![]() |
|
Yola saldığımız 2018-ci ildə Azərbaycanda bütün sahələrdə, ən əsası da iqtisadiyyatımızda böyük uğurlar əldə edilib. Şübhəsiz, hər hansı bir yerdə inkişafdan, uğurdan danışmaq o zaman mümkündür ki, orada dövlətçiliyin qorunması ənənəsi yaranmış olsun. Müasir Azərbaycan tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şübhəsiz, dövlət müstəqilliyi və siyasi azadlıq iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaratdığı kimi, milli iqtisadiyyatın güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsi sayəsində ölkəmiz neft strategiyasını və təşəbbüskarı olduğu digər strateji və transmilli layihələri yüksək səviyyədə həyata keçirə bilib.
O ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün sahələri diqqət mərkəzində saxladığını bildirib. Ötən ilin mühüm islahatlarla yadda qaldığını deyən M. İbrahimqızı qeyd edib ki, bu islahatların yüksək səviyyədə həyata keçirilməsi 2019-cu ildə öz nəticəsini verəcək.
Ötən il ərzində ümumi daxili məhsulun, qeyri-neft sektorunun, sənaye istehsalının artdığını bildirən Milli Məclisin deputatı qeyri-neft sənaye sektorunda artımın 9 faizdən çox olduğunu, ixracın təxminən 40 faiz artdığını, ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulduğunu vurğulayıb. O xatırladıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında ölkəmiz dünya miqyasında 25-ci yerə layiq görülüb.
İqtisadi problemlər içində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir. Bu işğalçı ölkənin əsas tədqiqat resursları mərkəzi olan Qafqaz Barometri Tədqiqat Resursları Mərkəzinin keçirdiyi sorğu zamanı məlum olub.
Axar.az xəbər verir ki, Mərkəzin məlumatına əsasən, Ermənistanda əhalinin yalnız 3 faizi hökumətə inanır. Aprel-may aylarında Çıxış Blokunda təmsil olunan Nikol Paşinyanın başçılığı ilə “məxməri inqilab”ın baş verməsindan sonra bu göstərici artsa da, ilin sonunda vəziyyət dəyişib.
Mərkəzin keçirdiyi son sorğuya əsasən, cəmiyyətdə yeni iqtidara qarşı etimadsızlıq mövcuddur. Getdikcə nüfuzunu itirən Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini 2019-cu ilin yaz-yay aylarında deyil, 2018-ci il dekabrın 9-da keçirməsi də bununla bağlıdır. Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70 faizdən bir az çox səs toplayaraq qalib olub. Səsvermədə seçicilərin çox az qismi iştirak edib. Bu isə Ermənistanda seçkilər tarixində indiyədək görünməyən ən aşağı nəticə olaraq qeyd edilir. Bildirilir ki, ötən il hərbi xunta rejiminə son qoyulsa da, fərqli heç nə baş verməyib. Köhnə problemlər olduğu kimi qalır. Bu səbəbdən də əhali çıxış yolunu xaricdə axtarır.
Ermənistanda kriminogen vəziyyət də sabit deyil. Son bir ildə işğalçı ölkədə cinayətlər 13 faiz artıb. Ağır cinayətlər isə 30 faiz çoxalıb. Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında Ermənistanda 20 min 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 min 898 olub. Ötən il 209 ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub. Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb. 10 il müddətində hərbi xunta rejiminə rəhbərlik etmiş Serj Sərkisyanın qardaşı oğlanlarından biri hazırda Ermənistanda həbsdədir, digəri isə Çexiyada həbs olunub. Rəsmi İrəvan hazırda Narek Sərkisyanın ekstradisiyasına çalışır. Bunun üçün artıq Çexiya hökumətinə sorğu ünvanlanıb. Narek Sərkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğunda ittiham olunaraq beynəlxalq axtarışa verilib. O, dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. Sərkisyanın qardaşı oğlu Qvatemalaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek adını Franklin Qonzalez olaraq dəyişdirib.
Bu arada Ermənistanda yeni seçilən parlamentin ilk iclasının vaxtı dəqiqləşib. Milli Şura yanvarın 14-də yerli vaxtla saat 10-da fəaliyyətə başlayacaq. Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku 132 yerdən 88-ni əldə edib. Baş nazir səlahiyyətlərinin icrası üçün deputat mandatından imtina edib. Ermənistan Mərkəzi Seçki Komissiyasının iclasında “Mənim addımım” blokunun daha 17 üzvünün deputat mandatından imtina etməsi təsdiqlənib. Bu şəxslər nazir və qubernator səlahiyyətlərini icra edəcəklər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İngiltərəni ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
Axar.az xəbər verir ki, nazirlik rəsmisi İngiltərə Xarici İşlər naziri Ceremi Hantın İranda saxlanılan İngiltərə və İran vətəndaşlığı olan Nazan Zəkəri haqqında söylədiklərinin İrana qarşı yersiz, yanlış və daxili siyasətə müdaxilə olduğunu vurğulayaraq, bunu təəssüflə qarşıladığını bildirib.
"Hant İngiltərəni maraqlandırmayan məsələlələri bir neçə dəfə tələsik və doğru olmayan tərzdə gündəmə gətirib. İngiltərəli nazirin işlətdiyi ifadələr məsələ ilə bağlı məlumatlara dərindən sahib olmadığını göstərir. Bu açıqlamalar müstəqil ölkənin daxili siyasətinə müdaxilədir”, - Qasımi deyib.
Qasımi İngiltərini terror təşkilatına və işğalçı dövlətlərə dəstəkdə günahlandırıb:
“Ceremi Hant İngiltərənin Orta Şərqdəki terrorçu təşkilatlarına və işğalçı dövlətlərə göstərdiyi dəstəyin bölgədəki xalq üçün necə böyük insani faciələrə və böhranlara səbəb olduğunu araşdırsın".
Qeyd edək ki, İngiltərə Xarici İşlər naziri Ceremi Hant İranda saxlanılan Zəkərinin Tehran rəhbərliyi tərəfindən diplomatik məqsədlər üçün girov götürüldüyünü iddia etmişdi.
Erməni iqtisadiyyatı üçün rus qazının qiymətinin qaldırılması məsələsinə İrəvan Rusiyanın Ermənistana təqdim etdiyi müdafiə xidmətlərinin qarşılığının ödənişi kimi baxmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Belarus politoloqu Mixail Malaşa deyib.
“Əks təqdidə Rusiya üçün Ermənistanı Azərbaycandan qorumağın mənası olmazdı. Qaz tədarükünə görə tarifləri qaldıran Rusiya, sadəcə, özünü müdafiə üçün təqdim etdiyi xidmətlərin dəyərini artırmaq qərarı verib. Rusiya üçün Ermənistanın praktik olaraq başqa heç bir marağı yoxdur və İrəvana başqa bir şey də təklif edə bilməz”, – deyə o bildirib.
Onun sözlərinə görə, təkcə Ermənistanın yox, Belarusun da Rusiya ilə qaz tarifləriylə bağlı problemi var:
“Bu onu göstərir ki, Rusiya artıq öz müttəfiqləri ilə müttəfiqliyə maraq göstərməyə çalışmır. Belə şəraitdə Azərbaycan üçün Qarabağ probleminin həlli istiqamətində şans yaranır”.
Ekspert fikrincə, Ermənistanın bu problemləri həll etməsi üçün ümumiyyətlə, qazdan tam asılılığı aradan qalxmalıdır:
“Ermənistanın hidroenergetik resursları, atom elektrostansiyası var. Üstəlik, burada günəş və geotermal enerjidən də istifadə etmək olar. Erməni rəhbərliyinin hələlik qaz asılılığında çıxmaq təşəbbüsü yoxdur. Ukrayna da özünü eyni formada aparırdı. Kiyev 25 ildə kömürdən istifadəyə keçmək yerinə Rusiya ilə sonsuz qaz müharibələri aparırdı. Əgər bizdə, yəni Belarusda Ermənistan və ya Ukraynada olan enerji resurslarının yarısı olsaydı, biz çoxdan enerji asılılığımıza son qoymuşduq. Məhz buna görə indi AES tikirik”.
Malaşa Ermənistan hakimiyyətinin ölkəni texniki baxımdan inkişaf etdirmək yerinə özünü avantüralara saldığını bildirib:
“Erməni hökuməti avantüra apararaq, Rusiyadan özünü hərbi baxımdan asılı vəziyyətdə qoyur və ona bunun üçün ödəniş edir. Hətta Qərblə yaxınlaşmaq belə tam həyata keçməyəcək. Qərb bu yaxınlaşma qarşılığında İrəvanı Azərbaycandan hansısa formada qorumalıdır. Aydın deyil ki, ermənilər amerikalılarla nəyin vasitəsilə hesablaşacaqlar. Bu geosiyasi nöqtə amerikalılar üçün maraqsızdır. Belə ki, bu bölgənin yaxınlığından NATO üzvü olan Türkiyə var. Avropalılara isə Azərbaycanın neft və qazı maraqlıdır. Qərb üçün ümumilikdə geosiyasi baxımdan Azərbaycan Ermənistandan daha dəyərlidir. Məhz Azərbaycan Rusiya ilə İran arasındakı bağdır. Qərb İrəvana görə Bakı ilə münasibətlərini pisləşdirməyəcək”.
Sabiq dövlət müşaviri Qabil Hüseynlinin Suriya ətrafında gedən proseslərlə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ-ın Suriyadan çıxmasından sonra burada qarant rolunu oynayan ölkələr Rusiya, Türkiyə və İrandır. Bundan sonra onlar arasında münasibətlər hansı yöndə inkişaf edəcək?
- Əvvəla onu deyim ki, bu üç ölkənin içərisində yalnız Türkiyə demokratik dəyərlərə söykənən, müasir demokratik siyasi sistemi olan dövlətdir. Digər iki dövlətin biri teokratik, biri isə avtoritar rejimə sahibdir. Bütün bunlar münasibətlərdə də öz izini buraxmaqdadır. Rusiyaya və İrana qarşı ABŞ-ın və Qərbin ciddi sanksiyaları var və bunlar getdikcə dərinləşir. Nəticə etibarı ilə hər iki ölkəyə qarşı təzyiq artır. Hələ ki, Türkiyə bu dövlətlərlə Astana prosesi çərçivəsində işbirliyi aparır. Bu yaxınlarda hər üç dövlət başçısının Rusiyada görüşü gözlənilir. Onlar bundan sonra Suriyada yeni Konstitusiyanın hazırlanması və onun qəbulu, Konstitusiyanın qəbul edilməsində iştirak edəcək siyasi qüvvələrin say tərkibi, eləcə də, Konstitusiya qəbul edildikdən sonra ölkədə seçkilərin keçirilməsi məsələsini öz üzərinə götürəcək. Bu çox mürəkkəb bir prosesdir. İndidən Konstitusiyanı hazırlayan işçi qrupun tərkibi ilə bağlı hər bir dövlətin öz təklifi var. Bu təklifləri uzlaşdırmaq o qədər də asan məsələ deyil. Rusiya ilə İran mövcud Əsəd rejimini saxlamağa və onun qələbəsini təmin etməyə, Konstitusiyaya demokratik müddəaların salınmamasına çalışır. Əksinə, Türkiyə isə bu istiqamətdə fərqli mövqe tutur. Amma tərəflər müəyyən məsələlərdə güzəştə gedə bilər. Məsələn, Türkiyə öz sərhədlərinin təhlükəsizliyi, xüsusilə PKK-YPG terror təşkilatlarının silahsızlaşdırılması naminə Konstitusiyada Rusiya və İran qarşısında müəyyən güzəştlərə gedə bilər. Amma Türkiyənin sanksiyalar məsələsində əl-qolu o qədər də açıq deyil. Bu gün Türkiyə və ABŞ münasibətləri həlimləşməkdə, münasibətlərdə yeni bir səhifə açılmaqdadır. Güman etmirəm ki, Türkiyə ABŞ, eləcə də NATO ilə birliyi atıb, Rusiya və İranın strateji məqsədlərinə sona qədər güzəştə gedəcək. Hansı nöqtədəsə bu üç ölkə arasında müəyyən fikir ayrılıqları yarana bilər. Bu da “Üçlər ittifaqı”nın səmərəli fəaliyyətinə maneçilik törədər.
Onu da demək lazımdır ki, ABŞ Suriyadan çəkildiyini bildirsə də, İran ətrafında həlqəni daraldır, İranla bağlı məsələləri daha radikal formada irəli sürür. Bu isə gələcəkdə İranın özünü də müəyyən ciddi hadisələr və bu hadisələrdən doğan siyasi iflas və s. kimi proseslər gözlədiyini göstərir.
- 2011-ci ildə Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlük haqqı dondurulmuşdu. 2018-ci ilin sonlarından isə yenidən Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpa edilməsi məsələsi gündəmdədir. Bu Əsədin hakimiyyətdə qalması üçün zəmanət rolu oynaya bilərmi?
- Ərəb Liqasında demək olar ki, bütün dövlətlər Suriyanın bu şəkildə, indiki siyasi sistemlə, siyasi liderlə Ərəb Liqasına qayıtmasını istəmir. Hətta Səudiyyə Ərəbistanının özü də bu məsələdə çox tərəddüdlüdür. Çoxları Suriyada yeni Konstitusiyanın qəbul edilməsini və bu Konstitusiya əsasında seçkilərin keçirilməsini gözləyir. Bu seçkilərdə həm də müxalif və digər Bəşər Əsəd rejiminə zidd olan qüvvələrin də iştirak edəcəyi və hakimiyyətdə təmsil olunması ehtimal edilir. Bu siyasi reallıq həmin dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq və müdafiə ediləcək. Amma heç bir Konstitusiya islahatı, demokratik və ədalətli seçki keçirməyən Bəşər Əsədin ərəb ölkələri tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür.
- Suriyanın yenidən qurulması məsələsi də gündəmdədir. Sizcə, bu prosesində hansı ölkələr iştirak edəcək?
- Suriyaya çox böyük maddi ziyan dəyib. Suriyanın bərpası üçün bəziləri 30 milyard, bəziləri isə 50-60 milyard lazım olacağını bildirir. Amma mən daha böyük rəqəm düşünürəm. Çünki demək olar ki, Suriyanın Dəməşqdən başqa bütün şəhərləri və əyalət mərkəzləri aviasiya zərbələri ilə tamamilə darmadağın edilib. Əhalinin az qala yarıdan çoxu qaçqın vəziyyətinə düşüb. Bütün bunların geri qaytarılması, onların yurd-yuva ilə təmin edilməsi böyük vəsait tələb edir. Səudiyyə Ərəbistanı isə Suriyanı bərpa edəcəyini bildirir. Bunun üçün siyasi dividentlərin qazanılmasını da şərt kimi irəli sürür. Avropa Birliyi də Suriyanın bərpa edilməsi ilə bağlı məsələlərdə yardım göstərəcəyini açıqlayıb. Amma hələ ki, nə Rusiyadan, nə İrandan pozitiv bəyanatlar səsləndirilib. Türkiyə də Suriya qaçqınlarına böyük yardım etdiyindən Suriyanın bərpasında iştirak edəcəyini, bunu daha çox oraya işçi qüvvəsi və ixtisaslı mütəxəsislər göndərməklə həyata keçirəcəyini bildirir. Bu da son dərəcə önəmli məsələdir. Çünki Türkiyə Yaxın Şərqdə tikinti və yenidənqurma sahəsində çox ciddi təcrübəyə sahibdir. Həmin dövlətlər bu sahədə ona böyük etibar göstərir.
- Ərəb birliyinə daxil olan ölkələr Suriyanın yenidən bərpa edilməsinə yardım etsə, Türkiyə və İranın bu prosesə buraxılmamasını şərt kimi irəli sürə bilərmi?
- İnanmıram. Çünki Türkiyə Suriya ilə bağlı bütün proseslərdə çox yaxından iştirak edir və bu proseslərdə də müəyyən uğurlar qazanıb. Demək olar ki, danışıqlar masası ətrafında həlledici səs hüququna malikdir. Üstəlik də Səudiyyə Ərəbistanı Suriyaya yalnız maddi vəsaitlə kömək edə bilər ki, bunu BƏƏ, Qətər və başqaları da edəcəyinə söz verib. Onlar yalnız bununla kifayətlənir. Amma ixtisaslı kadrlar, yeni texnologiyalar və ölkənin qısa zamanda yenidən inşa edilməsi məsələsində bölgədə Türkiyə qədər təcrübəli, “donanımlı” ölkə yoxdur. Bu nöqteyi-nəzərdən Türkiyəyə kimlərinsə maneçilik törətmək fikri olsa da ( Səudiyyə Ərəbistanı), bunu son qədər həyata keçirə bilməz.
- Suriyada Əsəd rejiminin qalib gəldiyini demək olarmı? Keçiriləcək seçkilərdə Əsəd rejimini əvəz edəcək qüvvələr qələbə qazana bilərlərmi?
- Əsəd rejiminin qalib gəldiyi barədə birmənalı fikir söyləyə bilmərəm. Çünki vaxt var idi ki, Əsəd yalnız Dəməşq və onun ətrafına nəzarət edirdi. ABŞ, Rusiya, eləcə də Türkiyə proseslərə qoşulduqdan sonra Əsəd rejimi müəyyən uğurlar əldə etdi. Amma bu uğurlar Rusiya və ABŞ-ın aviasiya zərbələri, bəzi hallarda isə xüsusi təyinatlıların əməliyyatlarının hesabına həyata keçirildi. Bunlar isə Suriyanın öz qüvvələri deyildi. Əsədin hakimiyyətindən demək olar ki, hamı bezib. Türkiyənin özü əvvəllər çox qəti surətdə Əsədin hakimiyyətdən getməsinin tərəfdarı idi. İndi də yeni seçkilərin və yeni Konstitusiyanın formalaşdıracağı hakimiyyəti müdafiə edir. Rusiyanın özü də Əsəd rejiminə ehtiyatla yanaşır. Əsədin yalnız keçid dövründə hakimiyyətdə ola biləcəyini ehtimal edir. Ümumiyyətlə, böyük dövlətlər hesab edir ki, Suriyada keçid dövrü başa çatdıqdan və ədalətli seçkilər keçirildikdən sonra Əsəd rejimi uduzacaq. Bunun nəticəsində də həmin rejim hakimiyyətdən gedəcək. İndiki şəraitdə Suriyada normal siyasi yarış mühiti yoxdur Bu səbəbdən də hakimiyyətə kimlərin gələcəyi ilə bağlı fikirlərin bir çoxu məchul görünür. Amma mənə belə gəlir ki, yeni Konstitusiya qəbul edilsə, ölkədə siyasi yarış mühiti yaradılsa, Əsədi əvəzləyə biləcək xeyli simalar üzə çıxacaq. Bəşər Əsəd rejiminin tükəndiyini və onun bundan sonrakı proseslərə nəzarət edə biləcəyini söyləmək doğru olmaz. Onun arxasında duran siyasi qüvvələrin olmasına baxmayaraq, o, hakimiyyətdə qalarsa, bir gün yenidən qarşıdurmaların yaşanması, əvvəlki hadisələrin təkrarlanması ehtimalı olduqca yüksəkdir.
Rusiya müəyyən olunmuş vaxtda Yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin öhdəliklərinin yerinə yetirilməsinə qayıtmazsa, NATO buna reaksiya verəcək.
Axar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
"Əsas odur ki, indi Rusiyanın son şansı var. Əgər Rusiya müqavilənin şərtlərinə qayıtmazsa, böyük problemimiz yaranacaq. Çox sərt reaksiya verməyəcəyik, lakin bunu etməli olacağıq”, - deyə o vurğulayıb.
ABŞ Dövlət katibi Mayk Pompeo Yaxın Şərq ölkələrinə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Səfər yanvarın 8-dən 15-nə qədər davam edəcək. Səfər çərçivəsində Pompeo Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanında olacaq.
Pompeo ilk olaraq İordaniyaya gələcək. Bundan sonra o, Qahirəyə gedəcək və Misir rəsmiləri ilə regional məsələlər, o cümlədən, İranı müzakirə edəcək. ABŞ dövlət katibi üçün növbəti dayanacaq isə Bəhreyn, BƏƏ və Qətər olacaq. Vaşinqtonun baş diplomatı ən son Ər-Riyada gedəcək və Yəmən, İran, Suriya böhranlarını, eləcə də regional prioritetləri müzakirə edəcək.
Əgər Rusiya Belarusun ələ keçirilməsi ssenarisini reallaşdıra bilsə, Ukrayna hər tərəfdən düşmən əraziləriylə əhatələnmiş olacaq.
Axar.az xəbər verir ki, bunu Yutubdakı videobloqunda çıxışı zamanı məşhur ukraynalı jurnalist Roman Çimbalyuk deyib. Onun sözlərinə görə, bu, Donbasın azad edilməsi üçün aparılan müharibənin gedişinə neqativ təsir göstərəcək:
“Bizim üçün əsas olan odur ki, Belarus düşsə, biz faktiki olaraq Rusiyanın əhatəsində olacağıq. Müharibə nöqteyi nəzərincə, bu bizim faydamıza deyil. Ona görə də öz ölkəniz üçün savaşın.
Kremlin Belarusu diqqət dairəsinə salmasından sonra Ukraynanın rahat nəfəs alacağını düşünmək doğru deyil. Rusiya böyük və güclü ölkədir. Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər. Ona görə də gəlin diqqətli olaq”.