Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı etirazlar getdikcə genişlənir. İndiyədək bu etirazlar əsasən ayrı-ayrı şəxslər və ya siyasi qüvvələr tərəfindən edilirdisə, hazırda narazılıqlar əhali arasında da geniş yayılmaqdadır.

Axar.az xəbər verir ki, bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.

O xatırladıb ki, bir müddət əvvəl “Nairit” zavodunun əməkdaşları 7 aylıq maaşlarının ödənilməsi tələbi ilə hökumət binası qarşısında etirazlar təşkil etmişdilər. Bir neçə gün əvvəl həmin zavodun yüzlərlə işçisi yenidən eyni məkanda etiraz mitinqi keçiriblər. Bu dəfə də tələb dörd aydır gecikən maaşların verilməsi olub. Lakin onlar siyasi şüarlar da səsləndiriblər və Paşinyanı verdiyi vədləri yerinə yetirməyə çağırıblar:

"Digər tərəfdən, etirazlar sosial xarakter daşımaqdan kənara çıxır və indi daha çox siyasi müstəviyə keçir. Bir neçə gündür ki, Ermənistanın Berdavan kəndinin sakinləri Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə piketlər keçirirlər. Etirazçıları özündən çıxaran isə hökumətin cavabı deyil, məhz Paşinyanın fikirləri olub. Baş nazir vəzifəsinin icraçısı vətəndaşlara qarşı çox sərt sözlər işlədib və onları “Azərbaycanın maraqlarına xidmət etmək”də günahlandırıb. Bu isə öz növbəsində etirazçıları daha da qızışdırıb və onlar Paşinyandan həm üzr istəməyi, həm də vədlərinə əməl etməyi tələb etməyə başlayıblar. Xatırladaq ki, Ermənistan baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib. Paşinyan isə noyabrın 20-də jurnalistlərə açıqlamasında hökumətin bununla bağlı mövqeyini dəstəklədiyini bildirmişdi".

E.Aşırlı qeyd edib ki, problem təkcə bunlarla məhdudlaşmır. Ölkədə siyasi vəziyyət də gündən-günə ağırlaşır və N.Paşinyana qarşı ittihamların ardı-arası kəsilmir:

"Müşahidəçilər belə vəziyyətdə onun 9 dekabr seçkilərində qalib gəlmə ehtimalının getdikcə zəiflədiyini bildirirlər. Məsələ burasındadır ki, Paşinyan siyasi naşılığı və məsuliyyətsiz çıxışları ilə insanlar arasında reytinqini sürətlə “xərcləyir”. Opponentləri onu yalançılıqda və ölkəni xaosa sürükləməkdə günahlandırırlar. Ermənistan müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının keçmiş sədri Artak Zakaryan mətbuata açıqlamasında bildirib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların məsuliyyətindən də yayınmağa çalışır. Onun sözlərinə görə, Paşinyan bunu söyləməklə bu ağır yükü bölüşdürməyi nəzərdə tutur: “O, hesab edir ki, bu addım məsuliyyətdən yayınmaq üsullarından biridir. Paşinyan getdikcə məsələnin və məsuliyyətin ciddiliyini dərk edir, yaxud məsələni ünvansız etmək istəyir. Bu, yeni bir hiylədir və təklif edirəm ki, Paşinyan fikirlərini izah etsin, bəlkə bu istiqamətdə düşünməyə dəyər”. Əlavə edək ki, Paşinyanın komandasında narazılıqların yaranması barədə də söhbətlər yayılır. Yerli ekspertlərin fikrincə, Paşinyan müdafiə naziri David Tonoyanın fəaliyyətindən narazıdır. Onun son günlər ordudakı acınacaqlı vəziyyətlə bağlı söylədikləri də bununla izah edilir. Hesab edilir ki, Paşinyan Tonoyanın ordudakı vəziyyətin yaxşı olması barədə indiyədək dediklərinin yalan olduğunu ictimailəşdirməklə onun fəaliyyətindən narazı qaldığını ifadə edib. Qeyd edək ki, Paşinyan Ermənistan silahlı qüvvələrində şəraitin olduqca acınacaqlı olduğunu, əsgərlərin geyim və yemək şəraitinin ağır olduğunu bildirmişdi".


Qarabağın həll prosesində fasilə daha çox Ermənistandakı seçki ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı ermənipərəst deputat Konstantin Zatulin deyib. Onun sözlərinə görə, bu konfliktin həll imkanlarını uzatmaq olmaz.

O, KTMT ətrafındakı situasiyanı qeyri-standart adlandırıb:

“Mən KTMT əməkdaşı deyiləm və baş katib təyin olunmasına heç bir aidiyyətim yoxdur. 6 dekabrda (KTMT dövlət başçılarının Sankt-Peterburq sammiti nəzərdə tutulur – red.) təşkilata üzv ölkələrin liderlərinin hansı qərarı qəbul edəcəklərini demək mənim üçün çətindir. Mən oda yağ tökmək istəmirəm”.

Zatulin Ermənistandakı siyasi dəyişikliklərin daxili və xarici gündəmdə bir sıra korrektələrə səbəb olduğunu da etiraf edib.

Rusiyanın İrkutsk vilayətində yaşayış evindəki yanğın zamanı 3 azərbaycanlı uşaq ölüb.

Report xəbər verir ki, ötən gün Xudoyelanskoye qəsəbəsindəki taxta evdə gecə tək qalan 1, 2, 3 yaşlı uşaqlar səhər baş verən yanğn nəticəsində faciəvi şəkildə yanıblar.

Onların Azərbaycan vətəndaşı olan ataları iki il əvvəl vətənə deportasiya olunub. Onların 24 yaşlı yerli sakin olan anaları isə həmin gecə barda işdə olub. Uşaqları 55 yaşlı nənələri yatızdırdıqdan sonra qonşuya gedib.

İlkin ehtimala görə, yanğına səbəb uşaqların kibritlə oynamaları, yaxud közərən siqaret ola bilər.

Hadisə ilə bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

Report xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - Rusiya rəsmisi bildirib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Putinlə görüşdən imtina etməsi Rusiyanın izolyasiyasını və beynəlxalq münasibətlərdən kənarda qalması prosesini daha da sürətləndirəcək.

Bunu Axar.az-a ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı ilə görüşdən imtina etməsi və bunun Rusiyaya təsiri ilə bağlı danışan ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Argentinada dünyanın ən böyük dövlətlərinin toplantısında beynəlxalq siyasətin yenidən dizayn olunması üçün müəyyən yol xəritəsinin qəbul olunması gözlənilir:

“Yəni G20 sammiti beynəlxalq ticarətdən tutmuş beynəlxalq münasibətlərə qədər, ölkələr arasında yaranmış problemlərin çözümü üçün bir platforma kimi düşünülmüş və buna görə də öncədən Putinlə Trampın görüşü ilə bağlı anons verilmişdi. Böyük ehtimalla, danışıqlar zamanı Şimal axını-2 layihəsi, Ukrayna məsələsi və sanksiyaların yüngülləşdirilməsi ilə bağlı bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunacaqdı. Hətta Rusiya çox böyük ümidlər bəsləyirdi ki, Trampla görüş Qərb-Rusiya münasibətlərində yeni bir mərhələyə start verə bilər. Bu səbəblə də görüşə ciddi hazırıq işləri gedirdi. Kerç böhranı və 24 Ukrayna vətəndaşının girov götürülməsi vəziyyəti daha da gərginləşdirdi”.

Politoloq deyib ki, Trampın bu diplomatik demarşından sonra Rusiyaya təzyiq güclənəcək:

“Rusiyanın bir neçə cəbhədə mübarizə aparması məhdudlaşacaq. Söhbət müxtəlif siyasi və iqtisadi cəbhədə, ABŞ, Avropa Birliyi və Yaponiya ilə mübarizədən gedir. Qərb ölkələri isə bunu yaxşı başa düşürlər. Bu baxımdan da izolyasiya prosesinin siyasi və iqtisadi anlamda getdikcə daha da sərtləşməsi Moskvanı bir müddət sonra Qərblə müəyyən barışdırcı mövqe tutmağa məcbur edə bilər”.

Ekspert G20 samitində Rusiyanın beynəlxalq aləmdən izolyasiyası ilə bağlı yeni qərarların qəbul olunması ehtimalının da böyük olduğunu qeyd edib:

“Buenos-Ayres görüşünün bəyanatı çox sərt olacaq və bu, Rusiyanın siyasi və iqtisadi proseslərdən tamamilə kənarda qalmasına ciddi əsas yaradacaq”.

Qeyd edək ki, Tramp G20 sammitində rusiyalı həmkarı Putinlə görüşdən imtina edib. ABŞ prezidenti bu qərarını Kerç böhranı, Ukrayna gəmiləri və hərbçilərinin hələ də əsir saxlanılması ilə əsaslandırıb.

Rusiya Krıma “Pantsir-S” zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib.

Axar.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.

“Hərbi dairənin yenidənqurma proqramı çərçivəsində 2018-ci ilin oktyabrında ən yeni HHM kompleksləri Cənub Hərbi Dairəsinin zenit-raket birləşmələrinin silahlanmasına qəbul edilib”, - bildirilib.

Həştərxan əyalətindəki Kapustin Yar poliqonunda isə “Pantsir-S” sistemlərinin iştirakı ilə döyüş atışları icra edilib.

Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukrayna ilə sərhədə daha bir S-400 divizionu yerləşdirmişdi.

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili ilk olaraq Avropaya səfər edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bunu o, Tiflisdə jurnalistlərə açıqlamasında deyib.

“Mənim ilk xarici səfərim Avropaya, xüsusilə, Brüssel, Berlin, Parisə olacaq. Baltikyanı ölkələrdən Litvaya səfər edəcəyəm. Onun qadın prezidenti məni ilk təbrik edən şəxs oldu”, – deyə o bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Zurabişvilini təbrik edib.

Axar.az xəbər verir ki, S.Zurabişvilini ilk təbrik edənlər sırasında Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan da yer alıb.

Qeyd edək ki, Zurabişvili 28 noyabrda Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müxalif namizəd Vaşadzeni üstələməyi bacarıb.

 

Ukrayna birtərəfli qaydada Rusiya ilə olan 40 müqaviləni ləğv etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu TSN televiziyasına müsahibəsində Ukrayna Xarixi İşlər naziri Pavel Klimkin deyib. O, son zamanlar Kiyevin Moskva ilə 48 ikitərəfli razılaşmanı artıq dayandırdığını bildirib:

“Onlara çox ehtiyatla yanaşmaq lazımdır. Belə ki, biz razılaşmaları ləğv edərkən, bunun bizim vətəndaşlarımıza ziyan vurmamasına çalışırıq. Ukrayna Rusiya ilə bütün ikitərəfli razılaşmaları nəzərdən keçirir. 2014-cü ilə qədər imzalanan müqavilələrin heç bir mənası yoxdur”.

Almaniyanın Hamburq şəhərində naməlum dəstə vitse-kansler, Maliyyə naziri Olaf Şoltsun evinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə “Spigel” nəşri yazıb.

Məlumata görə, təxminən 14 nəfərlik dəstə əvvəlcə Şoltsun evinin yaxınlığındakı avtomobilin şinlərini yandırmaq qərarına gəlib. Daha sonra naməlum şəxslər binanın divarlarına içərisində boya olan qablar ataraq qaçıblar.

Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, hadisə baş verən zaman Şolts Angela Merkellə birlikdə G20 sammitində iştirak üçün Argentinaya uçan təyyarədə olub. Sözügedən “Airbus” təyyarəsi texniki nasazlıq səbəbindən Köln hava limanına təcili eniş edib.

Xəbər lenti