Bu gün Çempionlar Liqasının 2020/21 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda 8 qrupa bölünüb.

Diqqət çəkən məqam “Barselona” ilə “Yuventus”un eyni qrupda yer almasıdır. Son illər dünyanın ən güclü iki futbolçusu sayılan Lionel Messi ilə Kriştianu Ronaldo qrupda bir-birinə rəqib olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

“Bayern” (Almaniya)

“Atletiko” (İspaniya)

“Zalsburq” (Avstriya)

“Lokomotiv” (Rusiya) 

B qrupu

“Real” (İspaniya)

“Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya)

“Borussiya” (Mönxenqladbax, Almaniya) 

C qrupu

“Portu” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Marsel” (Fransa) 

D qrupu

“Liverpul” (İngiltərə)

“Ayaks” (Niderland)

“Atalanta” (İtaliya)

“Midtyuland” (Danimarka)

E qrupu

“Sevilya” (İspaniya)

“Çelsi” (İngiltərə)

“Krasnodar” (Rusiya)

“Renn” (Fransa)

F qrupu

“Zenit” (Rusiya)

“Borussiya” (Dortmund, Almaniya)

“Latsio” (İtaliya)

“Brüqe” (Belçika)

G qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Ferentsvaroş” (Macarıstan)

H qrupu

PSJ (Fransa)

“Mançester Yunayted” (İngiltərə)

“Leypsiq” (Almaniya)

“Başakşəhər” (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsində I tur 20-21 oktyabr, II tur 27-28 oktyabr, III tur 3-4 noyabr, IV tur 24-25 noyabr, V tur 1-2 dekabr, VI tur 8-9 dekabrda keçiriləcək.

Türkiyədə Azərbaycan mənşəli atlet Ramil Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı açıqlamalar verib.

Fotomac.com xəbər verir ki, 30 yaşlı idmançı Azərbaycan torpaqlarının 20 faizini əhatə edən Qarabağın 30 ildir Ermənistanın işğalı altında olduğunu xatırladıb:

“Biz azərbaycanlılar 30 ildir torpaqlarımızı geri qaytarmaq həsrəti ilə yaşayırıq. İndi ən təbii haqqımız olan müdafiə haqqımızdan istifadə edərək təcavüz altında olan torpaqlarımızı işğaldan azad edirik. Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur. İnşallah, bu yolun sonunda ölkəmizi qələbə gözləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.(oxu..az)

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatında qeyd olunub.

FIFA-dan göndərilən məktubun tərcüməsini diqqətinizə çatdırırıq:

“Şəhriyar Qurbanov xatirəsinə...

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımız bu oğlanı tanıdılar, AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin oldular ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetməni itirdik”.

Report məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi futbol ailəsinin üzvünü itirdiklərini bildirib:

“Biz müvafiq olaraq, FİFA və UEFA-nı məlumatlandırdıq. Çünki Azərbaycan futbol ailəsinin üzvü həm də Avropa və dünya futbol ailəsinin üzvüdür. Borcumuz hamımızı sarsıdan faciəvi itkidən yuxarı orqanları, indiki halda, FIFA və UEFA-nı məlumatlandırmaq idi. Bu, bir daha dünyaya sübut edir ki, təcavüzkar Azərbaycan ərazisində dinc sakinlərə hücum edir”.

İcraçı vitse-prezident Ermənistan Futbol Federasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb. E.Məmmədov bildirib ki, hazırda EFF-ni başqa bir məsələ də narahat edir: 

“İki həftə əvvəl biz UEFA-ya “Lernain Artsax” klubu ilə bağlı sorğu göndərmişik. Bizdə olan məlumata görə, bu klub əvvəlcə Xankəndidə qeydiyyatdan keçib və deməli, yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin “Lernain Artsax” qeydiyyata alındıqdan sonra əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının çempionatında, daha sonra Ermənistan çempionatında mübarizəyə qoşulub. Onların bu çempionatda iştirak etmələri üçün hüquqi cəhətdən heç bir əsas yoxdur. Üstəlik, klub öncə qeydiyyatdan qanunsuz keçib. UEFA-dan bu işi araşdırmağı və klubun nə qədər legitim olduğuna dair informasiya verməyi xahiş etmişik”.

AFFA rəsmisi Avropa Liqasının pley-off mərhələsində “Legiya” və “Qarabağ” arasında Polşada keçiriləcək oyunla bağlı UEFA-ya müraciət etdiklərini də xatırladıb:

“AFFA UEFA-ya müraciət edərək bu matçla bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ reaksiya verərək, oyuna təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin etdi. Əlbəttə, Ermənistan vətəndaşlarının əvvəlki təxribatları da nəzərə alındı. Təbii ki, biz Avropa Liqasında ötən mövsüm Lüksemburqda keçirilmiş “Düdelanj” - “Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər stadion üzərində dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdən, heç kim xəsarət almamışdı. Həmin vaxt UEFA nümayəndələri oyunu dayandırmış, 20 dəqiqədən sonra davam etdirmişdilər. Bu faktları nəzərə alaraq, UEFA təhlükəsizlik üzrə əlavə nümayəndə təyin edib. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”. 

“Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edəcək

Sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur
25 sentyabr

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlməyi bacarıb.

“Aslanlar” III təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubunu məğlub ediblər - 2:0.

Qolların müəllifləri Yunes Belhanda və Rayan Babeldir.

“Qalatasaray”dan fərqli olaraq, Türkiyənin digər iki təmsilçisi “Alanyaspor” (1:0) və “Beşiktaş” (1:1, penaltilər 2:4) uğursuz çıxış edərək, avrokuboklarla vidalaşıblar.

Almaniyanın “Bavariya” klubunun futbolçuları Manuel Noyer ilə Robert Levandovski, İngiltərənin “Mançester Siti” klubun belçikalı yarımmüdafiəçisi Kevin de Brüyne UEFA-nın 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu adını qazanmağa namizəddirlər.

Bu barədə futbol qurumunun mətbuat xidməti xəbər yayıb.

Eyni zamanda, UEFA ən yaxşı məşqçi adına namizədlərin də adını açıqlayıb.

Belə ki, “Bavariya”nın baş məşqçisi Hans Flik, “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp və “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman 2019-2020-ci il mövsümünün ən yaxşı baş məşqçi olmağa namizəddirlər.

Qaliblərin adı oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. oxu.az

Hafiz Məmmədov Arda Turanla görüşdü

“Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb. 

Görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub.

Görüşdən sonra türkiyəli futbolçu bunları deyib: “Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”. 

“Bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyunla bağlı Heydər Əliyev adına beynəlxalq aeroportunda "Report"un suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdik...

- Çox ağır oyun keçdi. Əlbəttə, Kiprə maksimum nəticə əldə etmək üçün getmişdik. Amma çoxsaylı qol epizodlarından yaxşı istifadə edə bilmədik. Həmişə demişəm, penaltilər seriyası idman lotereyasıdır. Məğlub olduq, heç istəməzdik. Futbolçularımız çox əziyyət çəkdilər. Sadəcə, onların əziyyətlərinə üzülürəm. Sözün həqiqi mənasında meydanda əsl kollektiv gördüm. Hər bir halda düşünürəm ki, bizim üçün böyük təcrübə oldu.

- Oyuna bir həftə qalmış matçın neytral meydana salınmasının komandanıza psixoloji təsiri oldumu?

- Əlbəttə, çox təsiri oldu. Əvvəl də bildirmişdim, püşkatmadan bir və ya iki gün əvvəl desəydilər ki, oyunumuz səfərdə olacaq, bizim üçün hazırlaşmaq bəlkə də daha asan olardı. Arxayın idik ki, oyun Bakıda olacaq. Sonda belə bir qərarın qəbul olunması, bir günün içində hər şeyin dəyişməsi istər-istəməz planlarımızı pozdu. Hər bir halda, biz Kiprə məğlub olmağa getməmişdik. Demək olar, tam üstünlüklə oynadıq.

- Komandanı penaltilər seriyasına hazırlamışdınız?

- Belə oyunlarda futbolçuları tam olaraq penaltilərə hazırlaşdırmıram. Məndə belə bir şey yoxdur. Sadəcə, məşqlərdə oyunçuların özləri penaltilərə istəkli olurlar. Mən də orada baxıram ki, kim daha yaxşı vurur, kim pis. Gördüyünüz kimi, ilk beşlik heç də pis olmadı. Sadəcə, digərləri o qədər də yaxşı penalti vuranlar deyil.

- Sizcə, bu məğlubiyyətdən sonra komandanı Avropa Liqasının pley-off matçına kökləmək çətin olmayacaq?

- Bilirsiniz ki, bir neçə ay futbol olmadı, oyundan uzaq idik. Ümumiyyətlə, futbolçuların tam hazırlıqlı olmaları elə də asan deyil. "Molde" bunadək öz çempionatlarında 16, Çempionlar Liqasında 2 oyun keçirmişdi. Rəqibin son 3 ayda 18 görüş keçirməsi futbolçularının yaxşı formada olmasından xəbər verir. Bizdə isə çempionat dayanmışdı, rəsmi oyunlarımız bu il həddindən artıq az oldu. Belə oyunlarda 90 dəqiqə gücümüzü bölüşdürmək və ya 120 dəqiqə hazır olmaq bizim üçün heç də asan deyil. Amma istənilən halda, bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək. Bu, şəxsən mənim üçün üzücü məğlubiyyət oldu. Pley-offa kimi bir neçə çempionat oyunu olacaq. Sentyabrın 18-də növbəti rəqib bilinəcək. Burada zəif komanda yoxdur, bilirsiniz ki, növbəti rəqibimiz də ölkəsinin çempionu olacaq. 

- Qarşıda "Neftçi" ilə oyununuz var...

- Çalışacağıq ki, sentyabrın 20-də keçirəcəyimiz oyunadək tam hazır olaq. Bu arada, "Neftçi" "Qalatasaray"la qarşılaşacaq. Mən "Neftçi"yə yalnız uğurlar arzulayıram. Əvvəl də qeyd etdiyim kimi, "Qalatasaray"ın Bakıya gəlməsi futbolumuza sevgini daha da artıracaq. Türkiyənin Top-5 komandasından biri ölkəmizə səfər edib. Düşünürəm ki, bu rəqibə qarşı oynamaq həm "Neftçi", həm də Azərbaycan futbolu üçün böyük təcrübə olacaq.

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA-nın reytinq cədvəlində 25-ci pilləyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb. 

Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16.125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.

Xəbər lenti