Rusiyanın Kiyevi bombalamasından sonra Lukaşenko Belarusun müharibəyə qoşula biləcəyinin anonsunu verdi. Batkanın sözlərindən bəlli olur ki, Kiyevə qarşı ikinci cəbhənin açılması planı hazırdır.

Müharibənin ilk günündə rusların Belarus sərhədindən Ukraynaya müdaxilə etdiyi təcrübəsi fonunda indi “hücum edən niyə xəbərdarlıq edir” sualı da yaranır: mümkündür ki, Putin bu istiqamətdən hələ ki hücuma keçməkdə tələsmir, daha çox “ikinci cəbhəni” aça biləcəyini göstərmək və bununla istəyini əldə etməyə çalışır.

Rusiya çalışır ki, Ukrayna torpaqlarının ilhaqından sonra müharibə onun şərtlərinin nəzərə alındığı müzakirə masasında yekunlaşsın. Lakin müharibənin ilk dövründən fərqli olaraq, hazırda Kiyevin əli daha güclüdür və rusların şərtləri ilə masaya gəlməyəcək, gəlsələr də, öz şərtlərini diktə edəcəklər. Moskva istədiyini əldə etmək üçün Kiyevi müharibənin ilk dövründəki vəziyyətə salmalıdır. Və bunun üçün:

- Nüvə şantajını yenilənməklə Qərbin praktiki müdaxiləsinin qarşısını alır;

- Böyük şəhərləri bombalamaqla psixoloji təzyiq yaradır;

- Belarus üzərindən ikinci cəbhəni açmaqla Ukrayna qüvvələrini parçalayır.

Bu addımlar Putinin ilhaq edilən ərazilərdə möhkəmlənmək və Kiyevi masaya gətirmək planının bir hissəsi kimi görünür.

Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır: Qərb cəbhəsinin Putinə qarşı birləşməsinə zəmin yaradan əsas amillərdən biri Kiyevin sona qədər dirənişidir, Ukrayna iki cəbhədə döyüşməli olarsa, bu, əlavə çətinliklər yarada bilər.

İkinci cəbhə xəbərdarlığı fonunda Peskovun “Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifini müzakirə edə bilər” açıqlaması da Rusiyanın atdığı addımların müharibəni bitirməyə hesablandığı fikrini gücləndirir.

Hərçənd, bu, birinci mərhələdir və Rusiyanın raket zərbələri və ikinci cəbhə xəbərdarlığı ilə Kiyevi geri çəkilməyə məcbur edəcəyi ehtimalı azdır. Bu baxımdan, Belarus üzərindən ikinci cəbhənin açılacağı gözləntisi artır.

Böyük Britaniya hökuməti əxlaq polisinə və əsas təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

Bu qərar kütləvi etirazlara səbəb olan Məhsa Əmininin ölümü ilə əlaqədar verilib.

Müvafiq məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

İran polisinin rəhbəri, briqada generalı Hüseyn Aştari, İslam İnqilabı Keşikçiləri Korpusunun (İran ordusunun elit bölmələri) tərkibində olan “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani, əxlaq polisinin rəhbəri Mohammad Rostami qara siyahıya salınıb. Həmçinin güc strukturunun özü də siyahıya əlavə edilib və Xarici İşlər Nazirliyi tərəfindən qeyd edilib ki, bu qurum İranda insan haqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyır.

“Böyük Britaniya cəsarətlə öz hökumətindən cavab tələb edən və əsas insan hüquqlarına hörmət edilməsinə nail olmağa çalışan İran xalqının yanındadır. Sanksiyaların tətbiqi İran hakimiyyətinə açıq mesaj verir. Qadınlara və qızlara qarşı edilən təzyiqlərə, həmçinin öz xalqınızı məruz qoyduğunuz dəhşətli zorakılığa görə sizi məsuliyyətə cəlb edəcəyik”, - deyə Britaniya xarici işlər naziri Ceyms Kleverli vurğulayıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Auld Gəncəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dünən Cənab Prezidentə dediyim kimi, iki il əvvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.

“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O, illik ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyarda qaldırılaraq TANAP-ın Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini bildirib.

Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub.

Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

“Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 10-da səhər saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumunu şərh edib.

O öz Teleqram kanalında baş verənləri belə dəyərləndirib:

“Genişmiqyaslı müharibənin 229-cu günü. Ümumiyyətlə, 229-cu gündür ki, bizi məhv edib yer üzündən silməyə çalışırlar. Zaporojyedə evdə yatan adamlarımızı məhv edirlər. Dnerpdə, Kiyevdə işə gedən insanları öldürürlər”.

Zelenski bildirib ki, bütün Ukrayna ərazisində hava hücumu davam edir.

“Raketlərlə zərbələr endirilir. Təəssüf ki, ölənlər və yaralananlar var. Sizə yalvarıram: sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin dözək, möhkəm olaq”, - Ukrayna Prezidenti xalqa müraciətində qeyd edib.

Oktyabrın 10-da səhər saatlarında Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və digər bir neçə şəhər və rayonlarda partlayış səsləri eşidilib.

İranda etirazların davam etdiyi bir vaxtda nümayişçilər İran dövlət televiziyasına kiberhücum ediblər.

Xarici KİV xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xameneinin çıxışı zamanı fəallar Məhsa Əmini və etirazlar zamanı həyatını itirən qadınların görüntülərini ekrana əks etdiriblər. 

Daha əvvəl Tehran hökumətinə qarşı kiberhücumlar həyata keçirən “Adalet-i Ali” adlı qrup  hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. İranın yarı-rəsmi xəbər agentliyi ISNA xəbərlərin 21:00 bülleteni zamanı normal axının bir neçə saniyəyə kəsildiyini yazıb.

Qeyd edək ki, İran dövlət televiziyası əvvəllər də oxşar kiberhücumlara məruz qalıb.

 

 

 

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayışların baş verdiyi bildirilib.

“Reuters xəbər verir ki, bəzi binalardan tüstü qalxması qeydə alınıb. İlk məlumatda ölən və yaralananların olduğu qeyd edilir.

Hücumdan əvvəl canlı yayımda deyilib ki, partlayışlardan biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığında baş verib.

Kiyev meri Vitali Kliçko da paytaxtda çoxsaylı partlayışların olduğunu bildirib.

Rusiya Nikolayevə 10 raket zərbəsi endirdi

“Rusiya ordusu bu gecə Ukraynanın Nikolayev vilayətinə 10 raket zərbəsi endirib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi administrasiyasının rəhbəri Vitaliy Kim öz teleqram kanalında açıqlayıb.

O bildirib ki, Rusiya tərəfi zərbələri “S-300” sistemləri vasitəsilə həyata keçirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Krım körpüsündə baş verən partlayış, Rusiya ordusunun uğursuzluqları və səfərbərliklə bağlı problemlər Ukraynaya qarşı radikal hərəkətlərin tərəfdarları tərəfindən Rusiya Prezidenti Vladimir Putinin birbaşa tənqidinə səbəb olub.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib.

Qeyd olunub ki, müharibə müxbirləri Putin və Kremli mühüm hadisələrə birbaşa reaksiya vermədiklərinə görə tənqid edirlər. Beləliklə, təhlilçilərin fikrincə, hökuməti məxfiliyə arxalanan bir prezidentin ətrafında sıx birləşmək çətindir.

Digərləri Putinin müharibədəki bir sıra uğursuzluqları, o cümlədən “Moskva” kreyserinin batmasını daima diqqətsiz qoyduğunu vurğulayıblar.

Müharibənin davam etdirilməsinin bəzi tərəfdarları bildiriblər ki, Putin Kerç boğazı üzərindən körpüdə baş verən partlayışın qisasını almalıdır, əks halda onun susması “zəiflik” kimi qəbul olunacaq.

Onlar Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin körpüdəki partlayışdan sonra susmasını da tənqid ediblər. Daha əvvəl o, Krım körpüsünə hücumun “qırmızı xətt” olacağını bəyan etmişdi.

Müharibə tərəfdarı düşərgənin tənqidi Putinin Ukraynanın “denasifikasiyası” (nasizm ünsürlərindən arındırma – red.) ilə bağlı vəd etdiyi məqsədi yerinə yetirmək qabiliyyətinə dair artan şübhələri göstərə bilər və Putinin əsas elektorat çevrəsində cəlbediciliyinə xələl gətirə bilər.

Eyni zamanda, Putin yüksəkrütbəli hərbi rəhbərləri dəyişdirməyə davam edir. Beləliklə, o özünü günahdan azad etmək və ekstremist hərbmeyilli toplumda entuziazmı canlandırmaq niyyətindədir.

Analitiklər qeyd ediblər ki, yüksəkrütbəli komandirlərin dəyişdirilməsi işğalın əvvəlindən Rusiyanın əməliyyatlarına, logistikasına, müdafiə sənayesinə və səfərbərliyinə mane olan sistemli problemləri həll etməyəcək.

Təhlilçilərin qənaətincə, günah keçiləri yalnız bir müddət tənqidləri Putindən yayındıra bilər. Onun ən sadiq qatı tərəfdarları arasında Putin rəhbərliyinin birbaşa tənqidinin ortaya çıxması, çox güman ki, gələcək narazılığın xəbərçisidir:

“İstər adi, istərsə də nüvə eskalasiyası Putinin, o cümlədən Ukraynadakı problemləri həll edə bilməz”.

Xəbər lenti