Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada baş tutacaq görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb.

Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

“Böyük Britaniya Ukrayna müharibədə qələbə qazanana qədər ona kömək etməyə davam edəcək”.

Qafqazinfo xəbər verir ki, bunu Britaniyanın XİN rəhbəri Ceyms Kleverli deyib.

“Biz ukraynalılara onların suverenliyi bərpa olunana qədər kömək edəcəyik. Biz heç vaxt Luqansk, Donetsk, Xerson, Zaporojye və yaxud Krımın Rusiyaya birləşdirilməsini tanımayacağıq. Bu ərazilər Ukraynanın bir hissəsidir. Və Ukrayna bu müharibədə qalib gəldiyi zaman biz onlara evlərinin, iqtisadiyyatlarının və cəmiyyətinin bərpa olunmasında köməklik göstərəcəyik”, - deyə Kleverli qeyd edib.

İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri təhlükəsizlik, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və siyasi məsələlərə həsr olunub.

Bunu “Jeruselim Post” yazır.

Mətbu orqanın yazdığına görə, İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri başa çatıb, o, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevlə görüşüb.

İsrail nazirinin ofisindən verilən açıqlamaya görə, səfər "təhlükəsizlik və siyasi məsələlərə həsr olunub". Səfər çərçivəsində Qantz müdafiə naziri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə də görüşüb və Dövlət Sərhəd Xidmətinin qərargahında olub. Onu Müdafiə Nazirliyinin baş direktoru general-mayor Əmir Eşel, Siyasət bürosunun direktoru Dror Şalom və hərbi katib, briqada generalı Yaki Dolf müşayiət edib.

Azərbaycan rəsmiləri ilə görüşdə Qantz “İsrail Dövləti ilə Azərbaycan arasında strateji münasibətlərin qorunub saxlanılmasının, regional və qlobal sülh və sabitliyin əldə edilməsi istiqamətində işi davam etdirməyin vacibliyini vurğulayıb”.

Rəsmilər həmçinin İbrahim sazişinin imzalanmasından sonra Yaxın Şərqdə baş verən dəyişiklikləri, İsrailin Türkiyə, region və dünyanın digər ölkələri ilə əlaqələrinin inkişafını müzakirə ediblər.

“JP”nin qeyd etdiyi kimi, Azərbaycan İranla həmsərhəddir, “xarici məlumatlara görə, bu, İsrailə casusluq əməliyyatları və daha çoxunu həyata keçirməyə imkan verir”.

Bakı həm də İsrailin əsas xam neft tədarükçüsü olub və son illərdə İsrail hərbi texnikasının əsas alıcısına çevrilib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında deyilir ki, Bakı Hindistandan sonra İsrailin silah sistemlərinin ikinci ən böyük alıcısı olub.

Mətbu orqanı daha sonra yazır ki, 1990-cı illərdən etibarən davam edən Ermənistan- Azərbaycan münaqişəsi 2020-ci ildə genişmiqyaslı müharibəyə çevrildi. Azərbaycan 6 həftə davam edən müharibədə 1990-cı illərdə Ermənistan tərəfindən zəbt edilən ərazilərdə nəzarəti bərpa etdi. Bu müharibədə İsrailin silah sistyemindən və PUA-larından istifadə edib.

Rusiya Prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elanından sonra ən azı 300 minədək rusiyalı ölkəni tərk edib.

“Bu barədə Amerikanın CNN telekanalı müxtəlif ölkələrin ümumiləşdirilmiş məlumatlarına istinadən məlumat yayıb.

Ən çox rus Qazaxıstana üz tutub. Qazaxıstana 100 minədək rusun köç etdiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub. Pandemiyanın başa çatması göz önündədir. ABŞ Prezidenti Co Bayden də CBS telekanalına müsahibəsində koronavirus pandemiyasının bitdiyini elan edib. Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev də jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda koronavirusa yoluxma halları olsa da, ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi deyə bilərik.

Bəs, görəsən, bu açıqlamalardan sonra, həqiqətən, pandemiyanın bitməsi nəticəsinə gəlmək olar?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov açıqlamasında bildirib ki, son vaxtlar ağır COVID xəstələrinə çox az rast gəlinir:

“Pandemiyanın bitməsi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər pandemiyanın, həqiqətən, sona çatdığını fikirləşirlər. Bəziləri isə mümkün variant kimi yeni dalğaların olmasını istisna etmirlər. Son həftələrdə ağır gedişli COVID xəstələrinə, demək olar ki, rast gəlməmişəm”.

Həkim qeyd edib ki, yoluxmaların azalmasının səbəbləri müxtəlifdir:

“Əsas səbəblərdən biri odur ki, omikron variantı hazırda yoluxmaların önəmli hissəsini təşkil edir. Bu variant əvvəlki variantlara nisbətən nadir hallar istisna olmaqla ağır gedişli ağciyər iltihabına səbəb olmur. İkinci əsas səbəb əhalinin əksər hissəsində istər peyvəndləmə, istərsə də xəstəliyə yoluxub sağalma nəticəsində immunitetin formalaşmasıdır. Üçüncü səbəb də müalicə üçün dərman preparatının mövcud olmasıdır. Risk qrupuna aid olan insanlarda yoluxmanın ilkin mərhələsində dərman vasitəsilə ağır gedişli xəstəliyin qarşısını almaq olur”.

E.Hüseynovun sözlərinə görə, bundan sonrakı dalğalarda itkilər daha az olacaq:

“Pandemiyanın bitib-bitmədiyini isə növbəti gedişatlar göstərəcək. Amma əminliklə deyə bilərəm ki, əvvəlki dalğalarla müqayisədə növbətilər çox yoluxmalara və insan ölümünə səbəb olmayacaq”.

İnfeksionist Mərdan Əliyev isə bildirib ki, dünyada kollektiv immunitet formalaşıb deyə, yoluxma da azalır:

“Pandemiyanın bitməsi barədə qəti söz demək hələ ki, tezdir. Amma belə demək olar ki, pandemiya artıq yumşalma istiqamətində gedir. Hələ də Rusiya, Tayvan, Yaponiyada günlük yoluxma sayı 40 mindir. Avropa ölkələrində yoluxma sayı 2-3 min civarındadır. Nəzərə alaq ki, əvvəllər ABŞ-da gündəlik yoluxma sayı 100 minin üzərində olurdu, amma indi xeyli dərəcədə azalma var. Çində də çox güclü karantin hesabına yoluxma sayında azalmaya nail olunub. Ümumi götürəndə son günlər dünya üzrə yoluxmada artma müşahidə edilmir. Daha çox azalmağa doğru istiqamətlənib. Bu da ona bağlıdır ki, bütün dünyada artıq kollektiv immunitet formalaşır”.

Həkim qeyd edib ki, karantin olmadan da təbii şəkildə yoluxmada azalma ola bilər:

“Ölkəmizdə də yayın sonlarından virusa yoluxmada azalma müşahidə edilməyə başladı. Hər gün 200-500 yoluxma müşahidə etdik. Yayın ortalarında yoluxma bir qədər artdı, indi isə yenidən azalma başlayıb. Bu da onu göstərir ki, karantin, məhdudiyyət olmadan da yoluxma sayında azalmanın olması təbii şəkildə baş verir. Bu da kollektiv immunitetin formalaşdığını göstərir. Yay aylarının sonlarındakı yoluxmalar kollektiv immuniteti bir qədər də gücləndirdi”.

M.Əliyevin fikrincə, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər arxayınlaşmamalıdırlar:

“Qarşıdan payız-qış mövsümü gəlir. Bu da koronavirusun yayılması üçün əlverişli zamandır. Yoluxma sayı artsa da, bunun çox ciddi rəqəmlərə gedib çıxacağını gözləmirik. Lakin yenə də risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar. Yaşlı şəxslər, onkoloji xəstələr, immun sistemini zəiflədən dərmanları qəbul edənlər, kimya terapiyası alanlar mütləq şəkildə özlərini qorumalıdırlar. Bu xəstəlik onlar üçün hələ də təhlükəli ola bilər”.

Həkimin sözlərinə görə, qorunmağın ən yaxşı yolu hələ də maskadır:

“Maska gərək hər kəsin üstündə olsun. Avtobusda, metrolarda pik saatlarda insanlar bir-birinə çox yaxın olur, orada yoluxma ehtimalı çoxdur. Yaxud da xəstəxanalarda yoluxma təhlükəsi var. Ona görə maskalardan istifadə etmək lazımdır. Maska bizi tək koronavirusdan yox, qrip və digər kəskin respirator virus infeksiyalarından, vərəmdən də qoruya bilər”.

Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Türkiyə 2014-cü ildə keçirilən qeyri-legitim referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb.

Bu gün də Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.

Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozan bu qərarı qəbul etməyimiz mümkün deyil. Hazırda gərginləşən müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, - bəyanatda vurğulanıb.

“Rusiya Prezidenti Vladimir Putin hərbi cəhətdən edə bilmədiyini siyasi və PR yolu ilə etməyə çalışır”.

Bunu Ağ Evin sözçüsü Cen Psaki tviterdə yazıb.

O, bildirib ki, Rusiya “referendum” vasitəsilə müharibənin davam etdirmək üçün özünə bəraət qazandıracaq.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

Bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir... Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib:

“De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Belarusdan, Ermənistandan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Rusiyanın "Radioavtomatika" kompaniyasının Çin Xalq Respublikasının olan təchizatçısı Sinno Electronics Co., Limited (Sinno) və Ermənistandan olan təchizatçısı Taco LLC (Taco) sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

"Sinno" Rusiyaya ixracla bağlı məhdudiyyətlərdən xəbərdar olaraq, Rusiyanın Ukraynaya növbəti işğalından əvvəl və sonra Radioavtomaika ilə davam edən əlaqələrini saxladı. İyun ayında Sinno Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verdiyi və Rusiyanın Ukraynaya növbəti işğalından sonra siyahıya alınmış və sanksiyaya məruz qalan Rusiya qurumları ilə təchizat müqaviləsini davam etdirdiyi üçün qara siyahıya salınıb. Eyni zamand "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm Sinno, həm də Taco "Radioavtomatika" ilə işlərinə görə bir-birləri ilə qarşılıqlı əlaqədə olublar”, - məlumatda deyilir.

Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib.

 Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

Xəbər lenti