İş adamı Frenk Elkaponi Axar.az saytını məhkəməyə verib.

Axar.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrlik etdiyi prosesdə saytımızı Anar Niftəliyev təmsil edib.

Keçirilən iclas haqqında məlumat verən A.Niftəliyev vurğulayıb ki, qarşı tərəfin iddiasının motivi bəlli deyil. Belə ki, Frenk Elkaponi Naxçevanski saytımızda yayımlanan “Erməni milyarder edir, Elkapone isə “meydan oxuyur” başlığı altında yazılan məqalənin həqiqətə uyğun olmadığından cavabdeh tərəfdən məqalənin dərc olunduğu səhifədə, həmin yerdə və həmin ölçüdə təkzib verilməsi, yazıların internet səhifəsindən silinməsi və üzr istənilməsi, xəbər portalından dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat tutulması ilə bağlı iddia qaldırıb.

“Qəribədir ki, proses zamanı qarşı tərəf hansı cümlənin, ifadə və ya sözün onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat və ya sözlər olduğu barədə məhkəməyə heç bir dəlil təqdim etməyib. Onların məhkəməyə təqdim etdikləri yalnız məqalələrimizin saytımızda dərc olunan surətidir”, - A.Niftəliyev deyib.

A.Niftəliyev bildirib ki, qarşı tərəfdən həmin məqalələrdə F.Elkaponinin şərəf və ləyaqətinin təhqir olunduğu söz, cümlə və yaxud ifadələri tapıb göstərməsi tələb edilsə də, iddiaçının vəkili həmin ifadələrin göstərilməsi üçün növbəti məhkəmə prosesinə qədər vaxt istəyib.

A.Niftəliyev məhkəmədə çıxışı zamanı bildirib ki, hər iki məqalədə şəxsən baş redaktor və redaksiya olaraq F.Elkaponiyə şəxsi münasibətimizin müsbət olduğu konkret sözlərlə ifadə olunub:

“Ona hər zaman qazilərimizə göstərdiyi qayğıya görə təmənnasız media dəstəyi göstərmişik. Vaxtaşırı olaraq xəbərlərini tirajlamışıq, belə əməllərini təqdir etmişik. Eyni zamanda, məhkəməyə çəkilən məqalələrdə də ona dəstəyimiz, xoş baxışımız ifadə olunub. Mən qarşı tərəfdən soruşdum ki, onlar hansı ifadəni təhqir hesab edirlər? Qarşı tərəf isə cavabında “bütün məqaləni” deyə bildirdi.

Mən bu zaman bildirdim ki, həmin məqalədə Frenk Elkaponinini təqdir etdiyimiz çox məqamlar var, onları da təhqir hesab edirsinizsə, üzr istəyə bilərəm”.

A.Niftəliyev bildirib ki, məhkəmə iddiası qüsurlu tərtib edilib, şərəf və ləyaqəti tapdayan, aşağılayan ifadələr ayrıca olaraq göstərilməyib və buna görə də əslində həmin iddianın məhkəmə tərəfindən icraata götürülməsi anlaşılmazdır:

“Bu səbəbdən mən hakimdən xahiş etdim ki, məhkəmə işə baxmaqdan imtina etməlidir. Hakim isə bildirdi ki, növbəti proseslərdə bununla bağlı qərar veriləcək”.

A.Niftəliyev qeyd edib ki, Axar.az-da yayımlanan müəllif yazısı Frenk Elkaponenin sosial şəbəkədə şəhid varislərinə 11 min manatlıq birdəfəlik ödəmə barədə “bir çox şəhid ailəsinə ödəmədən imtina edilməsi”, “dövlətin öz öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi”, “ümummilli biabırçılıq” ifadələrinin doğru olmadığı barədədir:

“Çox təəssüf ki, həmin statusa dövlətimizlə bağlı adekvat olmayan rəylər də yazıldı və o rəylər hələ də qalmaqdadır. Biz məhz bunlara görə F.Elkaponiyə müraciətlə həmin məqaləmizdə xüsusilə vurğulamışdıq ki, Prezidentin fərmanına qarşı yanlış bir rəy yaradacaq belə statusa ehtiyac yoxdur. Çünki biz belə hesab edirdik və indi də belə hesab edirik ki, F.Elkaponinin özündə şəhid ailələrinə veriləcək birdəfəlik ödəmə ilə bağlı yanlış rəy yaradılmışdı. Onun hansısa şəxslərdən aldığı informasiya yanlış idi və biz də bu məqaləmizdə Frenk Elkaponinin nəzərinə onu çatdırmışdıq. Həmin yazıdan sonra Frenk Elkaponi redaksiyamızla əlaqə saxlayaraq fikirlərinin yanlış anlaşıldığını, statusunun qaldırılacağını və bizim saytımıza bununla bağlı ətraflı, rahat açıqlama verəcəyini bildirib, yazının saytdan qaldırılmasını xahiş etdi və biz dərhal həmin yazını qaldırdıq. Çünki bizim Azərbaycana dəstək verən, yaxşılıq edən, qazilərimizə kömək edən, missionerlik fəaliyyəti göstərən iş adamı ilə hər hansısa bir konfrontasiyamız ola bilməz. Ancaq çox təəssüf edirik ki, o, bizə açıqlama vermək və statusunu silmək əvəzinə Musavat.com-a 16 dekabr tarixində geniş açıqlama verərək, saytımıza və müəllifə qarşı ittihamlar yağdırdı. Biz də yanlış anlaşılmasın deyə, yazını bərpa etdik və ikinci yazını yazmağa, hər şeyi daha təfərrüatlı izah etməyə məcbur olduq – ancaq yenə də xüsusi sayğımızı və xoş baxışımızı qoruduq”.

A.Niftəliyev bu iki məqalədə F.Elkaponinin özünə qarşı olan sayğını görmədiyinə görə təəssüf etdiyini bildirib:

“Bu iki məqalədə o özünə qarşı sayğını görməməklə bərabər, utanmadan Azərbaycanın 4 dildə fəaliyyət göstərən, bütün parametrlərlə ilk onluqda olan və xaricdə də çox geniş yayılan Axar.az kimi bir sayta 100 minlik bir təzminat qaldırıb. Əlbəttə ki, o, bu məhkəməni təsəvvür etməyəcəyi səviyyədə uduzacaq. Bu, heç müzakirə mövzusu da deyil. Sadəcə, məni narahat edən Frenk Elkaponinin bu təfəkkürdə olmasıdır. Sözü, məqaləni anlamamasını, hətta təkzib istəyini bəlkə də başa düşmək olardı, ancaq bir saytdan 100 min təzminat istəməsi Elkaponinin mediaya, azad sözə münasibətini, açığı, həm də təfəkkürünü, səviyyəsini ortaya qoydu. Bu isə Elkaponiyə şəxsən mənim bu vaxta qədər qiyabi münasibətimi ciddi redaktə etməyə səbəb oldu”.

A.Niftəliyev bildirib ki, buradan o nəticəyə gəlmək olar ki, Frenk Elkaponinin ölkə daxilində insanlara verdiyi dəstək sözün həqiqi mənasında dövlətimizə, dövlətçiliyimizə və həmin insanlara dəstək deyil:

“Görünür, Elkaponi bütün bunlardan ictimai-siyasi divident götürmək istəyir. Bizi narahat edən də budur. Belə olmasaydı, Elkaponi həmin statusunu silər və yaxud həmin statusun altında dövlətimizin əleyhinə çox sərt olan rəyləri indiyə qədər qoruyub saxlamazdı. Çünki həmin rəylərin əksəriyyətində Füzuli Məmmədov təriflənir, dövlətimiz, dövlətçiliyimiz isə aşağılanır. Mən bundan bir jurnalist olaraq təəssüf edirəm. Mən onun və sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 1994-95-ci illərdən Elkaponini çox ciddi izləyənlərdən biri olmuşam. Mənim jurnalist təcrübəm buna imkan verib. Elkaponinin Bakıdakı ictimai-siyasi fəaliyyəti də gözümün qabağındadır, Moskvadakı biznes fəaliyyəti də. Moskva polisinin onu aşağılayacaq tərzdə bizi narahat edən münasibəti və nəhayət, onun Rusiyadan köçüb getmək tarixçəsi də xatirimdədir.

Frenk Elkaponini bizim nəslimiz yaxşıca izləyib və yaxşı da tanıyır. Çox təəssüf edirəm ki, onun təfəkkürünün hüdudları bu qədərmiş. Həm də ona görə təəssüf edirəm ki, Frenk Elkaponi bizim onu görmək istədiyimiz yerdə deyilmiş. Buna çox üzülürəm”.

A.Niftəliyev deyib ki, F.Elkaponinin saytı məhkəməyə verməsindən qəti narahat deyil:

“Narahat olduğum budur ki, Elkaponi sözə dəyər verməyi bacarmırmış. Ola bilər ki, buna səbəb onun İtaliyada yaşaması və bu səbəbdən Azərbaycan dilini unutmasıdır. Ancaq ən azı yaxınları və hüquqşünasları ilə məsləhətləşə bilərdi. Elkaponi də, biz də cavan deyilik və 20 il əvvəlki çılğınlıqlar o vaxt “gənclik dəlisovluğu” kimi qəbul edilirdisə, indi intellekt və İQ-in səviyyəsinin müəyyənləşməsində istifadə olunur. Biz isə xaricdə yaşayan, ölkəmizdə xeyirxahlıq edən milyonçunun İQ səviyyəsinin yüksək olmasını çox arzulayardıq”.

A.Niftəliyev son olaraq bildirib ki, F.Elkaponinin ünvanına bu vaxta qədər onun məhkəmədə iddia qaldırmasına əsas verən yazı yazılmayıb:

“Bunu tam məsuliyyətimlə deyirəm. F.Elkaponi bizdən yalnız informasiya dəstəyi və simpatiya görüb. Ancaq haqq etdiyi yazını mütləq Axar.az-da oxuyacaq. Görünür, arzuladığımız səviyyədə olmayan insanları olduqları səviyyədə göstərmək belələrinin özü üçün lazımdır ki, yerlərini və səviyyələrini bilsinlər. 3 qaziyə ev alması qarşılığında bütün medianın aşırı sevgisi, görünür, Elkaponidə başgicəllənmə yaradıb”.

10:17

Bu gün Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Axar.az xəbər verir ki, S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.

Nazir görüşün məqsədinin hər kəsi dinləmək olduğunu deyib.

O, ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib:

"Ötən il şəhid ailələri və müharibə veteranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda keçən il şəhid ailələrinə 250 avtomobil verilib, bu il isə 170-180 avtomobil veriləcək.

Milli qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır. Sosial təminat sahəsində 600- 700 milyon manat vəsait ayrılıb.

20 min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min nəfərə sosial müavinət ayrılıb. Son bir ərzində özünəməşğulluq proqramı çərçivəsində 7200 nəfərdən 50-dən çoxu əlilliyi olan şəxs, 150-dən çoxu şəhid ailələridir”.

Rusiya suriyalı qaçqınların məskunlaşdığı Rukban düşərgəsinə müntəzəm yardımları davam etdirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino deyib.

O bildirib ki, BMT və Suriya Qızıl Aypara Cəmiyyəti 40 mindən çox insan üçün yardım gətirib:

“Yardım diqqətlə bölüşdürülüb və ehtiyacı olan hər kəsə bu yardımlar edilməlidir”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Lavrov Rukbandakı qaçqınları oradan çıxarmağın vaxtı çatdığını, amma ABŞ-ın buna mane olduğunu açıqlamışdı.


1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildənsə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları - QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram.

Ardını oxu...

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri SEPAH-a hücum həyata keçirən terrorçulara sponsorluq edirlər.

Axar.az xəbər verir ki, bunu İran Baş Qərargah ərisi Məhəmməd Baqiri deyib.

“Əgər hansısa qruplaşma Səudiyyə Ərəbistanı və BƏƏ-dən pul və silah alaraq Pakistanda gizlənirsə və ölkəyə terakt həyata keçirmək üçün insanlar keçirirsə, o zaman bilməlidirlər ki, İran millətinin qisas alovu onların səltənətini məhv edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 13-də İranın Sistan və Bəlucistan vilayətində avtobus partladılıb. Hücum nəticəsində 41 nəfər həlak olub. Tehranın açıqlamasına görə, hücumu sünni qruplaşması olan Ceyş əl Adl həyata keçirib.

Ceyş əl Adl qruplaşması 2012-ci ildə bəlucların Cundullah partizan təşkilatının keçmiş üzvləri tərəfindən yaradılıb.

Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov Ermənistana gəlib.

Axar.az xəbər verir ki, o, bu gün Ermənistan parlamentinin Avrasiya İnteqrasiyası və Regional Məsələlər Komissiyasının sədri Mikayıl Melkumyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusu ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsi məsələsi olub.

Melkumyan görüş zamanı həmçinin Ermənistan, İran, Gürcüstan və Rusiya arasındakı enerji dəhlizi çərçivəsində qarşılıqlı fəaliyyətin vacib olduğunu bildirib.

Prezident İlham Əliyev millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin”.

İraq Kürd Muxtar Vilayəti İrana tankerlərlə neft ixracını dayandırıb.

Axar.az xəbər verir ki, İraq Kürd Muxtar Vilayəti dünəndən etibarən sərhəd keçid məntəqlərində yerləşən bütün tankerlərin İrana keçidini qadağan edib.

Qeyd edək ki, bundan öncə Tramp kürdlərə İrana neft satışını dayandırmaları ilə bağlı xəbərdarlıq edib.

İsraillə münasibətləri normaya salacaq sonuncu dövlət olarıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Küveyt Xarici İşlər nazirinin müavini Xalid əl-Carullah çıxış edib.

Varşavada keçirilən sammitdə İsrail Baş naziri Benyamin Netanyahu ilə Küveyt rəsmisinin bir fotoda yer almasına münasibət bildirən Carullah Küveytin mövqeyinin dəyişmədiyini bəyan edib:

"Dəvət Polşa və ABŞ-dan gəldi. Küveyt orada iştirak edən ölkələr arasında ən aşağı səviyyədə təmsil olundu. Fələstin məsələsi və sülh danışıqlarına dair proseslərin müzakirə olunduğu bir mühitdən bizim kənar qalmağımız mümkün deyil. Bizim belə bir konfransa qatılmağımız məsələyə olan həssaslığımızı göstərir".

Hazırda Suriyada gedən proseslər müəyyən qədər durğunlaşıb.

Bu sözləri Axar.az-a Rusiya, İran və Türkiyə prezidentlərinin Soçi görüşünün yekununu şərh edən analitik Vüqar Zifəroğlu deyib. Analitikin sözlərinə görə, Soçi görüşü Suriyada yaranmış mənzərənin aydınlaşmasına hesablanmışdı:

“Əgər bu gün Suriyanın şimalında Türkiyə faktorundan, mərkəzi əyalətlərin, əsasən də Əsəd qüvvələrinin artıq mövqelərini gücləndirməsindən danışılırsa, demək, Tehran-Moskva-Ankara arasında müəyyən məqamlar razılaşdırılıb. Sadəcə, burada başqa məsələlər var. Bu da ABŞ-ın öz qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmaqla bağlı elan etdiyi planı nə zaman gerçəkləşdirəcəyidir. Çünki Suriyada baş verən proseslərin növbəti mərhələsi məhz bundan asılı olacaq. Bu, üçtərəfli formatda gedən danışıqların başlıca müzakirə mövzusudur”.

Analitik ikinci mühüm məqamın artıq Suriyanın siyasi gələcəyinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

“Söhbət ümumiyyətlə Suriyada mövcud maraqların uzlaşdırılmasından gedir. Moskva-Tehran və Ankara arasında müəyyən prinsipial məsələlərin razılaşdırılmasına dair fikirlər heç də üçlüyün Suriya ilə bağlı ziddiyyətləri tam aradan qaldırması anlamına gəlmir. Hər halda bölgədə mövcud vəziyyətin ağırlığı, terrora qarşı birgə mübarizə, Suriya iqtidarı ilə müxalifət arasında dialoqun təşkili, Türkiyənin haqlı olaraq təhlükəsizlik bölgəsi yaratmaq istəməsi masaya yatırılan ən önəmli məsələlərdir. Bu istiqamətdə müəyyən razılaşmaların əldə edilməsi ehtimalı böyükdür”.

Politoloq Elxan Şahinoğlu isə Rusiya və İranın İdlib məsələsində Türkiyəni sıxışdırdığını düşünür:

“İdlib Suriyadakı terrorçuların son qalasıdır, ancaq onlar təslim olmaq istəmirlər. Buna baxmayaraq, Putinin Ərdoğanın mövqeyini nəzərə almadan İdlibə hücum əmrini verəcəyini zənn etmirəm. Ancaq bütün hallarda Ərdoğan tələsməli və İdlibə əncam çəkməlidir”.

Qeyd edək ki, 14 fevralda Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit baş tutub.

Xəbər lenti