“Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

“Report” xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində bu ölkənin sabiq dövlət başçısı - birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.

O, xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib.

"Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır", - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.

ABŞ və Fransanın rəsmi dairələri, artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri kimi, son 30 ildə tutduqları pozucu mövqelərinə hələ də sadiqdirlər... Rəsmi Bakı baş verənləri xüsusi həssaslıqla izləyir, hər dəfə Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə yerinə oturdulan Ermənistanın Cənubi Qafqazda geopolitik şərtləri dəyişmək şansları qətiyyən mövcud deyil...
Cənubi Qafqaz regionunda hərbi-siyasi situasiyanın gərginləşdirilməsinə yönəlik cəhdlər davam edir. Bu məsələdə əsasən iki dövlət – ABŞ və Fransa “fəallıq” göstərir. Və bu iki nüfuzlu dövlət son vaxtlar artıq Cənubi Qafqazda hərbi qarşıdurmanın dərinləşdirilməsinin əsas təşəbbüskarı rolunda çıxış edir.

II Qarabağ savaşı cəmisi 44 gün ərzində Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdıqdan sonra Ermənistanla yanaşı, ermənilərin beynəlxalq himayədarları – ABŞ və Fransa da məğlub duruma süşmüş oldular. Belə ki, Azərbaycan ordusunun parlaq hərbi qələbəsi Minsk Qrupunu tarixin arxivinə göndərdi. Və bununla da, ABŞ-Fransa cütlüyünün Cənubi Qafqazda baş verənlərə yeganə müdaxilə mexanizmi sıradan çıxdı.

Nəticədə ABŞ və Fransa Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərdə “oyundankənar vəziyyətə” düşdü. Rusiyanın regional mövqeləri nisbətən möhkəmləndi. Azərbaycan şəriksiz geopolitik iradə sahibinə və regional supergücə çevrildi. ABŞ və Fransanın geopolitik mövqeləri isə Türkiyənin nəzarəti altına keçmiş oldu. Azərbaycan-Türkiyə İttifaqı modelinin reallaşmasından sonrasa, Cənubi Qafqaz tamamilə Türk Alyansının hegemonluğu altına düşdü.

Ukraynada “savaş bataqlığı”na salınan Rusiya bu duruma o qədər də ciddi müqavimət göstərmir. Kremli Rusiyanın regionda mövqelərini qoruması da tamamilə qane edir. Azərbaycan-Türkiyə İttifaqı ilə daha sıx münasibətlərə can atan Rusiya hələlik bunu bacarır.

Ancaq Ukrayna savaşı ucbatından ciddi şəkildə zəifləməkdə olan Rusiya son vaxtlar Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi ilə üzləşməyə başlayıb. Belə ki, ABŞ və Fransa Rusiyanı regiondan sıxışdırıb çıxartmağa, onun əvəzinə bölgəyə yerləşməyə can atır. Və bütün bunları da Ermənistan üzərindən reallaşdırmağa çalışır.

Hazırda ABŞ və Fransanın əsas “fəaliyyəti” Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına yönəlib. Bu istiqamətdə kifayət qədər ciddi məsafə qət edildiyi də açıq-aşkar nəzərə çarpır. Çünki, erməni toplumunun və elitasının xəyanət ənənəsi bu məsələdə həm ABŞ-ın, həm də Fransanın işinə yarayır. Ona görə də, Paşinyan hakimiyyətinə müəyyən geopolitik vədlər verməklə, Ermənistanın Rusiya ilə münasibətlərini korlamaq elə bir ciddi çətinlik törətmir.

Digər tərəfdən, ABŞ və Fransa Cənubi Qafqazı tamamilə təsir altına ala bilmək üçün bu regionda hərbi əməliyyatların bərpa edilməsinə də ciddi cəhdlər göstərir. Ermənistanın sentyabrın 13-14-də törətdiyi hərbi təxribatların da məhz ABŞ və Fransanın təlimatlarından, sifarişlərindən qaynaqlandığı indi qətiyyən şübhə doğurmur.

CİA şefi Uilyan Börnsün, eləcə də, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelasinin İrəvana müəmmalı və qalmaqallı səfərindən sonra Ermənistanın hərbi təxribatlara həm cəsarəti, həm də “həvəsi” daha da artıb. Son məlumatlara görə, Ermənistan Azərbaycanla sərhəd bölgəsinə yenidən qoşun birləşmələri cəmləşdirməyə başlayıb. Və bu, Paşinyan hakimiyyətinin ABŞ-Fransa cütlüyündən yeni hərbi təxribat sifarişi almış ola biləcəyi ilə bağlı şübhələrə ciddi əsaslar verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ və Fransanın Ermənistandakı səfirlikləri də olduqca müəmmalı xəbərdarlıqlar etmişdilər. Bu iki dövlətin səfirlikləri öz ölkələrinin vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə səfərlərdən yayınmağa çağırmışdılar. Onlar bu çağırışlarını sərhəd bölgəsində yeni silahlı toqquşmaların ola biləcəyi ilə izah etməyə çalışmışdılar.

Böyük ehtimalla ABŞ və Fransanın Ermənistandakı səfirlikləri daha dəqiq məlumatlara malikdirlər. Hər halda, bu ölkələrin səfirlikləri Ermənistana ABŞ və Fransadan verilən təlimatların məzmununu hamıdan daha yaxşı bilirlər. Və bu səbəbdən də, Ermənistan növbəti dəfə hərbi təxribatlar törətməsi ucbatından silahlı toqquşmaların baş verəcəyinə bu qədər əmindirlər.

Maraqlıdır ki, Ermənistandan ABŞ və Fransaya siyasi səfərlərin sayı da artıb. Belə ki, bir tərəfdən, Xankəndi və ətraf bölgədə olan erməni terrorçu-sepratçıların təmsilçiləri müxtəlif bəhanələrlə ABŞ və Fransaya səfərlər edirlər. Digər tərəfdənsə, Paşinyan hakimiyyətinin nümayəndələri bu ölkədə müxtəlif görüşlər keçirirlər.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-dan yenicə qayıdıb. İndisə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan ABŞ-a yola düşüb. Baş nazir Nikol Paşinyansa, indi Fransaya üz tutub. O, bildirib ki, Fransa prezidenti Emmanuel Makronla vacib görüşü çox səbrsizliklə gözləyir.

Təbii ki, bütün bunlar qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Ağ Evdən və Parisdən Paşinyan hakimiyyətinə yeni regional hərbi təxribatlarla bağlı planın növbəti mərhələsinin necə icra edilməli olduğunu anladırlar. Eyni zamanda, planın uğurla icra ediləcəyi təqdirdə, Ermənistana hansısa vədlər verirlər. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin təmsilçiləri həm ABŞ-a, həm də Fransaya bu qədər həvəslə şütüyürlər.

Şübhəsiz ki, rəsmi Bakı bütün bunları xüsusi həssaslıqla, müşahidə edir. Baş verənlərin təhlilinə əsasən mümkün mənfi proseslərin qarşısının alınmasına da hazırlıq görür. Bu baxımdan, indiki situasiyada Ermənistan yalnız hərbi təxribatlar törədə bilər. Ancaq hər dəfə Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə yerinə oturdulan Ermənistanın Cənubi Qafqazda geopolitik şərtləri dəyişmək şansları qətiyyən mövcud deyil.

Belə anlaşılır ki, ABŞ və Fransa artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri kimi, son 30 ildə tutduqları pozucu mövqelərinə hələ də sadiqdirlər. Ağ Ev və rəsmi Paris açıq-aşkar Ermənistanı, eləcə də, erməni terrorçu-separatçıları dəstəkləyirlər. Və bu baxımdan, bu iki dövlətin neytrallıqdan, eləcə də ədalətdən danışmağa haqqı çatmır.

Hər halda, Ağ Evdə və Parisdə erməni baş nazirin qulağına pıcıldanan təlimatların qısa müddət ərzində Cənubi Qafqazda silahlı toqquşmalar kimi ortaya çıxdığı indi heç kəsdə elə bir ciddi şübhə doğurmur. ABŞ və Fransa regional maraqları naminə Ermənistanı israrla “geopolitik alətə” çevirib. Bununla da, hər dəfə Azərbaycanın “dəmir yumruğu” altında əzilən Ermənistanı fəlakətə sürükləmiş olur. (Yeni Müsavat)

Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız parlament, əyalət, bələdiyyə məclislərində yer alıblar.

Bu barədə axar.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Sosial Demokratlar Partiyasından Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Hötaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu, həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, - E.Eltürk bildirib.

Rusiyada qismən səfərbərlik elan olunandan sonra ölkəni 261 min kişi vətəndaş tərk edib.

Bu barədə məlumatı “Novaya Qazeta. Evropa” nəşri yayıb.

Bildirilir ki, Rusiyanı tərk edən kişilərin sayı açıqlandıqca Kreml daxilində çağırış yaşına uyğun gələn şəxslər üçün sərhədlərin bağlanması müzakirə olunur.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.

“Ukrayna, Suriya, Liviya və Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O vurğulayıb ki, rəsmi Ankara beynəlxalq aktor olaraq fəal xarici siyasət həyata keçirir. Nazir “Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasnda əsir mübadiləsi kimi məsələri buna nümunə kimi göstərib: “İndi də Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”.

M.Çavuşoğlu Türkiyənin geniş coğrafiyada humanitar xarici siyasət yeritdiyini bildirib.

İranda 22 yaşlı Məhsa Əmaninin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar davam etdiyi vaxtda ölkədən daha bir dəhşətli xəbər gəldi.

 BAKU.WS xəbər verir ki, saçlarını topladığı video ilə etirazların simvoluna çevrilən Güney azərbaycanlı Hədis Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə öldürülüb. 

20 yaşlı gəncin ölümünü İranlı jurnalist və fəal Məsih Əlinejad sosial media hesabında açıqlayıb. 

İran dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda 41 nəfərin həyatını itirdiyi bildirilir. 

Qeyd edək ki, İranda etiraz şüarları ilk olaraq 13 sentyabr tarixində Tehranda ucalmağa başlayıb. Hazırda iğtişaşlar ölkənin bütün şəhərlərinə və dünya iranlılarına qədər genişlənib. 

 

“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”.

Report xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York times” nəşrinin məqaləsində qeyd edilib.

"Düzdü, Rusiya dövlət başçısının hələ ki, belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib", - məqalədə bildirilib.

Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyanı da nəzərə almalıdır: "Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər sələndiriblər".

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində gəncin hərbi komissarlıqda atəş açdığını, hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib. 

“Report xəbər verir ki, bunu o, “Telegram”dakı səhifəsində yazıb. 

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək.  

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk şəhər sakinidir. 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. 

Hadisə yerində araşdırma aparılır.

***
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.

Məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

Ukrayna ilə bağlı kritik qərara günlər qalıb.

Xarici KİV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin cümə günü Duma və Federasiya Şurasının deputatları qarşısında çıxışında referendumun keçirildiyi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edəcəyi gözlənilir.

Belə ki, sentyabrın 30-dan etibarən Ukraynanın işğal etdiyi ərazilərini geri almaq uğrunda apardığı mübarizə Kreml tərəfindən “Rusiyaya hücum” kimi qiymətləndiriləcək.

Bundan əlavə, Putinin Rusiyanın bütün ərazisində və ya Ukrayna sərhədinə yaxın ərazilərdə hərbi vəziyyət elan edəcəyi, eləcə də qismən səfərbərlik edəcəyi haqda məlumatlar yayılıb.

Putin Ukraynanın təxminən 20%-ni ilhaq etdiyini elan etməyə hazırlaşdığı bir vaxtda Ukrayna isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili iclasa çağırılıb. Kiyev sabah toplanacaq BMT Təhlükəsizlik Şurasının Moskvanın dörd regionda keçirdiyi referendumlara baxmasını istəyir. İclasda Rusiyanın BMT-dən müvəqqəti çıxarılmasına dair Baş Assambleyada səsvermə də tələb olunacaq.

ABŞ Rusiya ilə nüvə savaşından yayınmaq üçün Avropa ölkələrinin viran qoyulmasına birbaşa müdaxilə etməyəcək... Bu baxımdan, Avropa ölkələrinin ABŞ-ın geopolitik oyunlarında alətə çevrilməsi, müəyyən mənada, "könüllü intihar" effekti yaratmış olacaq...
Ukrayna savaşı ətrafında yeni situasiya yaranmağa başlayıb. Prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsi beynəlxalq hərbi-siyasi dairələrdə müəyyən narahatlıq doğurub. Və indi bu məsələ ciddi şəkildə müzakirə mövzusuna çevrilib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyada səfərbərliyə alınacaq şəxslərə birbaşa müraciət edib. Ukrayna lideri Rusiya ordusunun gələcək hərbçilərinə xəbərdarlıq edib ki, döyüş bölgəsində onların həyatı real və qaçılmaz təhlükə altında olacaq. Ona görə də, prezident V.Zelenski Rusiya vətəndaşlarına əsasən iki variant üzrə davranmağı məsləhət görüb.

Həmin variantlardan birincisi Rusiya ordusunda xidmətdən imtina etməkdir. Ukrayna prezidenti bu variant nəticəsində məhkəmə qarşısında dayanmağın döyüş meydanında həyatını itirmədən daha yaxşı olduğunu vurğulayıb. İkinci variant kimi isə Rusiya vətəndaşlarına Ukrayna ordusuna könüllü şəkildə əsir düşmək məsləhət görülür. Prezident Volodimir Zelenski bu halda, rus əsgərinə sivil qaydada davranılacağını, onların hansı şəraitdə əsir düşdüklərinin gizli saxlanılacağını və üçüncü ölkəyə getməyə yardım göstəriləcəyini vəd edib.

Ukrayna prezidentinin bu məsləhətinin və vədlərinin hansı nəticələr doğura biləcəyi hələlik məlum deyil. Ancaq bəzi hərbi mütəxəssislər məcburi səfərbərliyə cəlb olunan rus əsgərlərinin əhəmiyyətli bir hissəsinin belə ciddi təminatlar qarşısında əsir düşməyə üstünlük verə biləcəklərini istisna etmirlər. Və bu baxımdan, belə ehtimalların nə qədər əsaslı olub-olmadığı yəqin ki, yaxın vaxtlarda aydınlaşdırmağa başlayacaq.

Ancaq ABŞ və Qərbin əsas narahatlığı Kremlin qismən səfərbərlik kampaniyasına paralellik təşkil edən, Rusiyanın reallaşdırmağa çalışdığı digər iki ssenari ilə bağlıdır. Belə ki, Kreml bir tərəfdən, Ukraynanın işğal olunmuş ərazilərində həmin bölgələrin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirir. Bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazilərinin zorla ilhaq olunması cəhdi kimi dəyərləndirilir.

Digər tərəfdən, Kreml bəyan edir ki, Rusiya ərazisinə hərbi müdaxilə ediləcəyi təqdirdə, nüvə silahından istifadə edilməsindən çəkinməyəcək. Eyni zamanda, Kreml referendumdan sonra Ukraynanın ilhaq olunmuş bölgələrini öz ərazi hesab edəcək. Yəni, əgər, həmin bölgələrə hərbi zərbələr endirilərsə, Rusiya bunu öz ərazisinə müdaxilə kimi qəbul edərək, nüvə silahı ilə cavab verəcək.

Prezident Vladimir Putin sonuncu xalqa müraciətində də vurğulayıb ki, Rusiya öz sərhədlərini və ərazilərini qorumaq üçün əlində olan bütün vasitələrdən çəkinmədən istifadə edəcək. Kreml sahibinin bu açıqlamasında nüvə silahının tətbiq olunacağına dolayısı eyham mövcuddur. Üstəlik, prezident Vladimir Putinin bu xəbərdarlığı ilə qətiyyən blef etmədiyini də açıq şəkildə vurğulamışdı.

Təbii ki, Qərb siyasi dairələrini ciddi şəkildə narahat edən əsas məqam da məhz budur. Düzdür, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmadığını bildirib. Ancaq Qərb siyasi dairələri bu məsələdə Ukrayna prezidenti qədər arxayın və optimist deyillər.

Məsələn, Avropa Birliyinin xarici əlaqələr və təhlükısizlik siyasəti komitəsinin sədri Jozep Borrel deyib ki, prezident V.Putin nüvə silahından istifadə ilə bağlı blef etmir. Ümumiyyətlə, onun nüvə zərbəsi ilə bağlı hədələrinə olduqca ciddi yanaşmaq lazımdır. O, Avropa Birliyini nüvə savaşı təhlükəsinə hazır olmağa da çağırıb.

Josep Borrel hesab edir ki, insanlar blef etmədiklərini söyləyəndə onları ciddiyə qəbul etmək lazımdır: "İndi şübhəsiz ki, çox təhlükəli dövrdür. Ancaq buna baxmayaraq, Avropa ölkələri Ukraynaya silah tədarükünü davam etdirməlidir, Rusiya qarşı sanksiyalar siyasətini dayandırmamalıdır".

J.Borrelin fikrincə, V.Putinin hərbi-siyasi hədəfləri həm konkret, həm də aydındır. O, hesab edir ki, Kreml sahibi öz hərbi məqsədlərinə nail olana qədər savaşmaqda davam edəcək: "Bu, əlbəttə ki, narahatedici kursdur, amma biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Hərbi münaqişə diplomatik vasitələrlə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qoruyub, saxlaması şərtilə həll edilməlidir. Əks halda, gələcəkdə daha bir müharibə ilə üz-üzə qala bilərik".

Göründüyü kimi, J.Borrel mövcud situasiyaya və Kremlin nüvə təhdidlərinə bir çoxlarından daha realist yanaşır. Halbuki, Polşa rəsmi dairələri də Kremlin hədələrinə Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyinə yaxın istiqamətdən yanaşır. Rəsmi Varşava hesab edir ki, Kreml nüvə savaşına cəsarət etməz: "Çünki, ABŞ-ın da nüvə silahına sahib olduğunu Kremldə çox yaxşı bilirlər".

Belə anlaşılır ki, Ukrayna kimi, Şərqi Avropa ölkələri də birmənalı şəkildə ABŞ-ın onları qoruyacağına arxayındırlar. Üstəlik, rəsmi Varşavanın mövqeyi Ukrayna savaşı ətrafında baş verənlərə, o cümlədən də, Şərqi Avropa ölkələrinin davranışlarına məhz birbaşa Ağ Evdən nəzarət olunduğunu təsdiqləyir. Və bu prosesdə ABŞ-ın təlimatlarından kənar heç bir addımın atılmadığı artıq heç kimdə şübhə doğurmur.

Ancaq bu məsələnin daha bir maraqlı tərəfi də olmamış deyil. Şərqi Avropa ölkələrinin nüvə zərbəsinə məruz qalacağı təqdirdə, onların belə ciddi şəkildə güvəndiyi ABŞ-ın necə davranacağı da kifayət qədər ciddi suallar doğurur. Çünki, Ağ Ev adətən, müttəfiqlərinin deyil, məhz ABŞ-ın maraqlarına uyğun qərarlar qəbul edir.

İndiyə qədər Ağ Ev Rusiya ilə hərbi münaqişəyə birbaşa qatılmayacağını dəfələrlə vurğulayıb. Yəni, Ağ Rusiya ilə yalnız müttəfiqlərinin üzərindən savaşmağa üstünlük verir. Şərqi Avropa ölkələri nüvə zərbəsinə məruz qalacaqları təqdirdə, ABŞ sadəcə, müşahidəçi statusunda da davrana bilər. Bu baxımdan, ABŞ-ın Rusiya ilə nüvə müharibəsinə həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Və Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər.

Ona görə də, Rusiyanın siyasi dairələri belə arxayın şəkildə bütün dünyanı nüvə zərbəsi ilə təhdid edə bilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta Kremlin hansı şərtlər daxilində nüvə silahından istifadə edəcəyini də dəqiqləşdirib. S.Lavrovun dediklərindən belə anlaşılır ki, Rusiya "referendum"un nəticələri açıqlandıqdan sonra ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. Bu, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin bir müddət öncə gündəmə gətirdiyi xəbərdarlığın demək olar ki, eynilə təkrarıdır.

Bu baxımdan, hesab etmək olar ki, Rusiya öz mövcudluğunu qorumaq üçün əlindəki son vasitəni - nüvə silahını artıq dövriyyəyə soxmağa başlayıb. Kreml hətta öz savaş propoqandaçılarının diliylə nüvə zərbəsinə məruz qalacaq hədəfləri də dəqiqləşdirib. Belə məlum olur ki, Kreml Ukrayna ilə yanaşı, Brüssel (Avropa Birliyi, NATO) və Londona (anqlosaks ittifaqının siyasi-ideoloji mərkəzi) da nüvə zərbəsi endirmək niyyətindədir.

Bəzi ehtimallara görə, Kreml öz planını reallaşdırarsa, ABŞ Rusiya ilə nüvə savaşından yayınmaq üçün Avropa Birliyini qurban verə bilər. Ağ Evin Avropanın, o cümlədən də ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniyanın paytaxtı Londonun viran qoyulmasına sadəcə, siyasi qınaq bəyanatları reaksiya verəcəyi gözlənilir. Bu halda, Avropa ölkələrinin ABŞ-ın geopolitik oyunlarında alətə çevrilməsi müəyyən mənada, könüllü intihar effekti yaratmış olacaq. (Yeni Müsavat)

Xəbər lenti