![]() |
|
İqtisadi islahatların dərinləşməsi, xüsusilə də struktur və institusional islahatların davam etdirilməsi 2019-cu ilin gündəliyinin əsas prioritetlərindəndir.
Bu sözləri Axar.az-a Prezidentin İlham Əliyevin “Rossiya 24” kanalına müsahibəsindəki fikirlərini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 2019-cu ildə Azərbaycan üçün neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Xüsusən də neft bazarındakı volatillik də ondan xəbər verir ki, bu gün iqtisadi diversifikasiyanın alternativi yoxdur:
“2018-ci ildə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşması və hökumətə yeni simaların cəlb edilməsi gələn il daha genişmiqyaslı islahatların aparılmasına zəmin yaradır. Xüsusən də əmtəə və neft bazarındakı sıçrayışlar və volatillik də məhz iqtisadi islahatların genişləndirilməsi üçün bir baza rolunu oynaya bilər. Bu, həm də neft ölkələri üçün bir mesaj kimi də qiymətləndirilir. Əslində, Azərbaycan 2014-cü ildən etibarən islahatlara start verib”.
İqtisadçı vurğulayıb ki, 2019 Azərbaycan üçün nəqliyyat dəhlizlərinin inkişafı baxımından da yadda qalan il olacaq:
“Azərbaycan böyük coğrafiyanı əhatə edən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına töhfə verən ölkələrdəndir. Şimal-Cənub şimaldan başlayaraq Hindistana qədər uzanır, Şərq-Qərb isə Asiya ilə Avropanı birləşdirir. Bu baxımdan hər iki dəhlizin reallaşmasında Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan regional nəqliyyat və logistik qovşağa çevrilməkdədir. Bu isə özünü sözügedən hər iki nəqliyyat dəhlizinin Azərbaycanda qovuşması ilə göstərir. Eyni zamanda, artıq Bakı-Astara yolunun istifadəyə verilməsi və İranda dəmir yolun xəttinin inşası da ondan xəbər verir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə birbaşa infrasturukturu gücləndirməklə töhfə verir. Bu da özlüyündə beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Çünki Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Qeyri-neft sektorunun inkişafı isə neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Artıq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində fəaliyyətlər həyata keçirilir. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ro-Ro terminalının istifadəyə verilməsi Xəzər üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək. Bu isə o deməkdir ki, Azərbaycan 2019-cu ildə nəqliyyat dəhlizlərinin inkişafına birmənalı şəkildə töhfə verən ölkələrdən biri olacaq”.
Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində 2018-ci ilin iqtisadi yekunları və 2018-ci ildəki Rusiya-Azərbaycan əlaqələrindən geniş bəhs edib.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin “Rossiya-24” kanalına müsahibəsi haqda danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, 2018 Azərbaycan iqtisadiyyatı üçün çox mühüm il oldu:
“Bu il uğurlu və iqtisadi cəhətdən aktiv il kimi yaddaşlarda qalacaq. Çünki bu keçən il müddətində ÜDM 1%, qeyri-neft sektorundan əldə olunan gəlir 1,3 %, qeyri-neft sənayesi 9%-dən çox artıb. Bu il əhalinin gəlirləri 9%-dən çox artıb”.
Millət vəkili qeyd edib ki, Rusiya-Azərbaycan əlaqələrindən bəhs edərkən bu gün iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin kifayət qədər yüksək səviyyədə olmasını demək lazımdır:
“Yəni Rusiya və Azərbaycan bir çox iqtisadi layihələri artıq birlikdə həyata keçirir. Azərbaycandakı bir çox layihələri hətta Rusiya bankları maliyyələşdirilir. Bütövlükdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişafı, ixracyönümlü iqtisadi modelin daha da dayanıqlı və güclü olması, ixracın coğrafiyasının, istehsalın isə həcminin artırılmasıdır”.
T.Mirkişilinin sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri qeyri-neft sektorunun inkişafı üçün əvəzedilməz potensial vəd edir:
“Həm Rusiya özü kifayət qədər geniş bazara malikdir, həm də Rusiyanın digər ölkələrlə iqtisadi əlaqələrində Azərbaycan hazırda mühüm vasitəçi rolu oynamağa başlayıb. Çünki Azərbaycanın həyata keçirdiyi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri Rusiyanın özü üçün də digər ölkələrlə münasibətdə daha ucuz və rəqabət qabiliyyətli marşrutdan istifadə etmək potensialı yaradır. Bu da Azərbaycan-Rusiya əlaqələrində xüsusi əhəmiyyət daşıyır”.
Millət vəkili bildirib ki, bu gün Azərbaycana gələn turistlərin sayında da Rusiya birinci yerdə durur:
“Bu gün Rusiya-Azərbaycan münasibətlərində daha çox etibarın yaranması, iki ölkənin dövlət qurumlarının və özəl sahibkarlıq subyektlərinin bir-birinə daha çox etimad göstərməsi hər iki ölkənin maraqlarına xidmət edir. Nəzərə alaq ki, Azərbaycanın ilk ticarət evlərinin biri məhz Rusiyada açılıb. Yəni Rusiya-Azərbaycan əlaqələrində ticarət evləri, ixrac missiyaları, idxal və ixrac əməliyyatlarında sadələşmiş keçidlərin təmin olunması hər iki ölkənin sahibkarları üçün böyük bir təşviq mexanizmidir. Bu mexanizmlərin yaranmasına hər iki dövlətin rəhbərlərinin arasında yüksək etimadın olması imkan yaradıb. Bu istiqamətdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı gələcəkdə də hər iki ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməkdə davam edəcək”.
ABŞ Prezidenti Donald Tramp İraqdan birbaşa ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasına gedib.
Axar.az xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi yayıb.
Qeyd edək ki, bundan öncə Tramp həyat yoldaşı ilə birlikdə İraqa gedərək Milad bayramını onlarla birgə keçiriblər. O, səfəri zamanı ABŞ-ın bu ölkədəki hərbi kontingentini azaltmayacağını bildirib.
Rusiya prezidenti Vladimir Putinin “Bu raketlə dünyanın hər nöqtəsini vura bilərik” dediyi “Avanqard” raketi sınaqdan keçirilib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, raket Orenburq vilayətinin Yasnı bölgəsindən 6500 km aralıda yerləşən Kamçatkadakı Kura poliqonundakı şərti hədəfi dəqiqliklə vurub.
Sınaq atışını videokonfrans vasitəsilə canlı izləyən Putin raketi hazırlayanlara, sınaqda iştirak edənlərə və ortaya qoyulan işə görə Müdafiə Nazirliyinə kəsə təşəkkür edib.
Fəratın şərqinə əməliyyat öncəsi Rusiyaya nümayəndə heyəti səfər edəcək.
Axar.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.
"Prezident sözçüsü İbrahim Qalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidandan ibarət nümayəndə heyəti şənbə günü Rusiyaya gedəcək. Lazım gələrsə, Prezident Ərdoğan da Rusiya lideri Putinlə təkbətək görüşəcək", - Çelik qeyd edib.
Bu il Gürcüstan qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirməyi davam etdirib.
Report-un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkalianinin 2018-ci ilin yekunlarına dair təqdim etdiyi hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, ötən il Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi davam etdirilib: “Ötən il Türkiyə və Azərbaycanla əhəmiyyətli enerji layihələri üzrə regional əməkdaşlıq inkişaf etdirilib”.
Hesabatda qeyd olunub ki, bu il İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazilərinin üçtərəfli görüşü baş tutub, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin rəsmi açılış mərasimləri keçirilib.
Sənəddə strateji nəqliyyat dəhlizlərinin, ilk növbədə, Bakı-Tiflis-Qars layihəsinin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb, Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əməkdaşlığın yeni formatını yaratması qeyd olunub.
Hesabatda vurğulanıb ki, 2018-ci ildə qonşu ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
İsrail olmadan biz inkişaf edə bilmərik.
Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman amerikalı aktivist Mark Şaynerə deyib.
Bu barədə danışan Şayner ABŞ-ın Suriyadan geri çəkilməsindən sonra ərəb ölkələrinin İsrail ilə əlaqələri intensivləşdirəcəyini deyib:
"Salman mənə dedi ki, İsrail-Körfəz ölkələrinin yaxınlaşmasının əsas səbəbi regionda mövcud olan düşmən təhlükəsidir".
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yeni il bayramından sonra Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə AKP-dən məlumat verilib.
Qeyd edək ki, növbəti il Trampın da Türkiyəyə səfəri gözlənilir.
ABŞ Səudiyyə Ərəbistanına silah satışı ilə Yəməndəki qətliama barmaq izlərini qoyub.
Axar.az xəbər verir ki, bu barədə Nyu York Tayms qəzetində məqalə dərc edilib.
"ABŞ-ın Səudiyyə Ərəbistanının rəhbərliyi altında Yəməndə fəaliyyət göstərən koalisiya qüvvələrinin qeydlərinə girişi var. Ər-Riyad ABŞ-ın doğru hədəf məsələsində tövsiyəsini görməzdən gəlib. Ancaq 4 min 600-dən çox vətəndaşın ölümünə səbəb olan hava hücumlarında ABŞ-ın barmaq izləri var", -məqalədə qeyd edilib.