Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.

Bu barədə Ukrayna XİN məlumat yayıb.

“İran tərəfinə bildirilib ki, Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü İranla münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Ukraynada İrana məxsus “Mohajer-6” hücum pilotsuz təyyarəsini vurub.

Bundan əvvəl Ukrayna hərbçiləri İran istehsalı olan “Şahed-136” kamikadze-dronlarını vurub. Yenidən rənglənmiş və adı dəyişdirilərək “Geran-2” olan “Şahed-136” PUA-ları getdikcə daha çox Ukraynanın zirehli və artilleriya maşınlarının mövqelərinin yaxınlığında aşkar edilir.

Çeçenistan rəhbəri Ramzan Kadırov qismən səfərbərlikdən yayınanlara müraciət edərək onları qorxaq və satqın adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Kadırov Teleqram hesabında bildirib.

“Səninlə danışıram, azğın. Müxtəlif bəhanələr gətirə bilərsiniz. İndiki siyasəti dəstəkləmədiyinizi deyə bilərsiniz. Müharibə ideyasının və silah anlayışının sizə yad olduğu və ya sadəcə zorakılığı qəbul etmədiyiniz bir nağılla qarşılaşa bilərsiniz. Amma bil ki, sən sadəcə qorxaq, satqın və ikinci dərəcəli insansan”, - Kadırov qeyd edib.

“Krımla bağlı mövqeyimiz Donetsk və Luqanskdakı əvvəlki mövqeyimizlə eynidir. Biz Rusiyanın keçirmək istədiyi referendumu tanımırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

O, ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini bildirib:

“Rusiya bazarlıq etmək, parçaları yenidən düzmək istəyir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik. Bu müharibədə Ukraynanın yanındayıq. Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə başlayanda proqnozumuz belə idi ki, müharibə uzun müddət davam edəcək. İndiki mənzərə ondan ibarətdir ki, müharibə davam edəcək”.

Fransa və ABŞ səfirlikləri vətəndaşlarına Ermənistana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Fransa səfirliyi vətəndaşlarına Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına səfər etməkdən çəkinməyi tövsiyə edib.

 Buna səbəb kimi yeni hərbi eskalasiya potensialını qeyd edib. Bununla bağlı verilən təsvirdə isə təhükənin səviyyəsi əks olunub. Belə ki, qırmızı rəng çox yüksək təhlükə, narıncı rəng isə orta dərəcəli təhlükə kimi səciyyələndirilib.

ABŞ səfirliyi də vətəndaşları üçün xəbərdarlıq yayıb.

Xəbərdarlıqda Ermənistandakı silahlı münaqişə ilə əlaqədar ehtiyatlı olmaq məsləhət görülüb. Bəzi ərazilərin daha çox risk altında olduğu qeyd edilib. Bildirilib ki, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ səfirliyi əməkdaşlarına və onların ailə üzvlərinə bəzi yerlərə qeyri-vacib səyahətlər qadağan edilir. Belə ki, Tovuz rayonu M4 şosesi boyunca Karvansaradan şimala doğru və şərqdə yerləşən bütün ərazilər, Göyçə gölünün şərqində Geqarkunik rayonu, Göyçə gölünün cənubunda və M10 şossesinin şərqinə doğru Geqarkunik rayonu, Dəvəli rayonunun Arazdəyən kəndi və s. ərazilərə, həmçinin Qarabağa səyahət qadağan olunub.(oxu.az)

Paşinyan Əliyevdən Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini xahiş edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. O, çıxışında sentyabrın 12-dən 13-nə keçən gecə “Azərbaycanın Ermənistana hücumundan” danışıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini “işğal etməyə hazırlaşır”.

Paşinyan İlham Əliyevə xahişlə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini istəyib.

“Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?”, – deyə Paşinyan Azərbaycan Prezidentinə müraciət edib.

O, Azərbaycanın Qarabağdakı separatçıların bütün “nümayəndəliklərini” blokladığı barədə də şikayət edib.

Paşinyan beynəlxalq ictimaiyyəti Ermənistan və Azərbaycan sərhədində missiyalara cəlb etməyə çağırıb.

“Azərbaycan fəal şəkildə Ermənistanın bütün cənub və şərqinin, eləcə də Ermənistanın paytaxtı İrəvanın ona məxsus olduğunu bəyan edir”, – Paşinyan deyib.

Erməni mediası isə, onsuz da günü qara Paşinyanı növbəti biabırçılıqda ittiham edib.

“Bu, tam biabırçılıqdır! BMT-də Paşinyan İlham Əliyevdən Azərbaycanın tanımağa hazır olduğu Ermənistanın xəritəsini göstərməyi xahiş edib”, – deyə media Baş naziri tənqid atəşinə tutub.

Konkret.az

Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, “Azərbaycandan yeni təcavüz təhlükəsi var”.

Bu, Şərq İqtisadi Forumunda etdiyi “alibi qazanmaq” gedişinin təkrarıdır.

Erməni baş nazir Vladivostokda iddia etdi ki, “Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, hücum edəcək”. Ardınca 12 sentyabr təxribatı ilə Azərbaycanı “hücum edən” tərəf kimi göstərmək və bölgədəki sülh gündəliyini arxa plana keçirmək ssenarisini oynadılar.

İndi BMT tribunasından Azərbaycanın “yeni hücumu” haqda xəbərdarlıq edir, paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla hücumlar intensivləşir. Bu təxribatların məhz indi – Paşinyanın Nyu Yorkda olduğu vaxt intensivləşməsi də “mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi” rəyinin dünyaya sırınmasına hesablanıb.

Təxribatların daha da şiddətlənəcəyi istisna deyil. Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə “təcavüzkar” kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir.

Rusiya Prezidenti Vladimir Putinin Rusiya Federasiyasında qismən səfərbərlik elan etməsindən sonra Dağıstanda bir qrup şəxs hərbi komissarlığın qarşısında etiraz ediblər.

Komissarlığın işçisi olan qadın oğlunun fevraldan bəri müharibədə döyüşdüyünü deyib. 

Etirazçılar qadına özünün müharibəyə getməsini istəyib. O isə cavabında “gedəcəyəm” cavabını verir.

Daha sonra qadının “babam sizin üçün döyüşüb” sözlərinə etirazçılar “o vətən üçün düşüb, indiki siyasətdir”, deyə reaksiya veriblər. 

Komissarlıq işçisi həmçinin onu videoya çəkməmələrini tələb edib.

Daha ətraflı videoda:

Ermənistan hakimiyyəti sərhəddəki döyüşlərdə ölən hərbçilərin ailələrinə təzyiq göstərir.

Belə ki, Ermənistan KİV morqlarda hələ də şəxsiyyəti müəyyən edilə bilməyən hərbçilərin cəsədləri olduğunu yazır. Ermənistan hökuməti həmçinin artıq şəxsiyyəti müəyyən edilmiş cəsədlərin dəfni zamanı ailələrə xüsusi göstəriş verir. Müvafiq göstəriş ölənlərin “Erablur” panteonunda dəfn edilməməsinə əsaslanır. Çünki hökumət panteonun daha da “genişlənməsi”ni istəmir, süni şəkildə döyüşlər zamanı verilən ağır itkiləri ört-basdır etməyə çalışır. Buna görə də, ailələrə cəsədləri ölkənin başqa ərazilərindəki məzarlıqlarda basdırmaq göstərişi verilir. 

İranda davam edən etiraz aksiyalarında sentyabrın 22-də Tehranda və başqa şəhərlərdəki polis məntəqələrinə və avtomobillərinə od vurulub.

Reuters xəbər verir ki, etirazçılar habelə təhlükəsizlik qüvvələrinə, ictimai polis rolunu oynayan Bəsic təşkilatının üzvlərinə hücumlar ediblər.

100 minə yaxın üzvü olan Bəsici, bəzən “əxlaq polisi” də adlandırırlar. Bu təşkilatın üzvləri vətəndaşların şəriət qaydalarına, o cümlədən qadınların hicaba riayət etməsinə nəzarət edirlər.

Sentyabrın 21-də Məşhəddə Bəsicin bir üzvü bıçaqlanaraq öldürülüb. Təsnim və Fars agentliklərinin verdiyi bu xəbər Telegram platformasında yayılıb, çünki hər iki agentliyin saytları bloklanıb. Bəsic üzvünün öldürülməsinə dair rəsmi təsdiq yoxdur.

Təsnim xəbər verib ki, Bəsicin daha bir üzvü Qəzvin şəhərində “qiyamçı və cinayətkarların” törətdiyi atışmada ölüb.

Sentyabrın 21-dən İran hökuməti ölkədən informasiya axınını dayandırmaq üçün İnterneti məhdudlaşdırmağa başlayıb. 22 yaşlı qadının hicab polisi tərəfindən saxlanandan sonra ölümü ölkə boyunca etirazlara səbəb olub.

Londondan yerləşən NetBlocks internetə nəzarət qurumu bildirir ki, İran 2019-cu ilin zorakı noyabr etirazlarından bəri ən sərt internet məhdudiyyətlərinə məruz qalıb. O zaman benzinin qəfil bahalanması böyük etirazlara səbəb olmuşdu. Hökumət Instagram şəbəkəsini və WhatsApp mesajlaşma alətini bloklayıb.

İran hakimiyyəti indiyədək onminlərlə vebsaytı bloklayıb, kritik dönəmlərdə interneti məhdudlaşdırıb, yaxud tamamilə kəsib. 2019-cu ildə internet bağlantısı bir həftəyəcən olmamışdı.

Fransada yayımlanan Cənub radiosunun “Berkoff bütün ştatlarda” proqramında Azərbaycan əsilli fransalı politoloq, hüquqşünas, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəyli ölkəmizin mövqeyini yerli izləyicilərə çatdırıb.

Proqramın aparıcısı Andre Bekoffla debata çıxan soydaşımız öncə Fransa kimi demokratik ölkədə Azərbaycanın dövlət sərhədində baş verənlərin erməni lobbisinin maraqlarına uyğun şəkildə işıqlandırıldığına və Azərbaycan icmasının fikirlərinə yer ayrılmadığına görə yerli medianı sərt tənqid edib.

O, ermənilərin “dənizdən-dənizə” xülyasını “dinazavrutsun - tarixin dinozavrlaşdırılması” adlandırıb: “Hətta (Vladimir) Solovyovun verilişinə dəvət olunmuş bir erməni "bizdə orada yaşayan dinozavrlardan sonra" ifadəsini işlətdi. Əlbəttə, bu gülüncdür. Qarabağa gəlincə, mən hüquqşünas kimi faktlarla danışmağa üstünlük verirəm”.

Diqqəti Kürəkçay müqaviləsinə yönəldən soydaşımız nəzərə çatdırıb ki, 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiya arasında imzalanan həmin sənəddə qeyd olunub ki, bu ərazi Azərbaycan xanlığınındır: “Bu gün bəhs etdiyimiz İrəvan, Naxçıvan və Zəngəzur da qədim Azərbaycan xanlıqlarıdır”.

Ermənilərin “Stalin Qarabağı bizə verdi” iddiasının əsassız olduğu, bolşeviklərin Siyasi Bürosunun 3 iyul 1923-cü ildə Qarabağı Ermənistana verdiyi, bir gün sonra – 4 iyulda Azərbaycana qaytardığı vurğulanıb: “Daha doğrusu, “Qarabağı Azərbycanın tərkibində saxlayın və muxtariyyət yaradın” deyiblər. Bu, həddindən artıq böyük güzəşt olub”.

Azərbaycanın xəritəsini təqdim edən soydaşımız Ermənistanın vaxtilə işğal etdiyi əzəli ərazilərimizə diqqəti cəlb edib. Azərbaycanın BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq öz ərazilərini təkbaşına işğaldan azad etdiyi və Qarabağ iqtisadi rayonundakı “Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası” adlandırılan problemin həllinin bu ərazinin tamamilə demilitarizasiya olunmasından keçdiyi bildirilib: “Bu müddəa 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə öz əksini tapıb”.

Nəzərə çatdırılıb ki, dünyada heç bir ölkə, o cümlədən Fransa öz ərazisində separatçıları qəbul etmək istəmir. “Görün, cənab Prezident Emmanuel Makron nə deyir və mən onunla tam razıyam: “Donbaslılara və separatçı regionlara heç bir güzəşt ola bilməz”. Amma Qarabağa gələndə niyə fransız siyasətçilər “Ah, (Yuxarı) Qarabağ başqadır...” deyirlər. Halbuki bu da bölücülükdür və eyni məsələdir. Bu separatçılar əllərinə silah götürüblər, adamları öldürüblər. Bu gün “separatçılar, rədd olun” deməliyik”.

Zaur Sadıqbəyli əlavə edib ki, Azərbaycan dövləti Qarabağdakı mülki erməni vətəndaşlarına humanist münasibət bəsləyir, yalnız ölkəmizə başqa dövlətin ərazisindən soxulan xarici silahlı adamları qəbul etmir. “Bu, bütün dünyada belədir”.

Bildirib ki, Zəngəzur dəhlizinin bərpa olunması məsələsi Ermənistanın da imzaladığı 10 noyabr 2020-ci il tarixli üztərəfli sazişdə əksini tapıb: “Orada qeyd edilib ki, bu dəhlizin təhlükəsizliyinə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cavabdehdir. Amma Ermənistan iki ildir bu öhdəliyi də yerinə yetirmir”. 

Avropa Birliyinin vasitəçiliyi ilə 31 avqust 2022-ci ildə Brüsseldə baş tutan danışıqlarda Ermənistanın Azərbaycanın 5 şərtini qəbul etdiyi vurğulanıb: “Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Biz hər bir dövlətin, o cümlədən Azərbaycanın və  Ermənistanın da ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Amma Ermənistan gecə vaxtı diversantları göndərir. Çünki sərhəd çox genişdir və dağlardan keçir. Biz gördük ki, diversantlar ərazilərimizdə yeni minalar yerləşdirirlər. 2020-ci ildən indiyədək 240 nəfər minalardan həlak olub. Hətta onların arasında Azərbaycan jurnalistləri də var. Bu, hiddət doğurur! Odur ki, Azərbaycanın səbrinin sonu gəldi və biz diversantları sıxışdırmağa başladıq. Biz erməniləri çox yaxşı tanıyırıq. Biz güc tətbiq edən kimi onlar say-küy salmağa, kömək üçün qışqırıq salmağa başlayırlar. İndi də bu baş verir. Hərbi diversantların təcavüzü zamanı onların bəziləri əsir düşdü və Azərbaycan Ordusu “şərti” adlanan sərhəddə yüksəklikləri nəzarətə götürdü”.

Zaur Sadıqbəyli fransız izləyicilərinin nəzərinə çatdırıb ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində Bakıda 50 min azərbaycanlı, Zəngəzurun isə bütün azərbaycanlı əhalisi qətlə yetirilib: “Həmin illərdə Şərqi Anadoluda 3 milyondan çox müsəlman həlak olub. Amma biz bu barədə danışmırıq. Əgər ermənilərin soyqırımı varsa, azərbaycanlıların, türklərin, kürdlərin də soyqırımı var. Bu, tarixi mübahisədir və Türkiyə arxivlərindəki çoxlu sayda dərc olunan sənədlər də bunu təsdiqləyir”.

Qeyd edək ki, 20 dəqiqə vaxt ayrılan proqram 15 dəqiqə 54 saniyə cəkib. Aparıcının opponentinin danışmasına mane olması səbəbindən Zaur Sadıqbəyli yalnız 9 dəqiqə 17 saniyə müddətində Azərbaycan həqiqətlərini çatdıra bilib. İnternet izləyicilərinin coxsaylı  müraciətlərini nəzərə alan soydaşımız debatın transkriptini öz sosial şəbəkə səhifələrində cap edib.

Xəbər lenti