![]() |
|
ABŞ Prezidenti Co Bayden növbəti dəfə davranışı ilə müzakirələrə səbəb olub.
“Star” qəzeti xəbər verir ki, o bu dəfə də mərhum konqresmenə müraciət edib.
Baydenin "Ceki buradasan? Ceki haradadır? Düşünürəm ki, burada olmalıdır" sözləri prezidentin qocaqlıq səbəbindən özündə olmadığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Co Baydenin harada olduğunu soruşduğu konqresmen Ceki Valorski avqustda avtomobil qəzasında həlak olub.
Bayden aclıq mövzusunda konfransda çıxışı zamanı Valorskinin öldüyünü unudub. Üstəlik, konqres üzvünün ölümündən sonra yazılı başsağlığı mesajı da dərc olunub.
Ağ Evin sözçüsü Karin Jan-Pyer isə yerli mətbuatın Baydenin davranışları ilə suallarına dəqiq cavab verməyib. O bildirib ki, prezident Valorskinin işinə hörmət əlaməti olaraq sabah onun ailəsinə baş çəkəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden növbəti dəfə qəribə davranışları ilə gündəmə gəlib.
İranın Loristan əyalətində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə indiyədək 120 nəfər saxlanılıb.
Xarici KİV xəbər verir ki, bunu İranın Loristan əyalətinin baş prokuroru Məhəmməd Rezm deyib. O, Tehranda nümayişlərdə həyatını itirən Loristan mühafizəçisi Ferid Kerempurun ailəsinə başsağlığı verib.
Rezm qeyd edib ki, etirazlarda saxlanılanların çoxu daha əvvəl də polis tərəfindən dəfələrlə saxlanılmış şəxslərdir.
“Bu insanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar”,- deyə o söyləyib.
Qeyd edək ki, Məhsa Əminin ölümündən sonra ölkə daxilində başlayan nümayişlərdə Gilan əyalətində 739, Mazandaran əyalətində 450, İlam şəhərində 180 nəfərin saxlanılıb.
“Bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilib”.
Oxu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bizdə elə hallar olub ki, yüz milyonlarla dollar ödənilib, lakin tədarüklə bağlı öhdəliklər yerinə yetirilməyib. O cümlədən müttəfiq ölkələr tərəfindən də bu öhdəliklərin yerinə yetirilmədiyi hallar olub. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, - deyə Paşinyan Ermənistan parlamentinin iclasında qeyd edib.
Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın nitqində nəzərdə tutulan ölkələrdən biri Rusiyadır. Ermənistanın 400-600 milyon dollar arası ödəniş etməsinə baxmayaraq, Moskvanın müqavilə üzrə nəzərdə tutulmuş hava hücumundan müdafiə, reaktiv yaylım atəş sistemləri və bir çox digər silahları bu ölkəyə vermədiyi bildirilir.
Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.
“Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” qəzeti yayıb.
Məlumata görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.
Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.
Ukrayna Müdafiə Qüvvələri 11 yaşayış məntəqəsi ərazilərində rus ordusunun hücumlarını dəf edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Bu gün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Zaytsevo, Mayorsk, Zaliznoye, Otradovka, Nikolayevka, Ozeryanovka, Pervomayskoye, Pobeda, Novomikaylovka, Pavlovka və Bezymyannı qəsəbələrində rus hərbçilərinin hücumlarının qarşısını alıb”, - Baş Qərargah bildirib.
Fransa Prezidenti Emmanuel Makron Parisdə işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə ikitərəfli əlaqələr və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Makron qeyd edib ki, 2 ölkə arasında danışıqlar bərpa olunmalıdır: "Güc tətbiqi nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu deyil və dialoq dərhal bərpa edilməlidir. Biz də bilirik ki, müzakirəsini gözləyən məsələlər çoxdur. Lakin onlar istisnasız olaraq danışıqlar yolu ilə həll edilməlidir". Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına "maraqlı" olduğunu söyləyib. Baş nazir bildirib ki, Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruridir. Ancaq Paşinyan öz şərtini açıqlamağı da unutmayıb. Onun sözlərinə görə, sülh sənədi MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında imzalanmalıdır: "Ermənistan ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır".
DİA.AZ-ın məlumatına görə, Nikol Paşinyanın Fransaya səfərini və Prezident E.Makronla görüşünü "Şərq"ə şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistan Qərb ölkələrindən imdad diləyir. Analitik bildirib ki, İrəvanın əsas hədəfi ölkənin təhlükəsizliyi ilə bağlı yardım almaqdır: "Paşinyan düşünür ki, Rusiyadan fərqli olaraq ABŞ və Fransa Ermənistanın yanında olacaq, ermənilərin haqlarını sonadək müdafiə edəcəklər. Ona görə də Qərb ölkələrinin Azərbaycana təzyiq göstərmələrinə nail olmağa çalışır. Məsələ ondadır ki, Vaşinqton və Paris Bakı ilə çox ehtiyatlı davranır və Ermənistana birmənalı dəstək vermirlər. Çünki İrəvana birmənalı dəstək Azərbaycanın itirilməsi deməkdir. Qərb Azərbaycanı özünə strateji tərəfdaş bilir. Xüsusən, enerji məsələsində ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirirlər. Yəni burada həm siyasi, həm də iqtisadi itkilərdən söhbət gedir. Azərbaycan təhlükəsizlik prizmasında regionun ən etibarlı dövlətidir. İranla düşmən münasibətdə olan ABŞ və Avropa ölkələri Bakının strateji tərəfdaşlığını gözardı edə bilməzlər. Azərbaycanı itirmək Orta Asiyadan məhrum olmaqdır".
İ.Vəlizadə vurğulayıb ki, Qərb Ermənistanı da tamamilə əlindən buraxmaq istəmir: "Ermənistanın qərbyönlü siyasətini dəstəkləyərək, İrəvanı özünə tərəf çəkmək niyyəti güdür. Amma burada Rusiya faktoru da önəmlidir. Moskvanın başı nə qədər qarışıq da olsa, Paşinyanın Qərbdən yardım dilənməsinə, daha doğrusu, ABŞ və Avropa ölkələrinin Ermənistana siyasi-hərbi dəstək verməsinə imkan verməyəcək. Belə məqamda Rusiya dərhal öz rıçaqlarını işə salacaq və Qərbin yardımı "mənzil başına çatmayacaq".
Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra ABŞ “hücumun fəlakətli nəticələr verəcəyi” barədə xəbərdarlıq edib. Bəs ABŞ-ın danışdığı fəlakətli nəticələr nələrdir? Rusiya nüvə hücumu əmri verəndə Qərb necə cavab verəcək?
Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ölkəsində “qismən səfərbərlik” elan edən nitqində üstüörtülü nüvə təhdidindən və “mən blef etmirəm” deməsindən sonra Rusiya ilə Qərb arasında gərginlik birdən-birə artıb.
Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bildirərkən, ABŞ Prezidenti Co Bayden BMT tribunasından Rusiya liderinin özünə cavab verib. Baydenin bəyanatı ilə kifayətlənməyən ABŞ Rusiyaya xüsusi xəbərdarlıq edərək nüvə silahının istifadəsinin “fəlakətli nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan canlı yayımda bildirib ki, " qırmızı xətti aşsa, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq".
Bundan əlavə, o, ABŞ-ın Moskvaya bunun tam olaraq nə demək olduğunu özəl olaraq çatdırdığını bildirib. Bəs ABŞ-ın danışdığı “fəlakətli nəticələr” nədən ibarətdir? ABŞ gizli kanallarla Putinə hansı fəlakətləri vəd edib?
Britaniyanın “The Teleqraf” qəzetində yer alan xəbərə görə, Rusiya nüvə silahından istifadə edərsə, Qərbin reaksiyası nüvə hücumundan tutmuş Rusiya iqtisadiyyatına qədər dəyişə bilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət Departamentinin direktoru Uilyam Alberquenin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinə mütənasib cavab Krımda aviabaza və ya kəşfiyyat mərkəzini hədəfə almaqdır.
Alberkenin açıqlamasına görə, Qərbin Rusiyaya cavab olaraq müəyyən edəcəyi hədəfin nüvə hücumu ilə əlaqəli radarlar və ya kəşfiyyat, müşahidə sistemləri olacağı gözlənilir. Bu hədəflər çox güman ki, Belarusda və ya Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində deyil, Rusiyanın özündə olacaq. Yəni NATO birbaşa Rusiya ərazisindəki hədəfləri vurmaqla cavab verəcək.
ABŞ-ın belə bir vəziyyətdə təkbaşına hərəkət etmək istəməyəcəyini də irəli sürən Alberque Vaşinqtonun 2011-ci ildə Liviyaya edilən hücumlarda olduğu kimi İngiltərə və Fransa kimi ölkələrdən hərbi dəstək istəyəcəyini iddia edib.
Ehtiyatda olan general-mayor Rupert Cons isə “The Telegraph”-a deyib ki, Putin Ukraynada nüvə silahından istifadəyə göstəriş verərsə, Qərbin bir çox müxtəlif ənənəvi cavabları ola bilər: “Məsələn, Rusiya donanmasına hücum və ya Hərbi Hava Qüvvələrinə qarşı məqsədyönlü əməliyyat ənənəvi cavablar sırasındadır”.
Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı İran Prezidenti İbrahim Rəisi ilə Rusiya qoşunlarının bir hissəsinin Suriyadan çıxarılması və hərbi bazaların iranlılara verilməsi müqabilində pilotsuz təyyarələrin tədarükü ilə bağlı razılığa gəlib.
Axar.az xəbər verir ki, bunu rusiyalı şərqşünas İqor Semivolos deyib.
O bildirib ki, İran əslində Ukraynaya qarşı müharibəyə Rusiyanın tərəfində daxil olub:
“Ruslar Suriyadan qoşunlarının bir hissəsini çıxarır, hərbi bazalarını iranlılara təhvil verir və müvafiq olaraq bunun əvəzinə iranlılar, bu dronları tədarük etməyə söz veriblər, çünki rusların həqiqətən də pilotsuz təyyarələrlə problemləri var”.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib.
“2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir. Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”, - paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.