![]() |
|
Kreml Ermənistanın indiki rəhbərliyinin birbaşa Azərbaycanla dialoqundan narahatdır və münaqişənin öz moderatorluğunda qalmasında maraqlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Paşinyanın Rusiya səfərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və Putin görüşündə Qarabağ münaqişəsinin danışıqların əsas predmeti olacağı şübhəsizdir:
“Çünki konflikt ətrafında rəsmi İrəvanın siyasəti Kremli narahat edir. Bu münaqişədən istifadə edərək Rusiya regionda, xüsusilə Ermənistanda öz təsir gücünü saxlayır. Hazırda növbəti aydan danışıqlar prosesinin yeni raundu gözlənilir və əvvəlki danışıqlardan fərqli olaraq Milanda ATƏT və XİN rəhbərlərinin konfransında hər iki tərəfin birgə razılaşdığı bəyanat üzrə danışıqlar prosesinin keçiriləcəyi planlaşdırılır. Hazırkı prosesdə Rusiyanın rolu zəiflədiyinə görə Moskva çalışacaq ki, prosesə təsir gücünü saxlasın”.
Politoloq qeyd edib ki, Rusiya tərəfi hazırkı prosesi tormozlamağa çalışır:
“Rusiya XİN rəhbəri Sergey Lavrovun və sözçüsü Mariya Zaxarovanın Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvan və Bakı arasında dialoqun yaradılması və kreativ ideyaların işlənib hazırlanmasını qeyd etməsi təsadüf deyil. Çünki onlar yaxşı görür ki, birbaşa danışıqlar başlamaq mərhələsindədir və müəyyən şifahi razılaşamlar da var. Göründüyü kimi, İrəvan və Bakı arasında xüsusi operativ rabitənin olmasına, Düşənbədə Prezident İlham Əliyevlə Paşinyan arasında şifahi razılığa baxmayaraq, Moskva prosesə müdaxilə edir”.
Politoloq vurğulayıb ki, İrəvanla Bakı üçüncü tərəf olmadan danışıqlara başalasa, münaqişənin həllində irəliləyiş mümkündür:
“Putin Paşinyanla görüşündə Qarabağ münaqişəsinin həllində öz vasitəçiliyini xüsusi qeyd edəcək və status-kvonu saxlamağı tapşıracaq. Bir daha güzəştə getməməyi, bu prosesdə Ermənistanın arxasında olacağını qeyd etməsi mümkündür. Biz Paşinyanın Moskva səfərindən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlara zərbə vuran açıqlamalar görsək, təəccüblənməməliyik. Əgər Paşinyan praqmatik olarsa, öz inqilabi islahatlarına sadiq qalarsa, Rusiyanın nə deməyindən asılı olmayaraq, Qarabağ münaqişəsinin real həlli istiqamətində Azərbaycanla danışıqlara gedəcək. Çünki Paşinyan Putinin münaqişə ilə bağlı təklifini qəbul edərsə, onu ölkəsində növbəti mərhələdə ağır siyasi-iqtisadi tənəzzül gözləyir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Paşinyanın bu həftə (27 dekabrda gözlənilir) Rusiyaya gedəcəyini bildirib.
Bu, Paşinyanın seçkidən sonra ilk xarici səfəri olacaq.
Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı fəxr edir ki, Konstitusiyanın qəbulundan sonra ilk dəfə Konstitusiya Məhkəməsinə parlament seçkisinin nəticələrindən şikayət verilməyib.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov paylaşıb.
O, Paşinyanın hakimiyyəti dönəmində baş verənlərin “Top-10” reytinqini də tərtib edib. Şarmazanovun cari il üçün tərtib etdiyi “Top-10”-a aşağıdakılar daxildir:
- İlk dəfə Diaspor Nazirliyi qapadıldı. Bizim artıq Mədəniyyət Nazirliyimiz olmayacaq;
- İlk dəfə Ermənistan KTMT baş katibi vəzifəsindən məhrum edildi;
- İlk dəfə minlərlə vətəndaş yeni ili işsiz kimi qarşılayacaq;
- İlk dəfə “Qarabağ qəhrəmanı” və “Qarabağın prezidentləri” həbs edildi;
- İlk dəfə “Qarabağ azadlıq müharibəsi” hakimiyyətin “damp-dump” ilə ələ keçirilməsindən daha az vacib oldu;
- İlk dəfə real müxalifət olmayan parlamentə sahib olacağıq;
- İlk dəfə Müqəddəs Eçmiədzinin dəftərxanası işğal edildi;
- İlk dəfə bütün ermənilərin katolikosuna hücum oldu;
- İlk dəfə homoseksuallar polisə hücum etdi;
- İlk dəfə ölkə başçısı xalqını qaralar və ağlara böldü.
Şarmazanov qeyd edib ki, bütün bunların hamısı cəmisi 8 ayda baş verib.
Paşinyan hələ ki Azərbaycanla sülhə ümid verən heç bir fikir səsləndirməyib. Tam əksinə, onun açıqlamaları işğalın davam edəcəyini göstərir.
Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin “Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” adlı hesabatında qeyd edilib.
Sözügedən hesabatda Qarabağ müharibəsinin başlaması ilə bağlı versiyalar irəli sürülüb:
“Bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək “Qarabağ klanı”nı həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək, Azərbaycan Ordusu fəallaşacaq”.
Hesabatda rəsmi Bakının İrəvana ultimatum verməsi ehtimalının mümkünlüyündən də bəhs edilib:
“Hazırkı regional şərait Azərbaycan üçün əlverişlidir. Rusiya-Ermənistan münasibətlərində soyuqluq hiss olunur. Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Rəsmi Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.
Hesabatda həmçinin Azərbaycan-Ermənistan sərhədini Azərbaycan Quru Qoşunlarının deyil, Sərhəd Qoşunlarının qoruyacağı və bunun mühüm əhəmiyyət daşıdığı vurğulanıb:
“Azərbaycan Prezidentinin bu qərarından İrəvan da narahatdır. Çünki Azərbaycan sərhədə yerləşdirdiyi ordu hissələrini Dağlıq Qarabağ ətrafında cəmləşdirə bilər. Əvvəl Azərbaycan Ordusu Ermənistanla sərhədə əlavə qoşunlar yerləşdirmək məcburiyyətində idi. İndi isə bu işi sərhəd qoşunları yerinə yetirəcək.
Rəsmi Bakının bu sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır. İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etdi. Bundan sonra Vaşinqton İraq lideri Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ “Səhrada fırtına” əməliyyatına başladı. Rəsmi Bakı bu təcrübədən faydalana bilər”.
İsrail dünən Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib.
Axar.az xəbər verir ki, bu məlumatı İsrailin “Nziv” portalı yayıb. Məlumata görə, İsrail bu raketlərin yerləşdiyi anbarları öz şəhərlərinə zərbə endirməsi təhdidiylə əlaqədar məhv edib.
“Əl Ərəbiyyə” televiziyası isə İsrailin Dəməşqdə zərbə endirdiyi üç anbarın hamısının İrana məxsus olduğu haqqında məlumat yayıb.
Qeyd edək ki, bundan öncə İsrail qırıcılarının Livan ərazisindən Suriyaya girərək, Dəməşqdə bormbardman həyata keçirdiyi haqda məlumat və video yayılmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər.
Axar.az xəbər verir ki, sonra dövlət başçısı və xanımı ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyublar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olublar.
Əgər Ermənistan təcrid şəraitində yaşamaq istəmirsə, problemlərini həll etməlidir.
Axar.az “Yeni Akit” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ermənistanın yeni rəhbərliyi Türkiyə ilə ilkin şərt olmadan görüşə hazır olduğunu deyir, amma bizim ilkin şərtimiz tam dəqiqdir. Azərbaycanın həssasiyyətini diqqətə almadan hansısa addım ata bilərikmi? Əsasən həm Türkiyə, həm də Azərbaycan ilə əlaqələri eyni anda normallaşdıracaq addımlar atılmalı, problemlər həll edilməlidir. Bu, Ermənistan üçün daha yaxşı olar. Qarabağ məsələsini həll etmək, işğal edilmiş əraziləri azad etmək lazımdır. Ermənistan təcrid edilmiş ölkə olaraq yaşamaq istəmirsə, problemləri ortadan qaldırmalıyıq. Azərbaycanın qəbul edəcəyi hər həll variantını biz də dəstəkləyəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Paşinyan bundan öncə İrəvanın heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri həll etmək istədiyini, amma Türkiyə hakimiyyətinin münasibətlərin bərpası üçün ilkin şərtinin olduğunu bildirib.
ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhəri 31 dekabr 2018-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Axar.az-a verilən məlumata görə, bununla bağlı şəhər meri Kevin Falkoner müvafiq bəyannamə imzalayıb.
Baş Konsulluğa göndərilən bəyannamədə Azərbaycan xalqının 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu diqqətə çatdırılıb. Sənəddə Azərbaycanda qədim dövrlərdən bəri müsəlman, xristian və yəhudilərin birgə sülh şəraitində yaşadıqları qeyd olunub. Bəyannamədə həmçinin bildirilib ki, San-Dieqo və Bakı şəhərləri 2011-ci ildə tərəfdaşlıq münasibətləri yaradıblar və hər iki şəhərin əhalisi bu münasibətlərdən uğurlu şəkildə faydalanıblar. Sənəddə San-Dieqoda yaşayan Azərbaycan icmasının şəhərin mədəni müxtəlifliyi, zəngiliyi və iqtisadi inkişafına fəal şəkildə töhfə verdiyi vurğulanaraq, 31 dekabr tarixinin San Dieqoda yaşayan minlərlə azərbaycanlı da daxil olmaqla, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyi bildirilib.
Bəyannamənin sonunda San-Dieqo şəhərinin meri K.Falkoner şəhər sakinləri adından 31 dekabr 2018-ci il tarixini sözügedən şəhərdə “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib.
Oxşar bəyannamə San-Dieqo Vilayətinin Nəzarətçilər Şurası tərəfindən də qəbul olunub.
Qeyd edək ki, 1.4 milyon insanın yaşadığı San-Dieqo şəhəri Kaliforniya ştatının ikinci, ABŞ-ın isə səkkizinci ən böyük şəhəridir.
İsrail Ədliyyə naziri Ayaled Şaked dünyaya çağırış edərək, YPG/PKK-nı Türkiyədən qorumağı istəyib.
Axar.az xəbər verir ki, Türkiyəyə qarşı çıxışları ilə tanınan Şaked Prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə dair açıqlamasını şərh edib. O bildirib ki, beynəlxalq qurumlar Türkiyənin qarşısını almalıdır.
"ABŞ-ın Suriyadan geri çəkilməsi Ərdoğanı gücləndirəcək, bu isə İsrailin ziyanına olacaq", - Şaked qeyd edib.
Qeyd edək ki, Türkiyə Fəratın şərqində əməliyyat aparmaq üçün hərbi hazırlıqlarını tamamlayıb.
Bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir.
Axar.az xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev “Rossiya-24”ə müsahibəsində deyib.
"İl bizim üçün ikitərəfli formatda fəal keçdi. Biz xeyli ikitərəfli görüşlər keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il Sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək.
Daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub. Demək kifayətdir ki, Dünya Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib. Mən bu siyahını davam etdirə də bilərəm, amma düşünürəm ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini səciyyələndirir”.
Qaqauzya millət vəkili Köksal parlament seçkilərində hakim partiyadan namizədlər siyahısında ilk onluqda olacaq.
Musavat.com-un məlumatına görə, Qaqauziya Məclisinin üzvü İvanna Köksal Moldovada gələn il keçiriləcək parlament seçkilərində Sosialist Partiyasından namizəd olub.
Bildirilir ki, 2019-cu ilin 24 fevralında keçiriləcək seçkilərdə İ.Köksalın Moldova parlamenti üzvlüyünə sosialistlərin siyahısından namizəd olduğunu dekabrın 25-də prezident elan edib.
Qeyd edək ki, Prezident İqor Dodon həm də Sosialist Partiyasının lideridir. Sosialistlərin namizədlərinin siyahısı elan olunmasa da, dekabrın 25-də Prezident Dodon Qaqauzya ağsaqqalları ilə görüşdə parlament seçkilərində sosialistlərin əsas namizədlərini, yəni seçici siyahısındakı ilk onluğu açıqlayıb.
Prezident deyib ki, daha əvvəl vəd etdiyi kimi, partiyasının namizədlərinin ilk onluğuna Ağsaqqallar Şurasının təklif etdiyi namizədi daxil edəcək. Bu namizəd isə İvanna Köksal olub. Eyni zamanda, prezident deyib ki, bu ilki partiya siyahısında namizədlərin üçdə biri azlıqların təmsilçiəri olacaq.
Qeyd edək ki, Qaqauziya təmsilçisinin hakim partiyanın seçki siyahısında ilk onluqda qatılması qaquz türklərinin Moldovada siyasi baxımdan mövqelərinin güclənməsinin nişanəsidir. Bu həm də qaqauzların hüquqlarının müdafiə olunması, siyasi və iqtisadi haqlar əldə etməsinə xidmət edəcək.
İvanna Köksal Türkiyədə Moldova-Türkiyə dostluq dərnəyinin sədri Rafet Köksalın həyat yoldaşıdır. Dərnək 1999-cu ildə təsis olunub. Dərnək Moldovada Qaqauziya bölgəsində bir sıra mühüm layihələrə imza atıb. R.Köksal tanınmış iş adamıdır, Türkiyə ilə yanaşı bir sıra xarici ölkələrdə telekommunikasiya layihələrini icra edib.