başlanğıcı ilə üst-üstə düşür.

Qaynarinfo xəbər verir ki, bu barədə coğrafiya elmləri namizədi, atmosfer fizikası və geokosmos üzrə mütəxəssis Denis Pişniak "Qlavkom"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1850-ci ili iqlim dəyişikliyinin başlanması üçün kifayət qədər şərti tarix hesab etmək olar.

"Temperatur əyrisinin həqiqətən kəskin yüksəldiyi 1900-cü illərdən fərqli olaraq, o zaman temperaturun dəyişməsi böyük rol oynamadı. Demoqrafik amil öz rolunu oynadı: 1880-1890-cı illərdə əhalinin artımı başladı, sənayeləşmə davam etdi, faydalı qazıntıların, xüsusən də kömürün kütləvi istifadəsi ilə müşayiət olundu", deyə alim bildirib.

Pişniak vurğulayıb ki, məhz 19-20-ci əsrlərin əvvəllərində atmosferə əhəmiyyətli miqdarda zərərli tullantılar daxil olmağa başlayıb. Və buludların əmələ gəlməsinə və nəticədə planetin temperatur rejiminə təsir edən təkcə kömür deyil, həm də digər çirkləndiricilərdir.

"Əgər istixana qazlarından danışsaq, birinci yerdə təbii ki, karbon qazı, həm də metan və ozon dayanır. Həddindən artıq su buxarının formalaşması öz rolunu oynayır, çünki su buxarı özü artıq istixana effekti yaradır və sonra da buludlara çevrilir. Bulud örtüyü isə planetin səthinə radiasiya proseslərinə (günəş istiliyinin daxil olması) qeyri-müəyyən və qeyri-xətti təsir göstərir. Həmçinin, buludların əmələ gəlməsi havadakı aerozol çirklərindən, his və turşuların mövcudluğundan çox asılıdır və bu proses hələ də tam başa düşülmür", deyə alim əlavə edib.

"HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb - RƏSMİ

"HƏMAS"ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.

İslam İnqilabı Keşikçiləri Korpusu və HƏMAS hadisənin baş verdiyini təsdiqləyib.

Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.

Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

İran Trampa sui-qəsd cəhdində iştirak edib? - ABŞ kəşfiyyatı açıqladı

“ABŞ kəşfiyyat orqanlarında İranın Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində iştirakı barədə məlumat yoxdur”.

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Pol Ebbeyt bildirib.

Senatın Ədliyyə Komitəsi, Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında dinləmələrdə çıxış edən FTB rəsmisi deyib: “Bununla bağlı İran da daxil olmaqla, yerli və ya xarici sui-qəsdçilərin olması barədə heç bir məlumatımız yoxdur. Mən açıq şəkildə bildirmək istəyirəm ki, bizdə bununla bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və güllə onun qulağına dəyib

Paşinyan Pezeşkian və Xamenei ilə görüşdü: Nələr müzakirə edildi...

“Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əsasdır. Biz birgə səylərlə dialoqumuzu davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini daha da dərinləşdirməyə hazırıq”.

Bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O, İranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daim inkişafına önəm verdiyini qeyd edib.
Pezeşkian regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini vurğulayıb.

Məsud Pezeşkian İran üçün regionda sülhün qorunmasının əsas əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, Tehran bütün məsələlərin dialoq yolu ilə həllini zəruri hesab edir.

Paşinyan isə öz növbəsində bildirib ki, bu səfər Ermənistan-İran münasibətlərinin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiq olduqlarına dəlalət edir.

O eyni zamanda İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə də görüşüb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

Paşinyan İrana getdi 

Ermənistan Baş nazir Nikol Paşinyan İrana işgüzar səfərə gedib.

Onun İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşü olacaq.

Bundan sonra Nikol Paşinyan İran prezidentinin rəsmi andiçmə mərasimində iştirak edəcək.

Xəbər lenti