2018-ci ilin siyasi yekunları ilə bağlı Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

- 2018-ci il Azərbaycanın xarici siyasətində hansı mühüm hadisələrlə yadda qaldıa?

- Burada sadəcə bir neçə hadisəni xüsusi olaraq qeyd etməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, demək olar ki, 2018-ci ildə xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi ili oldu. Bu, bir neçə məsələdə özünü açıq büruzə verir. Birincisi, Azərbaycanın Qərb və Şərq arasında apardığı balanslaşdırılmış siyasət öz effektini təsdiqlədi. ABŞ və Rusiyanın hərb məsələlərlə bağlı müdafiə nazirləri səviyyəsində aparılan çox gərgin danışıqlar üçün məkan olaraq Bakını seçməsi onu göstərir ki, həm ABŞ, həm də Rusiya Azərbaycana etibarlı partnyor kimi baxır. Bu, çox nadir hadisədir. Bir çox ölkələr bu mövqeni əldə etmək üçün çalışır. Azərbaycan isə buna nail ola bilib. Eyni zamanda, bu il Azərbaycanın üzvü olmadığı KTMT-də Bakının mövqeləri və təsirinin bu təşkilata üzv olan və torpaqlarımızı işğal altında saxlayan Ermənistandan qat-qat güclü olduğu da ortaya çıxdı. Son aylarda bu, xüsusən açıq-aydın göründü. Bunu da Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirmək olar və s.

Amma bunlarla yanaşı, hamımız təəssüf edirik ki, Qarabağ məsələsinin həlli ilə bağlı aparılan danışıqlar əvvəlki illərdə olduğu kimi nəticəsiz qaldı. Getdikcə daha da aydın olur ki, bu problemin həllində əsas aparıcı rol məhz Azərbaycan Ordusuna məxsus olacaq. Mən əminəm ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelində keçirdiyi uğurlu əməliyyatı daha geniş miqyasda bir daha həyata keçirməli olacaq. Biz bu problemin həllində bundan sonra ciddi nəticələr əldə edə biləcəyik.

- Bu il ərzində Azərbaycanın və Ermənistanın yürütdüyü siyasətin müqayisəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanın əldə etdiyi üstünlüklər, xüsusən Aprel döyüşləri zamanı erməni ordusunun məğlubiyyətindən sonrakı situasiya, beynəlxalq təşkilatlarda Azərbaycanın imkanlarının güclənməsi, erməni tərəfinin isə mövqelərinin zəifləməsi nəticəsində Ermənistanın daxilində sosial partlayış oldu və bu, nəticədə siyasi böhrana gətirib çıxardı. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Yəni bizim addım-addım əldə etdiyimiz uğurlar olmasaydı, Ermənistan cəmiyyətində bu qədər narazılıq və məxməri inqilab baş verməzdi. Faktiki olaraq, bu, Aprel döyüşlərinin nəticəsidir. Baş verən hakimiyyət dəyişikliyi Ermənistana bu çətin durumdan çıxmağa imkan verməyəcək. Ona görə ki, Paşinyan daxili və xarici siyasət məsələsində Köçəryan və Sərkisyan üsulundan imtina edib yeni bir siyasət ortalığa qoymaq istəyirsə, o, ilk növbədə Qarabağ məsələsində Köçəryan-Sərkisyan xəttindən imtina etməlidir. Qarabağ məsələsində Köçəryan-Sərkisyan siyasətini davam etdirib, başqa sahələrdə uğur qazanmağa istəyi mümkün deyil. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da regiona səfəri zamanı ermənilərə açıq mesaj verdi. Bolton Ermənistanın inkişafı üçün ilk şərtin qonşularla münasibətləri normallaşdırmaq və Qarabağ problemini həll etmək olduğunu vurğuladı. Eyni zamanda, Ermənistandakı keçmiş ABŞ səfiri də torpaqların azad olunması ilə bağlı diskussiyalara başlamağın vacibliyini dilə gətirdi. Yəni artıq bunu beynəlxalq konsensus adlandırmaq olar. Ona görə ki, son dövrlərdə Rusiya tərəfindən də Ermənistana təkliflər, təşəbbüslər irəli sürülür. Onların da təkliflərinin əsasında torpaqların azad olunması prinsipi dayanır. Artıq bu mesajı ermənilər Rusiyadan da, ABŞ-dan da alır. Ona görə də Ermənistanın yeni hakimiyyəti ilk növbədə Köçəryan-Sərkisyan xəttindən imtina etməlidir. Bununla da onlar öz dövlətlərini mövcud olan çətin durumdan çıxara bilərlər.

- Sizcə, 2019-cu ildə Qarabağ münaqişəsinin həlli mümkündürmü?

- 2019-cu ili bu məsələdə müəyyən dönüş ili sayıram. Bu seçimi təbii ki, Ermənistanın yeni hakimiyyəti etməlidir. Azərbaycan isə hər bir seçimə hazır olmalıdır. Mən ilk növbədə Azərbaycan Ordusunun gücünün burada həlledici amil olacağına tam əminəm.

- 2019-cu ildə ölkənin xarici siyasətinin əsas prioritetləri necə olacaq?

- Ümumi bir fəlsəfi yanaşma var. İldən-ilə elə də hiss olunmayan, ancaq kəmiyyət baxımından baş verən dəyişikliklər hansısa bir keyfiyyət dəyişikliyinə gətirib çıxarmalıdır. Hesab edirəm ki, uzun müddət Azərbaycan Ordu quruculuğunda atdığı addımların çoxu pərdə arxasında qalırdı. Mətbuata o qədər də bəlli deyildi. Yalnız 2016-cı ilin Aprel döyüşləri zamanı bəlli oldu ki, Azərbaycan Ordusu uzun illərdir apardığı modernləşdirmə siyasətində çox böyük uğurlar əldə edib. Hətta ermənilərin o vaxtkı prezidenti Serj Sərkisyan açıq bəyan etdi ki, Azərbaycan müasir silahlarla təchiz olunub, Ermənistan isə hələ XX əsrin ortalarında istehsal olunan silahlardan istifadə edir. Mən hesab edirəm ki, bu mənada Azərbaycan addım-addım nail olduğu kəmiyyət dəyişikliklərini növbəti ildə keyfiyyət dəyişiklikləri ilə əvəz etməlidir. Yəni Azərbaycan 2019-cu ildə uzun illərdir apardığı ordunun modernləşdirmə prosesini, Ermənistanı beynəlxalq aləmdə təcrid etmə siyasətindən sonra 2019-cu ildə real nəticələr üzərində işləməlidir. Torpaqlarımızın azad olunma prosesinə start verməyin vaxtı çatıb. Bunun üçün kifayət qədər böyük hazırlıq işləri görülüb. Xüsusilə də Azərbaycan böyük neft gəlirlərindən əldə etdiyi maliyyə üstünlüyünü siyasi və hərbi üstünlüklərə transfer edə bilib. İndi artıq vaxt yetişib ki, bu prosesin real nəticələrini əldə edək. Arzu edirəm ki, 2019-cu il torpaqlarımızın azad olunması prosesində real nəticələrə gətirib çıxarsın.

ABŞ Dövlət katibi Mayk Pompeo İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Görüşün Braziliyada, yeni prezidentin andiçmə mərasimi çərçivəsində baş tutacağı deyilib.

Qeyd edək ki, daha öncə tərəflərin görüşəcəyi ilə bağlı məlumat yayılmamışdı.

Ötən il yəqin ki, hamı üçün xüsusi keçdi. Həm ölkə daxilində, həm də xaricində böyük hadisələr oldu. Futbol üzrə dünya çempionatı, Krım körpüsünün istifadəyə verilməsi əlamətdar hadisə oldu.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin əhaliyə müraciətində bildirib.

"Biz birlikdə irəliləmək üçün hazırıq. Əminəm ki, istənilən vəzifələri yerinə yetirə biləcəyik. Gələcəkdə də belə olacaq", - Putin vurğulayıb.

Sabiq nazir Hüseynqulu Bağırov bu gün və Britaniya Krallığı, Almaniya, Avstriya, Çexiya, Kipr, Türkiyə və s. ölkələrdə yerləşən çoxsaylı mülkləri və şirkətləri haqda Virtualaz.org saytında yayımlanan araşdırma yazısına münasibət bildirib.

Axar.az xəbər verir ki, H.Bağırov oğlu və qızının xaricdə şirkətlər yaratdığı barədə sadalanan faktları təkzib edib. Modern.az-a göndərdiyi cavabda H.Bağırov yazıb:

“Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar.

Məlumat üçün bildirək ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi. Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseynqulu Bağırov, nə də oğludur.

90-cı illərin ortalarında Universitet otelçilik ixtisasını gücləndirmək məqsədi ilə Otelçilik Məktəbi yaradıb, onun nəzdində kiçik bir otel də olub. Sonralar bu otel öz hesabına nisbətən böyüyərək ortaölçülü bir otelə çevrilib.

2000-ci ildə Hüseyn Bağırov nazir təyin edilərkən qanunun tələblərinə uyğun olaraq universitetin təsisçiliyindən imtina edib.

Universitet bu illər ərzində tam şəffaf fəaliyyət göstərib, keyfiyyətli təhsili, eləcə də nümunəvi vergi ödəyicisi olması ilə seçilib. Universitet və ona yaxın təşkilatlar, şirkətlər tərəfindən, eləcə də Otelçilik Məktəbi tərəfindən 2001-ci ildən bu günə qədər dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.

Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti) həm də yaxşı beynəlxalq əlaqələrə malikdir. Almaniyada adı çəkilən şirkəti də universitet təsis edib. Bu, universitetin hüquqi baxımından haqqıdır. Doğrudur, sonradan bu şirkət satılıb, direktor olaraq isə formal olaraq Lətif Bağırovun adı sənədlərdə qalıb. Əvvəlki halda da nə universitet, nə də Lətif Bağırov heç bir mülkün sahibi olmayıb, mülkiyyət sahibləri başqa şəxslər olub.

Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibidir. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib, ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir.

Arayış üçün bildiririk ki, Lətif Bağırov hərbi xidmətini ölkənin mürəkkəb nöqtələrindən birində çəkib, orada səhhətində ciddi problemlər yaranıb, buna baxmayaraq, Bakıya qayıdaraq, müalicə aldıqdan sonra yenidən hərbi xidmət yerinə qayıdıb. Vətən qarşısında borcunu əsgər kimi, daha sonra isə nümunəvi vətəndaş və vergi ödəyicisi kimi layiqincə yerinə yetirib.

Məlumat üçün deyək ki, Lətif Bağırov bu gün Türkiyədə müəyyən kiçik biznes layihələr həyata keçirməyə cəhd edir. Bu da onun təbii haqqıdır.

Əgər dövlət qulluqçusu olsaydı, hansısa vəzifə tutsaydı, kimlərsə bunu Hüseynqulu Bağırovun təmin etdiyini deyəcəkdi. Və ya böyük biznesə sahib olsaydı, yəqin ki, yenə analoji mövqe təkrarlanacaqdı. Atasının nazir və ya keçmiş nazir olmasına görə, o, hər hansı bir fəaliyyətlə, o cümlədən bizneslə məşğul ola bilməzdimi?! Xaricdə, hansısa əlavə təsir imkanlarının mümkün olmadığı bir ölkədə gənc biznesmen həmvətənimizin kiçik biznes cəhdlərinə qarşı bu cür qısqanclıq, təəccüb və təəssüf doğurur”.

Qeyd edək ki, yayımlanan materialda xaricdə çoxsaylı şirkətlərin H.Bağırovun oğlu Lətif Bağırov və qızı Sevinc Bağırovanın adına olmasını əks etdirən sənədlər də dərc edilib.


Biz Azərbaycanın cəbhəyanı rayonlarında olduq və tarixi yerlərdə bir sıra tədqiqatlar apardıq. Bu regionda XVIII-XX əsrin əvvəllərində etnik prosesləri anlamaq üçün çox vacib idi. Bizim nümayəndə heyətimiz Azərbaycanın mədəni irsinə münasibətdə erməni vəhşiliyinin şahidi olduq.

Bu sözləri Axar.az-a açıqlamasında məşhur arxeoloq, ukraynalı tarixçi, Ermənistan-Azərbaycan Sülh Platformasının səfiri Tatyana Krupa deyib.

Qeyd: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin məhv edilməsi və saxtalaşdırılması istiqamətində beynəlxalq konvensiyalarla bəşəriyyətə qarşı cinayət hesab olunan tədbirlər həyata keçirir. İşğal olunmuş ərazilərdəki tarixi-mədəniyyət abidələri ya tamamilə məhv edilir, ya da erməni abidələri adı altında saxtalaşdırılır. Erməni KİV-də müxtəlif vaxtlarda dərc olunmuş materiallar, peyk görüntüləri, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqlarındakı vəziyyətə dair hesabatları, həmçinin bir sıra digər mənbələrin məlumatlarına əsasən hazırda bu ərazilərdə yüzlərlə tarixi abidə tamamilə məhv edilib. Məhv edilməmiş abidələr isə ermənilərə məxsus abidələr kimi qeydiyyata salınıb.

Ukraynalı tarixçi və arxeoloq Tatyana Krupanın sözlərinə görə, o, 2018-ci ilin aprelində həmkarları ilə birlikdə YUNESKO-nun dəstəyi ilə Beynəlxalq İşçi Qrupun fəaliyyətinin bir hissəsi kimi Azərbaycana səfər edib.

“Biz bu regionda çox az olduq. Buradakı abidələr tarixi-mədəni landşaftın bir hissəsidir və başqa bir reallıqdan köçürülmüş kimidir”, - alim bildirib.

Ölkəmizi dünya tarixi və mədəniyyətinin incilərindən biri adlandıran Krupa həmçinin Qarabağda vəhşicəsinə məhv edilmiş tarixi abidələrimiz barədə danışıb.

Qeyd: Erməni işğalına qədər bu ərazilərdə 8 beynəlxalq, 166 dövlət və 588 yerli əhəmiyyətli abidə qeydiyyatdan keçirilib.

Krupanın fikrincə, Dağlıq Qarabağdakı vəziyyət İŞİD-in bəşəriyyətin mədəniyyət irsinin abidələrini məhv etdiyi Suriyadakı vəziyyətdən heç bir şəkildə fərqlənmir.

“Məgər mənim Tovuz rayonundakı qəbiristanlıqlardan birində (Girzan kəndi) öz gözlərimlə gördüklərim bu cinayətlərin sırasına aid edilmir?” - tarixçi xanım bildirib.

Qeyd: İşğal altındakı Dağlıq Qarabağ və ona bitişik 7 rayondakı minlərlə tarixi abidə rəsmi şəkildə qeydiyyata alınmayıb. Nəticədə ermənilər bu abidələri öz adlarına qeydiyyata salmaq imkanı əldə ediblər. Son illərdə Qarabağ ərazisindəki 100-ə yaxın alban məbədinə erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə Şuşa yaxınlığındakı 500 abidə “erməni tarixi abidələri” kimi qeydiyyatdan keçirilib.

Saytımızın həmsöhbətinin fikrincə, bu gün Bakı bütün beynəlxalq təşkilatlara müraciət edərək Dağlıq Qarabağdakı mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bölgəyə humanitar missiyanın buraxılması məsələsində dəstək tələb etməlidir.

Almaniya BMT Təhlükəsizlik Şurasında reformlar keçirilməsinin tərəfdarıdır.

Axar.az xəbər verir ki, bunu DPA agentliyinə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. Onun sözlərinə görə, BMT TŞ-nin tərkibi artıq müasir tələblərə cavab vermir:

“Hesab edirəm ki, BMT TŞ-nin tərkibi artıq müasir tələblərə cavab vermir. Dünyadakı qüvvələrə münasibət daha yaxşı əks olunmalıdır. Almaniya konflikt və böhranların həlli üçün daha çox şey etməlidir. Məncə, bizim məsuliyyətimiz böyüyür. Bizə münasibətlə bağlı gözləntilər əvvəlkindən daha böyükdür.

Biz TŞ-nin tərkibinin genişlənməsini istəyirik. BMT üzvlərinin çoxu bunun tərəfdarıdır. Bu, nə qədər ağır olsa da, biz bu mövzunu gündəmə gətirməkdən yorulmayacağıq. Uzun müddət reformlar barədə hansısa irəlləyiş olmadan danışıqlar aparılıb”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan “Dünyanın 5-dən böyük olduğunu” deyərək, BMT TŞ daimi üzvlərinin sayının artırılmalı olduğu məsələsini gündəmə gətirib.

ABŞ-ın İraqdakı səfirliyi Prezident Donald Trampın səfərindən sonra raket atəşinə məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İraq mətbuatı yayıb. Məlumata görə, səfirlik ərazisinə iki raket atılıb. Raketi kimlərin atdığı və xəsarət alanlar barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Tramp dünən İraqa səfər edib. O, İraqa amerikalı hərbçilərlə Milad bayramını qeyd etmək üçün gedib.

Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində doğulub. Uşaqlıqdan idmanı sevib, boks və futbolla məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirib, fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci il oktyabrın 31-də Ağdam kinoteatrında kütləvi davada iştirakına görə həbs edilib. Asifə iki il iş kəsilib və o, səkkiz ay həbsxanada yatıb.

1976-cı ildə Asif avtomobil qəzasına uğrayıb. Təcili yardım maşınını vurmasına görə ona 4,5 il iş kəsilib və Rusiyanın Orenburq vilayətinə göndərilib. Həbsdən çıxdıqdan sonra Moskvadakı dostlarının yanına gedib. Qarabağ müharibəsi başlayan kimi isə Ağdama qayıdıb...

Mənim xatirələrim

Taleyin qismətindən mənim Asif Məhərrəmovla şəxsi tanışlığım, hətta qısa müddətlik dostluq münasibətim olub. Deməli, 1979-cu ildə universiteti bitirdikdən sonra Daxili Qoşunlarda bir il zabit kimi xidmət etmişəm. Xidmətimi Orenburq vilayətinin Yasnıy qəsəbəsində keçirmişəm. 30-40 min əhalisi olan şəhər tipli bu qəsəbə iki hissədən ibarət idi: hərbi şəhərcik və sürətlə böyüyən köhnə şəhərcik. Köhnə şəhərcikdə 9 mərtəbəli fəhlə yataqxanasının arxasında babat bir voleybol meydançası vardı, azərbaycanlı uşaqlar şənbə-bazar burada yığışardı. Mən də arabir vaxtım olanda gedirdim. Yaxşı futbol oynasam da, voleybolum zəif idi, odur ki, tor asılanda kənara çəkilirdim. Azərbaycanlılardan yaxşı voleybol oynayanlar vardı, hamısı boylu-buxunlu uşaqlar idi - “ximiklər”dən Asif, “studentlər”dən Maksim, “voyennilər”dən Ruslan, “qrajdanskilər”dən Vahid.

Arayış verim ki, “ximiklər” burda komendatura rejimində həbs çəkənlərə, “studentlər” təyinatla gələnlərə, “voyennilər” hərbçilərə, “qrajdanskilər” isə komsomol putyovkası ilə işləyənlərə deyilirdi.

Mənim Asiflə tanışlığım günəşli bir avqust bazarına təsadüf edirdi. Gec gəlmişdim, kənardan seyr edirdim. Meydanda tor asılmışdı, ciddi oyun gedirdi. Ruslarla qafqazlılar marağa oynayırdılar, uduzanlar “Qornıy lyon”da (o vaxtlar Yasnıyda ən “bərkgedən” restoran idi) qonaqlıq verəcəkdilər. İki hissədən sonra hesab 1-1 idi, azarkeşlər üçüncü hissəyə diqqət kəsilmişdilər. Qafqazlı azarkeşlər daha çox idi, oyun şirin musiqi sədaları altında gedirdi. Kim isə VEF radiosunda Azərbaycan musiqisi tutmuşdu, Rəşid Behbudov “Bakının ulduzları”nı oxuyurdu. Bu zaman hündürboy, idman cüssəli cavan bir gürcü VEF-i qurdalamağa başladı. Azərbaycanla musiqi əlaqəsi kəsildi, “Bakının ulduzları”nı radio dalğalarının “cızma-qara” səsi əvəz etdi. Bu səslər voleybol oyununun üçüncü hissəsi başa çatıncaya – bizimkilər uduzuncaya qədər davam etdi. Uduzub dilxor olmuş voleybolçularımız meydançanın kənarına çəkildilər, azarkeşlər onları əhatə etdilər.

Gürcü isə öz işində idi, VEF-i qurdalamaqda, “cızma-qara” səslər çıxarmaqda davam edirdi. Bu zaman azərbaycanlı voleybolçulardan biri, hündürboylu, enlikürəkli biri gürcüyə yaxınlaşdı, əsəbi səslə, amma xeyli anlaqlı rus dilində ona dedi ki, “sən dalğanı nahaq dəyişdin, mən Azərbaycanı tutmaq üçün xeyli əziyyət çəkmişdim”.

Gürcü sakitcə radionu yerə qoyub, ayağa qalxdı. Bizim voleybolçudan cavan, hündür və canlı idi, yəqin, bu fərq də onu dilləndirdi: “... tvoyu mat, kakaya raznisa, opyat poymaeş...”

Həmin dövrdə bu, qafqazlılar tərəfindən qəbuledilməz bir ifadə idi, gürcü də bunu bilməmiş deyildi. Bizim voleybolçunun sanki gözlərində ildırım çaxdı, sağ ayağını irəli atdı və sağ əli ilə gürcünün çənəsinə qüvvətli bir zərbə endirdi. Gürcü səndələsə də yıxılmadı. Amma sol tərəfdən gələn ikinci zərbə onu yerə sərdi. Bizim voleybolçu, deyəsən, həm də boksçu idi, sağ və sol əllə eyni dərəcədə yaxşı işləyirdi. Yaxşı yadımdadır, qıvrımsaçlı, qara bığlı oğlan idi, enli alnı, iri gözləri vardı. Məndən 5-6 yaş böyük idi, hardasa 27-28 yaşı olardı.

Qafqazlı uşaqlar dalaşanları araya aldılar, gürcünü yerdən qaldırdılar. Biri ona su verirdi, o biri Asifi sakitləşdirirdi. Asif yaman əsəbiləşmişdi, hirsindən bığlarını çeynəyirdi. Amma “yıxılanı vurmazlar” deyirlər, Asif bunu bilirdi. Gürcülər uğursuz idmançını dövrəyə almışdılar.

Azərbaycanlılar və dağıstanlılar isə Asifin tərəfində idilər. Ancaq uduzan qonaqlıq verməli idi, ruslar gözləyirdilər. Həm də gürcülər deyirdilər ki, Tamazdır, Kamazdır, burda yoxdur, sabah gələcək. Odur ki, tərəflər “razborka”nı sabaha saxladılar, rusları da götürüb “Qornıy lyon”a yollandılar.

Səhər “razborka”ya mən də getmişdim, baxmaq istəyirdim. Tərəflər işdən sonra yataqxananın arxasında, həmin voleybol meydançasında yığışmışdılar. Qafqazlılar Asifin tərəfində idi, ruslar gürcüləri dəstəkləyirdi. Tamaz da burda idi, boyu iki metrə çatardı, orta yaşlı, qalın bığlı adam idi. O, yalnız gürcülərin ağsaqqalı deyildi, nüfuzlu idi, qafqazlılar hamısı onu eşidirdi. Bizimkilərdən cəlilabadlı Vahid diqqət mərkəzindəydi. O, “qrajdanskilər”dən idi, ZİL sürücüsü işləyirdi. Eyni zamanda, idmançı idi, yaxşı voleybol, tennis oynayırdı, qafqazlılardan ibarət futbol komandasının kapitanıydı. Sonradan mənim də qoşulacağım bu komandada Asif hücumçu idi.

Vahid həm də həvəskar ovçu idi, “razborka”ya da qoşalülə tüfənglə gəlmişdi, “Pravda” qəzetinə bükmüşdü ki, görünməsin. Amma iş dava-dalaşa çatmadı, Tamaz Asifdən rusca soruşdu ki, nə məsələdir, axı, sən “ağsaqqal” adamsan, uşaqlara niyə qoşulursan, bizim “student”i niyə vurmusan? Asif dedi ki, “pozasluqam” vurmuşam, ana söyüşü söymüşdü. Tamaz gürcüyə də eyni sualı verdi, eyni cavabı eşidəndə əsəbiləşdi, gürcü dilinə keçdi. Nə dedi, nə demədisə, gürcü Asifə əl uzatdı, barışdılar. Bir sözlə, həmin gün Vahidə tüfəngə əl atmaq, hətta havaya güllə atmaq nəsib olmadı.

Bu hadisədən sonra Vahidlə, Asiflə bir komandada futbol oynadıq, yaxınlaşdıq, dostlaşdıq. Yeri gəlmişkən, Milli Qəhrəman Allahverdi Bağırov da Yasnıda Asiflə birlikdə komendatura rejimində həbs çəkmişdi, amma mən onu görməmişdim. Mən avqustda Yasnıya hərbi xidmətə gəlmişdim, o, may ayında artıq Azərbaycana qayıtmışdı.

Oktyabr ayında Asifi Orenburq vilayətinin Novostroysk şəhərinə etap etdilər. Biz Vahidlə bir neçə dəfə onlara qonaq getdik, Asif dostları ilə bizə qonaq gəldi. Axırıncı dəfə noyabr ayında, mənim ad günümdə gəlmişdilər. Mənə nazik bir qızıl zəncir hədiyyə də gətirmişdilər.

Asif 1980-ci illərin əvvəllərində, mən isə sonlarında Azərbaycana qayıtdıq, amma görüşə bilmədik. Mən 1980-cı illərdə şəxsi işlərimlə əlaqədar iki dəfə Ağdama getdim, Asifi xəbər aldım, dedilər, Moskvadadır. 1992-ci ildə jurnalist kimi döyüş bölgəsinə getdim, Ağdamda batalyon komandiri Asif Məhərrəmovla görüşmək istədim. Qış idi, ağır döyüşlər gedirdi, görüşə bilmədik. İki il sonra mən onun ölüm xəbərini eşitdim...

Qarabağ müharibəsi

Asif Məhərrəmov Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılıb, 1991-ci ildə dostları və qardaşları ilə “Haqq Cəbhəsi” batalyonunu yaradıb. Allahverdi Bağırovla Yasnıydan başlanan dostluğu Qarabağ müharibəsi dövründə də davam edib. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər.

O, 1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdi. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif qüvvələr dağıdıb, oradakı silah-sursatdan siyasi məqsədlər üçün istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olundu.

Müdafiə naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verildi və o, hərbi təhsili olmamasına baxmayaraq, 859 saylı batalyonun ilk komandiri olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında Asif Məhərrəmov öz batalyonu ilə fəal iştirak edir. 1992-ci il martın 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. Martın 10-da isə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilir.

Aranzəmini alan zaman Asif maraqlı taktika qurmuşdu: artilleriya atəşi vaxtı kəndə girmişdi. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizləndiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edirmiş. Mirzəyev görür ki, bir UAZ atəş altında kəndə girir. Atəş dayanan kimi batalyon da onun arxasınca hücuma keçir. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyev deyir ki, bu hərəkəti ancaq fanat edə bilərdi.

Həmin il mart ayının 20-də Fred Asif Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur.

Asif Məhərrəmov 1992-ci il iyunun 24-də Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Müalicə olunandan sonra cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdan zaman ermənilər qumbaraatanla onun maşınını vururlar, maşın aşır. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Onu üç gün Ağdamda saxlamışdılar və Milli Qəhrəman adına təqdimatı da elə onda yazılmışdı.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ali Sovetin sədri Heydər Əliyevin qəbuluna gəlmişdi. Qəbulda çıxış eləmiş, Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırmışdı. O zaman narahatlıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə geniş söhbət eləmiş və demişdi ki, nə mən, nə də ətrafımdakılar siyasətə qarışırıq.

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat 5-də qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı, vəziyyəti daha da pisləşdi. O, uzun illərin həbsxana və səngər həyatından sonra şiddətlənən vərəm xəstəliyi ilə əlbəyaxa mübarizədə idi.

Son

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov 1993-cü il oktyabrın 27-də Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. Onun səhhəti daha da pisləşir. Buna görə də hərbi hissəni təhvil verib, müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1994-cü il iyulun 1-də vərəmdən vəfat edir və Bakıda Şəhidlər Xiyabanında dəfn edilir.

Polşada paytaxt Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə aralarında milliyətcə erməninin olduğu bir qrup yerli gənclərin soyuq silahlı hücumuna məruz qalıb.

Report-un Varşava bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində azərbaycanlı tələbələrdən 1998-ci il təvəllüdlü Qobaçov Qurban və 2000-ci il təvəllüdlü Hüseynov Roman xəsarət alıblar.

Hadisəyə səbəb axşam saatlarında yerli klubların birindən içkili halda çıxan dəstənin azərbaycanlı gənclərlə mübahisə etməsi olub. Mübahisə zamanı qarşı dəstədən bir gənc erməni olduğunu və azərbaycanlılara nifrət etdiyini bağırıb. Mübahisə zəmnində qarşı tərəfin azərbaycanlıları söyüşlə təhqir etməsi əlbəyaxa davaya çevrilib. Dava zamanı azərbaycanlı tələbələri "beşbarmaq" adlanan soyuq silahlarla yaralayan dəstə üzvləri hadisə yerindən qaçıblar.

Yaralanan azərbaycanlı gənclərin vəziyyəti hazırda normaldır.

Avropa ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxamasının dünya üçün hansı neqativ nəticələrə gətirib çıxaracağını çox yaxşı bilir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın AB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov “İzvestiya” qəzetinə müsahibəsində deyib. O, AB-nin bir sıra beynəlxalq məsələlərdə olduğu kimi, bu məsələdə də qətiyyət göstərmədiyini bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri artıq öz maraqlarına zidd olmasına rəğmən ABŞ-ın mövqeyini müdafiə etməyə vərdiş ediblər.

Xəbər lenti