![]() |
|
Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşmasına aparan praktiki addımları alqışlayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Sözdə deyil, əməldə, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar (Pelosinin İrəvanda Bakı əleyhinə bəyanatları nəzərdə tutulur – red.) həqiqətən bu normallaşmaya töhfə verə bilərmi? Zamanla hər şey aydın olacaq”, - Peskov vurğulayıb.
Ukraynanın keçmiş gözəllik kraliçası Yevgeniya Prokopenko Rusiyaya qarşı döyüşmək üçün orduya yollanıb.
2012-ci ildə "Gözəllik kraliçası" seçilən Prokopenko hazırda Ukrayna ordusuna feldşer kimi çalışır.
Döyüşə getməsinin səbəbini açıqlayan Prokopenko rus dilində səlis danışa bildiyini bildirən 35 yaşlı həkim daha sonra bunları deyib: “Lakin Putinin dilini bilmirəm. Onunla hansı dildə danışacağımı tapa bilmədim, çünki o, inkişaf etmiş ölkələrin dilini başa düşmək istəmir və onları rədd edir”.
"Gözəllik ilahəsi" onu da əlavə edib ki, Putinə deyəcək sözü yoxdur: “Söhbət Putinə gələndə hərəkətə keçmək lazımdır. Onun üçün gülləm var”.
İranda polisin hicabdan imtina etdiyinə görə saxladığı 22 yaşlı Məhsa Əmini ölüb.
Oxu.az xəbər verir ki, onun dəfnindən sonra insanlar etiraz sədaları ilə ayağa qalxıblar. Gənc qızın ölüm səbəbinin infarkt olduğu bildirilsə də, insanlar onun polis mikroavtobusunda döyüldükdən sonra həyatını itirdiyinə əmindirlər.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, qızın səhhətində heç bir problem olmayıb.
“Al Jazeera” telekanalının məlumatına görə, etirazlar Əmininin doğulduğu Sakkız şəhərində və İranın qərbindəki digər şəhərlərdə olub. İnzibati binaların qarşısına toplaşan etirazçılar həqiqətin araşdırılmasını tələb ediblər. İranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq hicablarını çıxararaq, atıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
IRNA məlumat verir ki, İran Prezidenti İbrahim Rəisi ölkənin daxili işlər nazirinə Əmininin ölüm faktının araşdırılması barədə göstəriş verib.
ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasının bitdiyini elan edib.
Bu barədə o, CBS telekanalına müsahibəsində deyib.
“Pandemiya bitdi. Hələ də COVID ilə bağlı problemlərimiz var, biz hələ də bunun üzərində çox işləyirik ... Ancaq fikir versəniz, heç kim maska taxmır, görünür, hamı yaxşı vəziyyətdədir”, - deyə Bayden qeyd edib.
ABŞ ölkələrə sanksiya tətbiq etməklə, onları bir-birinə yaxınlaşdırır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi CBS kanalına müsahibəsində deyib.
“Vaşinqtonun sanksiya siyasəti uğursuzluğa məhkumdur. ABŞ-ın sanksiyası altında bir neçə ölkə mövcuddur. ABŞ belə etməklə onları birləşməyə, daha sıx olmağa məcbur edir. Bu da Ağ Evin sanksiyalarını effektsiz edir”, - Rəisi bildirib.
“Bəzi Teleqram kanalları, hətta ABŞ-a şübhə ilə yanaşan (məsələn, erməni vendettası) Vaşinqtonun nəhayət Ermənistanın tərəfini tutduğunu yazır (bu, guya Pelosinin Azərbaycanın “ölümcül hücumlarını” pisləməklə bağlı bəyanatlarından irəli gəlir). Amma bu belə deyil və tezliklə hadisələrin inkişafı bu qənaətin doğruluğunu göstərəcək”.
Bunu ekspert Sergey Markedonov Nensi Pelosinin İrəvana səfəri ilə Facebook səhifəsində yazdığı mövqeyində qeyd edib.
“1. ABŞ Türkiyə ilə (NATO üzvü, blokun özündən sonra ikinci hərbi qüvvə) əməkdaşlıqdan imtina etməyəcək.
2. Dövlətlər, xüsusən də strateji müttəfiqi olan Aİ-də enerji problemləri fonunda Azərbaycan və Ermənistan arasında seçim etməyəcəklər. Və təbii ki, onlar Bakının ən mühüm tərəfdaşı olan İsraildən əl çəkməyəcəklər”, - siyasi şərhçi deyib.
Onun fikrincə, hazırda ABŞ-ın qarşısında əsas məqsədlər var: “İranı cilovlamaq, Türkiyəni “geosiyasi ekzotizm”dən saxlamaq və Rusiyanı Qafqazdan sıxışdırmaq. Əsas hədəf isə ümumilikdə kiminsə, konkret olaraq Moskva, Ankara və Tehranın Avrasiya alyansına mane olmaqdır. Bu, açardır.
Ermənistan sürətlə NATO-ya qəbul edilməyəcək, hətta Gürcüstan və Ukrayna hələ orada yoxdur, onlar da Rusiyanın yerinə sülhməramlılar göndərməyəcəklər. 1920-ci ildən bəri Rusiya-Ermənistan münasibətlərində Moskvanın kifayət qədər diqqət göstərməməsi və bu qəbildən olan digər arqumentlər mövzusu vaxtaşırı gündəmə gətirilir. Demək olmaz ki, Rusiyanı tənqid edənlər həmişə və birmənalı olaraq yanılırlar. Qərb bundan yaxşısını təklif etmir və etməyəcək də. Qarabağın qaytarılması, Bakıya və ya Ankaraya qarşı “səlib yürüşü” olmayacaq! Nöqtə və beş nida! Bütün bu yüksək gözləntilər, Moskvanın bugünkü mövqeləri daha aydın olsaydı, “Amerikanofiliya” partlayışlarının qarşısını almaq olardı.
“Yanlış Paşinyanı” günahlandırmağı dayandırın. Onunla yanaşı, bizim regionda maraqlarımız var və onlar haqqında danışmaq lazımdır. Bəli, biz sırf erməni maraqlarının operatoru ola bilmərik. Bəli, bizim Azərbaycan və Türkiyə ilə münasibətlərdə saxlamalı olduğumuz və itirəcəyimiz bir çox məsələlər var. Amma Bakı və Ankaranın Rusiyanın himayəsi altında güzəştə getmədən İrəvan üzərində dağıdıcı hesabla qalib gəlməsi bunlardan deyil. Paşinyan nə qədər pis və zəif iradəli olsa da.
Ona və ümumiyyətlə, erməni siyasətçilərinə çoxlu suallar var. Amma indi söhbət onlardan deyil, bizdən gedir. 2020-ci ilin noyabrında İrəvan təslim ola bilərdi və etməli idi. Amma bu gün Ermənistanı susqunluğumuzla bitirmək (axı hətta 2022-ci ilin sentyabrında silahlı eskalasiyanın dayandırılmasında Moskvanın real vasitəçiliyi belə, media sferasında irəli getmir) şübhəsiz ki, pis ssenaridir. Min, yüzüncü dəfə təkrar edirəm. Böhran vəziyyətinə cavab vermək bivecliklə sinonim deyil. Amma bu olmalıdır və mənalı sükutla əvəzlənməməlidir”, - rusiyalı politoloq qeyd edib.
Qərb ölkələri onilliklər boyu SSRİ-nin, Rusiyanın dağılması ideyalarını yayıblar.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Onilliklər boyu Qərb ölkələri daim SSRİ-nin, tarixi Rusiyanın dağılması ideyasını möhkəmləndiriblər. Bunu gözləməyin. Qoyun, hər kəs vacib bildiyi tapşırıqlarını həll etsin”, - deyə Kreml rəhbəri bildirib.
İsveçin “Nya Dagbladet”qəzeti RAND strateqlərinin 2022-ci il yanvar tarixli məxfi hesabatını dərc edib. Hesabatda ABŞ-ın Ukraynadakı müharibəni və Avropadakı enerji böhranını necə planlaşdırdığı qeyd olunur.
“Sənədə əsasən Rusiya Ukraynaya hərbi təcavüzə təhrik edilib və bu plan çoxdan hazırlanıbmış.
Bildirilir ki, nəticədə Avropa Birliyinin (AB) iqtisadiyyatının çökməsi qaçılmaz bir proses olacaq. Bu səbəbdən də ABŞ-a 9 trilyon dollara qədər resurs axacaq və yaxşı təhsil almış Avropa gəncləri mühacirət etmək məcburiyyətində qalacaqlar.
“Onların əsas məqsədi siyasətdə faydalı axmaqların əli ilə Rusiyanın enerji resurslarının qitəyə tədarükünü dayandırmağa məcbur etməklə Avropanı, xüsusən də Almaniya və Rusiyanı parçalamaqdır”, - qeyd edilib.
Mətbu orqanı onu da yazır ki, RAND-ın sənədində “Almaniyanı zəiflədin, ABŞ-ı gücləndirin” başlıqlı yazısında qeyd edilir ki, bütövlükdə Amerika iqtisadiyyatını dəstəkləmək üçün kənardan resurs axınına təcili ehtiyac var, xüsusən də bank sistemi üçün.
“Bunu isə ancaq Aİ və NATO öhdəlikləri ilə bağlı olan Avropa ölkələri onları əhəmiyyətli hərbi və siyasi xərclər olmadan bizə verə bilər”, - yazıda qeyd olunub.
Mərkəzin fikrincə, buna ən böyük maneə Almaniyanın artan müstəqilliyidir. Digər məsələlər arasında, “Brexit”in Almaniyaya daha çox müstəqillik verdiyi və ABŞ-ın Avropa hökumətlərinin qərarlarına təsirini çətinləşdirdiyi göstərilir.
Bu strategiyanın digər əsas məqsədi ilk növbədə Almaniya və Rusiya, eləcə də Fransa arasında əməkdaşlığı pozmaqdır.
“Rusiyadan tədarükün kəsilməsi, Almaniya iqtisadiyyatı və dolayısı ilə bütün Aİ üçün dağıdıcı olacaq sistematik böhrana gətirib çıxara bilər”, deyən RAND strateqləri əsas məsələnin Avropa ölkələrini müharibəyə sürükləmək olduğunu qeyd edirlər.
Almaniyanın Rusiyanın enerji təchizatından imtina etməsinin yeganə mümkün yolu hər iki tərəfi Ukraynada hərbi münaqişəyə cəlb etməkdir. Bu ölkədə bundan sonrakı hərəkətlərimiz istər-istəməz Rusiyanın hərbi reaksiyasına səbəb olacaq. Bu, Rusiyanı aqressiv tərəf kimi göstərməyə, sonra isə artıq hazırlanmış bütün sanksiyalar paketini tətbiq etməyə imkan yaradacaq.
RAND ekspertləri ümid edirlər ki, zərər o qədər böyük olacaq ki, sonradan Almaniya ilə Rusiya arasında normal münasibətləri bərpa etmək mümkün olmayacaq.
Prosesin nəticəsi olaraq Avropa iqtisadiyyatının tam çökməsi ehtimal olunan və arzuolunan variant kimi qiymətləndirilir: “Bu, təkcə Almaniya iqtisadiyyatına dağıdıcı zərbə deyil, bütün Aİ iqtisadiyyatı qaçılmaz olaraq çökəcək”.
RAND ekspertləri prosesin sonunda Amerika şirkətlərinin qlobal bazarda daha az rəqabətə malik olacağını, logistik üstünlüklərini və Avropadan kapital axınını əldə edəcəklərini qeyd edirlər.
Sentyabrın 12-dən 13-nə keçən Ermənistan ordusunun Azərbaycan sərhəddində törətdiyi təxribat zamanı 135 erməni hərbçi ölüb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu günə qədər təsdiqlənmiş qurbanlarımızın sayı 135-dir.
“Lakin təəssüf ki, bu rəqəmin hələ yekun olmadığını bilirik. Çoxlu yaralı var”, - Paşinyan bildirib.
Vaşinqtonda ABŞ-Türkiyə Strateji Çərçivə Dialoqunun üçüncü iclası keçirilib. İclasa ABŞ dövlət katibinin müavini Vendi Şerman və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal sədrlik edib. Dövlət Departamentinin məlumatına görə, iclasda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da iştirak edib.
Hər iki tərəf sülh və sabitliyin təşviqinə, ABŞ və Türkiyə arasında güclü müdafiə tərəfdaşlığının daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Onlar ikitərəfli ticarət əlaqələrinin son zamanlar artımını alqışladılar və bütün mümkün sahələrdə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə qarşılıqlı əzmlərini bir daha təsdiq etdilər.
Tərəflər regionda baş verən siyasi prosesləri müzakirə edib, transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyi ilə bağlı məsləhətləşmələr aparıblar. Onlar terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin zəruriliyini vurğulayıblar. Nümayəndə heyətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsılmaz dəstəklədiklərini bir daha təsdiqləyiblər və NATO-nun fəaliyyətinin gələcək əlaqələndirilməsi yollarını müzakirə ediblər. Birləşmiş Ştatlar Türkiyənin İstanbul taxıl müqaviləsinə vasitəçilik etmək səylərini alqışlayıb.
Hər iki nümayəndə heyəti dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərq və Afrikada mümkün əməkdaşlıq sahələrini nəzərdən keçirib və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Hər iki tərəf bu və digər məsələlər üzrə fəal və səmimi fikir mübadiləsinin davam etdirilməsini alqışladılar və gələcəkdə də yüksək səviyyəli səfər mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.