![]() |
|
Türkiyə Qarabağ prosesində heç nə edə bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ermənistanın təcrid vəziyyətindən çıxması üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmasının gərəkdiyi barədə bəyanatına münasibət bildirərkən deyib.
Şarmazanovun sözlərinə görə, Türkiyə XİN Ermənistan-Türkiyə münasibətlərini birbaşa olaraq Qarabağ münaqişəsinin həllinə bağlamaqla təhlükəli bəyanatla çıxış edib.
“İlk olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə münasibətləri – iki fərqli prosesdir və onların bir-biri ilə əlaqələndirilməsi yolverilməzdir. İkincisi, Ermənistanın yeni hakimiyyəti Çavuşoğlunun bu bəyanatlarına kəskin reaksiya verməlidir. Üçüncüsü, Türkiyənin Qarabağ prosesində edə biləcəyi heç nə yoxdur. Bunun üçün ATƏT-in həmsədrləri var. Dördüncüsü – Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması zaman məsələsidir. Beşincisi – Türkiyənin ön şərt irəli sürməsi qınanmalıdır. Bəs siz deyə bilərsiniz niyə bizim rəhbərlik susur?” - Şarmazanov bildirib.
Qeyd edək ki, Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib. Ötən gün isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb.
Türkiyə Ermənistanla bütün diplomatik-siyasi və ticari münasibətləri 1993-cü ildə dayandırıb və sərhədi bağlayıb. Buna səbəb isə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsidir.
Trampın Bağdada səfəri göstərir ki, ABŞ Yaxın Şərqdən çəkilmir, strateji yerdəyişmə edir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbiçilərini çıxarması fonunda Türkiyə ilə yaxınlaşmaq siyasəti regionda yeni situasiya yaradacaq:
“Vaşinqton artıq Ankara ilə müttəfiqlik əlaqələrini bərpa edərək bundan sonra Yaxın Şərqdə ortaq hərəkət etmək niyyətindədir. ABŞ-ın “Patriot” havadan müdafiə sistemlərini və yeni nəsil F-35 qırıcılarının Türkiyəyə satışına razılıq verməsi Ankara ilə aparılan konfedensial razılaşmanın nəticəsidir. Demək, iki müttəfiq ölkə strateji anlaşmaya gedərək, bir-birlərinin maraqlarına uyğun hərəkət edəcək. Məhz Vaşinqtonun YPG terrorçularını yarı yolda buraxması da Ankara ilə razılaşmanın nəticəsidir”.
Politoloq vurğulayıb ki, Türkiyə ilə birgə hərəkət edərək ABŞ regionda mövqeyini gücləndirməyə çalışacaq:
“Gec də olsa, Tramp Ankara ilə münasibətləri normal vəziyyətə gətirdi. Ancaq Türkiyə-ABŞ yaxınlaşması Rusiya-İran-Türkiyə oxunu zəiflədəcək. Türkiyə Rusiya və İranla birgə Suriyada ortaq çalışmalardan tədricən geri çəkilə bilər. Eyni zamanda, ABŞ-ın Suriyadakı hərbiçilərini çıxartması Vaşinqtonun manevr edərək Ukrayna və Şərqi Avropa cəbhəsində güclənməsinə gətirib çıxaracaq”.
Politoloqun sözlərinə görə, ötən gün Trampın qəfil İraq səfəri bu ölkənin Suriyadan qoşunu çıxarmasına baxmayaraq, regiondan getmədiyini göstərir:
“Həmçinin ABŞ Suriyadakı hərbi qüvvələri İraqda yerləşdirəcək. Vaşinqtonun əsas hədəfi “Ərəb NATO-su” qurmaq, bu plana Türkiyəni cəlb etmək və regiondan Rusiya və İranı uzaqlaşdırmaqdır. Doğrudur, Suriyadan hərbiçilərin bir hissəsini ölkəsinə qaytararaq Tramp seçkiöncəsi verdiyi sözü tutmuş olacaq. Amma əsas hədəf Yaxın Şərqdə yeni nizamı formalaşdırmaqdır. Rusiya və İran burada müvəqqəti üstünlük əldə etməsinə baxmayaraq, bir müddətdən sonra hadisələr fərqli inkişaf ssenarisi ilə davam edəcək. Tramp Türkiyə ilə İsrailin də barışmasını reallaşdıracaq. ABŞ Türkiyə-İsrail-Səudiyyə oxu formalaşdırmaqla Rusiya-İran oxunu sıxışdıracaq”.
Politoloq vurğulayıb ki, regionda davam edən bu proseslər, ABŞ-ın Türkiyə-İsrail-Səudiyyə Ərəbistanı müttəfiqliyinə getməsi, ölkəmizin də maraqlarına uyğundur:
“Azərbaycan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı vasitəsi ilə ABŞ-ın Qarabağ münaqişəsinə daha çox diqqət ayırmasına nail ola bilər”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp və xanımı gözlənilmədən İraqa sürpriz şəkildə səfər edib.
Bakı Oqtay Əsədovu Tehrana göndərməklə cənub qonşusuyla bütün problemləri aradan qaldırıb, Vaşinqtonun Bakı-Tehran münasibətlərindəki pozuculuq cəhdlərini heç etməyə çalışır.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı analitik Stanislav Tarasovun “Reqnum” agentliyində dərc olunan məqaləsində yer alıb.
“Azərbaycan ABŞ-la İranın fəaliyyətinə qarşı sıx əməkdaşlığa getməyəcək. Hətta bunun üçün Moskva, Ankara, Tehran və Brüssellə geosiyasi dialoq kapitalizasiyasını gücləndirəcək və bu paytaxtların hər biriylə ikitərəfli münasibətlər gündəmdə olacaq. Buna görə də Azərbaycan-Rusiya münasibətlərinin yüksələn dinamikası təqdim edilir. Türkiyə ilə intensiv konsultasiyalar aparılır. Bu günlərdə İrana Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov səfər etdi. Bakı cəld davranaraq, cənub qonşusuyla bütün problemləri aradan qaldırıb, Vaşinqtonun Bakı-Tehran münasibətlərindəki pozuculuq cəhdlərini heç etməyə çalışır.
İntriqa odur ki, Azərbaycanın belə siyasəti ona müqavimət göstərən “inqilabçı” İrəvanın xarici siyasət uğursuzluqlarına işıq salır. Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həll perspektivinə münasibətdə sülhməramlı ritorikası geniş siyasi və geosiyasi kontekstə uyğunlaşır. Əliyev sələflərinin təcrübəsinə sahib olmayan Nikol Paşinyanı məğlub edir. Paşinyanın problemi nə Moskva, nə də Qərbdədir. Problem Bakının geniş və irimiqyaslı xarici siyasət manevrləri həyata keçirmək bacarığındadır”, – deyə o bildirib.
Tarasov qeyd edib ki, artıq Azərbaycan Qərbdən məsafə saxlayaraq, Moskva və Tehranla yaxınlaşmağa, üstəlik, Qərbə qarşı bu ölkələrlə birlik qurmağa başlayıb:
“Moskva, Tehran, Ankara və potensial olaraq Bakı artıq bir qayıqda toplaşırlar. Əgər Azərbaycan və İran KTMT-də müşahidəçi statusu ala bilsələr, Ermənistanın bu strukturda elan etdiyi “ermənimərkəzli siyasəti”nin təsiri bir qədər də aradan qaldırıla bilər. Cənubi Qafqaz Rusiya ilə sərhəddir və Rusiya ərazilərinin müdafiəsi, eləcə də Böyük Yaxın Şərqə təsir plasdarmı kimi istifadə edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Moskva Ermənistanla Azərbaycan arasında mümkün lokal hərbi konfliktdən qaçmağa çalışacaq.
Hər kəs anlayır ki, Dağlıq Qarabağ konfliktinin qarşılıqlı fayda verəcək kompromis əsasında həlli regionun siyasi landşaftını pozitiv istiqamətdə dəyişəcək. Ona görə də bu mərhələdə amerikalıların Dağlıq Qarabağda istənilən formada böhran ssenariləriylə bağlı mümkün əks-fəaliyyətini qabaqlamaq vacibdir. Üstəlik, bu fəaliyyət yalnız xaricdən Azərbaycan və ya erməni xarakteristikasına sahib olacaq. Belə ki, onu bütün Böyük Yaxın Şərqdə əks etdirəcəklər. Bu faktorun anlaşılması Bakını Moskva, Tehran, Ankara və hətta İrəvanla da yaxınlaşdırmalıdır. Kimsə “köhnə körpüləri” yandırmalı olacaq. Əliyev artıq bunu etməyə başlayıb. Növbəti kim olacaq?”
Ukrayna ordusu Donbasdakı bütün boz zonaları nəzarəti altına alıb.
Axar.az xəbər verir ki, bunu “Pryamoy” televiziyasına açıqlamasında Ukrayna prezidentinin müşaviri Yuri Biryukov deyib.
Qeyd edək ki, bundan öncə Ukraynada yaradılan qondarma respublikalar Ukrayna ordusunun boz zonaları ələ keçirməyi planlaşdırdığı haqqında məlumat yaymışdı.
Generallarımız Suriyada bir müddət də qalmaq istədilər, ancaq mən razılaşmadım.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İraq səfəri çərçivəsində bildirib.
“Prezident Ərdoğanla bir sıra çox əhəmiyyətli danışıqlar aparıq. O, terrorçuların dərsini vermək istəyir və bunu edəcək. Digərləri də edəcək, çünki ora onların bölgəsidir”, - Tramp bildirib.
10:31
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
ABŞ Prezidenti Donald Trampla İraq Baş naziri Adil Əbdül Mehdi arasında Bağdadda görüş olmayıb.
Axar.az xəbər verir ki, bu məlumatı İraq Nazirlər Kabineti yayıb. Məlumata görə, görüş tərəflər arasındakı fikir ayrılığı ucbatından baş tutmayıb. Belə ki, Vaşinqton Trampın səfəriylə bağlı Bağdadı yalnız 26 dekabrda – səfərin gerçəkləşdirildiyi anda xəbərdar edib.
Tərəflər yalnız telefonda danışıblar. Telefon danışığı zamanı iki ölkə lideri regiondakı situasiyanı, xüsusilə də Suriyanı müzakirə ediblər.
Ağ Evin mətbuat katibi Sara Sanders isə bu gün jurnalistlərə açıqlamasında Trampın yerinə İraq baş naziriylə ABŞ Dövlət katibi Mayk Pompeonun görüşəcəyini deyib. O, görüşün 11 yanvarda baş tutacağını söyləyib.
Rusiya İranı “Ordu-2019” adlı beynəlxalq hərb oyunlarında iştiraka dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilib.
Dəvət hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-İran işçi qrupunun iclasında səsləndirilib.
İran tərəfi də öz növbəsində “Ordu-2019” beynəlxalq hərb oyunlarına və “Dərinlik” dalğıc yarışmasına görə təşəkkürünü çatdırıb.
Gürcüstanı Rusiya ilə birləşdirən yeganə avtomobil yolu Yuxarı Lars magistralı dekabrın 26-da axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.
Axar.az xəbər verir ki, buna həmin ərazilərə güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsinin artması səbəb olub.
Qeyd edək ki, dekabrın 26-da səhər avtomagistral yalnız qoşqulu və yarım qoşqulu yük avtomobilləri üçün bağlanmışdı. Axşama doğru isə güclü qar səbəbindən yol bütün növ avtomobillər üçün bağlanıb.
Həm Rusiya, həm də Gürcüstan tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.
Yolun nə vaxt açılacağı hələlik məlum deyil.
ABŞ-da federal hökumətin strukturlarının fəaliyyətinin dayandırılması müvəqqəti xarakter daşıyır və tezliklə bərpa olunacaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
“ABŞ-da hər ştatın öz hökuməti və büdcəsi mövcuddur və burada heç bir problem yoxdur. Ancaq ümumi federal ştatda demokratlarla respublikaçıların anlaşmaması ucbatından büdcənin təsdiq olunması gecikir. Meksika ilə sərhədə divar çəkilməsinə dair respublikaçıların öz tələbləri var. Tramp Administrasiyanın əsas istəyi Meksika ilə bağlı sərhədə tikiləcək divarın maliyyələşdirilməsinin büdcəyə daxil edilməsidir. Söhbət təqribən 5 milyard dollardan gedir. Tramp bu vəsaitin büdcəyə daxil ediləcəyi təqdirdə hökumətin yenidən açılacağını bəyan edib. Bu baxımdan da prosesin çox uzun çəkəcəyini düşünmürəm. ABŞ tarixində belə presedentlər maksimum 45-50 gün davam edib. Belə ki, federal hökumətin büdcəsi yanvarın sonuna qədər təsdiqlənəcək. Çünki həmin strukturlarda 8 minə yaxın insan çalışır və onların maaşlarının verilməsinin gecikdirilməsi yaxşı hal deyil”, - ekspert bildirib.
İqtisadçı qeyd edib ki, demokratlar çox ciddi təzyiq göstərsələr belə, ABŞ qanunvericiliyi sözügedən divarın büdcədənkənar vəsaitlər hesabına çəkilməsinə imkan verir: “Yəni Tramp başqa mənbələrdən pul toplamaqla sözügedən divarın çəkilməsini təmin edə bilər”.
Qeyd edək ki, ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün federal hökumətin büdcəsi qəbul edilməyib.