Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında Azərsilah ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

Dövlətimizin başçısına məlumat verildi ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.

Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

14:03

ABŞ Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir.

Axar.az xəbər verir ki, bunu bəyanatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

“Dövlət Departamenti üçüncü ölkələrin Suriyaya humanitar situasiyaya reaksiya vermək istəklərini anlayışla qarşılayır. Digər tərəfdən biz Suriya Silahlı Qüvvələri ilə həm mülki, həm də hərbi məqsədlər üçün əməkdaşlığı dəstəkləmirik. Biz həmçinin Ermənistan və Rusiyanın bu missiyanın icrası üçün əməkdaşlığını da dəstəkləmirik”, – deyə o bildirib.

Səfirlik həmçinin Rusiya hökumətinin Bəşər Əsəd hakimiyyəti ilə qarşılıqlı fəaliyyətinin humanitar fəlakətə səbəb olduğunu və Kremlin Əsəd rejiminin vəhşiliyini müdafiə etməyə davam etdiyi vurğulanıb.

Avstraliya Xarici İşlər Nazirliyi Avstraliya-Azərbaycan Assosiyasiyasının Xocalı soyqırımı ilə bağlı müraciətinə cavab verib.

Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Məktubda ilk öncə assosiasiyanın sədri Mikayil Oytaya gec cavab verildiyi üçün üzr istənilib.

Daha sonra Avstraliya hökumətinin 1988-1994-cü illər ərzində Dağlıq-Qarabağ regionunda baş verən münaqişə nəticəsində yaranan çətinliklər haqqında məlumatlı olduğu, 1992-ci ilin fevralın 26-da Xocalıda baş verən dəhşətli hadisələrin unudulmadığı qeyd edilib.

Məktubda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin labüdlüyü irəli sürülüb və hər iki tərəf buna dəstək verməyə çağırılıb. Avstraliya hökumətinin ATƏT-in Minsk Qrupunun davam edən vasitəçilik işini dəstəklədiyi yazılıb.

Məktubda daha sonra beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq, Avstraliya hökumətinin münaqişə ilə bağlı uzunmüddətli mövqeyə malik olduğu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və dəstəyinin birmənalı olduğu, Avstraliya hökumətinin “Dağlıq Qarabağı” müstəqil dövlət kimi tanımadığı bildirilib.

Roma Papası Fransisk Venesuela Prezidenti Nikolas Maduronun məktubuna cavab verib.

Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri yazıb.

Məlumata görə, papanın cavabı 7 fevralda göndərilib. Papa məktubunda müraciət forması kimi “prezident Maduro” əvəzinə “hörmətli cənab Maduro” ifadəsindən istifadə edib.

Papanın sözlərinə görə, Venesueladakı vəziyyət və xalqın əzabları onu həddən artıq narahat edir. Təəssüf ki, vəziyyəti düzəltmək üçün bütün cəhdlər boşa çıxıb. Papa həmçinin vəziyyətin düzəlməsi üçün həmişə dialoq mövqeyindən çıxış etdiyini qeyd edib.

Nəşrin məlumatına əsasən Papanın məktubu bir qədər ehtiyatlı tonda yazılıb. Bu isə dini liderin Venesuela böhranının həlli istiqamətində tərəflər - ABŞ və Avropa Birliyi ilə Rusiya, Çin, Türkiyə və İran arasında orta mövqe tutmaq istəməsi ilə izah edilib. Nəşr həmçinin Fransiskin Maduroya qarşı mövqeyinin yumşaq dillə desək mənfi olduğunu yazıb.

Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro ölkədəki dialoq cəhdlərinin yumşaldılmasına dəstək üçün Roma Papası Fransiskə müraciət ünvanlamışdı.

Vaşinqton dünyada tam hərbi üstünlük qazanmaq istəyir. Məhz buna görə, o, yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxıb.

Axar.az xəbər verir ki, bu sözlər SSRİ-nin son prezidenti Mixail Qorbaçovun “Vedomosti” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, razılaşma Rusiyanın təhlükəsizliyinə və onun sərhədləri yaxınlığında raketlər peyda olmamasına xidmət edirdi. O, Trampın bu razılaşmadan imtinasının dünyada strateji situasiyanı destabilizasiyaya, yeni silahlanma yarışına və dünya siyasətində qeyri-müəyyənliyə gətirib çıxaracağını bildirib.

Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

 

“Paşinyanın mövqeyini anlamaq mümkün deyil”

Ermənistanın baş naziri bu gün ölkə Parlamentində çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda hər zaman iştirak etdiyini və bu icmanın mövqeyini Azərbaycan Prezidentinin təqdim etdiyini söyləyib.

"Qafqazinfo" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı KİV-ə açıqlama verib.

O qeyd edib ki, Ermənistan baş nazirinin bu gün çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, dünən onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır. Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır:

“Baş nazir Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir”. 

XİN rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20-faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir.

“Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, Ermənistan əhalisinə vəd etdiyi “iqtisadi inqilabı” bir o qədər tez reallaşdıra bilər. Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir”, - deyə L.Abdullayeva əlavə edib.

Prezident İlham Əliyev Z.M.Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Türkiyənin İstanbul şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, şəhərin Çəkməköy səmtində qəza baş verib.

Qəza yerinə çox sayda təcli yardım və yanğınsöndürən maşınlar cəlb edilib. Ölü və ya yaralılar barədə məlumat verilməyib.

11:15

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Axar.az Report-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Nəsimi Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsi rəisinin müavini təyin edilib.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunaraq Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib.

Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Unikal.org Xəzər rayon polis idarəsinin rəis müavini polis polkovnik-leytenantı Nizami Paşayevin Şəki rayon polis şöbəsinə xidmət üzrə rəis müavini təyin edildiyi barədə məlumat yaymışdı.

Xəbər lenti