![]() |
|
“Reallıq.info” və başqa bir neçə saytın rəhbəri İkram Rafiqoğlunun həbsi reket jurnalistlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Hətta tanınmış media təmsilçiləri reket jurnalistlərlə mübarizə aparmaq üçün bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də odur ki, xəbər saytı açmaq üçün lazım olan domenlərin alınması mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Bundan başqa, domen üçün müraciət edən şəxslərə Mətbuat Şurası tərəfindən rəy verilsin, sayt açmaq istəyən şəxs yalnız maddi-texniki bazası, ofisi və peşəkarlardan ibarət kollektivi olduğu halda domen ala bilsin.
İrəli sürülən bu təkliflərə münasibət bildirən millət vəkili Aqil Abbas Axar.az-a açıqlamasında bildirib ki, bu məsələlərə Mətbuat Şurası deyil, Ədliyyə Nazirliyi diqqət yetirməlidir:
“Mətbuat Şurası ictimai təşkilat olduğu üçün ona səlahiyyət verilə bilməz ki, sayt açılması üçün rəy versin. Böhtan atılan şəxslər şikayət ərizəsi ilə Mətbuat Şurasına müraciət edərsə, onlar yalnız buna nəzarət edə bilər. Şuranın saytı bağlamaq səlahiyyəti yoxdur. Demokratik ölkədə yaşayırıq, hər bir şəxsin domen alıb, sayt açmaq hüququ var. Domen alan şəxslə bağlı Ədliyyə Nazirliyi tədbirlər görə bilər. Yəni bir adamın saytı qara siyahıya düşübsə və ya bloklanıbsa, onda nazirlik tərəfindən qadağa qoyulmalıdır ki, həmin şəxs, heç olmasa, bir illik bu hüquqdan məhrum edilsin. Çünki həmin şəxs sayt bloklansa belə, başqa bir adla digərini açacaq. Ona görə də həmin şəxsin bu hüquqdan müvəqqəti məhrum edilməsi məqsədəuyğun olar”.
Millət vəkili dünya praktikasında reketçiliklə məşğul olan şəxslərlə mübarizə metodlarından da danışıb:
“Bir çox ölkədə belə hallar baş verir. Onlar bununla bağlı qanunlar qəbul edirlər. Həmin ölkələrin qanunlarına uyğun olaraq televiziya və ya sayt müvəqqəti məhdudlaşdırılır. Ən çox da qardaş Türkiyədə belə hallar baş verir. Reketçilik edənlərin əlindən səhmlər müvəqqəti olaraq alınır.
Düşünürəm ki, informasiya portalı açan şəxsin təhsilinə və digər məsələlərə baxılmalıdır. Hər kəsin kütləvi informasiya vasitəsi açmaq hüququ var, amma buna nəzarət lazımdır”.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərenerji Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılması bu quruma daha çox sərmayə imkanlarının yaradılması ilə bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, aparılan tədqiqat və monitorinqlər onu göstərir ki, əvvəlki dövrdə “Azərenerji” tərəfindən vəsaitlərin səmərəli xərclənməsi həyata keçirilməyib:
“Vəsaitlərin xərclənməsində səmərəliliyin güclənməməsi nəticə etibarilə “Azərenerji”nin aktivlərinin azalmasına və investisiya imkanlarının məhdudlaşmasına gətirib çıxarır. Bu baxımdan, aktivlərin artırılması, xüsusən də bunun yeni texnologiya üzərində inkişaf etdirilməsi infrastrukturun genişləndirilməsi ilə bağlıdır. Azərbaycan İstilik Elektrik Stansiyasında texnologiyanın yenilənməsinə, daha innovativ texnologiyanın ölkəyə gətirilməsinə ehtiyac var. Mingəçevirdə baş verən hadisə birbaşa texnologiyanın yenilənməməsi və köhnə texnologiyadan istifadə ilə bağlıdır. Praktik olaraq, Mingəçevirdə istifadə olunan texnologiyaların və avadanlıqların böyük bir qismi Rusiyada, keçmiş SSRİ-də istehsal edilən avadanlıqlar idi. Bu da məhz bu ilin yayında enerji təminatında problemlərin yaşanmasına gətirib çıxardı.
Aktivlərin artırılmasında da məqsəd ondan ibarətdir ki, “Azərenerji” innovativ texnologiya ölkəyə ixrac edə bilsin. Qurum yığımlardan əldə edilən vəsaiti daha səmərəli xərcləsəydi, o zaman bu ilin yayında müşahidə edilən enerji problemi baş verməzdi. “Azərenerji” həm yenilənməli, həm də innovativləşməlidir. O, fasiləsiz enerji təminatı imkanına malik olmalıdır ki, artan tələbi ödəyə bilsin. Sərəncam “Azərenerji”nin sağlamlaşdırılması və texnoloji baxımından yenilənməsi hədəfləri ilə bağlıdır”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərenerji Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılması nəzərdə tutulub.
Azərbaycana tərəf müəyyən siyasi referanslar etsə də, İran ölkəmizə münasibətdə, təəssüf ki, o qədər də səmimi deyil.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, İran həmişə Ermənistan-Azərbaycan məsələsinə münasibətdə açıq-aşkar Ermənistanın yanında dayanıb:
“Azərbaycan işğalçı Ermənistana qarşı blokada təşkil edəndə Gürcüstan da bu siyasəti dəstəkləyib ölkəmizə qoşuldu, amma İran Ermənistan üçün bir nəfəslik rolunu oynadı. Arazın üzərindən körpü tikdi, təcili surətdə Ermənistana birinci qaz kəmərini çəkdi, bugünlərdə artıq ikinci qaz kəməri də Ermənistana çatdırılıb. Eyni zamanda, sərhəd gediş-gəlişi vizasız oldu və demək olar ki, Ermənistanın bütün ehtiyacları İranın malları hesabına ödənildi. Hətta Rusiyadan daha çox, İran Ermənistanla ticarət əlaqələri qurub və onun blokadada boğulmasının qarşısını almaqla məşğuldur”.
Politoloq vurğulayıb ki, indi İran özü çətin vəziyyətdədir:
“Ona qarşı sanksiyalar sistemi hər gün bir az daha sərtləşir, yeni-yeni ölkələr bu sanksiyalara qoşulur. Belə görünür ki, noyabr ayı İran üçün böyük gərginliyin başlanğıcı olacaq. Çünki 6 noyabrdan İranın neft ixracı bütünlüklə sanksiyalara məruz qalaraq, əngəllənəcək. Belə bir şəraitdə Türkiyə və Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmayacaqları ilə bağlı verdikləri vəd, iki ölkə arasında ticarət əlaqələrinin məhz milli valyuta üzərində qurulacağını açıqlaması, əlbəttə ki, xoş niyyətdən irəli gəlir. Azərbaycan və Türkiyə istəmir ki, İran xalqı ABŞ-ın və digər dövlətlərin İrana tətbiq edəcəyi sanksiyalar altında boğulsun. Azərbaycan həm də orada olan 40 milyona yaxın soydaşımızın xatirinə bu addımı atır. Ötən sanksiyalarda da Azərbaycan bu cür hərəkət etmişdi. Bununla da Azərbaycan İran siyasilərinə göstərmək istəyir ki, biz çətin günün dostuyuq və İranla qonşuluq münasibətlərinə, mənəvi köklərə sadiqik, hər zaman İranı bəladan qurtarmaq üçün əlimizdən gələni edirik”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu addımı İran üçün tarixi dərsdir:
“İran bu məsələləri geridə qoya bilsə, ondan sonra gərək Azərbaycan və Türkiyənin çətin məqamda atdığı bu addımı düzgün qiymətləndirsin. Yəni bundan sonra İran Türkiyədəki PKK-çılara yardım etməməli, Azərbaycandakı radikallığa meyilli dini qruplaları “himayəsi altına” alıb, onları yönləndirməməli, Ermənistana göstərdiyi misilsiz iqtisadi dəstəklə Azərbaycan torpaqlarının işğalının davam etməsinə şərait yaratmamalı, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən İran şirkətlərini geri çəkməlidir və s. Bir sözlə, İran Azərbaycan dövlətçiliyini həzm etməli və qəbul etməlidir ki, güclü, dünyəvi bir müsəlman dövləti olan şimal qonşusunun ona heç bir ziyanı yoxdur, əksinə, xeyiri var, yeri gələndə İrana kömək əlini uzadır. Azərbaycan dövləti ilə çox səmimi və yaxın qonşuluq əlaqələrinin formalaşmasında İran tərəfi maraqlı olarsa, güneydəki soydaşlarımızın hüquqlarını tanımaqla, onların da İran dövlətini özününkü saymasına imkan tanıyarsa, regionun iqtisadi mənzərəsi dəyişər, Türkiyənin də iştirakı ilə, daha böyük layihələrə imza atmaq olar”.
Politoloq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səfərinin təxirə düşməsinin də təsadüf olmadığını bildirib:
“İran hər zaman çox qeyri-diplomatik formada Azərbaycana “xəbərdarlıq” edir ki, İsraili və ABŞ-ı burnumuzun dibinə qədər gətirib çıxarmayın. Amma İran başa düşmür ki, bu, Azərbaycanın müstəqil xarici siyasətinin tərkib hissəsidir. Xüsusilə İsraillə olan münasibətlərimizə ciddi şəkildə kölgə salmağa çalışanlar var. Amma İranın özü Ermənistanla hər cür münasibət qurmaqdan çəkinmir. Ermənistanı ayaqda saxlayan, onun işğalı davam etdirməsinin, belə deyək, əsas “maliyyəçisi” rolunda çıxış edən İran başa düşməlidir ki, İsrail bizim üçün həyati əhəmiyyətli bir ölkədir və bu dostluqdan Azərbaycan yaxşı mənada milli maraqları üçün istifadə edir və İsrailə də qazanmaq imkanı yaradır. İsrail Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən, Azərbaycanın haqq səsini təbliğ edən, Ermənistanla məsafə saxlayan bir ölkədir. Belə bir ölkə ilə Azərbaycanın dostluq etməsini İran niyə qısqanmalıdır?”
Politoloq qeyd edib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıda Azərbaycanın ünvanına səsləndirdiyi isti mesajların da İranda narazılıqla qarşılanmasını istisna etmir:
“Azərbaycan öz siyasi-iqtisadi və milli maraqları istiqamətində addım atır, qazanır, qazandırır və regional təhlükəsizliyə töhfə verir. Bakı Ermənistan istisna olmaqla, bütün qonşuları kimi, dünyanın istənilən nöqtəsində olan dövlətlərlə münasibət qurmaqda maraqlıdır. Ancaq bu münasibətlər heç bir halda üçüncü ölkəyə qarşı deyil və İran artıq dəfələrlə bunun şahidi olub. Nə Avropa, nə də ABŞ-la münasibətimizin qonşu İrana heç bir ziyanı olmadığını sübut etmişik. Belədə, İran nə istədiyini bir daha özü üçün müəyyən etməlidir: Ermənistana daimi dəstək verib, ən çətin anında Azərbaycandan böyük layihə üçün yüzmilyonlarla ölçülən kredit alıb, hələ bir də Azərbaycanın siyasi-iqtisadi maraqları olan ölkələrlə münasibət qurmasına xor baxmaq hansı siyasi təfəkkürün nəticəsidir?”
Politoloq xüsusi olaraq vurğulayıb ki, Bolton Azərbaycanda olarkən İrana qarşı sanksiyalar zamanı bu ölkə ilə əməkdaşlıq edən “azərbaycanlı dostlarımızın ziyan çəkməməsi” məsələsini xüsusi vurğuladı:
“İran özü də müşahidə etdi ki, ABŞ kimi dünya nəhəngi Azərbaycanın müstəqil və milli maraqlarına uyğun siyasətinə hörmətlə yanaşır və hətta ən ağır sanksiyalar tətbiq etməyə hazırlaşdığı İranla əlaqələrimizə belə loyal yanaşır. Bütün bunların qarşılığında İran Bakıya münasibətini son dərəcə yüksək səviyyəyə qaldırmalı, Azərbaycanın taleyüklü problemlərində yanımızda olduğunu açıq şəkildə göstərməli, Bakının illərdir yürütdüyü dostluq və səmimi qonşuluq siyasətinə adekvat cavab verməlidir. Təəssüf ki, bunun əvəzində münasibətlərə xələl gətirən addımların şahidi oluruq. Hətta İran yüksək səslə “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” ifadəsini işlətməyib. Biz bu sözü ən yüksək kürsülərdən deyən İsraillə münasibətimizi niyə daha da yaxşılaşdırmamalı, inkişaf etdirməməliyik? İranın bu suala bir cavabı varmı?”
Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən bitkilərin, bitkiçilik məhsullarının siyahısı təsdiqlənib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“Fitosanitar nəzarəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Fərmanın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının Siyahısı” təsdiqlənib.
Prezident İlham Əliyev daha iki rayona yeni icra başçısı təyin edib.
prezidentin sərrəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin, Asif Əzizağa oğlu Ağayev isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Oktyabr ayında Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı “Ramştayn” aviabazasına təxminən 100 konteyner silah və avadanlıq göndərib.
Axar.az xəbər verir ki, bu barədə hərbi bazanın rəsmi saytında informasiya yayılıb.
Məlumata görə, sözügedən çatdırılma 1999-cu ildə ABŞ-ın Yuqoslaviya ərazisində 900-dən artıq reyd həyata keçirdiyi dövrdən sonra Avropaya ən böyük silah-sursat çatdırılması olub.
Konteynerlər təcavüzkarların təhdidlərinə operativ reaksiya verməyi təmin etmək məqsədilə göndərilib.
Oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zakaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin və son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.