![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobili almaq üçün sifariş verib.
Türkiyə mətbuatı bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Prezident İlham Əliyev 2 avtomobil istədiyini söyləyib: “Telefon danışığımız zamanı da bunu xatırlatdı”.
Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
Soçi görüşü ərəfəsində Xankəndində genişmiqyaslı mitinq keçirilib. Təxminən 15 min nəfərin iştirak etdiyi aksiyanın təşkili məqsədilə bütün inzibati resurslar işə salınıb.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirlib.
Daha ətaflı “Caliber”in süjetində:
“İran-Ermənistan hərbi-texniki əməkdaşlığı yeni müstəviyə keçir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert İranın molla rejiminin düşmən ölkə ilə birlikdə Azərbaycana qarşı siyasətini davam etdirdiyini bildirib.
“Paşinyan İrana gedib. Hesab edirəm ki, Ermənistan baş nazirinin bu səfərdə əsas məqsədi hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və İrandan PUA almaqdır. Azərbaycana qarşı hər şər işin içində olan molla rejiminin düşmənimizi silahlandırmaqda həvəsli ola biləcəyini düşünürəm. Eləcə də Ermənistanla ticarət dövriyyəsini artırılacağını bildirən İran düşmən ölkə üçün əlavə qazanc yerləri açmağı da düşünür.
İran Ermənistana bütün məsələlərdə dəstək verir. Artıq onların arasında anti-Azərbaycan birliyi formalaşıb. Paşinyanın Tehranda İbrahim Rəisi ilə bu şər birliyinin gücləndirilməsi yönündə müəyyən məsələləri müzakirə etdiyinə şübhə yoxdur.
Molla rejiminin Azərbaycana nifrəti o həddə çatıb ki, hətta tarixi Azərbaycan şəhəri Təbrizdə Ermənistana konsulluq açmaq barədə qərar da verib. Çox güman ki, Rəisi Paşinyanla Tehranda bu məsələni də həvəslə müzakirə edib.
İran anti-Azərbaycan siyasətinin davamı olaraq, Ermənistanda silah zavodu açmağı da planlaşdırır. İran Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün Ermənistana tam dəstək verir. Qafanda binası tam hazır olmayan baş konsulluğun tez-tələsik açılması da bu düşmən siyasətin tərkib hissəsi idi”.
Məhəmməd Əsədullazadə Türkiyənin bölgədə və Azərbaycanda güclənməsindən İranın qorxuya düşdüyünü bildirib:
“Buna görə də İran bir addım atarkən, bunu təkcə Azərbaycana yox, Türkiyəyə də hesablayır. Tehranın İrəvanla əməkdaşlığı Türkiyə- Azərbaycan ittifaqına qarşıdır. Türkiyənin Azərbaycanla koordinasiyalı addımları mollaları bərk qorxuya salıb. Amma molla rejiminin köhnə təfəkküründən fərqli olaraq, regionda yeni reallıq hökm sürür, gedişat da buna uyğun olaraq sürətlə dəyişir.
İranın Cənubi Qafqaz siyasəti Qərbin də xoşuna gəlmir. Bu baxımdan, Qərblə İran arasında uçurumun və böhranın dərinləşməsi fonunda İrəvanın molla rejimi ilə əməkdaşlığa getməsi Avropa Birliyi ilə yanaşı, ABŞ-ın da ciddi təpkisinə yol aça bilər. Bu, Ermənistanı İrana qarşı sərtləşən Qərbin qəzəbinə tuş gətirə bilər.
Onu da qeyd edim ki, Paşinyan qarşıdakı aylarda Rusiyadan qaz tədarükündə problemin yarana biləcəyi ehtimalına qarşı İrandan qaz idxalını artrırmağı planlaşdırır. Bu isə Rusiyadan Ermənistana qaz təchizatında ciddi problemlərin yaranacağı deməkdir. Çıxılmaz durumda qalan Ermənistan özünü odun içində qalmış İranın qucağına atır”.
Məlum olduğu kimi, Paşinyanı Tehranda “Bismillah rəhmani rəhim”lə qarşılayan Rəisi bildirib ki, “regionun problemlərini region ölkələri həll etməlidir və xaricilərin regiona hər-hansı müdaxiləsi problemlər yaradacaq”. Bu olaya politoloq Asif Nərimanlı aşağıdakı kimi şərh verib:
"İran prezidentinin “xaricilər” deyəndə Türkiyəni nəzərdə tutduğu və Azərbaycana qarşı “sionist” iddialarının davamı olduğu bəllidir. Hərçənd, region ölkəsi olmayan Fransanı bölgəyə gətirən Ermənistandır.
Rəisi isə Nikolu Quran ayəsi ilə salamlayır və “xariciləri” bölgəyə gətirən erməni baş nazirə uydurduqları “düşmən”dən şikayət edir.
Paşinyanla oturub-durmaqdan yalan danışmaqda ustalaşırlar".
ABŞ İrəvanla Bakı arasında danışıqlara yardım edəcək.
Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün və danışıqların bərqərar olmasına sadiqdir.
“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və hər iki ölkənin arzuladığı davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik... Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimiz işi görəcəyik”, - amerikalı diplomat qeyd edib.
Soçi görüşü yalnız Ermənistan deyil, Rusiya üçün də uğursuz oldu, Kremlin rəsmi Bakıya təzyiq mexanizmlərinin artıq işləmədiyi növbəti dəfə açıq şəkildə təsdiqləndi... Musavat.com bildirir ki, yekun sülh sazişi “Vaşinqton sənədi” və ya “Rusiya versiyası” yox, məhz rəsmi Bakının beş baza prinsipi əsasında hazırlanmış Azərbaycan variantı üzrə imzalanacaq...
Cənubi Qafqazın gələcək taleyi ilə bağlı bir çox məqamlar artıq tədricən aydınlaşmaq üzrədir. Xüsusilə də, üçtərəfli Soçi görüşündən sonra Rusiyanın regionda öz mövqelərini qoruya bilib-bilməyəcəyi də dəqiqləşməyə başlayıb. Və bu baxımdan, Soçi görüşü Cənubi Qafqazda cərəyan edən proseslərin perspektivləri üçün böyük əhəmiyyət daşıyır.
Digər tərəfdən, Rusiyanın ABŞ və Qərbə yaxınlaşma xətti yürüdən Ermənistanı dəstəklədiyi barədə təsəvvürlərin yaradılmasına çalışıldı. Buna paralel olaraq da şəxsən prezident Vladimir Putinin açıqlamları ilə Paşinyan hakimiyyətinin “Vaşinqton sənədi”ni imzalamağa hazırlaşmaqla, Ermənistanın maraqlarına xəyanət etdiyi barədə iddialar qabardıldı. Və müəyyən mənada, Qərbin vasitəçiliyi ilə yekun sülh sazişinin imzalanacağı təqdirdə, Paşinyan hakimiyyətinin devrilməsinin vacibliyinə yönəlik mesajlar verildi.
Ancaq üçtərəfli Soçi görüşünün nəticələri demək olar ki, Rusiyanın gözlədiyi məzmundan çox-çox uzaq qaldı. Ermənistan baş naziri Nikol Paşinyan “Biz Rusiyanın bütün təkliflərini dəstəkləyirik. Soçidə həmin təkliflər əsasında sənəd təqdim olunarsa, imzalamağa hazıram” deməklə, Kreml sahibinin “hücum kampaniyası”nı onun özünə qarşı çevirməyə çalışdı. Əslində, yəqin ki, erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın təkliflərini geri çevirəcəyini elə əvvəlcədən təxmin etmək imkanındaydı.
Məsələ ondadır ki, rəsmi Bakı həmin təkliflərin Azərbaycanın maraqlarına cavab vermədiyini Soçi görüşündən xeyli əvvəl Rusiya siyasi dairələrinin diqqətinə çatdırmışdı. Böyük ehtimalla Kremlə özü birbaşa etiraz etmək cəsarəti olmayan baş nazir N.Paşinyan rəsmi Bakının bu qətiyyətli davranışından xəbərdar idi. Və ona görə də, belə rahatlıqla Rusiyanın təklifləri əsasında istənilən sənədi imzalamağa hazır olduğunu Soçi görüşündən öncə tez-tez təkrarlayırdı.
Təbii ki, üçtərəfli Soçi görüşünün nəticələri ilkin ehtimallarımızdan o qədər də fərqli məzmun daşımadı. Ermənistan baş naziri N.Paşinyan hər xırda imkanda rəsmi İrəvanın Rusiya ilə anlaşma şəraitində addımlar atdığını vurğulamaqla, Kreml sahibi V.Putinə yaltaqlanaraq, ənənəvi “erməni taktikası”na üstünlük verdi. Bununla da, erməni toplumuna Ermənistanın maraqlarının Rusiya prezidenti V.Putinin öz vədlərini tutmasına bağlı olduğunun mesajını verməyə çalışdı.
Azərbaycan Prezidenti İlham Əliyevsə, ölkəsinin milli maraqlarını birbaşa özü, həm də çox qətiyyətlə qorudu. Belə ki, Prezident İlham Əliyev Kreml sahibi V.Putinlə ikitərəfli görüşdə açıq mətnlə bəyan etdi ki, “Dağlıq Qaarabağ problemi artıq tarixə çevrilib. Bununla bağlı müzakirə edilə biləcək heç bir mövzu da qalmayıb”. Və bununla da, prezident V.Putinin üçtərəfli Soçi görüşü ərəfəsində Rusiyanın adından Ermənistana verdiyi vədlər bloklanmış oldu.
Maraqlıdır ki, mümkün qədər susmağa üstünlük verilsə də, artıq Ermənistanda da Soçi görüşündə olan hadisələr barədə müəyyən açıqlamalara rast gəlinir. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da bildirib ki, baş nazir Nikol Paşinyan Soçi Bəyanatının mətninə “Dağlıq Qarabağ” ifadəsinin salınması üçün sona qədər təkid edib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev buna imkan verməyib.
Göründüyü kimi, Prezident İlham Əliyev qətiyyətli mövqe tutub və Rusiya-Ermənistan planının baş tutmasının qarşısını alıb. Rusiya prezidenti Vladimir Putin də Soçi görüşündən sonra vurğuladı ki, imzalanmış sənəddən bir çox məsələlər çıxarılıb. Və təbii ki, bu, Azərbaycan liderinin növbəti siyasi-diplomatik qələbəsidir.
Nəticədə Ermənistan cəmiyyətinin və erməni toplumunun Rusiya vasitəsilə “Dağlıq Qarabağ” məsələsində yeni situasiyanın yaradıla biləcəyinin ümidləri boşa çıxdı. Brüssel prosesi və Praqa bəyannamsinin ardından Rusiyanın vasitəçiliyi də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təsdiqi ilə yekunlaşdı. “Dağlıq Qarabağ” mövzusu gündəmdən çıxarıldı.
Belə vəziyyətdə vasitəçinin hansı ölkə və ya beynəlxalq qurum olması Azərbaycan üçün elə bir ciddi əhəmiyyət daşımır. Rəsmi Bakı beynəlxalq hüquq normalarına əsaslanan, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi üzrə hazırlanacaq istənilən sülh sazişini imzalaya bilər. Və həmin sənədin Moskvada, yoxsa, Brüsseldə hansı vasitəçinin iştirakı ilə imzalanacağının da önəmi mövcud deyil. Əsas odur ki, imzalanacaq yekun sülh sazişi məhz rəsmi Bakının israr etdiyi 5 baza prinsipinə əsaslanmaqla, Azərbaycan variantı olsun.
Ermənistan üçün isə situasiya tamamilə fəqrlidir. Belə ki, Soçi görüşü yalnız Ermənistan deyil, Rusiya üçün də uğursuz olub. Kremlin rəsmi Bakıya təzyiq mexanizmlərinin işləmədiyi növbəti dəfə açıq şəkildə təsdiqlənib. Yəni, Rusiya öz strateji müttəfiqi Ermənistana hətta üçtərəfli ortaq bəyanatda “Dağlıq Qarabağ” ifadəsini belə, “hədiyyə” edə bilmir. Və bu səbəbdən də Qərbə yaxınlaşma kursu tutmuş Ermənistan üçün Rusiyanın vasitəçilik missiyası qətiyyən cəlbedici görünmür.
Ümumiyyətlə, üçtərəfli Soçi görüşünün nəticələrinə əsasən ehtimal etmək olar ki, prezident V.Putinin vasitəçilik missiyası artıq ciddi şübhələr doğurur. Hətta Kreml sahibinin vasitəçilik missiyasının məhz Soçidə böyük ölçüdə sona çatdığını da düşünmək olar. Və Azərbaycan-Ermənistan yekun sülh sazişinin nə vaxt, imzalanacağı yəqin ki, Brüssel prosesi ilə müəyyən ediləcək.
İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.
Bu barədə DTX-dən bildirilib.
Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.
Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib.
Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.
Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.
Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edir.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
***
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.